Vətən deyəndə...  

 

Neçə illər idi, elə bir yara almışdıq ki, qaysaq bağlamaq yerinə, gündən-günə daha da dərinləşirdi. Qarabağ adlı Vətənimiz yox, dərdimiz vardı. Ağır mərmilərdən yara almışdıq - o mərmilər bütöv bir millətin yarası idi. Qəlbimiz artıq döyünmürdü - xəncər saplanmışdı, tərpəndikcə bütöv bir millət qan ağlayırdı. Yaşamırdıq, ruhumuz cismimizdən ayrılmışdı, elə bil.

2020-ci ilin 27 sentyabr günü. 30 il sonra sanki bir möcüzə baş verdi, qəlbimiz artıq atmağa başladı, köksümüzə saplanan, başımızı dik tutmağa qoymayan o xəncəri Babək qeyrətli, İsmayıl biləkli qəhrəmanlar qəlbimizdən söküb atdılar. Bir millət 30 il neçə dözə bilər, axı?! qədər söz verib sözünü tuta bilməz?!

Bizləri bu qədər güclü tutub məğlubedilməz edən, qəlbi Vətən sevgisi ilə, düşmənə qarşı intiqam hissi ilə döyünən yeni bir nəsil yetişmişdi. Elə bir nəsil ki, ləkələnmiş qürurumuzu təmizlədi, bizlərə yenidən başımızı dik tutmaq səadəti bəxş etdi. İncinən, tapdanan, əzilən cismimizdən uzaqlaşan ruhumuz minlərlə qəhrəmanın gedişi, vətənə çevrilməsi ilə cismimizə qayıtdı. Millət olaraq dözüb daşıya bilmədiyimiz yaralar, yanğılar, ağrılar ilə Xocalıdakı tanklar altında hayqıran ruhlar bizləri o gün qarşıladı, bizlərə güc-taqət verdi. O gecə yağı gülləsinə tuş gəlmiş yüzlərlə nakam həmvətənimizin naləsi, əsir düşmüş ruhu 30 il dözüb-dözüb bu günü gözləyən milləti oyatdı. Bizləri qarşılayan o ruhlar düşmənə qarşı sipər oldular. Vətən həsrəti çəkən minlərlə igid üçün barıt qoxusu ən gözəl qoxuya çevrildi, millət illərlə həsrətindən külə döndüyü Vətən uğrunda savaşa atıldı. Qartal qəfəsini qırıb azad səmada yenidən uçmağa başladı. Heç ətrini duymadığımız çiçəklər uğrunda minlərlə qönçələr fəda oldu. Bu gün o qönçələr torpağın qoynunda uyuyurlar, bu gün onlar artıq Vətəndirlər, torpağı müqəddəs edəndirlər.

 

Arxada qaralar bağlayan minlərlə qadın, gözüyaşlı körpələrini qoyan, övladının üzünü belə görməyən, amma ona ən böyük hədiyyəni - bütöv Azərbaycanı - bu cənnət diyarı bəxş edən, bu günündən, sabahından keçib daha heç kəs doğmalarını itirməsin, daha körpələr gözüyaşlı qalmasın deyə öz canını fəda edən, torpağa qovuşan, ruhu səmalarda dolaşan müqəddəs şəhidlərimizin, Vətən uğrundan öz sağlamlığından keçən qazilərimizin sayəsində azad olundu neçə illərdən bəri işğal altında inləyən yurdumuz.

 

Bu gün o Qartal azad səmada qıy vurur...

 

İllərdir milyonlarla azərbaycanlının dözə, daşıya bilmədiyi dərdə təkbaşına sahib çıxan, daha heç kəs dərd çəkməsin, daha körpələr gözü yaşlı qalmasın deyə, bu yükü təkbaşına çiyinlərində daşıyan, Vətən uğrunda canını fəda edən, yaralı Qartala qanad verən bütün fədailərimizin ruhu şad olsun!..

Mübariz millətimin qırılmaz iradəsi, əsir torpaqlarımızın azadlıq carçısısan sən! Sönən pənahımızın yanan pənahı sənsən! Bayrağımın sancıldığı müqəddəs yer sənsən! Azərbaycan incisisən - Şuşa qalası vətən!..

 

Nəzrin ABBASLI

Naxçıvan şəhər Ə.Ağayev adına 8 saylı orta məktəbin XI sinif şagirdi

 

525-ci qəzet.- 2022.- 3 mart.- S.14.