Əbdürrəhim bəy Haqverdiyev irsinin təbliğinə mühüm töhfə

 

Görkəmli ədibin 150 illiyi münasibətilə hazırlanmış "əbədiyyət yolçusu" kitabi təqdim edilib

                                                                                                                                                                                                                      

Martın 2-də Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda yazıçı-publisist, diplomat, ictimai-siyasi xadim, böyük maarifçi və pedaqoq Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi münasibətilə yazıçı, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənlinin tərtib etdiyi "Əbədiyyət yolçusu" (Bakı, "Təhsil", 2022) kitabının təqdimat mərasimi keçirilib. Kitabda müxtəlif illərdə Ə.Haqverdiyevin bədii yaradıcılığı və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş məqalələr toplanıb. Eyni zamanda, kitab fotoşəkillərlə, digər əyani materiallarla zəngindir.

Tədbirdə ölkənin tanınmış ədəbiyyat adamları, ziyalılar iştirak ediblər, müxtəlif prizmalardan böyük ədib və sözügedən kitab barədə düşüncələrini bölüşüblər.

Tədbiri giriş nitqi ilə açıq elan edən AYB-nin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid deyib ki, Ə.Haqverdiyevin yaradıcılığı və səmərəli fəaliyyəti səviyyəli təbliğata layiqdir və bu baxımdan Mustafa Çəmənlinin tərtib etdiyi kitab mühüm əhəmiyyət daşıyır. Sədr müavini vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ildə ədibin 150 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdı, ancaq koronavirus pandemiyası səbəbindən silsilə tədbirlərin tam miqyasda həyata keçirilməsi mümkün olmadı. Odur ki, bu kitabın geniş oxucu auditoriyasına təqdimatı da indiyə qaldı. Rəşad Məcid "Əbədiyyət yolçusu" kitabına görə tərtibçiyə və nəşriyyata minnətdarlığını bildirərək, digər çıxışçılara söz verib.

 

AYB-nin sədri, Xalq yazıçısı Anar Ə.Haqverdiyevin ədəbi portreti barədə söhbət açıb, onun ədəbiyyatımızdakı özünəməxsus yeri və rolu barədə fikirlərini bölüşüb. Görkəmli ədibin yaratdığı obrazların orijinallığı, toxunduğu məsələlərin aktuallığı ilə daim seçildiyini deyən Anar, vaxtilə "Üzeyir ömrü" ("Uzun ömrün akkordları") filmində milli kinomuzda ilk dəfə olaraq Əbdürrəhim bəy Haqverdiyevin obrazına yer verdiklərini bildirib. Kitabın maraqlı və dəyərli bir nəşr olduğunu deyən AYB sədri bunun üçün tərtibçiyə və "Təhsil" nəşriyyatının rəhbərliyinə təşəkkür edib.

 

Filologiya elmləri doktoru, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev Ə.Haqverdiyevin keşməkeşli həyatı və ictimai fəaliyyəti, Cümhuriyyət dövründə diplomat kimi gördüyü önəmli işlər barədə söhbət açıb. Ədibin orijinal dəst-xəttini yüksək qiymətləndirərək bədii yaradıcılığı haqda da danışan V.Quliyev Ə.Haqverdiyevin irsinin daha dərindən öyrənilməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanın Macarıstandakı səfiri olduğu vaxtlarda həmin ölkədə Ə.Haqverdiyevin hekayələrindən ibarət "Uca dağ başında" kitabını macar dilində nəşr etdirdiyini diqqətə çatdırıb.

Filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva Ə.Haqverdiyev yaradıcılığında Qarabağ mövzusuna həsr olunmuş məqamları qeyd edib, yazıçının irsinin ədəbiyyat tariximizdə xüsusi yer tutduğunu dilə gətirib.

Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa Ə.Haqverdiyevin arxivdə qorunub saxlanılan əlyazmaları barədə söhbət açıb, ədibin diplomatik fəaliyyəti zamanı üzləşdiyi çətinliklərdən, erməni məkrinə məruz qalmasından bəhs edib.

Ədəbiyyatşünas-tənqidçi Vaqif Yusifli həm Ə.Haqverdiyevin, həm də M.Çəmənlinin ədəbi-mədəni sahədəki fəaliyyətinin yüksək qiymətə layiq olduğunu söyləyib.

 

Yazıçı-dramaturq Əli Əmirli Ə.Haqverdiyevin dramaturgiyası barədə fikirlərini bölüşərək, təqdim olunan bu kitabın ədibi müxtəlif rakurslardan tanıtması baxımından böyük önəm daşıdığını deyib.

Tədbirdə çıxış edən Ziyadxan Əliyev, Tahir Aydınoğlu, Ələmdar Cabbarlı, Leyla Məmmədova, Səadət Vahabova kimi söz, sənət və elm adamları da "Əbədiyyət yolçusu" haqqında təqdirlə söz açıblar.

M.Çəmənli tədbir iştirakçılarına təşəkkür edərək, nəşrin hazırlanması prosesi haqda danışıb. O, təkrarçılığa yol vermək istəmədiyini, dəyərli məlumatlarla zəngin məqalələrə üstünlük verdiyini diqqətə çatdırıb.

"Əbədiyyət yolçusu" kitabının bu kimi bir neçə qiymətli nəşrin ideya müəllifi olan "Təhsil" nəşriyyatının rəhbəri Tural Axundov da hər kəsə minnətdarlığını bildirib, bundan sonra da ədəbi-mədəni irsimizin təbliğinə çalışacaqlarını vurğulayıb.

 

Nadir YALÇIN

 

525-ci qəzet.- 2022.- 3 mart.- S.8.