Dul qadının tənhalığı  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Mənim ruhun təsirindən çıxa bilməməyim sizə qəribə gəlir və siz buna, mənə hörmət əlaməti olaraq, yumşaq qaydada etiraz edirsiniz. Mən isə əksinə, itirdiyim varlığın bütünlüklə yoxa çıxmasına dözə bilmədiyimə görə, onun ruhunun mənimlə təmasda olmasından, ünsiyyətə girməsindən nəinki narahat olmuram, əksinə, ondan həzz alıram. Mən ərimi fiziki varlıq kimi itirmişəm. Lakin onun ruhu mənim dünyamın tam dağılmaması naminə yaşayır və mənə yol göstərir. Mən sağlığında ərimə minnətdar olduğum, bunu ona olan hədsiz sevgimdə izhar etdiyim kimi, ölümündən sonra onun ruhunun yaşamasına, cəsədi kimi o dünyaya köçməməsinə çox şad oluram. Onun ruhu məni mənəvi cəhətdən qidalandırır, ilhamlandırır və mən özümə əvvəllər məlum olmayan bir sahədə çalışmağa başlayanda da ruhən onun köməyinə arxalanmışam və güman edirəm ki, səhv etməmişəm.

 

Ruhunun nəcib təsiri ilə yanaşı, mən onunla yaşadığım beş ili - xoşbəxtliyə qərq olmuş dünyamı necə unuda bilərəm. Onunla keçirdiyim hər an mənim üçün şadlıq, şənlik bəxş edən bayram idi, hər günü əsrlərə bərabər hesab edirdim, buna görə də özümü yəhudi peyğəmbəri Mafusaildən də yaşlı bilirdim, onun guya 969 yaşı var imiş, mən özümü həm də olduqca cavan hiss edirdim, elə güman edirdim ki, bədənimə və ruhuma rahatlıq verən, həm də məni batmağa qoymayan Ölü dənizin suları tərəfindən əzizlənirəm, müalicə olunuram, başlanğıcı və yekunu görünməyən sevinc mühitində yaşayıram. Bunlar sizə, yəqin ki, paradoks kimi görünə bilər. Onunla yaşadığım heç bir an mənim sifətimdən, dodaqlarımdan təbəssüm əskik olmurdu, gözlərimdə anlaşılmayan parlaqlıq yaranırdı, qaranlıq çöldəki işıq saçan böcəyi andırırdı. Məgər elə bir həyatı unutmaq olarmı, onu bəxş edən insanı yaddan çıxarmaq olarmı? O, mənim üçün xilaskarım olmaqdan əlavə, həm də Bibliyanın "Şərqilər şərqisi" kitabından istifadə etsəm, mənim ərim, məşuqum, atam, qardaşım idi. O, məşuqum kimi mənim bütün istəklərimi, arzuladıqlarımı həyata keçirirdi, mən onun üçün könlümün bütün ən gizli guşələrini də açırdım, o, təcrübəli və həm də hər şeyi öyrənməyə çalışan səyyah kimi könlümü, ruhumu, təbiətimi kəşf etməkdən yorulmurdu. Onun hiss gözü könlümün ən zəif çırpıntılarını da hiss edirdi, mənim hiss dünyamı tufana məruz qoyur, onu qalvanizasiya etməyə, canlandırmağa çalışırdı və mənim özümə də təəccüb gələn qaydada, ona nail ola bilirdi. Onu mən könül cərrahı adlandırardım, cərrah bıçağı ilə bədəni yarıb, onu fəsadlardan xilas etməyə çalışırsa, onun skalpeli isə kəsməyə, yarmağa qadir deyildi, əksinə,sevgisi, şiddətli lazer şüası kimi könlümün hər tərəfinə nüfuz edirdi, ona yeni coşqunluq, yeni dirilmə verirdi, öz sakitliyini yeni təlatümlə yoxa çıxara bilirdi. Biz yalnız o, işə gedəndə bir-birimizdən ayrılırdıq, iş qurtaran kimi məni görməyə tələsirdi, əslində, gəlişi ilə elə bil ki, bahar havası, bahar təravəti gətirirdi, mənim gülüstanımı çiçək açmağa, ətrafa zərif qoxu yaymağa sövq edirdi. Deyirlər ki, sandal ağacı ona balta dəydikdə, yaralandıqda ətrafa xoş qoxu yayır, yaxud dəniz ilbizi qılafının altında yaralandıqda bədənində mirvari əmələ gətirir. O, əli ilə mənə toxunanda, hətta bəzən xətrimə dəyən zarafat etdikdə məni ağır zərbə qəbul etmiş sandal budağına, yaralı dəniz ilbizinə çevirirdi, məndə əvvəllər özümə də məlum olmayan yeni, güclü xüsusiyyətlər meydana gətirirdi. Mən onun hər jestinə, hər sözünə, söhbətinə sevinclə, şadlıq hissləri ilə cavab verirdim və bu da onu çox razı salırdı. Harmoniya ailənin dayaq sütunudur. Mənim düşüncəmə görə, gənc ər-arvadın etika arabasının iki təkərindən biri onlardan birinin digərinə ünvanlanmış və müddət həddi olmayan sədaqətidir.

 

O, zarafat şəklində acı sözləri də dilinə gətirsə də, onu elə şirin şirə içərisində təklif edirdi ki, mən acını hiss etməyib, şirinlikdən, bal dadından həzz alırdım. Bir dəfə mənə sataşmaq üçün dedi ki, yəqin, rəfiqələrin belə qoca kişiyə ərə getdiyinə görə səni qınayırlar, belə gözəl qızın niyə kaftarı seçdiyinə təəccüb etdiklərini bildirirlər. Cavab olaraq dedim ki, mənim ağlım deyil, ürəyim o kişini seçdiyinə görə özümünkü olsa da, mənə israrla təlqin etdiyinə görə ona minnətdaram. Kimsə cəsarət edib, mənim canımdan artıq sevdiyim bir insanı kaftar adlandırsa, məni hansı cəza gözləməyimə məhəl qoymadan onun gözlərini deşər, sifətində ömrü boyu yoxa çıxmayacaq izlər, çapıqlar qoyardım.

 

Hüseyn zarafatını davam etdirərək dedi:

 

- Sənin ərinin qocalığına, əlbəttə, o qədər də fikir vermirsən, axı sən özün də heç də birinci təravətdə olan çiçək deyilsən.

 

- Mən bunu inkar etmirəm, ona görə də bizim vəhdətimiz paxılların təfriqələrinə baxmayaraq,daha möhkəmdir.

 

Hüseyn məni ilk dəfə surroqat ana olmağa hazırlaşan bir hamilə qadın kimi görmüşdü, adətən, bakirə qızlardan surroqat ana olmur, süni hamiləlik əvvəllər cinsi əlaqədə olmuş cavan sağlam qızlarda həyata keçirilir. Digər tərəfdən arvadı Südabə xanımın mənə həsr etdiyi romandan ona hər şey bəlli idi, mən özüm də ondan heç nəyi gizlətməməyi qərara almışdım.

 

O, təslim olmaq istəmirdi və məni şirin-şirin sancmaq üçün yenə də dedi:

 

- Yaxşı ki biz qaraçı deyilik, yoxsa ilk nikah gecəsindən sonra balkondan qana bulaşmış döşək mələfəsini asa bilməzdik. İspan qaraçıları yaşadıqları şəhərlərdə də bu ənənəvi bakirəliyin nümayişi kimi belə mələfəni sərib, hamıya gəlinin prima nocheyədək toxunulmaz olduğu üçün öz bəkarətini yalnız öz ərinə təslim etdiyini göstərirlər.

 

Mən də söz altında qalmayıb dedim ki, gərək seçimində hər şeyi nəzərə alaydın ki, sonra peşman olmayaydın. Bu sözüm ona toxundu və əlavə etdi ki, kim deyir ki, mən peşmanam, bütün ömrüm boyu katolik rahiblər kimi nikahsızlıq cəzasını yalnız ona görə çəkərdim ki, axırda səninlə evlənim, səni sevmək mənə qismət olsun, bu qızılgülün ətri və gözəlliyi yalnız mənim taleyimi bəzəsin. Sonra könlümü almaq üçün dedi:

 

- Əgər səni əvvəllər görsəydim, ovu əldən çıxarmazdım, hökmən səni elə çılğınlıqla sevərdim ki, sən də müqavimət göstərməyib, bu həmlə qarşısında təslim olar və könüllü olaraq ürəyini və bədənini mənə təslim edərdin. Ancaq bu da təhlükəli bir iş olardı, məni pedofiliyada təqsirləndirib, həbs edər, ağır cəza verərdilər. Sən də mənim həbsxanadan çıxmağımı gözləməyib, başqasına könül verər, ona ərə gedə bilərdin. Digər bir maneə də mövcud idi, axı mən evli idim və türk yazıçısı Rəşad Nuri Güntəkinin "Damğa" əsərində olduğu kimi, özümü bir fövtə qurban verib, ailəmi dağıtmazdım.

 

Mən özünə belə güvənməyinə görə, düşündüyüm zərbəni ona vurmaq istədim:

 

- Sən özünü cavan qızların qəlbinin fatehi hesab etməyin də mənə təəccüblü gəlir. Sən niyə fikirləşirsən ki, mənim şəxsimdəki yeniyetmə bir qız Nabokovun Lolitası kimi səni şirnikləndirməklə məşğul olacaq və bəkarətimi də heç nəyə məhəl qoymadan sənə qurban verəcəkdim.

 

Mən də özümdən çox razı qaydada danışdım, incimə, axı buna sən özün məni məcbur etdin. Axı mən öz bəkarətimi sənə təslim etsəydim, heç vaxt, hətta sən məni atsan da, peşman olmazdım, yalnız illər keçəndən sonra da yalnız səni itirdiyimə heyifsilənərdim. Çünki təcrübəsiz bir qız kimi əclafın biri ilə yaxınlıqdan mən bəkarətimi itirdim və ilk fiziki məhəbbətimə nifrət etməyə başladım. Məni həyata sən qaytardın, onun şirinliklərini yalnız sənin köməyinlə mən dada bildim.

 

Hüseyn bu sözlərdən təsirlənib, mənim inciyəcəyimdən qorxduğu üçün dedi:

 

- Ruhiyyə, mən sənə nə qədər vurulsam da, sənə qarşı təcavüzə yol verməzdim, sənə çata bilməsəm, daim gözəlliyinin aləmə işıq salmasını istəyərdim ki, onun bir ziyası, bəlkə nə vaxtsa gəlib mənə də çatacaqdır. Bizim yaxınlığımız yalnız hər ikimizin razılığı, coşan hisslərimizin qarşılıqlı sakitləşməsinə nail olmaq naminə baş verə bilərdi.

 

Sonra o, yaponların "yobay" adlı bir ənənəsindən danışdı. Bu ənənə hətta XIX əsrə qədər davam etmişdi, sonradan feodalizmlə vidalaşanda bir sıra xoşa gəlməyən ənənələr kimi o da, əsasən, yoxa çıxmışdı.

 

Gənc imperator Mutsihito - imperator ləqəbi Meyci idi - 1868-ci ildə xalqa qısa, lakin məzmunlu müraciətində onu pis ənənələrdən uzaqlaşmağa çağırmışdı.

 

Yobay - "çağırmaq, dəvət etmək" deyimindən əmələ gəlmişdi. Həm də ieroqliflərə görə "gecə sürünüb gəlmək" mənasını verir, "oğrun-oğrun gəlmək" kimi də başa düşülür.

 

Tokuqava syoqunatı 1603-cü ildə hakimiyyətə gələndən sonra əhalinin sosial siniflərə bölünməsi yaranmışdı. Bir sinifdə doğulan, böyüyəndə digər sinifdən olanla ailə qura bilməzdi. Nikahlara yalnız bir silkin daxilində icazə verilirdi. Ona görə də yobay kimi razılaşma ilə sadələşdirilmiş nikah qaydası meydana gəldi.

 

Gənc oğlan gizlincə gecə qızın evinə gəlib, onun razılığı əsasında, həmçinin, valideynlərinin dinməz şəklindəki həmrəyliyi ilə həmin qızla cinsi əlaqədə olurdu. Valideynlər özlərini elə aparırdılar ki, guya onlar gecə evə gələn və qızları ilə intim yaxınlıq edən adam haqqında heç nə bilmirlər. Bunlar da, əsasən, ailə qurmamış gənc kişilər olurdu. Ona görə də qız evində qapı bağlanmırdı, açıq saxlanırdı və beləliklə, valideynlər bu gizli fiziki məhəbbətin bilavasitə qiyabi müşahidəçilərinə çevrilirdi. Onlar həm də qızlarını tək otaqda qoyurdular və əslində, oğlanın öz vəzifəsini yerinə yetirməsinə əlverişli şərait yaradırdılar.

 

Oğlan da qızın otağına çılpaq gəlməli idi, bəzən tutulması baş verdikdə, tanınmaması üçün başına kisə də geyinirdi. Əgər paltarda gəlsə, valideynlər onu oğru hesab edib tuta və ağır qaydada cəzalandıra bilərdilər. Yobay məqsədilə gələni isə tutmaq və cəzalandırmaq qaydası yox idi, çünki əvvəlcədən razılıq mövcud idi. Həm də oğlan səs salmamalı idi ki, valideynləri oyatmasın.

 

Qız bundan sonra hamilə olduqda, onlardan nikaha girmək tələb olunurdu və onun prelyudiyası baş verdiyinə görə nikahın bağlanmasına heç bir tərəf narazılıq etmirdi. Bəzən nikah baş tutmayanda doğulan uşaq qızın və onun valideynlərinin yanında böyüyürdü, çünki atanın adı da uşaq üçün elə bir əhəmiyyət daşımırdı, axı Meyci dövrünə qədər Yaponiyada sadə adamların heç soyadları da olmurdu.

 

Bəlkə də, bu, cavanlara ilk toy gecəsinin şirinliyini öyrətməyin ən asan yoludur. Təcrübəsiz, naşı bəy gəlinə necə yaxınlaşmağı da bilmir, çünki daim qapalı şəraitdə yaşamışdır. Osmanlı imperatorunun saray həyatından belə bir məzəli şeyi danışırlar. Türk şahzadəsi Mahmut Seyfəttin Efendi Çırağan sarayından heç vaxt çıxmamışdı, burada 28 il yaşadıqdan sonra həyətdə ilk dəfə qoyunu gördükdə "canavar" deyə qışqırmış və mühafizəçiləri köməyə çağırmışdı. Təcrübəsiz gənc də ilk toy gecəsi nə etmək lazım olduğunu bilmədiyindən hay salıb, kimisə köməyə çağıra bilərdi, bu da yəqin ki, qızın yengəsi olardı.

 

Sonra da Ruhiyyəyə dedi ki, səni ovlamaq üçün əvvəlcə sənin razılığını almağa nail olacaq, sonra yapona çevrilib, "yobay" qaydasında sənin ardınca gələcəkdim və sən də məni isti ağuşuna qəbul edəcəkdin.

 

Ruhiyyə ərinin belə məzəli söhbətlərini çox eşitmişdi, ona görə də ürəkdən güldü və əlavə etdi ki, sən məşhur bir zərb-məsəli də yaddan çıxarma, onda deyilirdi: "Nəsə Yupiterə icazə verilirsə, bunu etməyə öküzə heç də icazə verilmir". Qədim yunan mifologiyasına görə Zevs (onu qədim romalılar Yupiter adlandırırdılar) Finikiya çarının qızı Yevropanı ələ keçirmək üçün özünü ələ öyrənmiş ağ öküzə çevirdi və qız onun belinə oturduqda, Zevs dənizlə üzüb, Yevropanı Krit adasına gətirdi, burada onların intim yaxınlığından gələcək Krit çarı məşhur Minos və iki başqa uşaq dünyaya gəldi. Bəli, Yupiter Yevropayla yaxınlıq etdi, axı bu, başqa öküzlərə qismət ola bilməzdi, yalnız Olimp allahlarının başçısı öz məqsədinə çatmaq naminə ağ, cazibədar öküzə çevrilmişdi.

 

Hüseyn mənim üçün kəşf etdiyim bir xəzinə idi, onun ağlının, intellektinin dərin qatlarına keçdikcə mən daha da təəccüblənirdim. O, həm də mülayim xasiyyətli gözəl bir insan idi, onunla bir yerdə olanda adam darıxmaq nə olduğunu bilmirdi, qəm-qüssədən də bütünlüklə uzaqlaşırdı. Mən Hamnetə hamilə olanda mənə elə qayğı göstərirdi ki, kənardan baxanda elə bir təsəvvür yarana bilərdi ki, mənim əvəzimə o, doğmağa hazırlaşır, doğuşun ağrısız keçməsi üçün profilaktiki tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət verir. Onunla azacıq ünsiyyətdə olan adam özündən asılı olmayaraq, onun elektromaqnit dalğasının təsiri altında ona vurulmaya bilməzdi. Bizim nikaha girməyimiz heç də asan başa gəlməmişdi, o, mənə sərt cavab verdiyindən mən də ondan incimişdim. Lakin evindəki bir söhbət aramızdakı bir-birimizi başa düşməmək divarını uçurdu, hər ikimiz adi məsələləri düzgün dərk etməməyə görə ağılsızlığımıza gülürdük. Biz bir neçə dəqiqənin içində illərə bərabər yol keçib, bir-birimizə yaxınlaşdıq. Mən onun ilk öpüşlərinin barışıq xatirinə deyil, mənə olan ehtirasının gur parıltısı kimi qəbul etdim və onsuz da qalasını təslim etməyə hazır olan könlümün özümə olan kimi, ona da hərarətli cavabı, odlu reaksiyası onu agah etdi ki, bədənimdəki titrəmə, vulkanın püskürməsi anının gəlib çatdığını xəbər verir. Ona görə də Hüseyn hər ikimizdə baş verən yanğını, hər şeyi əridən alovu hiss edib, toyu təxirə salmaq istəmədi və biz uzun illərin həsrətindən sonra qovuşan adamlar kimi, hərarətli hisslərimizi dilə gətirmədən ifadə edirdik.

 

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 5 mart.- S.22.