Üzü dönsün
ayrılığın...
Heç
bilmirəm ki, yazımı necə başlayım: sənin bu
qəfil, həm də əbədi gedişin mənim
bütün sözlərimi itik saldı. Tez-tez
telefonla danışırdıq. Söz
vermişdim ki, bu yay mütləq Almaniyaya - sənin
görüşünə gələcəm. Mənim
üçün etibarın, sədaqətin simvolu olan Svetlana
xanım, bu nə cür vəfasızlıq idi, sən mənə
qıydın... Anamdan sonra o mehri-məhəbbəti
səndə tapmışdım. Sən mənim
könül dostum, qəlb sirdaşım, məsləhət
ünvanım idin. İndi bu ağır
itkiyə mən necə dözüm? Üzü
dönsün ayrılığın... Bir vaxt mətbuatda sənə
yazdığım açıq məktubdakı sözlərim
yadıma düşür:
"Məktubun dəbdən düşdüyü bir
vaxtda sənə məktub yazmağımın səbəbi bu
oldu ki, çox uzaqdasan, qoy külli-aləm bilsin, mənə
necə doğmasan! Sənin jurnalistikamızda, nəsrimizdə, kino sənətimizdə
hansı xidmətlərin var! Ömrünün
80-ci baharını tamamlayırsan. Bir həmkar, bir
müəllim, bir dost kimi bizə çox əzizsən. Elə
məziyyətlərin sahibisən ki, həmişə örnəksən!
Bu sevgini isə hamı qazana bilmir. Müjdə gələ ki, günün birində
Bakıya gəlirsən. Görüşünə
gələnlərin izdihamı başlayar. Nə isə..."
Heç ağlıma gətirə bilməzdim ki, 2 il sonra vətənə sənin qara xəbərin
gələcək.
***
Svetlana İsmayılova repressiyaların səngimədiyi
illərdə Bakıda doğulub, 1958-ci ildə BDU-nun
jurnalistika fakültəsini bitirib. 1973-cü ildə Azərbaycan
Elmlər Akademiyasının Memarlıq və İncəsənət
İnstitutunun kino sənəti üzrə dissertantı olub.
"Azərbaycan gəncləri" qəzetindən
başlayaraq müxtəlif yaradıcılıq təşkilatlarında
çalışıb. Hətta bir
müddət Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində pedaqoji fəaliyyətlə
də məşğul olub. Tələbəlik
illərindən başlayaraq mətbuatda müxtəlif janrlı
yazılarla çıxış edərək ədəbi
ictimaiyyətin diqqətini çəkib. Biz
də elə onun işığına uçaraq jurnalistikaya
bağlanmışıq. Svetlana
xanımın səmimiyyəti, sadəliyi, əməksevərliyi,
həssaslığı, sədaqəti həm onu fərqləndirib,
həm də sevdirib, hörmət qazandırıb.
Xasiyyəti kimi, qələmi də
orijinallığı ilə seçilib. Xalq yazıçısı
Əzizə Cəfərzadə 1997-ci ildə onun barəsində
belə yazırdı: "Mən bu xanımın bir çox
yazılarını ürəkdən bəyənirəm,
onlar istər mövzusu, istərsə də
yazılışına görə fərqlənirlər. Bu çətin, mürəkkəb dövrdə
yaxşı ovqat, xeyirxah əhval-ruhiyyə, ürəyi
açıqlıq və gülüş yaradırlar.
Yeri gəlmişkən, Svetlananın özü də
böyük həyat eşqli, xeyirxah biçimli, diqqətcil,
qayğıkeş insandır... Xalqının mədəni
irsinin, ədəbiyyat, tarix kimi böyük sərvətlərin
bilicisi və qoruyucusudur. O, işinə məhəbbətlə
yanaşan, adamlarla mədəni və səliqə ilə
davranan, həm də gözəl təşkilatçıdır.
Yaxşı cəhəti bir də odur ki,
yazıçılığa, kino
yaradıcılığına əsas meyli jurnalist
bacarığından, jurnalist peşəsini sevdiyindən irəli
gəlir. İstər kino, istər bədii
yaradıcılıq, tərcümə - bir sözlə, nə
edir-etsin, jurnalist dəqiqliyi, jurnalist gerçəkliyi onun qələmini
heç vaxt tərk etməyib. Yaxşı
zövqü, sərraf seçimi var. Xalqının
böyüklü-xırdalı, görkəmli şəxsiyyətlərini
yaxşı tanıyır".
Unudulmaz yazıçımızın dediyi kimi, Svetlana
İsmayılova çoxumuzun əzizi və doğmasi idi. Əzizə xanım mənə
ali məktəbdə dərs dedi, öyrətdi,
sən də mənim həyat müəllimim oldun, əziz
Svetlana xanım! Sizi birləşdirən o qədər cəhətlər
var ki... Hər ikiniz dünyaya fərdi
baxışlarınızla seçilirsiniz. Əzizə xanımdan sonra mənim yeganə dərddaşım
Sveta xanım oldu. Onu mənə sevdirən
təkcə zəngin yaradıcılığı deyil, həssaslığı,
mehribanlığı, sözünə sadiqliyi, insana, Vətənə
olan dərin sevgisidir. Telefon zənglərimiz
azalan kimi keçirdiyim həyəcanı, səsini eşidən
kimi məni çuğlayan sevinci ifadə edə bilmirəm.
Nə bir bölgədə doğulmuşuq, nə
yaşıdıq, nə də qohum, amma mənə
çoxundan əziz və doğmadır, ona həmişə
mənəvi ehtiyacım var. Onun məsləhətləri, məntiqli
düşüncələri həmişə qolumdan tutub, məni
ən ağır əsəbi vəziyyətdən xilas edib.
Nümunəm və örnəyim idi Svetlana Rəhimqızı!
***
Biz
heç zaman unuda bilmərik ki, Svetlana İsmayılovanın
Azərbaycan mədəniyyətinin inkişafında necə
xidmətləri var. O, təkcə jurnalistika ilə məşğul
olmayıb ki... Bir sıra sənədli, animasiya
filmlərinin və "Mozalan" satirik jurnalında gedən
süjetlərin müəllifi olub. Xarici
ölkələrdə istehsal olunmuş 70-ə qədər bədii
filmin rus dilindən Azərbaycan dilinə tərcüməsi məhz
ona məxsusdur. Kino sənətinin tarixini
araşdırarkən, bu sahədə Svetlana
İsmayılovanın zəhməti göz önünə gəlir.
Onun ssenarisi əsasında Azərbaycan alim və
yazıçılarına həsr olunan silsilə sənədli
filmlər ayrıca bir tədqiqatın mövzusudur.
Görkəmli yazıçımız Əzizə Cəfərzadənin
həyatından bəhs edən "Ağ saçların
işığı", tarix elmləri doktoru Püstəxanım
Əzizbəyova haqqında "Dünyanı gözəllik
xilas edəcək" sənədli filmləri xüsusilə
diqqətə layiqdir. Yadımdadır ki, Kür
çayına həsr etdiyi "Ana Kür" sənədli
filminin uğurlu ssenarisinə görə "Həsən Əliyev
mükafatı"na layiq
görüldü. Bir daha xatırladım ki,
ötən əsrin sonlarından 2001-ci ilə qədər Azərbaycanfilm
Kinostudiyasında aparıcı redaktor kimi
çalışmağı həqiqətən də bəhrəli
oldu. Əlbəttə, təkcə
yaradıcılığı deyil, bir müddət Azərbaycan
Mədəniyyət və İncəsənət Universitetində
müəllim kimi fəaliyyət göstərməyi də
ona rəğbət gətirmişdir. O, tələbələrin
ən yaxın hamisinə, dostuna çevrilmişdi. Dosent idi, tələbələrə kino
dramaturgiyasından dərs deyirdi. Kino sahəsindəki
xidmətlərinə görə müxtəlif diplomlara,
mükafatlara layiq görülmüşdü.
***
Svetlana İsmayılovanın
yazıçılığı da həmişə məhsuldar
idi. İstər nasir, istərsə də publisist kimi
öz seçimi, öz mövzusu olub. Rəfimdə
sıralanmış incilərə baxıram. İlk kitabı "İncəsənət əbədi
və ölməzdir" adlanır. Burada,
Fikrət Əmirovdan başlamış Tahir Salahova kimi, Azərbaycan
mədəniyyətində, incəsənətində, ədəbiyyatında
böyük xidmətləri olan şəxsiyyətlər barəsində
qələmə aldığı yazıları toplanıb.
"Çinarım mənim", "Vaxt var
idi..." adlı kitabları da oxucular tərəfindən
maraqla qarşılanıb. Bir həssas
yazıçı kimi mənəviyyat aləmini diqqətdə
saxlamağı ona oxucu rəğbəti gətirib. Xüsusilə gözlənilməz hadisələri,
bəzən də sadə təsir bağışlayan əhvalatları
özünəməxsus yazı tərzində elə şərh
edərək mənalandırıb ki, müəllifin
münasibətinə, təqdiminə heyrətlənməyə
bilmirsən. Çox sevdiyim
"Qürur" adlı bir sənədli hekayəsinndən
dəfələrlə söz açmışam. Sadə adamları məhəbbətlə ədəbiyyata
gətirməyi məni həm sevindirib, həm də
düşündürüb. Adını çəkdiyim
hekayənin qəhrəmanı məhəllədə süd,
qatıq satan Havanisə xaladır. On beş ildir ki, qonşular bu mülayim
qadından həmişə süd, qatıq, qaymaq
alırdılar. Havanisə məhəlləni beş
barmağı kimi tanıyırdı. Bu adi
alış-veriş sahibinin həyatını qələmə
almaqla oxuculara qara taleli, tənha bir qadının zəngin
dünyasından söz açıb. Nəticə
çox düşündürücüdür. O, bu əziyyəti
ona görə çəkir ki, onun hardasa yolunu gözləyən
var. İnsan səsi eşidir, insan nəfəsi duyur. Həqiqətən müəllifin yozumu çox təsirlidir.
İnsana insan kimi diqqət yetirmək, mərhəmət
göstərmək, qürur və ləyaqətini qorumaq gərəkdir.
***
Çoxumuzun dostu, müəllimi, sevimlisi olan Svetlana
xanım, illərdi ki, Almaniyanın Düsseldorf şəhərində
yaşayırdı. Kino sənətinə olan məhəbbəti
burada da onu tərk etməmişdi. Düsseldorf
Kino Sənəti Biliciləri klubunun üzvü kimi Azərbaycan
mədəniyyətinin təbliği ilə məşğul
idi. Svetlana İsmayılova vətəndən
uzaqda da Vətənə xidmət edirdi.
Mənə elə gəlir ki, onun yaradıcılığından söz açanda iki şah əsərindən danışmamaq olmaz. Bu, Svetlana xanımın sevimli qızları - Samirə və Elnarə İsmayılova bacılarıdır. Samirə Patzer İsmayılova Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri, Avropa Azərbaycanlıları Konqresinin prezidentidir. Elnarə İsmayılova Bethovenin vətənində vokal ifaçılığının təntənəsini nümayiş etdirərək dəfələrlə qızıl medallar alıb. Xalq rəssamı Tahir Salahov bu barədə yazırdı: "Svetlana özünün sənət eşqini, musiqi, ədəbiyyat savadını istedadlı musiqiçi qızlarına da verə bilmişdir. Mən fəxr edirəm ki, bu ziyalı qadın - Svetlana İsmayılova bizim ailənin dostu və sadiq yoldaşıdır. Yazıları bəlkə də fenomen deyil, amma elə səmimidir ki, onun vasitəsilə insan müəlliflə ünsiyyətə girə bilir".
Bir neçə il öncə Bakıya gəlmişdi. Çoxumuzla görüşdü. Pərvanə kimi başına yığışmışdıq. O görüşün və ayrılığın kövrək məqamını indi də olduğu kimi xatırlayıram. Yenə də onu sevənlərin əhatəsində idi. Zərif təbiətindəki böyük hünəri, torpağa bağlılığı, millətinə olan səngiməz məhəbbəti dolu gözlərində daha çox bilinirdi. Xiffətqarışıq fərəhlə pıçıldayırdı: "Bakı çox dəyişib, büsatına, bağına, parkına, yeni xiyabanlarına, körpülərinə, yollarına baxdıqca ürəyim açıldı. Mən buradan gedəndə doğma şəhərimiz hisin, tozun içində idi. İndi maşallah, açığı, gözlərimə inanmadım, şəhərimiz nə qədər gözəlləşib?!"
***
...Almaniyada yaşasa da, fikri-zikri Bakıda olan əziz Svetlana xanım, nə yaxşı ki, səsini tez-tez eşidə bilirdim. Amma nə gizlədim ki, ana nəvazişinə, bacı qayğısına, dost dayağına elə ehtiyacım var ki... Anamdan, bacımdan sonra bu ağırlığı zərif çiyinlərinə mətanətlə götürmüşdün.
Onun barəsində düşünəndə, tez-tez bu misraları fərəhlə dilə gətirərdim:
Ələndi, ələkdən keçdi çoxları,
Sənsən ələk üstə qalanım, dostum.
Mehrindən kövrələn bulud olmuşam,
Duman tək
başına dolanım, dostum...
Bu misraları yazanda necə qürurlu və bəxtəvər
idim. Amma indi səsim titrəyir, ürəyim
sızıldayır: üzü dönsün
ayrılığın...
Flora
XƏLİLZADƏ
525-ci qəzet.- 2022.- 5 mart.- S.18.