"Ədəbi
Proses - 2020-2021" elmi-yaradıcılıq
müşavirəsi olub
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
"Ədəbi proses
- 2020-2021" mövzusunda elmi-yaradıcılıq
müşavirəsi keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin sədr müavini, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid, ədəbiyyatşünas alimlər,
media nümayəndələri və başqaları iştirak ediblər.
Müşavirəni giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq deyib: "İlk vaxtlar bu müşavirəni fevral aylarında keçirirdik, sonralar aprel ayında təşkil etdik. Bu il ilk dəfə
mart ayında keçiririk.
Builki müşavirədə iki
ilin ədəbi prosesini təhlildən keçirəcəyik, həm
2020-ci, həm də
2021-ci ilin. Ədəbi
tənqid şöbəsinin
müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli və
Ədəbi proses platformasının həyata
keçirilməsində özünəməxsus
rolu olan filologiya elmləri doktoru Elnarə Akimova 2020-ci ildə başlanan müharibə prosesinin, qələbə
ilə bağlı əks-sədanın 2021-ci ildə
də davam edəcəyini qeyd etdilər, vahid bir prosesin parçası
olacağını düşündülər.
Ona görə də, haqlı olan bu təklifi qəbul etdik. Beləliklə, bu il, ilk dəfədir
ki, Ədəbi proses yaradıcılıq
müşavirəsində iki
ilin - 2020-ci ilin, yəni müharibə ilinin və 2021-ci ilin, yəni onun ədəbiyyatda dərki ilinin ilk başlanğıc dövrünün
ədəbi prosesini nəzərdən keçirəcəyik.
Bu il doqquzuncu
ədəbi proses müşavirəsini keçiririk.
Gələn il
yubiley yaradıcılıq
müşavirəsidir. Azərbaycan
Yazıçılar Birliyinin
sədr müavini Rəşad Məcidin burada olmağını nəzərə alaraq təklif edirəm ki, gələn il bunu Yazıçılar
Birliyində təşkil
edək, "Natəvan"
klubunda Anar müəllimin də iştirakı ilə onuncusunu keçirək. Çünki burada müzakirə
edilən əsərlərin
hamısı məhz yazıçılara aiddir.
Məruzəçilər və məruzələrdə
əhatə olunan müəlliflər və
ədəbi mətbuatın
nümayəndələri də
iştrak etsinlər".
Akademik bildirib ki, "Ədəbi proses" yaradıcılıq
müşavirəsi ədəbiyyatşünaslıq
elminin bütün sahələrini əhatə
edir. Burada ədəbiyyat
nəzəriyyəsi, şeir,
nəsr, dramaturgiya, ədəbiyyat tarixçiliyi,
ədəbi əlaqələr,
ədəbi tənqid,
bölgələrdə ədəbi
həyat və başqa sahələr üzrə tədqiqatlar aparılır: "İlk
dəfə olaraq satira nəzəriyyəsi
araşdırılır, oçerk,
sonet kimi janrlara da yer
verilir. Sonet ilk dəfədir ki, bu müşavirələrdə
yer alıb və mövzunu Vaqif Yusifli işləyib.
Beləliklə, bu yaradıcılıq
müşavirəsi ədəbiyyatın
bütün növləri
və janrları, ədəbiyyatşünaslığın bütün istiqamətləri
üzrə biliklərimizi,
baxışlarımızı, mövqeyimizi, nəzəriyyəmizi
əhatə edir.
Builki məruzələrin əksəriyyətində
siyasi-ideoloji baxışlar
da var. Dövlətçilik
məsələləri də
aparıcıdır, müharibə
və zaman məsələlərinə də
diqqət ayrılıb.
Hər il bu müşavirədə Yazıçılar
Birliyinin nümayəndələri
və ədəbi mətbuatı iştirak edib. "Ədəbiyyat
qəzeti" bir neçə ildir ki, xüsusi buraxılış çap
edir. Seçilmiş
məruzələri hər
il "525-ci qəzet"də çap
edir. Bəzi məruzələr müşavirəyə qədər
"Azərbaycan" jurnalında
çap olunur. Bir dəfə "Ulduz" jurnalı ilə "Ədəbiyyat qəzeti"
xüsusi buraxılış
çap edib. Yazıçılar Birliyinin
hazırladığı məruzələrdə
bizim Ədəbi proses müşavirələrindən
mənbə kimi yararlanırlar. Bu müşavirənin materialları
həm də ədəbiyyat tarixçiliyi
üçün mənbədir.
Müşavirənin materiallarının indiyə qədər səkkiz cildi çıxıb, doqquzuncu
çapa hazırlanır.
Sovet dövrü ilə müqayisədə məruzə
sayı artıb, artıq otuz məruzə dinlənilir".
Sonra AYB-nin sədr müavini Rəşad Məcid çıxış edərək deyib ki, "Ədəbi proses" müşavirələrinin keçirilməsi ədəbiyyatımızda fərqli düşüncəli müəlliflərin bir yerə cəmlənməsinin ortaq nümunəsi kimi əhəmiyyətlidir: "Qurultayqabağı bir çox məruzələrin hazırlanmasında bu məruzələrdən faydalanıblar. Gələn il müşavirəni Yazıçılar Birliyində keçirmək təklifinə çox müsbət baxıram. Məruzələrdə adları səslənən yazıçıları da dəvət etməklə, müzakirələr aparmaqla daha üstün nəticələr əldə etmək olar. İnanıram ki, builki, məruzələr də çox maraqla qarşılanacaq. Ədəbiyyat İnstitutunun alimlərinin ədəbi prosesə son illərdə fəal yanaşması təqdirolunası haldır. Sevinirəm ki, hətta ən gənc yazıçıların, şairlərin müharibə ilə bağlı fərqli rakurslardan yazdıqları əsərlərə reaksiya verirlər. Bu da gənclər üçün çox böyük stimul yaradır".
Müşavirədə Ədəbiyyat İnstitutunun əməkdaşlarından 30 nəfərin
müxtəlif mövzularda məruzələri
dinlənilib. Onlardan filologiya elmləri doktoru Elnarə Akimova
"İlin ədəbi mənzərəsi",
AMEA-nın müxbir üzvü
Tehran Əlişanoğlu "Ədəbi
tənqid", filologiya üzrə fəlsəfə
doktorları Esmira Fuad
"Poema", Nərgiz Cabbarlı "Roman", filologiya elmləri
doktoru Cavanşir Yusifli "Hekayə",
filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli "Cənubi Azərbaycan ədəbiyyatı", filologiya elmləri doktorları Tahirə Məmməd
"Ədəbiyyat nəzəriyyəsi", Vaqif
Yusifli "Sonet", filologiya üzrə fəlsəfə
doktorları Gülbəniz Babayeva "Satira", Elnarə Qaragözova
"Ədəbi cərəyanlar müasir
ədəbi prosesdə", filologiya elmləri
doktoru Salidə Şərifova "Ədəbiyyat
tarixçiliyi", filologiya
üzrə fəlsəfə doktorları Gülnar Qənbərli "Uşaq
ədəbiyyatı: şeir", Maral Yaqubova "Bədii nəsr
nəzəriyyə işığında", Mehman Həsənli "Esse",
elmi işçi Gülnar Qasımlı "Bölgələrdə
ədəbi həyat" və başqa mövzularda məruzə ediblər.
525-ci qəzet.- 2022.- 5 mart.- S.12.