"Deməyin heç kimə..."
Bir əsrə
yaxın zaman kəsimində Azərbaycan mədəniyyətinin,
incəsənətinin inkişafına xidmət edən,
teatrımıza, kinematoqrafiyamıza, musiqimizə yüzlərlə,
minlərlə dəyərli istedadlar bəxş edən,
ölkəmizin əsas yaradıcı təhsil müəssisələrindən
biri olan Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti (ADMİU) bu gün də
öz şərəfli missiyasını vicdanla, layiqli şəkildə
davam etdirir. Heç çəkinmədən deyə bilərik
ki, ölkəmizdə teatr və kino sahəsində yeganə
kadr yetişdirən universitet təkcə bu sahələrlə
kifayətlənmir, rəssamlıq, musiqi və digər sahələrdə
də başqa yaradıcı ali təhsil
ocaqlarıyla rəqabətə girir, hətta bəzi məqamlarda
onlardan öndə gedir.
Təəssüf ki, ölkə incəsənətinin səviyyəsini
yalnız bəzi işbazların, yüngül reytinq hərislərinin
əsas məkanına çevrilmiş televiziyaların
faydasız proqramlarıyla ölçənlər ADMİU-da
və digər yaradıcı təhsil müəssisələrimizdə
yetişən və yetişməkdə olan əsl
istedadlarımızdan xəbərsizdirlər. Əlbəttə,
bunda bir çox faktorların rolu var. İncəsənət
nümayəndəsini xalqa daha çox tanıdan
televiziyalardır, mətbuatdır. Bir-iki vicdanlı, diqqətli
mətbu orqanla yara sağalmaz ki...
Həmçinin, fikrimcə, bu işdə
tamaşaçı özü də maraqlı
olmalıdır. ADMİU məzunlarının daha
çox müraciət etdikləri yerlər teatrlar, kinolar,
orkestrlərdir. Onlar daha sanballı, daha dəyərli
işlərlə mədəniyyətimizə töhfə verməyə
çalışırlar. Əgər
tamaşaçı bilet alıb tamaşalara, çəkilmiş
sanballı filmlərin nümayişinə, konsertlərə
getsə, inanıram ki, ordakı istedadların möhtəşəmliyinə
özü də təəccüb edəcək.
Eləcə də, ADMİU çox tez-tez tələbə
və məzunların ifalarında tamaşalar
hazırlayır, filmlər çəkir, konsert proqramları
təşkil edir. Bu mənada universitetin gündəmi hər
zaman dopdolu, rəngarəngdir. Bu ali təhsil
müəssisəsinin müəllim və tələbələrinin
hazırladıqları işlər beynəlxalq müsabiqələrə
qatılır, ölkəmizi uğurla təmsil edirlər. Yəni universitet tələbələrini təkcə
dərs otağında, auditoriyalarda deyil, böyük səhnələrdə,
beynəlxalq arenalarda yetişdirir.
Məsələn, martın 3-də Beynəlxalq Muğam
Mərkəzində ADMİU tələbələrinin
çox möhtəşəm konsert proqramından
danışa bilərəm. "Deməyin
heç kimə..." adlı bu konsert ADMİU Musiqi sənəti
fakültəsinin "Estrada sənəti"
kafedrasının 8 Mart Beynəlxalq Qadınlar Gününə
hədiyyə çələngi idi. Yorğun və gərgin
iş gününün sonunda Azərbaycan və xarici bəstəkarların
əsərlərindən ibarət belə bir möhtəşəm
gecədə iştirak etmək ruhumuza dinclik müjdəsi
kimi təsir etdi.
Heç bir əlavə söhbətə, nitqə yer
vermədən, birbaşa musiqi nömrələriylə
başlayan konsertdə
çıxışçıların hamısı tələbələr
idilər.
ADMİU-nun Estrada sənəti kafedrasının bu yetirmələrini
elə həmin kafedranın başqa yetirmələri - konsertmeysterləri
müşayiət edirdilər.
"Deməyin heç kimə..." konsertinin ilk
çıxışçısı Bəxtiyar Quliyev oldu. Əlbəttə,
hər bir işdə başlanğıc çox önəmlidir.
Əgər müəllif başlanğıcla
diqqəti cəlb edə bilirsə, bu, artıq uğurun
işarəçisidir. Biz də Bəxtiyarın gözəl,
məlahətli səsindən Əliağa
Kürçaylının sözlərinə Tofiq Quliyev bəstəsi
olan "Məhəbbət qocalmaz" nəğməsini dinləyə-dinləyə
bizi həqiqətən də əsrarəngiz gecənin
gözlədiyinə əmin olduq. Bəxtiyar Quliyevi Rəcəb
Zeynalov (piano), Nicat Aslanov (elektron piano), Fuad Həsən
(bas-gitara), Həsən Bilalov (zərb), ADMİU-nun nəzdində
Bakı Humanitar Kollecinin müəllimi - Rafael İslamov
(akkardeon) müşayiət edirdilər.
Konsertin gedişatında Bəxtiyar Quliyev bu dəfə
Nizami Gəncəvinin sözlərinə Süleyman Ələsgərovun
bəstələdiyi "Sərvi xuramanım mənim"
mahnısı ilə ruhumuza dinclik bəxş etdi.
Daha sonra Orxan Rəcəbov "Bu gün ayın
üçüdür" deyərək zalda bir şuxluq
yaratdı.
Hamımızın "sümüyünə düşən",
yerimizdə oynamağımıza səbəb olan bu gözəl
Xalq mahnımızda Orxanı Əməkdar artist Fəridə
Hüseynova (piano), Xalq Çalğı Alətləri
kafedrasının müəllimi - Səxavət Məmmədov (tar), Xalq
Çalğı Alətləri kafedrasının tələbəsi-Etibar
Ağayev (nağara) müşayiət edirdilər.
Orxan Rəcəbov həm də konsertdə ifa etdiyi Rauf
Hacıyevin "Ordan - burdan" tamaşasından Həmidin
ariyası -"Aşiqəm"lə
tamaşaçıların zövqünü oxşadı.
Gecənin
irəliləyən dəqiqələrində Nofəl Aslanov
və Cavid Məmmədovun ifasında Elton Conun "Sorry seems
to be", Emil Bağırzadənin səsindən Üzeyir
Hacıbəylinin "O olmasın, bu olsun" operettasından
"Sərvərin ariyası" (Konsertmeyster - Zəhra
Parlanova), "Leyla", Türkay Məlikovanın ifasında
"Mavi Dəniz" (mus: Arif Məlikov, söz: İslam Səfərli),
"Sevdiciyim" (mus: Oqtay Kazımi, söz: İsgəndər
Coşğun), Aytac Fərəcova tərəfindən
"Amado mio" (Doris Fisher. Kanonda -
İnstrumental ifaçılıq kafedrasının tələbəsi
Aygün Mehmanlı), Tağıyeva Nigarın oxuduğu
"Cheek to cheek" mahnıları konsertə ecazkar rəng
qatdı.
Aytac
xanımın konsertin adını aldığı "Deməyin
heç kimə..." mahnısını (mus: Emin
Sabitoğlu, söz: Şəkər Aslan) ifası isə həm
məlahətli səsi, həm də şirin artistizmi ilə
yadda qaldı.
Konsertdə əsas fərqlənən
ifaçılardan Mütəllim Mütəllimovun
adını da çəkməliyik. Onun ifasında "Şükriyyə"
(Mus: Emin Sabitoğlu, Söz: Əhməd Cavad), həmçinin,
Türkay Məlikovayla birgə oxuduğu "Yox deyə-deyə"
(mus: Ramiz Mirişli, söz: Nəriman Həsənzadə)
tamaşaçılara xoş anlar yaşatdı.
Sərvər Yılmaz isə gecənin ən aktiv, ən
coşğulu ifalarının müəllifi kimi yadda
qaldı. Onun
"I need your love tonight", "Külək" (Mus: Xəyyam
Mirzəzadə, söz: Vaqif Səmədoğlu), həmçinin,
Mütəllim Mütəllimovla birgə ifa etdiyi "Let`sTwist
again" mahnıları özünün dinamikliyi ilə
seçildi.
Cavad
Sultanovun "Unforgettable", "Gülüm" (mus: Fikrət
Əmirov, söz: Nizami Gəncəvi), Nofəl Aslanovun
"Axtar sən məni" (mus: Emin Sabitoğlu, söz: Nəbi
Xəzri), Cavid Məmmədovun "Hello"
mahnılarını özünəməxsus ifası da əminəm
ki, uzun müddət tamaşaçıların xatirəsindən
silinməyəcək.
Bu gözəl
gecənin sonunda bütün ifaçılar birlikdə səhnəyə
çıxaraq az qala hamımızın əzbər
bildiyimiz, dilimizdən düşməyən "Toydan sonra
düzələr" (mus: Polad Bülbüloğlu, söz:
Fikrət Qoca) və "Hamıdan göyçək"
(mus: İbrahim Topçubaşov, söz: Ənvər Əlibəyli)
mahnılarını ifa etdilər.
Axırda konsertin bədii rəhbəri, "Estrada sənəti"
kafedrasının müdiri, Əməkdar müəllim Məryəm
Babayeva səhnəyə çıxaraq tədbirin ərsəyə
gəlməsində rolu olan insanların adlarını çəkib,
hamısına təşəkkürünü bildirdi. Öyrəndik
ki, gecə boyunca böyük monitorda nümayiş olunan
slaydlar "Kino və televiziya sənətləri"
kafedrasının tələbəsi Əli Hüseynzadəyə
aiddir. Eləcə də, konsertdə, "Təsviri sənət"
və "Dizayn" kafedralarının müəllimləri
- Əməkdar rəssam Vüqar Əlinin, Əməkdar rəssam
Rəşad Cabbarovun, Əməkdar rəssam Elşən
Hacızadənin, Mirazər
Abdullayevin, Elçin Cabbarovun, Zöhrab Cabbarovun, Samir Qafarovun əsərləri
istifadə olunub.
Bəli, yazının əvvəlində bu konsertin
ADMİU-nun Estrada sənəti kafedrası tərəfindən
hazırlandığını demişdik. Ancaq siz burda
ADMİU-nun müxtəlif fakültə və
kafedralarının, hətta ADMİU nəzdində Bakı
Humanitar Kollecin də nümayəndəsinin adını
oxudunuz, zəhmətini gördünüz. Bu da ADMİU-nun bir fərqidir. Demək
olar ki, universitetin bütün işləri fakültələrinin,
kafedralarının, hətta müəllim, tələbə və
məzun həmrəyliyinin bəhrəsidir. Bu həmrəyliyi isə başda rektor Ceyran Mahmudova
olmaqla, universitetin rəhbərliyi ən gözəl şəkildə
yaradıb və layiqincə davam etdirir. Axı
bica yerə deyilməyib ki, "güc birlikdədir".
Konsertdən
sonra foyedə bu gecənin ən böyük yükünü
öz çiyinlərinə götürmüş, uzun illərdir,
musiqi sənətimiz üçün bir-birindən dəyərli
ifaçılar yetişdirən Məryəm xanım
Babayevanı bir neçə dəqiqəlik də olsa,
söhbətə tutub ondan hazırlıq prosesini və təəssüratlarını
öyrənirik. Məryəm xanım konsertdən və tələbələrindən
razı qaldığını deyir: "Konserti biz
xanımlarımız üçün
hazırlamışıq. Çalışdıq
ki, rəngarəng proqram olsun. Fikrimcə,
buna da nail olduq. Deməzdim ki,
hazırlıq prosesi asan keçib. Biz
yanvarın əvvəlindən hazırlaşmağa
başladıq. Pandemiya və tələbələrin
semestr imtahanlarını, tətili nəzərə alsaq,
çətinliklərimiz heç də az
olmadı. Ancaq bütün bunlara baxmayaraq, hər
birinin öhdəsindən gəlib, gözəl bir tədbir ərsəyə
gətirdik".
Əziz
oxucu, qeyd etdiyim mahnıların adlarına fikir verdinizsə, hər
biri çox az ifa olunan, hətta
unudulmağa doğru gedən sənət incilərimizdir. Bu
inciləri sonsuz musiqi okeanının dərinliklərindən
tapıb çıxararaq gənclərimizə öyrədən
də Məryəm xanımın özüdür:
"Konsertlərin repertuarını hər zaman özüm
seçirəm. Uşaqlar da heç vaxt verdiyim
əsərə etiraz etmirlər. Bu dəfə
də təklif etdiyim əsərləri birlikdə məsuliyyətlə
hazırladıq. Nəticəni isə
tamaşaçılarımızın alqışları
göstərdi".
Daha sonra öz həyəcanları, sevincləriylə
yerə-göyə sığmayan tələbə
ifaçılarla qarşılaşırıq. Mütəllim Mütəllimov,
Bəxtiyar Quliyev və Sərvər Yılmazdır həmsöhbətlərim.
Hər biri ayrı-ayrılıqda özlərinin
xoş təəssüratlarını paylaşırlar bizimlə
və ustadları Məryəm xanım Babayevanın zəhmətini
xüsusi vurğulayır, minnətdarlıqlarını dilə
gətirirlər. Həmçinin,
müsahiblərim ailələrindən xanımların da
konsertdə iştirak etdiyini deyir və bütün bu
ifalarını həm öz ailələrindəki
xanımlara, həm də bütün xanımlara həsr
etdiklərini deyirlər.
Beləcə, çox gözəl və
maraqlı bir gecənin sonuna gəlib çatırıq. Gecə
boyunca və növbəti günlərdə də konsertdə
eşidib sevdiyimiz mahnılar dilimizdən düşmədi. Bir xanım kimi 8 Mart bayramını qeyd etməyə
3 mart günündən başlamağın özəlliyini,
gözəlliyini bir daha hiss edir və bizə bu möhtəşəm
anları yaşadanlara, özümün də bir
parçası olduğum böyük ADMİU ailəsinə
sonsuz təşəkkürlərimi bildirirəm!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2022.- 5 mart.- S.17.