Mədəniyyətimizdə önəmli
hadisə: Müstəqil Teatrlar
Festivalı
Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrına deyilən vaxtdan yarım saat qabaq gəlmişəm, amma binanın önünə xeyli insan toplaşıb artıq. Bəzilərini tanıyıram, bəzilərininsə
əlindəki mikrofondan,
kameradan jurnalist olduqlarını anlayıram.
Medianın bu günə
bu cür diqqəti sevindirir. Axı bu gün Azərbaycan
incəsənəti, xüsusən
teatrımız üçün
çox önəmli
bir gündür.
Axır ki, illərdir küncdə-bucaqda qalan, nəinki məşq etməyə, min bir zəhmətlə ərsəyə
gətirdikləri tamaşaları
oynamağa belə yer tapmayan müstəqil
teatrlarımız da diqqətə layiq görüldü. Onların da
səsinə səs verən tapıldı.
10 mart Milli Teatr
Günü ərəfəsində
təşkil edilən
bu 5 günlük
festival müstəqil teatrların
bayramıdır desək,
heç də mübaliğə olmaz.
“Arzular bağı”nın açmayan çiçəkləri...
Martın 2-si, günəşli havasıyla
qapımızı kəsdirən
yazın astanasında
Azərbaycanda bir ilk yaşanır - I Müstəqil
Teatrlar Festivalı keçirilir. Festivalın açılış mərasiminə hələ
iki saat var. İndi isə festivalın ilk tamaşası
oynanılacaq. Bu, teatr aləminin və teatrsevərlərin
yaxşı tanıdığı,
son illər yaransa da, müxtəlif beynəlxalq müsabiqələrdə
uğurla iştirak edən “Laçın” Teatr-Studiyasının “Arzular
bağı” tragikomediyasıdır.
Tamaşa psixiatrik mərkəzdən
qaçmış iki
psixoloji problemli şəxsin öz arzularını, xəyallarını
reallaşdırmasından bəhs
edir.
Əsərin müəllifi Pərviz Bəşərdüst, rejissoru
İmam Həsənov,
bəstəkarı Ayaz
Qəmbərlidir. Tamaşanı Əməkdar artist İlqar Cahangirov və aktyor Rauf Şahsuvarov ifa edirlər.
İki peşəkar
aktyorun böyük məharətlə canlandırdıqları
obrazlar cəmi bir saat içərisində
tamaşaçının gözləri
önündə doğuldular,
böyüdülər, sevdilər,
evləndilər, övlad
sahibi oldular, qocaldılar və öldülər. Onlar bunların hamısını
xəyallarında, arzularında
yaşadılar. Məlum oldu
ki, bu həyatda
heç zaman «yaşamayan» iki miskin insanın ən böyük arzusu elə «yaşamaq» imiş. Amma onlar xəyallarında belə ölməyi seçirlər və onların bütöv bir insan ömrünü
əhatə edən xəyallarının sadəcə
bir epizodu - ölüm real həyatda gerçəkləşir.
“Bakıda 20-yə yaxın
müstəqil teatr var”
Tamaşadan sonra I Müstəqil Teatrlar Festivalının rəsmi açılış
mərasimi baş tutdu. Artıq zal insanla dolmuşdu. Təkcə müstəqil teatrların
nümayəndələri deyil,
Mədəniyyət Nazirliyinin
rəsmiləri, tanınmış
incəsənət xadimləri,
jurnalistlər və teatrsevərlər də bu gözəl günün sorağıyla
Mahnı Teatrının
yolunu tutmuşdular.
Tədbirin əvvəlində Ukraynada
həlak olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Əlbəttə, yaxın keçmişdə
Ukraynayla bənzər
taleyi yaşamış,
uzun müddət işğaldan və hərbi təcavüzdən
əziyyət çəkən,
müharibədən yeni
çıxmış bir
xalq kimi orada baş verənləri ən yaxşı hiss edən və anlayanlardan biri də bizik.
Ukraynada yüz minlərlə soydaşımız məskunlaşıb
və çox təəssüf ki, onların arasında müharibə qurbanı olanlar da olub.
Bu sükut təkcə
bir xalqın digər xalqa mənəvi dəstəyi
deyil, incəsənət
nümayəndələrinin, yaradıcı ruhlu insanların zülmə, işğala, müharibəyə
“dur!” çağırışı
idi.
Festivalın təşkilatçılarından biri Xalq artisti
Vidadi Həsənov giriş nitqiylə çıxış edərək
bildirdi ki, tədbir uzun müddətdən sonra Mədəniyyət Nazirliyinin
yanında İctimai Şuranın köməyi
ilə ilk dəfə
keçirilir. O qeyd etdi ki, son dövrlərdə
müstəqil teatrların
sayının artması
inkişafdan xəbər
verir: "Festival ərəfəsində
öyrənəndə ki,
Bakıda 20-yə yaxın
teatr var, bu, məni çox
sevindirdi. Düşünürəm ki, bu
festival gəncləri daha
da həvəsləndirəcək.
Tədbir 7 gün davam
edəcək. Festival çərçivəsində 11 tamaşa göstəriləcək,
həmçinin, panellər
keçiriləcək. İnsanları festivalda iştiraka
çağırıram".
Daha sonra çıxış
edən Mədəniyyət
Nazirliyinin İncəsənət
və qeyri -maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova festivalın işinə uğurlar arzuladı, nazirliyin teatrların fəaliyyətinə
xüsusi diqqət ayırdığını, yaxın
zamanda teatrların daha bir festivalının
keçirildiyini və
o festivalda da məhz müstəqil teatrlardan birinin qalib olduğunu vurğuladı. Açılışı
keçirilən festivalı
yüksək qiymətləndirən
F.Acalova dedi: "Nazirlik olaraq son illər özəl teatrların inkişafına
dəstək məqsədilə
davamlı layihələr
həyata keçiririk.
Bütün layihələrdə özəl teatrlara yer ayrılır. Həmçinin, Müstəqil Teatrlar
Festivalı da təqdirəlayiq layihədir.
Mən təşkilatçılara təşəkkür
edir, festival iştirakçılarına
uğurlar arzulayıram".
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov çıxış
edərək, belə
bir tədbirin təşkilində rəhbəri
olduğu qurumun da payı olduğu
üçün sevindiyini
bildirdi, festivalın işində uğurlar arzuladı.
Həmçinin, tədbirdə çıxış
edən professorlar Fikrət Sultanov, İlham Rəhimli, millət vəkilləri Razi Nurullayev və Müşfiq Məmmədli festivalın
önəmindən danışaraq
incəsənətin inkişafı
üçün teatrlara
diqqət və qayğının əhəmiyyətini
vurğuladılar.
Rəsmi açılış mərasimi
həm də bir-birindən gözəl
mahnı ifaları ilə çox maraqlı bədii gecəyə çevrildi.
“Məsəl, ya.?!”
Mərasimdən dərhal sonra səhnəyə “M Teatrı”n
(“Mənim Teatrım”)
aktyorları çıxdılar. Bəli, söz
yenə də tamaşanın idi.
Bu dəfə biz Üzeyir
Hacıbəylinin əsərləri
əsasında hazırlanmış
“Məsəl, ya...” tamaşasının seyirçisi
idik. «Məsəl, ya...» Üzeyir Hacıbəylinin «Ordan-burdan»
satirik miniatürlər
silsiləsi əsasında
hazırlanıb, səhnə
əsərində böyük
bəstəkarın musiqisindən,
M.Ə.Sabirin şeirlərindən
istifadə edilib.
Teatrın beş aktyoru - Günay Əhməd, Oktay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov və Vüqar Hacıyevin çıxış etdiyi
tamaşa bir bölümlü mühakimə
kimi qurulub. “Ordan-burdan” miniatürlərinin
bir-birinə sürətli
keçidi, aktyorların
tamaşada səhnəni
tərk etmədən
bir neçə dəfə cilddən-cildə
düşməsi, eyni
aktyorun işıq sürətiylə obrazdan
obraza keçidi, ifaları ilə tamaşaçıları gah
güldürüb, gah
da kövrəltməsi,
tamaşanın əvvəlindən
sonunadək ifa tempini saxlamaları, həm rəqs edib, həm də Sabirin sözlərini mahnı kimi canlı ifa etmələri yüksək templi günün son akkordları
kimi yorğunluğumuzu
tamamilə alıb aparmışdı.
“Məsəl, ya...”
tamaşası əvvəldən
sonadək “Müsəlmanlarda
məsəl çoxdur,
ya əməl?” - sualına cavab axtarır. Ən müxtəlif mətləblərə
toxunulan tamaşanın
iştirakçıları sonda təəssüflə
qeyd edirlər ki, müsəlmanlar arasında məsəl əməldən, yəni
işdən çoxdur.
Bunu təkcə onlar qeyd etmir, tamaşaçı
kimi biz özümüz
də bunun həm şahidi, həm də təsdiqçisiyik.
Ü.Hacıbəyli, M.Ə.Sabir kimi dühaların qələmindən
çıxan fikirlərin
bu gün də aktuallığını
qoruyub saxlaması hər nə qədər onların ədib kimi böyüklüyündən xəbər
versə də, tamaşa boyunca üzümüzə sillə
kimi çırpılan
həqiqətlər bir
əsrə yaxın zamanda toplumumuzun arpa boyda yol
qət edə bilməməsini göstərirdi.
Martın 3-cü, festivalın 2-ci gününə ilk gün nümayiş edilən “Arzular bağı” və “Məsə, ya...” tamaşalarının müzakirəsi ilə start verildi. Daha sonra teatrşünas Dağlar Yusif Əfəndinin iştirakıyla “Müstəqil teatr düşüncəsinin stimullaşdırılmasının əhəmiyyəti” mövzusunda panel keçirildi.
Həmin gün nümayiş edilən tamaşalar Şah Mat və Səhnə teatrlarının repertuarından oldu. Şah Mat teatrı festivala M.Vişnekin “Üstdəki dərinliklər”, “Səhnə” teatrı isə M.F.Axundzadənin “Bir dəfə Qarabağda” tamaşaları ilə qatılıblar.
“Bir dəfə Qarabağda” tamaşasının quruluşçu rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi isə Eminquey Akifdir.
Səhnə əsərində rolları Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Elçin Hacı, İranə Kərimova, Ruhiyyə Yəhyayeva, Absalam Həşimli və İmran Ali Qurban oynayıblar.
Tamaşada musiqiləri bədii
rəhbəri Məmmədəli Məmmədov olan qədim milli musiqi alətlərindən ibarət “Əsrlərin
sədası” ansamblı ifa edib.
I
Müstəqil Teatrlar Festivalı öz hesablarına,
yalnız sənət eşqindən güc alaraq ayaqda
qalmağa, incəsənətimizin, mədəniyyətimizin
inkişafına töhfələr verməyə
çalışan özəl teatrlarımızın ilk və
ən böyük özününümayiş
tribunasıdır. Çox arzu edərdik ki, martın
6-na kimi davam edəcək
festivala təkcə sənət
adamları, teatr əhli deyil,
bütün teatrsevərlər, sadə
tamaşaçılar qatılsın və bir-birindən
maraqlı tamaşaları seyr etsinlər.
Hələ qarşıda 4 gün və
10-a yaxın gözəl tamaşa var. Giriş isə sərbəstdir,
əziz oxucular! Teatrlarımız yolunuzu gözləyir!
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2022.- 4 mart.- S.11.