İşıqlı insan
Qəzənfər
Paşayev-85
Ədəbiyyatşünas, dilçi, filologiya elmləri
doktoru, professor, tərcüməçi,
yazıçı-publisist, pedaqoq, ictimai xadim və
bütün bunların fövqündə duran gözəl
insan Qəzənfər Paşayevi "Altı il Dəclə
və Fərat sahillərində" kitabı ilə
tanıyıb sevdim. Təkcə mən yox, bütün
kitabsevər Azərbaycan oxucuları Qəzənfər müəllimi
bu kitabla tanıdı. Qəzənfər
Paşayevlə həm Yazıçılar Birliyində, həm
də AMEA-nın Ədəbiyyat İnstitutunda dəfələrlə
üz-üzə gəlmişəm və mənlə həmişə
səmimiyyətlə görüşüb,
yaradıcılığımla maraqlanıb. Onun sadə, təvazökar, eyni zamanda,
çalışqan təbiəti həmişə diqqətimi
çəkib. Müxtəlif istiqamətlərdə
apardığı tədqiqatlarlar, bir-birinin ardınca
çap etdirdiyi kitablarla maraqlanmışam. Bir çox kitabını əldə edə bilməsəm
də, rastıma çıxanları oxumuşam. Akademik
Nizami Cəfərovun Qəzənfər müəllim
haqqında dediklərində bir həqiqət vardır: "Qəzənfər
Paşayev bizim alimlərimiz içərisində, bəlkə
ən çox iş görən və ən təvazökar
tədqiqatçılarımızdandır. O, böyük bir
institutun görə bilməyəcəyi işi
görmüşdür. Bu da onun bizim
bugünkü ədəbi-ictimai həyatımızda
mövqeyini xüsusilə möhkəmləndirir. Bu qədər böyük işləri başqa
birisi görmüş olsaydı, yəqin ki, onun ədası
yerə-göyə sığmazdı. Q.Paşayevin
tədqiqatlarında həyəcanlı bir intonasiya, hiss
vardır. Onun yazdıqları təmiz və
pak ürəyin intellektinin səsidir. O, bizim folklorumuzun
Müşfiqidir".
Qəzənfər Paşayevin
yaradıcılığı çoxşaxəlidir. Amma nədən
yazırsa-yazsın, hamısında bütövdür,
tamdır. Bir sahəni yarımçıq
qoyub o birinə keçməmiş, lazım gəlirsə,
müxtəlif sahələrdəki tədqiqatlarını
paralel davam etdirmişdir. Onun
yaradıcılığında folklorla bağlı tədqiqatları
daha qabarıq görünür. Altı il
özünün dediyi kimi, Dəclə və Fərat sahillərində
dolaşan, hər daşın, hər çiçəyin
dilinə diqqət edib doğmalığı duyan və vəhdət
eşqilə yanan və bu yanğını məqalə-məqalə,
kitab-kitab bizə çatdıran alimin qismətiymiş
çoxlarının arzusunda olduğu müqəddəs məkanları
ziyarət etmək. Professor Yaşar Qarayev "Bayatıdan,
xoyratdan başlanan yollar və illər..." adlı məqaləsində
yazır: "Bizim dövrdə - son əlli ildə durna
qatarı olub, Cıdır düzündən səmaya və
İraqa pərvaz etmək və dəvə qatarı olub,
Füzuli yüklü karvana sarvan olub, Bağdaddan bu tərəfə
tərpənmək hamıdan çox Qəzənfər
Paşayevə qismət olmuşdur.
Tarix və torpaq adlı məkanın sərhədləri
bəzən dəyişir. Lakin bütövlüyü heç
zaman parçalanmayan mənəvi bir Vətən də var.
Biz hamımız - həm azəri türkləri, həm
İraq türkmanları - hələ indi də həmin məkanda
- "Folklor" adlı vahid, əbədi, ortaq bir Vətəndə
yaşayırıq. Bu vətən vəhdətinin
bütövlüyünü dərk etməkdə son bir
neçə ildə bizə ən çox kömək edən
Qəzənfər Paşayevin əsərləri olub. Mən bunu onun təkcə alimlik yox, həm də
milli vətəndaşlıq və vətənpərvərlik
xidməti hesab edirəm".
Zahirən şən görünən insanların
içində daha böyük kədər-qüssə olur. Amma onlar
içindəkiləri büruzə vermir, insanlara işıq
paylamağı daha üstün tuturlar. Qəzənfər
müəllimin üzündə həmişə təbəssüm
görmüşəm. Ən əsəbi
vaxtımda onunla görüşəndə həm sözü
ilə, həm də müsbət aurası ilə məni vəziyyətdən
çıxarıb. "Bir sən deyilsən,
hamımız eləyik..." deyə məni sakitləşdirib.
Ola bilməz ki, uzun illər keşməkeşli
həyatın hər üzünü görən insanın dərdi
olmasın. Amma bu dərdi ictimailəşdirməyib,
içində çəkmək, üzündə təbəssüm
gəzdirmək hər adamın işi deyil. Allah Qəzənfər müəllimə bunu da
mükafat verib. Gözəl
yazıçımız Nahid Hacızadə "Alimlik və
insanlıq istedadı" adlı məqaləsində Qəzənfər
müəllimin ömür yoluna parlaq bir güzgü tutur, onu
həm alim, yazıçı, tərcüməçi, həm
də dözümlü, səmimi və xeyirxah insan kimi təqdim
edir. Onun hələ gənclik illərindən müəllimlərinin,
tanınmış ziyalıların, sənət
adamlarının, alimlərin hörmətini
qazandığını, həyatın enişli-yoxuşlu
yollarında qarşısına çıxan çətinliklərdən,
qorxmadığını, inandığı insanlara güvənərək
qələmdən möhkəm yapışıb pillə-pillə
qalxdığını qeyd edir və ona dəstək olan
insanların olduğunu vurğulayaraq Xalq şairi Rəsul
Rzanın və professor Abbas Zamanovun adını çəkir.
Qəzənfər müəllimi son tikəsini bölən
gözəl dost, gözəl yol yoldaşı, dünyaya məhz
gözəl işlər görmək üçün gələn
işıqlı insan kimi təqdim edən müəllif
yazır: "O, başqasının sevincini öz sevinci, dərdini
öz dərdi bilir. Hər yerdə, hər zaman
kiçik hisslərdən, məişət xırdalıqlarından,
dedi-qodulardan gen durur. Bir sözü var: "Bir adamın
qəlbini tikə bilmirsənsə, heç olmasa onu
uçurub viranə qoyma". Ömründə
görməzsən ki, o, kiminsə həyat uğuruna
darılsın, kiminsə arxasınca danışsın.
O, dünyaya yaxşılıq etmək, xeyirxah işlər
görmək, könül sevindirmək üçün gəlib.
Bunu hər gün, hər saat hiss etmək, duymaq
olar. Elə bil ürəyinin gözü,
yaddaşı var. Şad günündə səninlə bir
şadlanır, dərdli-ələmli vaxtında da səni tək
qoymur, qəmini unutdurmağa çalışır".
Qəzənfər Paşayev soy-kökünə, əsil-nəsəbinə
bağlı bir insandır. Düz deyirlər,
qız anadan görməyincə, öyüd almaz, oğul
atadan görməyincə, süfrə açmaz. Qəzənfər müəllim də Tovuz rayonunun
Düzqıraxlı kəndinin sayılan, mənəviyyatı
ilə seçilən, xeyirxahlığı ilə sevilən
sakinlərindən olan Məhəmməd kişinin ailəsində
dünyaya gəlmişdir. Babası
Paşa Həsənoğlu 1924-cü ildə doğma kəndində
tikilən ilk məktəb binasının maliyyə xərcinin
xeyli hissəsini könüllü olaraq öz üzərinə
götürmüşdür. Qəzənfər
müəllim ağlı kəsəndən ata-babadan
gördüyü xeyriyyəçilik əməllərini
davam etdirən övladlardandır. Onun öz xərci ilə
tələbə oxutdurması, bəzi müəlliflərin
kitablarını çap etdirməsi, Dədə Qorqudun heykəlini
alıb Folklor sarayına bağışlaması,
ziyalıların məzarını bərpa etməsi və
sair bu kimi xeyirxahlıqlarını saymaqla bitməz. Qəzənfər müəllim haqqında
yazılmış bir sıra yazılarda onun xeyirxah əməllərindən
bəhs olunur. Şair-publisist Fəxrəddin Meydanlı
"Yolun doğru yönümdədir" adlı məqaləsində
həm alimin əsərlərindən söz açır, həm
də onu insan kimi səciyyələndirərək yazır:
"Gərəkli olmağı bacaran, insanlara yarımaqdan,
yapışdığı işi yarıtmaqdan zövq alan
adamdır Məhəmməd oğlu Qəzənfər. onun
neçə-neçə əlsiz-ayaqsızlara əl
tutmasından, imkansız, lakin istedadlı qələm sahiblərinin
kitablarının nəşri ilə bağlı xərcləri
öz üzərinə götürməsindən, dəvətli
olduğu el şənliklərində iştirak eləyən,
lakin maliyyə imkanlarının olmadığı hiss elədiyi
sənət adamlarının adına öz adı ilə
yanaşı nəmər yazdırmasından, yas mərasimlərində
məclis sahibinin maddi "yük"ünün
azaldılmasına xidmət eləyən səxavətindən,
elədiklərinin heç birindən təmənna güdmədiyindən
və başqa bu kimi insani xüsusiyyətlərindən
çox yazmaq olar.
Məhəmməd oğlu Qəzənfər ədəb-ərkan
sahibidir. Onun səsinin bir tembri var - orta, eşidilən və
səlis. Onun bərkdən danışdığını
eşitməmişəm. Bu və ya digər
məsələyə münasibəti zamanı
üzünün cizgilərinin səyridiyini sezməmişəm.
O, danışan adamın sözünü kəsməz (hətta
lüzumsuz danışsa belə), söz ağzından
qurtarmamış cavab verməz, kiçik, lakin ləngərli
pauza verərək, başını asta-asta qaldırıb məntiqi
fikrini ortaya qoymaqla, haqqında söhbət gedən məsələnin
nidasını qoyar ki, bununla da hər şey
çözülmüş olar..."
İnsanın halallığı, gözütoxluğu,
böyüdükcə özünü kiçik
tutmağı, böyük-kiçik yeri bilməyi, çətin
anda insanlara əl tutmağı kitab oxumaqla, alimliklə deyil,
bütün bunlar insanın genindən, yaşadığı
mühitdən, aldığı tərbiyədən gəlir. Yazıçı da olmaq
olar, kitab da yazmaq olar, alim də olmaq olar, professor, akademik də
olmaq olar, amma ana südündə paklıq yoxsa, ata
çörəyində halallıq yoxsa, kim
olursan ol, heç vaxt əsl insan ola bilməzsən. Bu mənada
Hüseyn Kürdoğlunun Qəzənfər müəllimə
həsr etdiyi "Səsin gəlir" adlı şeir diqqəti
çəkir:
Sən
ilahi bir sevgidən doğulmusan,
Halalca el ocağından səsin gəlir.
Gülnəfəsli
bir gəlinin - bir ananın
Şəlləyindən, qucağından səsin gəlir.
Açılanda
şirin-şəkər dilin sənin,
Sanki qələm axtarırmış əlin sənin.
İl
üstündə göyərdikcə ilin sənin,
Ömrün əzəl budağından səsin gəlir.
Şair alim dostunun səsinin qumru bulağından, gül bağından, Füzulinin izi olan İraq torpağından gəldiyini obrazlı ifadələrlə misralara düzür. Burada diqqətimi çəkən misralar var: "Kitab olmuş gecələrin, gündüzlərin İnci dolu varağından səsin gəlir". Həqiqətən Qəzənfər Paşayevin ömrü kitab-kitab yaşanmış ömürdür. Bu kitablardan ayrı-ayrılıqda söz açmaq lazım gəlir. Sonda 7 cildliyə çevrilən, zahirən poliqrafik cəhətdən gözəl, nəfis tərtibatda olduğu kimi, daxilən də elmi dəyərlərlə zəngin yaradıcılıq yükü diqqəti çəkir. Bu cildlər haqqında bir sıra təsviri və təhlili məqalələr yazılmışdır. Professor Qəzənfər Kazımovun "Əbədiyaşar ədəbi-elmi abidə və ya iftixar doğuran yaradıcılıq" adlı geniş məqaləsi maraq doğurur. Qəzənfər Paşayevin "Seçilmiş əsərləri"nin hər cildi haqqında dəyərli fikirlər söyləyən, elmi münasibətini bildirən müəllif "Bu kitabları oxuduqca... bütövlükdə Azərbaycan və Şərq aləmi haqqında zəngin biliklər əldə etmək olur" qənaətinə gələrək, Q.Paşayevin bu kitablarla özünə abidə qoyduğunu qeyd edir və yazır: "Bu əsərlərdən duyulan mühüm cəhət də var: Qəzənfər Paşayev Azərbaycan xalqının tərəqqisinə, Azərbaycan mədəniyyətinin inkişafina sevinən, harada olursa-olsun, Azərbaycan haqqında deyilənləri öyrənmək, götürmək, vətənə gətirmək, vətəni başqa xalqlara tanıtmaq, bir sıra unudulmaz elm və sənət sahiblərimizi öz xərci ilə unudulmağa qoymamaq yolunda əlindən gələni əsirgəməyən, daim vətən sevgisi ilə yaşayan, hər yerdə (istər daxildə, istər xaricdə) bu sevgini qoruyan zəhmətkeş və yolulmaz bir insandır".
Qəzənfər Paşayev haqqında, xüsusilə də onun çoxşaxəli yaradıcılığı haqqında çoxdan yazmaq istəyirdim, görünür, qismət 85-ə imiş. Qəzənfər müəllimi təbrik edir, ona möhkəm cansağlığı, yeni uğurlar arzulayıram.
Sona
XƏYAL
525-ci qəzet.- 2022.- 5 mart.- S.20