"Şuşaya məktub"
Yazıçı Günel Anarqızının
"Şuşaya məktub"
yazısı 2021-ci ilin
may ayında Azərbaycanın
mədəniyyət paytaxtı
Şuşa şəhərində keçirilən
"Xarıbülbül" musiqi festivalı ilə bağlı təəssüratlardır. Yazı
ilk dəfə ötən
ilin may ayında
"525-ci qəzet"də dərc olunub. Günel Anarqızının doğum
günü ərəfəsində
həmin yazını
yenidən oxuculara təqdim edir, müəllifə ad günü
ilə bağlı təbriklərimizi çatdırır,
ona yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq.
***
Salam, əziz Şuşam!
Qəribədir, amma hər dəfə adını söyləyəndə inanılmaz
dərəcədə kövrəlirəm...
Sanki sən mənim
balaca balam, körpəm, qayğıya,
nəvazişə ehtiyacı
olan övladımsan.
Görəsən, haradan yaranır bu hiss, hansı mənbədən güc alır? Bilmirəm. Yəqin bilsəydim,
daha rahat olardım...
Bəlkə babam Rəsulun sənin haqqında sevgi dolu şeirlərindən
və ya həzin səsli Cəvahir nənəmin
"Şuşanın dağları
başı dumanlı"
mahnısını yanıqlı
zümzüməsindən? Ya bəlkə
atam Anarın "Üzeyir ömrü" filmində dahi bəstəkarın kiçik
bacısının rolunu
uşaq ikən ifa etdiyimdən? Ya anam Zemfiranın Mir Möhsün Nəvvab haqqında o zamanlar yazdığı kitabıyçün
məlumat topladığı
vaxtda alimin Cıdır düzündəki
məzarını ziyarət
etməyimizdən? Bəlkə
Məmayi məscidinəcən
dəfən-dəfən yol
ölçərkən anama
bezmişcəsinə: "Axı demişdin gəzməyə çıxırıq,
indi yenə Məmayi məscidinə gedirik?" deyə söylənməyimdən?
Ya həyatımın
ən munis və mübhəm uşaqlıq xatirələri
- Cıdır düzündə
gəzişərkən yaranan
ilk sevginin cücərtilərinin
yaşatdığı unudulmaz
təəssüratdan?
Şuşam, bəlkə sənin küçə və məhəllələrinin hər
daşını və
kəsəyini, bütün
döngə və həyətlərini, oradakı
eyvan və qapılarının bəzəklərinin
hər naxışını
əzbər bildiyimdən?
Ya da al-əlvan Natəvan bağında həyatımda
ilk və son dəfə
gördüyüm nəlbəki
yekəliyində çəhrayı
rəngli qızılgüllərinin
başgicəlləndirən qoxusundan? Buz kimi soyuq sulu
bulaqlarından, təkrarsız
dadlı kəklik otu çayının ətrindən? Bilmirəm...
Düz qırx ildir bu suala cavab
axtarsam da...
Bəlkə də məhz bu cavabı tapmaq üçün bu gün yanına
gəlmişəm. Xatirələrimdə uşaqlığımın ən
unudulmaz iki yayını və həyatımın qalan hissəsində xəyallarımda
yaşatdığım səni
yenidən görmək
üçün. "Xarıbülbül" musiqi
festivalında aləmə
yayılan o müdhiş
səsləri dinləyib,
füsunkar təbiətini
yenidən seyr etmək üçün.
Bilirsən, mən həmişə özümü yazıçı
adlandırmaqdan çəkinmişəm,
çünki hesab etmişəm ki, yazıçı Mirzə
Fətəli və ya Mirzə Cəlil
kimi həyatını
bu işə həsr edən, əsərləri bəşəriyyətin
düşüncəsini dəyişdirəcək
gücə malik bir düha olmalıdır. Qalanı isə
havayı işdir.
Ancaq bu xüsusda, daha doğrusu, şairliyi barədə atamın da maraqlı bir sözü var, deyir: şairlik
bir azardır, hərdən birdən tutandır. Bax, mənim üçün də yazıçılığım
bir tutqudur, tutanda buraxmaq bilmir, ürəyimi ağ kağız
üzərinə boşaltmayınca
məndən əl çəkmir. Bir də görürsən,
yüz cür işim-gücüm tökülüb
qalır, həll olunmamış məsələlərin
yükü də bir tərəfdən sıxır, amma bilirəm, içimi tökməsəm, rahat olmayacağam.
Bir sözlə,
sən yazıçı
olmayan məni, yazı yazmağa ömürlük məhkum
etdin. Necə ki, vaxti ilə atamı da yazıçılığa
"məcbur" etmişdin.
1952-ci ildə 14 yaşlı
Anar Şuşa
sanatoriyasındaykən Bakı
üçün darıxıb
Amerika həyatından
bəhs edən bir pyes yazmışdı,
sonra da ailə üzvlərinə
oxumuşdu. O zaman Rəsul Rza göy mavisi gözləriylə uzaqları,
bəlkə də Şuşa dağlarını
seyr edib fikrə dalmış, ani tərəddüddən
sonra birmənalı qərarını vermişdi:
"Sən də yazıçı oldun".
Bəlkə də məhz o an on dörd yaşlı yeniyetmə Anar yazıçı Anar oldu...
Bilirsən, Şuşa, mən də yazmağa sənlə başladım, daha doğrusu, sənə görə başladım.
Əvvəlcə sənə bir
neçə hekayə
həsr etməklə
bu yola qədəm
qoydum. Onlardan
"Atama məktub",
"Şuşa", "Arzu"
və daha bir neçəsi "Qarabağ hekayələri"
silsiləsinə daxil
oldu, onlarca xarici dilə tərcümə edildi, bir çox ölkələrdə oxuculara
təqdim olundu, kimini kövrəltdi, kimini ağlatdı, kiminin Qarabağ münaqişəsinə baxış
bucağını dəyişdi,
kiminin bu barədə olan fikirlərini qarışdırıb
alt-üst etdi... Amma cifayda. Sonra həmin adamlar
"Qarabağ hekayələri"
kitabını qoltuqlarına
vurub işlərinə-güclərinə
qayıtdı, bizsə
Şuşasız, Qarabağsız
Vətənimizə döndük.
Amma təslim olmadıq, yeni güc toplayıb
növbəti döyüşə
kökləndik, daş
kimi möhkəmləndik,
savaşdıq, vuruşduq,
həqiqəti dəlillərlə,
sübutlarla ətrafa
bəyan etdik, müxtəlif sahələrdə
ən yüksək zirvələrə ucaldıq,
özümüzü aləmə
tanıtdıq və eyni zamanda bu
aləmi tanıdıq.
Aləmsə kor və kar idi...
Şuşa, bil ki, bu dünyanı oyatmaq üçün özümüzü fəda
etdik, hərə öz yerində bir döyüşçü
oldu, şair demiş, kim
isə Vətən yolunda nitq söylədi,
kim isə həlak oldu.
Biz ölmədik. İllərlə, aylarla, ən keçilməz yollarla sənə doğru irəlilədik. Qarış-qarış, addım-addım. Yolunda inanılmaz
faciələr yaşayaraq,
olmazın müsibətlərə
dözərək, minlərlə
qurban verərək...
səni qaytardıq.
Atasının vəsiyyətinə əməl
edən Ali Baş Komandanımızın sarsılmaz
əzmi, dəmir iradəsiylə idarə olunan müzəffər ordumuz səni Vətənə qovuşdurdu.
Övladların keçilməz yollar, fəth olunmamış dağ və sıx meşələrlə
sənə doğru gəldi. Bu yolda neçə-neçə nur
üzlü, həyat dolu gənc canından keçdi.
Deyirlər, torpaq uğrunda
ölən varsa - Vətəndir. Şuşa, övladlarının
qanı torpağına
qarışaraq sənin
özün, gücün
və qüvvən oldu.
Oğullarının həyatlarında gördükləri
son mənzərə də
sənin yaşıl yamacların, sıx ormanlı dağların, ciyərlərinə çəkdikləri
son udum hava da şüşə kimi şəffaf oldu.
İndi isə biz sənə sarılırıq. Tam qəlbimiz,
varlığımız, ən
kövrək nəvazişimiz
ilə.
Kim isə torpağına basar-basmaz alnını daşına söykəyərək
Tanrıya şükür
etdi, kim isə hönkür-hönkür
ağladı, kim isə avazını dağlara yaydı, başqaları bu təkrarsız səsləri
alqışladı, kim
isə yallı getdi, kim isə
Cıdır düzündə
uzanıb şirin-şirin
yuxuladı...
Hamımız artıq dillər
əzbəri olmuş
kəlmələri təkrarlayaraq
onların gerçək
olduğunun bəxtəvərliyini
yüzüncü dəfə
yaşadıq:
Əziz
Şuşa, sən azadsan!
Əziz
Şuşa, biz qayıtmışıq!
Əziz
Şuşa, biz səni dirçəldəcəyik!
Necə ki, sən bizi dirçəltdin, bizi özümüzə qaytardın, bizim kim olduğumuzu göstərdin!
İndi biz səni göz bəbəyimiz kimi qorumalıyıq. Səni yenidən tikib, qurub daha da füsunkar, cazibədar və düşmən üçün əlçatmaz etməliyik.
Bu gün bir balaca yazıçı təxəyyülümə ümid edərək yenə də səni nə üçün belə kövrək məhəbbətlə sevirəm sualına cavab tapa... bilmədim. Amma neynək?..
Əsas odur ki, sənə bir şeyi tam əminliklə etiraf edə bilərəm:
Şuşam, bu gün mən həyatımda olmadığım qədər xoşbəxtəm.
Bəs sən?..
14 may, 2021-ci il
Günel
ANARQIZI
525-ci qəzet.- 2022.- 5 mart.- S.15.