Xalq artisti Rza Xudiyev: "Həyatda da, sənətdə də alnım açıqdır"  

 

Yaxşı yadımdadır, 1999-cu ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi Bakı şəhərinə qastrola getmişdi. Nəriman Həsənzadənin "Atabəylər" əsərini Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində oynadıq. Çox yaxşı qarşılandı. Tamaşadan sonra Akademik Teatrın aktyorları səhnəyə çıxıb hamını gözəl oyun münasibətilə təbrik etdilər. O zaman Xalq artisti Nurəddin Mehdixanlı mənimlə görüşəndə bir ifadə işlətdi, əgər Naxçıvan Teatrının aktyorları qaranlıq səhnədə oynayarlarsa, mən Rza Xudiyevi yerişindən tanıyaram. Sənin oyununda isə yeni bir üslub gördüm. Naxçıvan Teatrının aktyoru Rza Xudiyev həmin tamaşada Toğrul bəy obrazını canlandırırdı. Bu müqayisə mənə çox yaxşı təsir etdi. Çünki Rza Xudiyev kimi bir aktyorla eyni səhnədə oynamaq, onunla müqayisə olunmaq gənc aktyor üçün çox böyük bir uğur idi.

Xalq artisti Rza Xudiyev təkcə Naxçıvan deyil, elə ölkə səviyyəsində sənəti, aktyorluğu olan və bunu sübut edən sənətkardır. Bu il bütün tamaşaçıların, dostların, ziyalıların sevimlisi olan Xalq artistimizin 60 yaşı tamam olur. Elə bu məqsədlə də onun özü ilə 60 ildə keçdiyi ömür yoluna, sənət taleyinə bir nəzər salmaq istədik. Yəni həmsöhbət olduq. İlk növbədə həyat yolu ilə bağlı məlumatları özündən dinləmək istədik...

 

***

 

- 5 mart 1962-ci ildə Culfa şəhərində, dəmiryolçu ailəsində doğulmuşam. Ailədə 4 bacı, 2 qardaşıq. Mən ailənin 3-cü övladıyam. 1969-1979-cu illərdə Culfa şəhər 38 nömrəli dəmiryol orta məktəbində oxumuşam. Məktəbdə oxuduğum illərdən incəsənətə, xüsusən teatr və kino sahəsinə böyük marağım və həvəsim olub. Hələ yeniyetmə yaşlarından bu həvəsim müəllimlərin diqqətini çəkmişdi. Ona görə də məktəbin daxili radio qovşağında məndən aparıcı kimi istifadə edirdilər. Tez-tez orada müxtəlif mətnlər, hətta şeirlər, xəbərlər oxuyurdum. Bəlkə də mənə olan bu diqqət demək olar ki, həyatda sənət yolumu müəyyənləşdirdi. Bundan başqa, ictimai işlərdə də fəal idim. Orta məktəbdə oxuduğum illərdə keçirilən "Novruz" şənliklərində Keçəl, C.Cabbarlının 70 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə, "1905-ci ildə" əsərində Allahverdi obrazını oynadım. Yaxşı da qarşılandı, bütün bunlardan sonra qəti qərara gəldim: mən aktyor olacağam.

 

- Təbii ki, arzunuzun arxasınca getdiniz.

 

- Bəli, hədəf qəti idi. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra sənədlərimi o zaman Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" ixtisasına verdim. Bilirsiniz də, həmin instituta imtahanlar iki mərhələdə verilirdi. Müxtəlif fənlərdən və qabiliyyətini göstərmək üçün müsabiqədən keçmək lazım idi. Yazılı, şifahi imtahanları uğurla verdim. Amma müsabiqədən keçə bilmədim. Çünki yaxşı hazırlaşmamışdım. Orta məktəbi bitirib imtahana getmişdim. Sən demə, bunun üçün xüsusi hazırlaşmaq lazım imiş. Birinci dəfə alınmadı. Sonra Culfaya qayıtdım. Düzü, bir qədər pərt olmuşdum. Amma düşünürdüm ki, yox, mütləq aktyor olacağam. Həmin ildə Culfa şəhərinin yaxınlığındakı ərazidə "Babək" filmi çəkilirdi. Mən də oradakı kütləvi səhnələrə iştirak etməklə sənət yanğımı söndürdüm. Bir il istehsalatda çalışdıqdan sonra hərbi xidmətə yollandım.

 

- Rza müəllim, adətən hərbi xidmətdən sonra bəzən gənclər öz yolunu, sənət istiqamətini dəyişirlər...

 

- Məndə belə olmadı. Elə bil tale özü məcbur edirdi ki, mütləq incəsənət adamı olmalısan. Maraqlıdır ki, hərbi xidmət yoldaşım indi səhnədə çiyin-çiyinə çalışdığım Əməkdar artist Behruz Haqverdiyev olub. O, Xalq artisti Əyyub Haqverdiyevin oğlu idi. Hərbi xidmətə gələnə qədər Naxçıvan teatrında bir neçə rol oynamışdı. Hətta ona həsədlə baxırdım ki, teatrda işləyib, səhnədə çıxış edib. Bu, məni daha da həvəsləndirirdi. Hərbi xidməti başa vurduqdan sonra daha bir ilCulfa Lokomativ Deposunda elektrik çilingəri kimi işlədim. Çünki növbəti imtahanlara qədər vaxt vardı. 1983-cü ildə yenidən İncəsənət İnstitutuna sənədlərini verdim. Dedim, özümü sınayacağam. Bu dəfə bir qədər də hazırlaşmışdım. Teatr korifeyləri olan Mehdi Məmmədov, Əşrəf Quliyev, Həsən Turabov kimi sənətkarların qarşısında imtahan verdim. Onları görəndə adam qəribə hisslər keçirirdi. Teatrda, kinoda gördüyümüz sənətkarlarla həyatda üz-üzə söhbət edirsən. Qəribə hiss idi. Amma bəyəndilər, bu dəfə müvəffəqiyyətlə instituta qəbul olundum. Həm də uzun illər həsrətində olduğum "Dram və kino aktyorluğu" ixtisasına. Böyük sənətkarlar olan Mehdi Məmmədov, Nəsir Sadıqzadə, Zəminə Hacıyeva, Ənvər Əbluc, Hamlet Xanızadə və digər sənət adamları bizə dərs deyirdilər. 1985-ci ildə tələbələr arasında keçirilən "Cəlil Məmmədquluzadənin əsərlərinin bədii qiraəti" müsabiqəsində 2-ci yeri tutdum. Mirzağa Əliyevin dövlət səviyyəsində keçirilən 100 illik yubileyində mənə bir tələbə kimi etimad göstərildi.

 

- Siz kinoya da, deyəsən, ilk dəfə elə tələbə ikən çəkilmisiniz.

 

- Bəli, bilirsiniz, kino hər bir aktyorun ən böyük arzusudur. Hələ olatələbə vaxtı. İkinci kursda oxuyarkən bu, mənə qismət oldu. Belə ki, 1985-ci ildə "Azərbaycanfilm"in çəkdiyi, general Həzi Aslanovun həyatından bəhs edən "Mən sizi dünyalar qədər sevirdim" filmində Həzinin qardaşı Hacı roluna dəvət aldım. Sınaqlardan keçdim, filmə təsdiq edildim və çəkildim. Bu, təbii ki, kinoda ilk addımım idi. Bu, bir tələbə-aktyor üçün çox böyük uğur oldu.

 

- Bununla da bitdimi?

 

- Xeyr, oxuduğum 4 il ərzində müxtəlif səpkili əsərlərdə maraqlı rollar oynadım. Bu uğurlu rollardan sonra bizə kino sənətindən dərs deyən müəllimim, kinorejissor Tofiq İsmayılov sən demə, mənə aktyor kimi göz qoyurmuş. 1987-ci ildə onun rejissor olaraq ekranlaşdırdığı "Sürəyya" filmində Seyfəddin roluna dəvət edildim. Bu, kinoda ikinci rolum idi.

 

- Yəni artıq teatr rejissorları ilə yanaşı, kinematoqrafların da diqqətini özünüzə çəkə bilmişdiniz.

 

- Əgər belə düşünürsünüzsə, bəli. Amma "Sürəyya" filminin Belarusda və Azərbaycanda lentə alınan çəkilişləri bitdikdən sonra təyinatla məni Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərdilər. Naxçıvan Teatrında aktyor kimi fəaliyyətə başladığım ilk gündən rejissorlar Vəli Babayev, Vaqif Əsədov və Əliqismət Lalayevin aktyor kimi diqqətini çəkdim. Hazırlanan tamaşalarda bir-birinin ardınca əsas və baş rollarda çıxış elədim. Qısa bir müddətdə tamaşaçıların rəğbətini, deyəsən, qazana bilmişdim. Naxçıvan teatrında onlarla tamaşada rol aldım, 80-dən yuxarı, xarakter səviyyəsinə yüksələn obrazlar yaratdım. 1990-cı ildə kinorejissor Hüseyn Mehdiyevin öz ssenarisi əsasında çəkdiyi "Şahid qız" filmində Orxan obrazına dəvət olundum. Bir neçə namizədin arasından uğurla sınaqdan çıxandan sonra bu filmdə baş rola çəkildim.

 

 

 

- Rza müəllim, sizin kimi istedadlı insanlar adətən yaradıcılığını bütün sahələrdə sınayır. Siz ancaq teatr və kino ilə kifayətləndinizmi?   

 

- Xeyr, mən öz yaradıcılığımı tək teatr və kino sahəsində deyil, həm də Naxçıvana gəldiyim ilk gündən televiziya və radioda da davam etdirmişəm. Çünki bu da yaradıcılıqdır. Amma fərqli bir sahədir. İlk illərdə Naxçıvan Televiziyasının və Radiosunun hazırladığı bir sıra tamaşa və bədii verilişlərdə iştirak etdim. Hətta 2001-ci ildə oranın əməkdaşı kimi bir il ərzində bədii verilişlər də hazırladım. Deyim ki, uğurlu da oldu.

 

- Bəzən sizi müxtəlif tədbirlərdə aparıcı kimi görürük..

 

- Açığını deyim ki, mən Naxçıvanda mədəniyyətin müxtəlif sahələrində özümü sınamışam. Bir qədər təcrübəm və aktyor kimi səlis diksiyam, səs tembrim olduğu üçün demək olar ki, bütün dövlət tədbirlərində aparıcı kimi iştirak edirəm. Rol oynadığım tamaşalarla ölkəmizin bütün bölgələrində, o cümlədən, Türkiyə və İranın müxtəlif şəhərlərində qastrol səfərlərində olmuşam. Eyni zamanda, Tehranda keçirilən "Azərbaycan mədəniyyəti günləri"ndə ölkəmizi, Türkmənistanın paytaxtı Aşqabaddakı "Naxçıvan mədəniyyəti günləri"ndə isə muxtar respublika mədəniyyətini layiqincə təmsil etmişəm. Bir sözlə, xidmətlərimə və təcrübəmə görə mənə etibar edilir. Bəlkə də elə buna görədir ki, 2010-cu ildən 2014-cü ilə kimi teatrda direktor müavini, 2014-cü ildən bu günə kimi isə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsində çalışmışam.

 

- Yeri gəlmişkən, təltifləriniz hansılardır?

 

- Geriyə baxanda özümdən sonra sənət aləmində bir izimin olduğunu görürəm. Bunu həm də sənət dostlarım, tamaşaçılarım deyirlər. Saydıqca görürəm ki, çəkdiyim zəhmətə həmişə dövlət tərəfindən yüksək qiymət verilib. 2007-ci ildə Teatr Xadimlər İttifaqının "İlin ən yaxşı kişi aktyoru" kimi, S.Vurğunun "Fərhad və Şirin" tamaşasındakı Fərhad roluna görə "Qızıl Dərviş" mükafatına layiq görüldüm. Ondan əvvəl, 2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2008-ci ildə isə Xalq artisti kimi fəxri adlara layiq görülmüşəm. 2002-ci ildə isə, Ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan və səhnə fəaliyyətindəki uğurlarına görə aktyorlara verilən Azərbaycan Respublikası Prezidentinin Mükafatını ilk gündən alanlardan biri olmuşam.

 

- 60 yaş.... Bu çoxdur, ya azdır?

 

- Yaradıcı bir insan üçün azdır. Çünki yenə də səhnədə, kinoda oynamaq istəyirsən. Oynamadığın və arzusunda olduğun obrazlar var. İndi həyatıma teatrdakı rollarımla yanaşı, qızımla oğlumun övladları, 3 nəvəm də qatılıb. Nə bilim, məncə, bu günə qədər ömrümü mənalı və dəyərli yaşamışam. Təzədən olsaydı, yenə də belə yaşayardım. Sənətdə və həyatda xalqım, tamaşaçılarım qarşısında həmişə üzüm , alnım açıq olub. Bu da uzun zaman yaddaşlarda qalmaq üçün əsas şərtdir.

 

- Bizə də sizə cansağlığı və uzun ömür arzulamaq qalır. Sağ olun. 60 illik yubileyinizi bir daha təbrik edirik!

 

Səməd CANBAXŞIYEV,

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti

 

525-ci qəzet.- 2022.- 5 mart.- S.21.