"Adın şərəflidir sənin..."

 

Leylanı və Leylaları necə xilas etməli?

 

 

 

Bu yazıya qədər əsasən filmlərimizdə doğulan qadınların taleyindən danışmışdım. Bu gün isə filmin əvvəlində gənc, gözəl, istedadlı, xoşbəxtliyə layiq bir qız kimi tanış olub, sonda sevgisini, gözəlliyini, gələcəyini, vaxtını, baxtını... və ismətini itirmiş xəstə varlıq kimi xudahafizləşdiyimiz bir insandan söz açacam.

 

Milli yaddaşdan, ailə ənənələrindən gələn elə psixoloji nüanslar var ki, onları müzakirə obyektinə çevirmək, pozitiv, yaxud neqativ tərəflərini qiymətləndirmək çətin olur, çox vaxt isə müşkülə çevrilir. Bunu bizim ictimai rəydən qorxumuz kimi də səciyyələndirmək olar. Azərbaycan mentalitetinin sarı simlərindən olan, milyonlarla insanı - qızı, oğulu, atanı, ananı, gəlini gah qınaq, tənə, gah da tərif, alqış obyektinə çevirən "övlad-valideyn" problemi neçə illərdir ki, insanların fikrini məşğul etməkdədir, lakin hamını qane edən optimal bir nəticəyə gəlmək mümkün olmur ki, olmur.

 

Bəlkə elə buna görə R.Rövşənlə birlikdə yazığı ssenari əsasında rejissor H.Mehdiyevin çəkdiyi "Özgə vaxt" filmində Leyla adlı bir qızın taleyi, faciəvi aqibəti ön plana çəkildi, miyonlarla tamaşaçının gözləri qarşısında cərəyan edən bir ailə dramı kimi əyaniləşdirildi ki, stereotip düşüncə tərzi və onun nəticəsi olan stereotip davranış etiketinin yenicə yaşanmağa başlayan bir insan ömrünə son qoymasının fərqinə varaq.

 

Yeganə pənahı olan atası ilə yaşayan gənc, gözəl, istedadlı musiqiçi Leyla (Ayan Mirqasımova) sevdiyi oğlanla xoşbəxtliyinə qovuşmaq ərəfəsində ağır zərbə alır - atası (Ələddin Abbasov) nəyə görəsə uça bilməyən göyərçinin dərdinə çarə qılıb onu uçurmaq istəyərkən damdan yıxılır, iflic olub yataq və araba xəstəsinə çevrilir, üstəlik, psixikası da pozulur, ətraf aləmə adekvat reaksiya göstərə bilmir. Həkimin (Həsən Məmmədov) sağalmasına heç bir ümid yeri qalmayan atanı xəstələr evinə yerləşdirməyin daha məqsədəuyğun olması barədə təklifini Leyla ilk növbədə məhz azərbaycanlı qızlara xas olan emosional bir protestlə qarşılayır: "Nə danışırsınız? Onun qızına nə gəlib?" Bu, bizim mentalitetdə çoxdan oturuşmuş "övlad valideynə bütün ömrü boyu borcludur və qeyd-şərtsiz o borcu qaytarmağa məhkumdur" diskursunun doğurduğu ruhi-psixoloji bir durumun təzahürüdür. Lakin Leyla xüsusi bir vurğu ilə, qürurla bu sözləri deyəndə həkimin gözlərindəki qeyri-adi ifadə başqa şeydən danışır - səssiz monoloqlar ustası olan Həsən Məmmədovun baxışları öz həqiqətinə təslim olan Leylanı qarşıda nələr gözlədiyi barədə qəmli, bir az da dəhşətli bir hekayə söyləyir, bu gənc qızın ömrünün çiçək kimi açılmış indiki vaxtının tezliklə solub xəzana çevriləcəyinə sanki bir ağı deyir.

 

Və onun nə qədər haqlı olduğunu biz növbəti kadrlarda, epizodlarda görürük - Leylanın xəstə atasına qulluq üçün tapdığı dayələr, ona tibbi xidmət göstərən tibb bacıları xəstənin həddini keçən şıltaqlıqlarına, qəribə hərəkətlərinə dözə bilmir, ayaqlarını evdən kəsirlər və valideyn borcuna sadiq Leyla atasına olan məhəbbətini  öz əməlləri ilə sübut etmək üçün işdən çıxır, xəstəyə baxan, onu yedizdirən, altını təmizləyın qulluqçu statusunu qəbul edib öz yeni vəzifəsinin icrasına başlayır.

Sanki hər şey normal məntiqin qanunlarına tabedir, hər şey necə lazımdır, o cür də davam edir.

Lakin iş burasındadır ki, Leyla bu məntiqi qərarla təkcə işini yox, öz vaxtının, deməli, həm də öz məkanının hüdudlarını da tərk edir, başqa bir insanın (atası da olsa) artıq heç bir normal ölçülərə sığışmayan, yeganə funksiyası yalnız insanların əsəblərini sınağa çəkmək olan məkan-zaman ölçülərinə daxil olur (filmdə bu məqam çox ustalıqla göstərilib). Öz vaxtından, baxtından, öz ömründən imtina etmək isə ona çox baha başa gəlir - o, övladlıq borcunu yerinə yetirmək naminə öz sevgisindən də imtina edir, sevgilisinə yazıb göndərmədiyi qalaq-qalaq məktubları oxumaqla təsəlli tapır, atanın vaxtı ilə öz vaxtı arasında musiqidən sədd qurmaqla bu əndişədən xilas olmağa çalışır, tədricən əsəbləri pozulur, ruhi-psixoloji tarazlığını, gözəlliyini, ən başlıcası isə qadın üçün ən vacib olan ismətini itirir.

Filmin ən təsirli səhnələrindən biri qızının əzablarına dözə bilməyən atanın onu və özünü xilas etmək üçün venasını kəsdiyi səhnədir. Lakin Leyla atasının başa çatmaqda olan vaxtını bir neçə gün uzatmağı özünün yaşanmamış dəfn etdiyi ömründən üstün tutur.

Son epizodlar isə ötürdüyü informasiyanın sarsıdıcı (və düşündürücü) təsir gücünə görə kino sənətinə aid dərsliklərə salına bilər: Atasını dəfn edib evə qayıdan Leyla onun əlil arabasında əyləşir, eyni ilə atası kimi ovcuna dən yığıb bu evin sakinkəri olan ac göyərçinləri cırnatmağa və qəribə gülüşlərlə bundan ləzzət almağa başlayır.

Bəli, artıq Leyla adlı ruh yoxdur, vücudunda o dünyadakı atasının xəstə ruhunu, bitmiş vaxtını və qara baxtını daşıyan ayrı bir Leyla var.

Filmin müəllifi isə bu sonluqla bizləri Leylanı xilas etməyin mümkün olub-olmaması barədə düşünməyə çağırır.

 P.S. Bu filmə baxan hər kəs gördükləri barədə hansısa konkret bir qərar verməzdən öncə, təbii ki, süjeti Leylanın yox, həkimin verdiyi plan üzrə qurub hadisələri tərs proyeksiya məntiqi ilə çözməyə çalışacaq, öz təsəvvürlərində belə bir süjet üzrə çəkilmiş film canlandıracaq - iflic olub hərəkət və danışıq qabiliyyətini itirmiş xəstə ata xəstələr evində, onun yeganə övladı isə öz vaxtını, öz həyatını yaşamaqda!

Belə övlada bizlərdən kim haqq qazandırar görəsən?

Mərhum şair Nüsrət Kəsəmənli vaxtilə televiziya çıxışlarının birində demişdi ki, qoca və xəstə adamlar düz işləməyən və təmiri mümkünsüz saat kimidirlər.

Tamamilə doğrudur. Amma bu bənzətmə yeni və amansız bir sual doğurur: "Düz işləməyən saatı biz ən yaxşı halda daxıla atıb unuduruq. Bəs düz işləməyən insanlarla necə davranaq?"

Bu mənada yuxarıda haqqında damışdığımız filmin süjeti ilə təsəvvurümüzdə tərs proyeksiya üsulu ilə yaratdığımız filmin süjeti arasında kəsişən, yaxud təmas nöqtələri tapmaq çox çətindir...

 

 "AZADLIQ" SÖZÜ, AZADLIĞIN ÖZÜ VƏ TƏK QALAN TƏHMİNƏ...

 

 Yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı (ardınca "Təhminə və Zaur" pyesi, "Təhminə" filmi) ilə bədii düşüncə müstəvisinə yeni tipli bir qadın obrazı gətirməsindən 40 ildən də çox vaxt keçir, amma davranış tərzi, əxlaqi görüşləri ənənəvi normalara, standartlara uyğun gəlməyən Təhminə barədə söz-söhbətlər səngimir ki, səngimir.

Hərçənd Təhminə yox yerdən var olan obraz deyil, sözün müəyyən mənasında Gülçöhrənin ("Arşın mal alan"), Gülnazın ("O olmasın, bu olsun"), Adilənin ("Körpüsalanlar") yeni tarixi şəraitdə qəliblərə, şablonlara daha qətiyyətlə üsyan edən xələfidir.

Lakin bu, ayrı bir söhbətin mövzusudur. Və bu gün mən Təhminə haqqında romandan yox, onun əsasanda çəkilmiş filmdən çıxış edərək danışacam.

Öz qəhrəmanlarını qeyri-standart vəziyyətlərdə sınağa çəkməyi xoşlayan Anar bu əsərdə də bir-birini sevən Təhminəni və Zauru hamının məqbul hesab etdiyi və yazılmamış qanunları ilə yaşadığı mühitdən kənara çıxarır, onların daxili azadlıqlarının boyunu məhz bu müstəvidə ölçür. Fərdin daxili istəyi və ətraf mühitin stereotip davranış normaları arasındakı toqquşma - filmin mərkəzində dayanan intriqanı bu cür səciyyələndirmək olar. Təhminənin hərəkətlərinə, xarakterinə "əxlaqsız", "tərbiyəsiz" çalarları qatan da məhz insanların ruhuna oturuşmuş şablonlar, qəliblərdir: siqaret çəkib şərab içən, kişilərlə dostluq münasibətləri saxlayan, açıq-saçıq qadını kim mərifət, əxlaq dağarcığı hesab edər ki?..

Tərbiyəsiz, yaxud uğursuz qadın, "əxlaqsız" və öz azadlığına tapınan, məhəbbəti - təmənnasız, umacaqları isə öz məhəbbətinə layiq xoşbəxt ömür sürmək olan qadın - Təhminə xarakteri bu iki qütb arasındakı şkalada - rəngbərəng spektrdə açılan mürəkkəb obrazdır və filmin müəllifləri də onun xarakterinin bu diapazon genişliyinə birmənalı reaksiya göstərmir, kimin haqlı, kimin haqsız olması barədə qərar vermir, son sözü tamaşaçıların öhdəsinə buraxırlar.

Amma hamı razılaşar ki, bir qadın kimi Təhminənin də xoşbəxtlik arzulamaq hüququ, xoşbəxt olmaq haqqı var və bunu nəzərə alan müəlliflər Təhminəyə - öz sevgisi naminə sevmədiyi ərindən ayrılan, yalandan "abırlı", "namuslu" qadın rolu oynamaq istəməyən bu qadına son şans verirlər - bəlkə Təhminəni Zaur - onun arzularının kişisi xilas edəcək?

Ümumiyyətlə, Təhminənin dəlicəsinə sevdiyi Zaur onu xoşbəxt etmək iqtidarındadırmı?

Əvvəlcə ətrafdakıların rəyini vecinə almayan, azadlığa, nüstəqilliyə can atan Zaur təəssüf ki, kənardan gələn təsirə, qınaq basqılarına tab gətirə bilmir, üstəlik, komfort həyat, karyera, maşın ehtirası onu sındırır, sonda hətta Təhminəyə seksual istismar predmeti kimi baxan kişi dərəcəsində miskinləşdirir ("Bəlkə onunla hərdən bir görüşüm - ayda bir-iki dəfə?") ... və beləliklə, sevgi fəlsəfəsinin şirinliyi, romantikası insan azadlığına qənim kəsilən normaların hökmü ilə dəfn edilir.

    Vaxtilə "Bir cənub şəhərində" filmində ətraf mühitin daşlaşmış davranış stereotipləri günahsız bir gənci cinayətə sürükləyib az qala onun məhvi ilə nəticələnəcəkdi. "Təhminə" filmində isə Təhminənin ölümü ətraf mühitdən çox, Zaurun mənəvi cinayətinin nəticəsidir. Hərçənd o, Təhminəni xilas edə-edə elə özü də xilas ola bilərdi.

Filmdə tamaşaçılara başqa bir mühüm mesaj da ötürülür - "azadlıq" sözü nə qədər şirin səslənsə də, azadlığın özü  elə özü boyda məsuliyyət doğurduğu üçün həm də böyük sınaqdır!

Xoşbəxtliyə aparan yolda Təhminəni tək, köməksiz qoyan Zaurun qazancı hamının yaşadığı adi ömür olur. Amma bu ömür tamam başqa cür də ola bilərdi - Zaurun vəfasızlığı olmasaydı.

Evə kartof, soğan almaq, "cağ" "Volqa"da işə getmək... qayğılı həyat Zauru udur. Amma Zaur heç nə udmur, əksinə, azad yaşana biləcək bir ömürü uduzur...

Təmiz məhəbbət ictimai rəyin basqısına təslim olur,

 

Çox heyif!..

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2022.-  4 mart.- S.12.