Günelin ad günü
Çovğunlu, sazaqlı bir mart səhərində,
ayın altısında qızım Günel dünyaya gəldi. Ailəmizi də,
elimizi də bol bahar günəşinə qərq etdi. Turaldan sonra Zemfira xanıma və mənə ikinci dəfə
analıq, atalıq sevincini bəxş etdi.
İki
yaş, ya iki yaş yarımındaydı, təzəcə
dil açmışdı.Güneldən səkkiz yaş
böyük Turalla Zemfira məndən danışıb gileylənirmişlər:
yaman çox işləyir, dincəlmək nədir bilmir, səhhətinə,
yeyib-içməyinə,geyinib-kecinməsinə
heç fikir vermir... Bu söhbətə fikir verməmiş
kimi dinib-danışmayan Günel birdən dözə bilmir:
-
Ataşka bir az yaxşıdır - deyir.
Bu, qızımın həyatda məni ilk müdafiəsi
idi.
Uşaqlığında çox nadinc idi Günel. Bir yay
Göygöldə dincəlirdik. Günelin dəcəlliklərinin
şahidi olmuş Abbas Zamanov Zemfiraya: Sən ki bu qızla
bacarırsan, sənə qəhrəman ana adı vermək
lazımdır - deyirdi.
Başqa bir yay - Bolqarıstanda dincəldiyimiz zaman -
Günel artıq xeyli böyümüşdü, orda istirahət
edən başqa ölkələrin uşaqlarıyla elə
dostlaşmışdı ki, biz gedən zaman qalanların
hamısı onu ötürməyə gəlmişdi -
“Günel - dedik - səni bütün sosialist dünyası
yola salır”.
Amma elə burda Günel ilk erməni təcavüzüylə
də üzləşmişdi. Elə dincəldiyimiz günlərin
birində başqa bir uşaq həyəcanlı xəbərlə
gəldi: “Günel hovuza düşdü” - dedi. Durub
hovuza tərəf cumduq. Demə, balaca
Güneli hovuza elə özü yaşda erməni qızı
itələyibmiş. Günelin ermənilərə
münasibəti bəlkə də elə bu epizoddan
başladı.
1981-ci il ailəmizin
ən ağır iliydi. Yüz günün
içində atamı və anamı itirmişdik. Təxirə salınması mümkün olmayan bir məcburiyyətlə
Şuşada "Üzeyir ömrü" filmini çəkirdim.
Hər cümə axşamı Bakıya
uçur, ehsanı verir, yenə çəkilişə
qayıdırdıq. Mən filmlə məşğul
olduğum saatlarda Zemfira Güneli şəhərdə gəzdirir,
Cıdır düzünə, Üzeyir bəyin, Natəvanın
evlərinə aparırdı, Zemfira o vaxt Mir Möhsün Nəvvabın
tədqiqatıyla məşğul idi. Hər dəfə
yollarını Nəvvabın evinin yanından salanda Günel:
Yenə Nəvvabdan danışacaqsan? - deyə
soruşurmuş. Balaca Günel "Üzeyir
ömrü" filmində bəstəkarın ailə
üzvləri sırasında çəkilib. Bəzən axşam gəzintilərinə mən də
qoşulurdum. Məni fikirli görən Günel
böyrümə qısılıb: - “Nədi ata, babayla nənə
yadına düşdü?” - deyirdi. Doqquz yaşlı qızcığazın bu həssaslığını
heç vaxt unutmuram. Sonrakı illərdə
də ara-sıra yaylarda Şuşada dincəlirdik və
Günelin bir çox munis xatirələri bu şəhərlə
bağlıdır. Bəlkə bir də
buna görə Şuşanı müvəqqəti itirməyimiz
Günelə belə ağır təsir etmişdi. İlk qələm təcrübələri - bir
çox dillərə çevrilmiş "Qarabağ hekayələri"
bu ağrı-acılarla doludur. Bu mətnlərin
içində ən məşhuru "Atama məktub"
adlı yazıdır. Yazı
Qarabağın (Qarabaxtın) ata Azərbaycana məktubu şəklində
qələmə alınıb. İnternet saytları
hekayənin orijinalını və onun ruscaya tərcüməsini
yayandan sonra bir erməni plagiator yamsılama mətni
toqquşdurmuşdu: bu mətndə Artsax anası Ermənistana
müraciət edirdi. Günelə deyirdim ki, fəxr edə bilərsən:
Ermənilər "Arşın mal alan"ı,
"Sarı gəlin"i mənimsəməyə cəhd
etdikləri kimi, indi də sənin yazına tamah salıblar.
Bir elin, bir şəhərin adından yazmaq Günelin
işlətdiyi ədəbi üslublardandır. Pandemiya
dövründə adamsızlaşmış şəhərin
adından yazılmış təsirli mətni əsasında
qısametrajlı film çəkildi. Bakıdan
başqa, İstanbula və müxtəlif Avropa şəhərlərinə
də ünvanlandı, xarici dillərə çevrildi, əsər
haqqında dəyərli fikirlər söyləndi.
Günel
uşaqlıqdan mənim dostlarımı əmi bilib,
böyüdükcə onların bəziləri haqqında
yazılar, xatirələr yazıb, onlarla müsahibələr
aparıb.
Emin Sabitoğlu bizə
gələndə piano arxasına keçər, təzə
mahnılarını, o cümlədən, "Dayan, dayan"
rədifli mahnısını çalardı. Odur ki, Emin
gələndə balaca Günel: "Dayan, dayan əmi gəldi"
deyirdi. Toğrul Nərimanbəyov Günelin lap körpə
yaşlarında yağlı boyayla bir, iki də qrafik portretini
çəkmişdi. Elçinlə mənim
dostluğumuzu eyni səmimiyyətlə qızlarımız
Günayla Günel davam etdirirlər. Vaqif Səmədoğlu
Günelin ən çox sevdiyi şair idi. Ona bir neçə yazı həsr edib. Vaqif də Günelin ilk hekayələr kitabına
ön söz yazmışdı, Vaqifin sağalmaz xəstə
olduğunu biləndə hamımız kimi Günel də
sarsılmışdı, uşaqcasına sadəlövhlüklə
şairin vəfatından sonra "Vaqif əmi, nə olar,
ölmə" çağırışlı yazı
yazmışdı.
"Seçilənlər"
adlı müsahibələr və esselər kitabında
Günelin şəxsən tanış olduğu Çingiz
Aytmatov, Oljas Süleymenov, Tahir Salahov, Toğrul Nərimanbəyov,
Elçin, Fərhad Xəlilov, Fərhad Bədəlbəyli,
Firəngiz Əlizadə, Fidan və Xuraman Qasımovalar,
Çingiz Abdullayev, Alim Qasımov və bir çox
başqaları haqqında maraqlı yazıları, söhbətləri
toplanıb.
Günel
bizimçün, valideynləri üçün yalnız fədakarlığın
yox, həm də xilaskarlığın timsalıdır.
Boşuna demirəm bu sözü. Artıq bizdən ayrı, öz mənzilində
yaşadığı günlərin birində elə bil
Allahın, taleyin hökmüylə bir gecə bizdə
qalmışdı. O biri otaqda yatmışdı, gecəyarısı
həyəcanla bizi çağırdı. Durub
gördüm ki, elektrik sayğacından alov püskürür.
Bir neçə anın içində od
yaxındakı pərdələri alışdıracaq, ordan
kitablara keçəcəkdi, bütün mənzilimiz
yanacaqdı. Bilmirəm, hansı sövqi təbii
bir hisslə vedrəni suyla doldurub kənardan alovun
üstünə atdım. İş
işdən keçəndən sonra dərk etdim ki, su mənim
vasitəmlə alovlanmış elektrik sayğacla təmasa
girsəydi, mən özüm yanıb kül olacaqdım.
Və onu da başa düşdük ki, o gecə
Günel təsadüfən bizdə qalmasaydı, biz xəbər
tutana qədər bütün mənzil yanacaqdı. Bəlkə biz də onun içində. Günelin başqa bir qəti addımı da mənim
bu gün həyatda olmağımla nəticələndi.
Dayım qızı, təcrübəli ürək həkimi
Elnara Rəfibəyli mənim kardioqrammamla tanış
olduqdan sonra Güneli xəbərdar edibmiş ki, ən
qısa zamanda ürək əməliyyatı olmasam, çətin
ki, gələn aya qala bilim. Zemfira da,
bacılarım da, Turalla Günel də israrla Türkiyəyə
getməyimi və əməliyyat olunmağımı təkid
edirdilər. Belə də oldu. Türkiyədə ağır əməliyyat
keçirdim və bütün bu ay ərzində Günel də,
Tural da övlad fədakarlığının ən yüksək
nümunəsini göstərdilər. Nə
gündüzləri vardı, nə gecələri...
Eyni həssaslıqla
Günel anasının da qayğısını çəkir.
Əlbəttə, qız anasına atasından
yaxın olur. Amma o da var ki, Tural
ayrılıq peşəsi seçdiyinə görə, daima
bizdən uzaqlardadır. Oğlumuz
Bakıda olmayanda Günel bizim həm qızımızdır,
həm oğlumuz.
Günel həm də
valideynlərinə həmişə mənəvi dəstək
olur. 2012-ci ildə Qızıl toyumuzu qeyd
etdiyimiz zaman Günelin təşəbbüsü, əməyi
və zövqüylə dostlarla, ailə üzvləriylə
birlikdə xoş bir tədbir keçirdik. Sonra tədbir iştirakçılarının
haqqımızda dedikləri ürək sözlərini
Günel tərtib etdiyi və nəfis şəkildə
çap etdiyi "Anar Zemfira, 50 illik nağıl" adlı
kitaba saldı. Bunu necə unudaq?
Yaxud beş il
sonra yenə də bizə həsr etdiyi "Ardı
yaşanılır" adlı sənədli filmin
yaradıcısı kimi ona dərin minnətdarlığımızı
bildirməyə bilərikmi?
Daha nədən yazım? Bəzən vicdan əzabı
çəkirəm ki, məhz mənim övladlarım
olduqları üçün Tural da, Günel də öz
yaradıcılıq fəaliyyətlərində layiq
olduqları qiyməti ala bilmirlər. Axı
onlara aid hər hansı təqdir ağzıgöyçəklər
tərəfindən "əlbəttə, ataları filankəsdir
axı" kimi obıvatel dedi-qodularına səbəb
olacaqdır. Xoşbəxtlikdən nə
Tural, nə Günel şan-şöhrət hərisidirlər,
"niyə filan yerdə adım çəkilmədi"
nisgiliylə yaşayıb-yaratmırlar. Gördükləri
işi namusla, həvəslə, təmənnasız və iddiasız
görürlər.
Turalın əlli
illiyində onun haqqında yazmışdım. İndi söhbət Güneldən gedir.
Xatırlatmaq istəyirəm ki, Günel üç çox
maraqlı jurnalın əsasına qoyub: "Pəncərə",
"El" və "Ölkəm" jurnallarının.
Günelə zarafatla deyirəm ki, Mirzə Cəlil Məmmədquluzadə
və Əli bəy Hüseynzadə hərəsi bir jurnal
çıxarırdılar - "Molla Nəsrəddin" və
"Füyuzat", sən isə üç jurnalın əsasını
qoymusan. Onu da əlavə edirəm ki, mən
yeddi-səkkiz işçiylə birlikdə "Qobustan"
toplusunu üç aydan bir çıxarırdım, sən
demək olar ki, tək başına aylıq jurnallar
buraxırsan. Özü də çox maraqlı mətnlərlə,
ən yüksək poliqrafik səviyyədə... Çox təəssüf ki, bu jurnalları buraxan
Nazirlik və Komitə onların davamiyyətini təmin edə
bilmədilər.
İndi Günel unikal Kitab mərkəzinin müdiridir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyiylə yaradılmış bu mərkəz az bir zaman ərzində şəhərimizin ən mötəbər mədəniyyət ocaqlarından biri oldu. Gecə-gündüz bilməyən işgüzarlığı, orijinal təşəbbüsləri, Mərkəzin nəzdində uşaq tamaşalarının təşkili, müxtəlif ədəbi tədbirlər cəmiyyətdə kitaba marağı xeyli artırdı. Bütün bu müxtəlif səpkili tədbirlərin təşəbbüskarı olaraq Günel ona göstərilən etimadı doğrultmağa çalışır. Mərkəzi ziyarət edən xarici qonaqlar keçmiş SSRİ məkanının heç bir yerində, hətta Moskvanın özündə bu səviyyədə və belə zövqlə tərtib edilmiş kitab mərkəzinin olmadığını qeyd edirlər.
Möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanımın Mərkəzə təşrif gətirmələri Günelin həyatında unudulmaz hadisə oldu.
Günel ideal övlad olmaqla
bərabər, ideal anadır. Denizin və Sezenin həm
anaları, həm də rəfiqələridir. Bu da sirr deyil ki, həm də cavan nənədir.
Günelin nəvəsi, bizimsə nəticəmiz, dil
boğaza qoymayan Murad nənəsi əlcəyi yerə salanda
məzəmmətlə: ayıb olsun nənə, əlcəyi
yerə salmısan - deyib. Bunu deyəndə
üç yaşı vardı.
Əlcəyi
yerdən götürüb: - buyur - deyə Günelə
uzadır.
Ad
günün mübarək Günel, Günelim, Günelimiz!
Atan ANAR,
anan
ZEMFİRA xanımın xatırlatmalarıyla.
4 mart 2022
525-ci qəzet.- 2022.- 5 mart.- S.14;15.