Şəfiqə Məmmədova və
ömür "8"ləri
Qadın
xəyal və düşüncəmizdə xilqət hadisəsinin
ən mühüm çaları, bəşəriyyət aləmində
bərəkət, sehir göstəricisi, evimizdə Cənnət
mələyinin qüsursuz timsalı, sonsuzluğumuzun əbədi mənbəyidir.
O yaranmazdan əvvəl Adəm peyğəmbər yalqız,
ekoloji sistem ruhsuz, bəşəriyyət müsibətlərə
təslim, ailə bir ağac koğuşu, insan öz
ömür çırağının məhbusu idi.
Bütün söylənənlərə baxmayaraq, cəhalətin
hökm sürdüyü əhatədə bəşər
övladının batinlə batili səhv salması səbəbindən
qadın doğulduğuna görə taleyindən narazı
olanlar da tapıldı... Amma təbiət ziddiyyətə qalib
gəldi və yaxşı ki, dünyaya QADIN gəldi... Nə
yaxşı ki,Şəfiqə Məmmədova
ədəbiyyat tarixinin həyati gerçəklərini səhnələşdirilmiş
simvollarla işığa çıxara bildi. Onun
sənətin sirrindən xəbərdar olmasının əsasını
dərk olunmuş ideyanın ötürülmə
qammaları təşkil edir və Şəfiqə xanım
yaxşı bilir ki, "istənilən sahədə
istedadlı adamlar böyük layihələrə imza ata bilərlər,
lakin insanın fikrini, düşüncəsini əvəz etmək,
onun baxışını dünyanın mahiyyətinə
yönəltmək, bir sözlə, düşünən
varlığı yenidən yaratmaq bacarığı dahilərə
məxsusdur".
Teatr təkamül prosesidir; eyni əsər o qədər
tamaşaya qoyulur ki, səhnənin dekorativ quruluşu da, rollar
da cilalanıb nəcibləşir. Əsərin teatr səhnəsində
tamaşaya qoyuluşu, həm bir-birinin təkrarını, həm
davamını, həm də rejissorla, aktyorun şəxsi
yaradıcılıq prinsipini təşkil edir. Məhz "təkrar biliyin anasıdır"
periodikliyinə görədir ki, teatrın fəaliyyət
diopazonu kinodan - bir ana
sığışdırılmış şəkillər
ardıcıllığından daha geniş, daha müfəssəl,
daha üstündür. Belə
anlaşılmasın ki, kino inkişaf etmir, əlbəttə,
kinematoqrafiya daima inkişafdadır, lakin eyni kinonun iki,
üç dəfə ekranlaşdırılması təsadüfi
hadisədir, hətta təkrar çəkilişə şərait
yaransa belə, filmlər bir-birindən fərqlənir.
Teatr deyərkən biz yaradıcı insan kollektivini, məkan
və zamana görə müəyyənləşən
sintetik bir sənət növünü nəzərdə
tuturuq. O ki
qaldı ayrı-ayrı şəxsiyyətlərin həyat və
yaradıcılığına, bir mənalı şəkildə
qeyd etməliyik ki, onların tarixi - mümkün əzab və
əziyyət, eləcə də, uğurlar
ardıcıllığından ibarət olur.
Müsahibim səhnə azadlığı,
danışıq tərzi, cazibə və
görünüşü, emosional yaddaşı, natiqlik
improvizasiyası teatrın özü qədər mühüm
olan Xalq artisti Şəfiqə Məmmədovadır.
Yazıda məqsədim Şəfiqə xanımın həyat
xronologiyasını vərəqləmək, təltif və fəxri
adlarından, müəllimlik fəaliyyətindən söz
açmaq deyil. Aktrisa haqqında alim və böyük sənətkarlarımız
yetərincə yazıblar, mümkün olduğu qədərilə
deyiblər. Mən onun estetik idrakın
asanlaşdırılmasını təmin edən vasitəçi
- yaradıcı xüsusiyyətlərinin özəlliyindən
bəhs etmək istəyirəm. O ümidlə ki, elmi
inkişafın insanın potensial təhlükə mənbəyinə
çevrildiyi bir vaxtda mənəviyyatın formalaşması
işini incəsənətdən yaxşı yerinə yetirəcək
ayrı vasitə tapmaq olmur.
Aktrisanın istər teatr, istər kino aləmində
müxtəlif rolları məharətlə ifa etməsi
özünün güldürmək, təəccübləndirmək
və başqa bu kimi müvafiq cəhətlərindən irəli
gəlir. Şəfiqə xanımın səsi
tamaşaçının beynini sözlərlə döyəcləmir;
zilə qalxıb bəmə enən musiqi notları kimi öz
təsir dairəsinə alır. Onun
danışıq improvizasiyası, oynadıqlarının həqiqliyinə
inam yaratmaq bacarığı, personajın daxili aləmini,
milli-psixoloji-sosial durumunu, məişət
qayğılarını tamaşaçıya ötürmək
qabiliyyəti aktyor üçün ən mühüm əlamətlərdən
hesab olunur. Şəfiqə Məmmədova xoşbəxt
ifaçıdır, çünki onun xoşbəxtliyi əzab
yaşatmaq, mənfinin xatirinə müsbəti dəf etmək
yox, əksinə, əzabı yaşatmamaq üçün
zövqü qurban vermək istəyindən keçib. Dünyanı səhnə
kimi seyr etmək, onu öz şəxsi ssenarisi olaraq nəzərdən
keçirmək səbəbinə görədir ki, Şəfiqə
xanım dahi aktyor adına imza atıb.
Rolun kimliyindən asılı olmayaraq insanın deyil,
onun taleyinin ümumiləşdirilmiş obrazını yaradan
sənətkar öz ifaçı manevrilə tamaşaçıya
nəyin yaxşı, nəyin pis olduğunu hiss etmək və
yaxud oynadığı rolu aktyorla səhv salmaq fürsəti
yaratmır.
O, daima xoşbəxtliyə can atan, parlaq və uzun
ömürlü personajların timsalında onları
olduğu kimi yox, olmalı olduğu nəciblik və comərdlik
xüsusiyyətlərilə birgə oynayır. Əbədi
ödənilməyən arzuları, tapdanan ümidləri,
güclənən əzabları, faciəvi personajın ləyaqətini
qoruyub saxlamaq imkanlarını, ölümlə nəticələnən
məşum və məsum səhvləri də oynayır
Şəfiqə xanım, həm də böyük cəsarətlə!
Həm də böyük cəsarətlə bu
günün gerçəklərini gələcəyə
ötürür. Çünki onun məqsədi
cəlbedici hadisələrin səhnə təcəssümü
yox, həyatın özünü oynamaqdır ki, həqiqət
üzə çıxsın.
O da
öz anadangəlmə istedadını məhz sənətin
qazanılmış texnikası vasitəsilə
ötürür, lakin tamaşaçını dünyaya onun
gözlərilə baxmaq, yaxud hadisələrin mahiyyətini
baş verənlərin xaricində axtarmaq məsuliyyəti
qarşısında qoyur. Şəfiqə
xanımın rollarından birinə müraciət etmək
üçün Ulu öndər Heydər Əliyevin
xeyir-duasından sonra işıq üzü görən
"İstintaq" kinosunu xatırlamaq kifayətdir. Məncə, ssenarinin zəifliyinə baxmayaraq, aktyor
Gülya obrazını zadəgan qadınların özlərindən
də yaxşı oynayıb.
"Uyğun
deyil mənə, heç bir ssenarinin özümə aid
olduğunu görmürəm", "yaradacağım elə
bir iş yoxdur", - deyə səslənən Şəfiqənin
"istəyəndə çəkilib, istəməyəndə
çəkilməmək" "seçimi həmişə
olub". Onu digərlərindən fərqləndirən
əsas cəhət ssenarini, bədii əsəri ədəbiyyat
bilicisi səviyyəsində xırdalamağı
bacarmasıdır. Ayrıları rol
üstündə savaşarkən Şəfiqə "həmişə
seçilib-seçilməmək seçimi"
qarşısında sənətin dəyərini maddi olan hər
cür istəkdən üstün tutub. Buna
görə də, onun sənət yolu, həm təcrübi həyatda,
həm də elmdə xüsusi məna kəsb edən
seyrçi üsuldan fərqlənir, əyani təcrübədən
asılı olmur, sanki günəşin səssiz
şüası, yaxud göy qurşağı kimi
dünyanın üstündən keçir. Şəfiqə xanımı aktyor kimi narahat edən
səbəblərdən biri də gerçək hadisələrlə
idrakını doldura bilməməsidir ki, həmişə
öz düşüncəsinə uyğun obyektlər
axtarmağa məcbur olur.
Teatr səhnəsi, yaxud ekran əsəri həyati
çətinlikləri dəf etmək üçün
yüksək instansiya rolunu oynayan məktəb kimidir. Bu məktəbin
keyfiyyətlilik dərəcəsi müxtəlif obrazların
timsalında açılan ideya ilə
ölçülür. Obrazları
aktyorlar ifa edirlər, necə ki, Şəfiqə Məmmədova
Fəridəni, Burla xatunu, Pəricahanı oynayır... - Bəs
aktyorlar ideyanın açılmasına necə
yardımçı olurlar? - Əlbəttə,
obrazı hərtərfli işıqlandırmaqla. Məsələn, "Qaraca qız" filmində
Şəfiqə təkcə Pəricahanı deyil, onunla
xüsusiyyət ortağı olan hər kəsi, hamını
oynayır. Nəticədə insanı
öz məqsədsizliyinə təslim edən tipik xarakter
ifşa olunur. Ümumiyyətlə, aktyorun
məharəti təkcə yazıçı
ideologiyasının bölünməz həqiqətlərini
oynamaq deyil, ifaçılığın səhnə tələbidir
ki, Şəfiqə "pərdə arxasında" heç
nə saxlamır. Məhz insanlar da teatra,
kinoya mətləblərin daha rahat anlaşılması səbəbindən
üz tutur, yoxsa əsəri evdə oxumaqla kifayətlənərdilər.
İnsan güclü enerji mənbəyidir. Bu enerjinin
istehsalçısı olmaq hər kəs üçün
eyni dərəcədə əlçatandır. "O
zaman nəyə görə bu enerji nifrətə, eqoizm və
acgözlüyə, şantaja, şərə sərf
olunur?" sualının intiutiv dərkini mücərrəd
biliyə, refleksiyaya çevirən Şəfiqə Məmmədova
yaradıcılığı boyu öz ənənəsinə
sadiq qalır. Hətta o qədər sadiq
qalır ki, aktyorun bir insan ömründə formalaşdırdığı
personajların bəşəriyyət tərəfindən
bütöv olaraq qavranılması hələ müəyyən
vaxt tələb edir. Məhz onun dahiliyi səbəbindəndir
ki, möhür vurduğu yaradıcılıq nümunələri
köhnəlmək, yaxud sona qədər "dərk
olunmaq" səciyyəsi daşımır. Bu o deməkdir ki, hansı personajı
canlandırmasından asılı olmayaraq Şəfiqə
xanımın rollarını kamil ifa səbəbindən
özündən yaxşı oynamaq mümkün deyil.
Yaratdığı obrazların yaradıcı müxtəlifliyinə
görədir ki, Şəfiqə Məmmədova Azərbaycan
səhnəsinin uğur göstəriciləri, əsrlərin
qocalmayan müəllimləri sırasında özünəməxsus
yer tutur.
Milli teatr
və kinonun inkişafında, şübhəsiz ki,
Ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri
var. Ulu öndərin uyğun təşəbbüsünün
davamıdır ki, Prezident İlham Əliyevin uyğun Sərəncamı
ilə hər il martın 10-u "Milli teatr günü"
kimi qeyd edilir.
Bildiyimiz kimi, mart Azərbaycan tarixini bayramlar ayı kimi bəzəyir,
onun taleyinə şəxsi, peşə bayramları da əlavə
olunsa, mənzərə daha da simmetrikləşər. Haqqında bəhs
etdiyim aktyorun doğum günü də bayramlar
çoxluğu mart ayına təsadüf edir. Mart
ayının başlanğıcında olmağımız
münasibətilə Şəfiqə xanımın 8 mart -
Qadınlar; 8+2 mart - "Milli teatr günü"; 8+12 mart -
Novruz bayramı və 8+22 mart - Doğum gününü
böyük sevinc hissilə təbrik edir, ona möhkəm
cansağlığı arzulayırıq!
Tale
üfüqlərində Günəş oldu Şəfiqə,
Təbiəti
oynadı ürək dolu Şəfiqə,
Teatrdan
başlayan azad yolu Şəfiqə
Yeni başlanğıc kimi nəsillərə
tuşladı.
Göyərçin
KƏRİMİ
AYB-nin
üzvü
525-ci qəzet.- 2022.- 5 mart.- S.19.