Vətən adı ilə
Azərbaycanın
Macarıstandakı keçmiş səfiri, ədəbiyyatşünas
alim Vilayət Quliyevin Macarıstanda ömürlük həbs
cəzasına məhkum edilmiş Azərbaycan zabiti Ramil Səfərovun ölkəmizə ekstradisiyası
prosesindən bəhs edən, ötən il hissə-hissə
"525-ci qəzet"də ardıcıl dərc olunan
"Ramil Səfərovun ekstradisiyası: Bu necə
olmuşdu?" adlı qeydləri bu günlərdə
"Qanun" nəşriyyatında kitab halında çapdan
çıxıb. Müəllifin şəxsi vəsaiti
hesabına nəşr olunan kitabdan əldə edilən gəlir
YAŞAT Fondunun hesabına köçürüləcək.
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin
kitaba yazdığı "Vətən adı ilə"
adlı ön sözünü təqdim edirik.
***
Tanınmış
ədəbiyyatşünas alim, tərcüməçi,
diplomat, nəhayət, "525-ci qəzet"in dostu və
sayğıdəyər müəllifi Vilayət Quliyevdən
təxminən üç ay ərzində hər həftə
hissə-hissə qəzetimizdə ardıcıl dərc
edilmiş, indi isə kitab halında nəşrə
hazırlanan "Ramil Səfərovun ekstradisiyası: Bu necə
olmuşdu?" adlı qeydlərinə ön söz yazmaq təklifi
alanda istər-istəməz hörmətli
ziyalımızın Azərbaycan Respublikasının xarici
işlər naziri vəzifəsinə təyin edildiyi günləri
xatırladım. Buna qədər artıq neçə il idi Vilayət müəllim bir-birindən
maraqlı və qiymətli yazıları ilə "525-ci qəzet"in
səhifələrində çap olunurdu. 1999-cu
ilin bir oktyabr günündə Prezident Heydər Əliyev
çoxlarının gözləmədiyi halda böyük
etimad göstərərək Dağlıq Qarabağ probleminin
yaşandığı Azərbaycanda əlahiddə strateji əhəmiyyət
daşıyan bir dövlət qurumunun rəhbəri vəzifəsinə
o vaxtacan diplomatik sahədə fəaliyyət göstərməmiş
ədəbiyyatşünas alim Vilayət Quliyevi təyin etdi.
İşinin əsl peşəkarı olan bir
adamın sonradan başqa fəaliyyət sahəsinə yönəlməsi
öz yerində daha çox fayda verə biləcəyi
düşüncəsi ilə onu tanıyanlarda adətən təəssüf
hissi doğurur. Amma Vilayət müəllim
diplomatiya sahəsində çalışmağa
başladığı gündən öz çoxşaxəli
fəaliyyəti ilə təəssüflənməyə zərrə
qədər də əsas vermədi. Xarici
işlər naziri kimi mühüm dövlət postunda işlərinin
çoxluğuna, gərgin qrafikə baxmayaraq, vaxt, imkan
tapdıqca yenə Azərbaycanın tarixi və ədəbiyyatşünaslığı
üçün gərəkli tədqiqatlarını davam
etdirdi, yeni əsərlər qələmə aldı.
Bir
neçə il ötüb-keçəcək,
Vilayət müəllim yazılarının birində o
dövrü belə xatırlayacaqdı: "2001-ci ildə rus
dilində "Rusiya şərqşünaslığında
Azərbaycan məktəbi" adlı monoqrafiyam çap
olunmuşdu. Onun bir nüsxəsini mərhum
dövlət başçısı Heydər Əliyevə təqdim
etmək qərarına gəldim. Prezident kitabı
götürüb yarıciddi-yarızarafat tərzdə:
"Biz sənə məsul vəzifə
tapşırmışıq. Belə işlərlə
pensiyaya çıxandan sonra məşğul olarsan!"
- dedi. Kitabın çoxdan yazıldığını, 11 il əvvəl müdafiə etdiyim doktorluq
dissertasiyası əsasında hazırlandığını
bildirdim. Prezident mündəricata və şəkillərə
baxdı. Sonra: "Sən bilirsənmi ki, bu Kazımbəylərin
biri Rusiyanın mühüm keşişlərindən
olub?" - deyə soruşdu. Mən şərqşünas-alim Mirzə Kazımbəyin
Rusiya Sinodu yanında müqəddəs kitabların tatar dilinə
tərcüməsi üzrə komissiyanın üzvü kimi fəaliyyətindən
danışmağa başladım. Dövlət
başçısı sözümü kəsib: "Yox, yox,
mən bu yaxın vaxtları, 1970-ci illəri nəzərdə
tuturam. O vaxt Kazım bəy soyadlı bir nəfər Moskva
Patriarxatlığında işləyirdi. Yəqin
eyni nəsildən olarlar. Sən bir maraqlan!"
- dedi". Əslində Heydər Əliyev kimi
təcrübəli, uzaqgörən dövlət
başçısının "Sən bir maraqlan!"
sözləri xarici işlər naziri vəzifəsini tutan
alimin bu istiqamətdəki fəaliyyətini təqdir etdiyinə
incə bir eyham, işarə idi.
O illərdə
daşıdığı vəzifənin mahiyyətinə
görə Vilayət müəllimin fəaliyyətinin əsas
hissəsi ictimaiyyət üçün qapalı qalsa da,
nazirliyin aparatında həyata keçirdiyi ardıcıl
islahatlar açıq-aydın müşahidə olunurdu. Xarici İşlər Nazirliyi sistemində
yazışmaların səlis Azərbaycan dilində
aparılması, nazirliyin bütün strukturlarına təyinat
zamanı milli kadrlara üstünlük verilməsi onun rəhbərliyi
dövrünün əsas məziyyətlərindən idi.
Təxminən
beş il nazir kimi fəaliyyət göstərəndən
sonra Vilayət müəllim diplomatik missiyasını səfir
qismində davam etdirdi. 2004-cü ilin yayında
o, Polşa Respublikasına fövqəladə və səlahiyyətli
səfir təyin olundu. Altı ilə yaxın bu vəzifədə
çalışan hörmətli alimimiz Azərbaycan Xalq
Cümhuriyyəti dövründə əhəmiyyətli xidmətlər
göstərmiş Şərqi Avropa türkləri (Polşa
tatarları) haqqında - Milli Ordumuzun ilk ümumi qərargah rəisi,
general-leytenant Masey Sulkeviç, Sulkeviçlə birlikdə
1919-cu ildə Azərbaycana gəlmiş və bolşevik
işğalına qədər Bakı Məhkəmə
Palatasının prokuroru, ədliyyə nazirinin müavini vəzifələrində
çalışmış Olgerd Nayman Mirzə Kriçinski,
onun qardaşı - dövlət xadimi, tarixçi, jurnalist
Aslan bəy Kriçinski barəsində zəngin
araşdırma və tədqiqatlara əsaslanan məqalələr
yazdı, cümhuriyyətimizin banisi Məhəmməd
Əmin Rəsulzadənin Polşada mühacirət həyatı
yaşadığı illərdə Varşavada işıq
üzü görən "Qafqaz dağlıları",
"Şimali Qafqasya - Severniy Kavkaz" dərgilərində
çıxmış məqalələrini öz tərcüməsində
Azərbaycan oxucularına təqdim etdi. Ardınca həmin məqalələrin
kitab halında nəşrinə nail oldu. Yenə eyni şövqlə
"Polyaklar Azərbaycan Demokratik Respublikasında" və
"Polşa tatarları Azərbaycanda" kitablarını polyak və rus,
"Polşadakı Azərbaycan siyasi mühacirətinin irsindən"
kitabını isə rus dilində
Polşada nəşr etdirdi.
Sonra diplomatik missiyanın Macarıstan dövrü
başlandı. 2010-cu ildə Vilayət müəllim bu ölkəyə
səfir təyin olundu və 11 ildən çox dost ölkədə fəaliyyət
göstərdi. Bu illər ərzində də
yaradıcılığa ara verməyən Vilayət Quliyev
Macarıstanda Azərbaycanla, türkçülüklə
uzaqdan-yaxından bağlılığı olan mənbələri
araşdırmaqla yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti
dövrünü, tariximizin görkəmli şəxsiyyətlərinin,
Cümhuriyyət qurucularının həyatının indiyədək
ictimai fikrə bəlli olmayan səhifələrini tədqiq
edərək neçə-neçə qiymətli əsər
ortaya qoydu.
Ümumiyyətlə,
dəyərli alimimizin səfirlik fəaliyyəti
dövründə türk dünyasının böyük
fikir adamı Əhməd bəy Ağaoğlu haqqında
silsilə araşdırmaları və nəticədə ərsəyə
gətirdiyi kitablar (Əhməd bəyin ölkəmizdəki
ilk külliyyatı sayılacaq "Mən kiməm?"
toplusu, Bakıda və İstanbulda çap olunan və
böyük maraqla qarşılanan "Atatürk və
Əhməd Ağaoğlu" kitabı), Azərbaycan Cümhuriyyəti Parlamentinin sədri
Əlimərdan bəy Topçubaşovun ictimai-siyasi və
diplomatik irsindən nümunələrin toplandığı
"Doğma Azərbaycanın mənafeyini qoruyacağıq",
"...Xalqımızın müstəqil
yaşayacağına inanırdıq!", "Qafqaz Azərbaycanı
nümayəndə heyətinin Sülh Konfransından tələbləri",
"Parisdən məktublar" kitablarını dilimizə
çevirməsi, Cümhuriyyət
qurucularından biri, müxtəlif vaxtlarda Baş nazir və
maarif naziri vəzifələrini tutmuş Nəsib bəy
Yusifbəylinin şəxsi həyatından bəhs edən
"Baş nazirin xanımı" ədəbi-tarixi essesi,
Cümhuriyyət daxili işlər naziri Behbud xan Cavanşirin
qətl hadisəsinə işıq salan, türk mənbələri
əsasında yazılmış "Behbud xan Cavanşirin məhkəmə
prosesi" kitabı, habelə
iri həcmli "Cümhuriyyət yazıları"
kitabında toplanmış bir-birindən maraqlı
araşdırmalar diplomat-alimin ümumxalq bayramına - Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə layiqli töhfəsi
idi.
Bilmirəm,
indi özü bu fikirlə razılaşar, ya yox, amma
yuxarıda sadaladığım geniş miqyaslı, Azərbaycan
tarixi üçün gərəkli tədqiqat işlərini
məxsusi vurğulamaqla bərabər, mənim şəxsi qənaətimcə,
hörmətli Vilayət müəllimin səfirlik
missiyasının - həm də təkcə onun yox, bəlkə
də, bütövlükdə Azərbaycan diplomatik korpusunun -
ən çox yadda qalan, ən çox diqqət çəkən,
beynəlxalq rezonans doğuran, yəqin ki, uzun illər boyu
unudulmayacaq səhifəsi "Ramil Səfərov işi" -
Macarıstanda ömürlük həbs cəzasına məhkum
edilmiş Azərbaycan zabitinin ölkəmizə
ekstradisiyası məsələsidir.
Sənədlər əsasında yazdığı,
bilavasitə iştirakçısı olduğu prosesləri təsvir
etdiyi, öz təbirincə desək, "xəyal
ürünü" sayıla biləcək bir detala da yer vermədiyi
bu əsəri Vilayət müəllim "qeydlər"
adlandırır. Amma adından və janrından
asılı olmayaraq dövlət müstəqilliyimizin ötən
əsrin 90-cı illərinin əvvəlində bərpa
olunduğunu nəzərə alsaq, deyə bilərik ki, bu əsər
o zaman gənc Azərbaycan diplomatiyasına beynəlxaq qalmaqal
yaşatmış ən həssas hadisə barədədir.
Və tərəddüdsüz demək olar ki, yüksək
peşəkarlıqla qələmə alınmış kitabdan diplomatiya tariximizin tədrisində
bir vəsait kimi istifadə edilə bilər.
Müəllif
hadisələri şişirtmədən, artırıb-əksiltmədən
qələmə alıb, baş verənlərə obyektiv
münasibət bildirib, ayrı-ayrı şəxslərin
Ramil Səfərovun azad olunması üçün göstərdiyi
real fəaliyyəti, kimin cəmiyyətdə hansı status
daşımasından asılı olmayaraq, heç bir güzəştə
getmədən, necə varsa, elə təsvir edib. Bu səmimiyyət
yazının hər cümləsində hiss olunur.
Əsərdə diqqət çəkən başqa bir
məqam hadisə baş verəndən ekstradisiya məsələsi
yekunlaşana qədər prosesləri daima həssaslıqla
izləyən, lazım gələndə təmkin və səbir,
lazım gələndə əzm və qətiyyət
nümayiş etdirən Azərbaycan Prezidentinin
obrazının dolğun və mükəmməl təsviridir.
Hadisə,
bilindiyi kimi, 2004-cü il fevralın 18-dən
19-na keçən gecə baş verib. Macarıstanda NATO-nun
"Sülh naminə tərəfdaşlıq" Proqramı
çərçivəsində kurs keçən Azərbaycan
Ordusunun zabiti, baş leytenant Ramil Səfərov eyni kursda
oxuduğu erməni zabit, leytenant Qurgen Markaryanı
öldürüb, digər erməni - Hayk Makuçyanı isə
öldürməyə cəhd göstərib. Kitabın
müəllifi Vilayət Quliyev həmin vaxt Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə rəhbərlik
etdiyinə görə hadisə barədə ilk xəbər
tutanlardan və dövlət başçısını bu
haqda məlumatlandırmaq üçün məsləhətləşən
üç dövlət rəsmisindən biri olub. Elə kitab da bu təfsilatlarla başlayır. Vurğulanır ki, "...baş verən hadisə cəmisi
dörd ay əvvəl mühüm posta seçilən
dövlət başçısı üçün də
problemlərlə dolu sürpriz idi". Amma "məlumatı
kifayət qədər soyuqqanlılıqla dinləyən
Prezident hər üç nazirliyə müvafiq
tapşırıqlar verdi". Buna qədər, yazının giriş hissəsində
qeyd olunur ki, "...bu nəcib və humanist niyyətin
(ekstradisiyanın - R.M.) həyata keçirilməsində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin cəsarəti,
əzmkarlıq və prinsipiallığı çox
mühüm rol oynamışdı". Ekstradisiya
gerçəkləşəndən, Ramil Səfərov Azərbaycana
təhvil veriləndən sonra isə qeydlərin sonunda müəllif
hadisələrə yekun qiymət verərkən yazacaq:
"...Bu gün bütün təşəkkürlərin,
şükranların əsas ünvanı vətəndaşının
arxasında dayanmağı bacaran Azəbaycan dövlətidir,
Azərbaycan Prezidentidir". Çünki "əgər
Prezident İlham Əliyev macar tərəfi
qarşısında ekstradisiya məsələsini
qaldırmasaydı, Baş nazir Viktor Orban isə razılıq
verməsəydi, milyonlarla dollar hesabına da nəyisə dəyişmək
mümkün olmazdı".
Amma hələlik məsələnin həllini tapmasına iki il var. İndi 2010-cu ilin sentyabr ayıdır; Ramil Səfərov 2004-cü ildə ömürlük həbs cəzasına məhkum edilib, altı ildir məhbus həyatı yaşayır, Vilayət Quliyev də artıq xarici işlər naziri deyil, Polşada altı illik diplomatik missiyasını da başa vurub, bir neçə aydır Macarıstana səfir təyin olunub. Və bu günlərdə Macarıstanın Baş naziri Viktor Orbanın Bakıya səfəri gözlənilir.
Ekstradisiya ilə bağlı əsaslı tərpəniş də elə bu səfər əsnasında başlanır. Zağulbada qonaqların şərəfinə verilən işçi nahar zamanı münasib fürsət yarandığını görüb Viktor Orban barəsindəki təəssüratlarını Prezident İlham Əliyevlə bölüşən səfir Vilayət Quliyev macar Baş nazirlə bütün mövzuları, eləcə də məhbus zabitin ölkəmizə ekstradisiyası məsələsini müzakirə etməyin mümkünlüyünü deyir. Səfiri dinləyən Prezident bu məsələ ilə bağlı yalnız bir dəfə müraciət edə biləcəyini, ona qədər müəyyən hazırlıq işləri görülməsinin, müsbət nəticə barədə siqnallar alınmasının gərəkliyini, tələsik məsələ qaldırmağın hələ uğur qazanmaq demək olmadığını diqqətə çatdırır. Macar rəsmiləri ilə danışıqlar aparmaq üçün yüksək səviyyədə razılığa ehtiyac duyan səfir söhbət zamanı məhbus zabitin mümkün ekstradisiyası ilə əlaqədar müvafiq yollar aramaq, vəziyyəti öyrənmək, bir sözlə, bu istiqamətdə işləmək niyyətinə Prezidentdən müsbət rəy alır.
Bu da 2012-ci il. Mənim iki ilin üstündən belə sürətlə, üç-dörd kəlmə ilə keçməyimə baxmayın. Bu iki ildə vəziyyət yaxşılığa doğru xeyli dəyişib. Bu iki ildə Azərbaycan Prezidentinin dediyi kimi, məhbus zabitimizin ekstradisiyası məsələsinin gündəmə gətirilməsi məqsədilə xeyli hazırlıq işi görülüb, artıq müsbət nəticəyə ümid verən kifayət qədər ciddi siqnallar da var. Və bu situasiyanın yetişməsinə xeyli zəhmət sərf olunub, bir sıra əhəmiyyətli diplomatik addımlar atılıb. Amma o proseslərə bir azdan qayıtmaq şərti ilə gəlin hadisələri qabaqlayıb ekstradisiya məsələsinin reallaşmasında müstəsna rol oynamış iki dövlət rəhbəri arasında həlledici görüşə toxunaq. Dediyim kimi, 2012-ci ildir. Bakının isti iyun günləri. Macarıstanın Baş naziri Viktor Orban ölkəmizdə keçirilən Beynəlxalq Qrans Montana Forumunda iştirak etmək üçün Bakıda səfərdədir. Sənədlərin imzalanması mərasimindən sonra hər iki tərəfdən rəsmi heyət üzvlərinin qatıldığı naharda söhbət açılır və razılq əldə olunur.
Təfərrüata varmadan danışqlar zamanı diqqət çəkən bir məqam üzərində dayanmaq yerinə düşərdi. Hadisələri qabaqlayıb Prezident İlham Əliyevlə Baş nazir Viktor Orbanın görüşünə keçməyimə səbəb də elə bu idi.
Politoloji polemikalarda siyasətdə səmimiyyətin olmadığı haqda iddiaları çox eşitmişik. Amma indi üzərində dayanacağım detal az qala aksiom kimi qəbul olunan bu fikrin heç də həmişə doğru olmadığını göstərəcək. Dediyim kimi, artıq ekstradisiya məsələsi həll olunub, razılığa gəlinib. Bu zaman Azərbaycan Prezidenti üzünü Macarıstanın Baş nazirinə tutub deyir: "...İstəyirəm bir vacib məqamı əvvəlcədən biləsiniz və sonra bu zəmində aramızda hər hansı anlaşılmazlıq yaranmasın. Əgər ekstradisiya baş tutsa, mən Azərbaycan Prezidenti kimi qanunun verdiyi səlahiyyətlərə uyğun şəkildə məhbusu elə hava limanında əfv edib azadlığa buraxacağam. Aramızda səmimi münasibətlərə görə bunu indidən bilməyinizi, qərar verən zaman nəzərə almağınızı xahiş edirəm. Yoxsa vətəndaşlarımız məni düzgün başa düşməz. Elə sizin atdığınız addımın da xeyirxahlığı, nəcibliyi kölgə altında qalar".
Bu isə Macarıstanın Baş nazirinin cavabıdır: "Əgər Konstitusiya və qanunlarınız belə səlahiyyət verirsə, o zaman siz deyən kimi olsun".
Bəlkə də aradan illər keçəndən sonra, həm də məsələnin artıq müsbət həllinin yaratdığı rahatlıqdan dolayı, bu dialoq kiməsə qeyri-adi görünməyə bilər. Amma bir anlıq o günlərə qayıdaq və düşünək: bütün Azərbaycan cəmiyyəti üçün xüsusi önəm daşıyan, ölkə diplomatiyasının, ədliyyə sisteminin, digər müvafiq dövlət orqanlarının neçə ildən bəri səbir və təmkinlə həllinə çalışdığı, nəhayət, uğurlu sonluğu yaxınlaşan bir məsələyə nöqtə qoyarkən Azərbaycan Prezidentinin dürüst davranaraq sonrakı addımını açıq şəkildə dilə gətirməsi, macar Baş nazirin isə bu sözlərə diplomatdan daha çox alicənab, kübar insan kimi reaksiya verməsi yüksək insani keyfiyyyətlərin hər zaman, hər sahədə - siyasətdə də keçərli olduğuna sübutdur. Həm də unutmayaq: hər iki tərəf bilir ki, bu, o qədər də asan olmayacaq, məsələ beynəlxalq miqyasda böyük əks-səda doğuracaq, məhbus zabitlə bağlı həlledici qərar qəbul ediləndən sonra ciddi təzyiqlərlə üzləşəcəklər.
Bir müddət keçəcək, Azərbaycan Prezidenti çıxışlarının birində Ramil Səfərovun əfvindən sonra ölkəmizə qarşı yönəlmiş ədalətsiz basqılara qətiyyətlə cavab verərək belə deyəcək: "Ramil Səfərovu vətənə geri qaytarandan sonra Azərbaycana qarşı xeyli təzyiqlər oldu. Mən təzyiqləri gözləyirdim, amma doğrusu, bu dərəcədə olacağını gözləmirdim. Çünki bu təzyiqlərin heç bir əsası yoxdur. Azərbaycan öz zabitini vətənə qaytarıb. Vəssalam! Kim nə deyir desin, məni maraqlandırmır. Biz bunu etmişik, düz də etmişik. İkincisinə qalan yerdə heç bir qanunu pozmamışıq. Hər şeyi ədalətli qaydada etmişik. Ramil Səfərov vətənə qaytarıldı və mən onu dərhal əfv etdim. Bu, mənim konstitusion hüququmdur. Ona görə burada ittihamlara, təzyiqlərə yer qalmır".
Ekstradisiyanın müsbət həllindən sonra ona qədərki proseslər hər işə mız qoymağa öyrəşmiş bəzi ağzıgöyçəklərə adi məsələ kimi görünə bilər, onlar xidmətlərini gözə soxmayan, abır-həyasına qısılıb təvazökar davranan insanların əməyini insafsızcasına dana da bilərlər. Ya da kimlərinsə şəraitin zamanla, öz-özünə yetişdiyini düşünməsi də mümkündür. Amma qeydləri oxuduqca məqsədə çatmaq üçün hansı incə diplomatik gedişlərə əl atıldığının, hər kiçik irəliləyişin addım-addım, misqal-misqal, tükənməz səbir və təmkin sayəsində qazanıldığının şahidi olur, zərbələri üzərinə götürüb hələ təyyarə Bakıda yerə enməmiş Ramil Səfərov haqqında əfv sərəncamı imzalayan dövlət başçısına, ekstradisiyanın reallaşması yolunda əzmlə çalışan səfirə, məsələyə qatqısı olan hər kəsə, müvafiq dövlət orqanlarının yetkililərinə minnətdarlıq duyğularını böyük səxavət və məmnuniyyətlə ifadə edirsən.
Lazımlı vaxtda lazımlı yerdə olmaq. Qeydləri oxuduqca ekstradisiya prosesində elə nüanslarla qarşılaşırsan ki, həmin vaxt Macarıstandakı Azərbaycan diplomatik korpusuna məhz Vilayət Quliyevin rəhbərlik etməsinə taleyin xoş qisməti kimi baxmaya bilmirsən.
Qeydlərdə belə bir məqam var: məhbəs həyatı yaşayan Ramil Səfərov səfirlə telefon danışıqlarının birində həm macarcasını təkmilləşdirmək, həm də, necə deyərlər, "vaxt öldürmək" üçün tanınmış macar yazıçısının romanını orijinaldan dilimizə tərcümə etməyə başladığını deyir: "...Ramil kitabı elə-belə, özü üçün tərcümə edirdi. Üzərinə götürdüyü çətin yaradıcılıq işi ilə bağlı heç bir konkret planı yox idi. Amma mənim beynimdə dərhal fikir yarandı: tərcüməni çap etmək, Macarıstanda geniş yaymaq, hətta kitab ətrafında müəyyən təbliğat şousu qurmaq lazımdır". Vilayət müəllim Ramil Səfərova tərcüməni çap etdirəcəyini deyir və işi sürətləndirməyi məsləhət görür. Elə vaxtdır ki, Macarıstan cəmiyyətində azərbaycanlı zabit haqqında təsəvvürlər büsbütün mənfidir. Hadisənin mahiyyətini eyninə almayan yerli mətbuat az qala küll halında Ramil Səfərovu residivist, "azərbaycanlı baltalı qatil" kimi təqdim edir. Ekstradisiyanın reallaşması üçün isə ilk növbədə macar cəmiyyətində formalaşmış təsəvvürü dəyişmək, məhbəs həyatı yaşayan zabitin obrazının reabilitasiyasına nail olmaq lazımdır. Belə bir məqamda macar dilindən romanın tərcüməsi, kitab kimi nəşr olunub yayılması əla fürsətdir.
Niyyət öz bəhrəsini verir. Kitab Bakıda Azərbaycan dilində nəşr olunur, təqdimat mərasimi keçirilir, macar dilində qısa arayışla azərbaycanlı zabitin cəza çəkdiyi həbsxananın rəisinə, rəis müavininə, cəza evinin kitabxanasına, Macarıstan Yazıçılar İttifaqının rəhbərliyinə, Parlamentin bəzi üzvlərinə, qəzet-jurnal redaksiyalarına, müxtəlif səfirliklərə göndərilir, ardınca Budapeştin populyar qəzetlərindən birinin əməkdaşı səfirliklə əlaqəyə girib məhbus zabitlə görüşmək arzusunu bildirir, görüşdən sonra isə Ramil Səfərovun ilk dəfə tamam başqa ampluada təqdim olunduğu bir yazı ilə çıxış edir. Yadımdadır, qeydlər hələ hissə-hissə qəzetimizdə çap olunarkən macar yazıçısının əsərinin tərcüməsindən və Azərbaycan dilində kitab halında nəşrindən bəhs olunan yerə çatanda bir anlıq düşünmüşdüm: görəsən, o vaxt Macarıstanda səfirimiz ədəbiyyatşünas alim Vilayət Quliyev yox, tamam başqa bir ixtisas sahibi, lap deyək, uzun illər diplomatiya məktəbi keçmiş bir adam olsaydı, telefonda Ramil Səfərovdan "vaxt öldürmək" üçün macar dilindən roman tərcümə etməyə başladığını eşidəndə o da bu işin əhəmiyyətini göydə tutardımı, yoxsa bunu ömürlük məhbusun adi məşğuliyyəti sayıb üstündən keçərdi? O vaxt bir anlıq bu barədə düşünmüş və qənaətim belə olmuşdu ki, ictimai fikri tək quru diplomatiya ilə deyil, həm də bədii ədəbiyyatla dəyişdirməyin mümkünlüyünü bilmək üçün insanda mütləq mənəvi irsə dərin bağlılıq, yaradıcı fəhm, bədii sözün qüdrətinə tükənməz inam olmalıdır - Vilayət müəllim kimi!
Bir az yuxarıda "lazımlı vaxtda lazımlı yerdə" ifadəsini də elə buna görə işlətmişdim.
Ramil Səfərovun bədii əsər tərcümə etməsi, həmin tərcümənin kitab kimi nəşr olunması macar cəmiyyətində ab-havanı qismən də olsa müsbətə doğru dəyişir və son məqsədə çatmaq yolunda təsirli tədbirlərdən birinə çevrilir. Bundan sonra da fəaliyyət davam etdirilir, hər şansdan, hər imkandan mümkün qədər faydalanmağa səy göstərilir, Macarıstanın müxtəlif qurumları ilə, ayrı-ayrı nüfuzlu insanlarla əlaqələr yaradılır, əlverişli situasiyanı yetişdirmək üçün gərgin əmək sərf olunur. Elə ki bütün çətinliklər arxada qalır, məsələ xoş sonluqla yekunlaşır, bu nəcib işə xələl gətirmək, hər şeyi öz adına çıxıb dividend qazanmaq, "əlindən yazı-pozudan savayı bir iş gəlməyən" səfir Vilayət Quliyevin xidmətlərini mənimsəmək sevdasına düşənlər də tapılır. Əslinə qalanda heç təəccüblü də deyil. Xalqa xidmət edənlərin zəhmətini qamarlayan, bunu bacarmayanda isə dodaq büzüb "Mən ondan yaxşı bacarardım" deyənlər bineyi-qədimdən olub. Bu da onlardan biridir - yəni indiyə qədər də görmüşük, indən belə də görəcəyik. Amma əvvəl-axır qalib çıxan, adı ehtiramla xatırlanan mütləq gördüyü işi gözə soxmayıb, ağayana, mütəvazi davrananlar olacaqlar.
***
Əvvəldə bildirdiyim kimi, indi kitab halında nəşr olunan bu qeydlər hissə-hissə "525-ci qəzet"in on iki sayında, şənbə günləri işıq üzü görüb. Silsiləni hər həftə böyük intizarla gözləyən oxucuların redaksiyaya zənglərini yaxşı xatırlayıram. Bəzən "Məgər belə şeyləri yazmaq olarmı?" deyib təəccüblənənlər tapılırdı. Hətta bəziləri qeydlərin sonacan davam edəcəyinə inanmadıqlarını bildirir, yazıların yarıda dayanacağını deyirdilər. Amma silsiləni istər hakimiyyətdə təmsil olunan şəxslər, istərsə də tam fərqli fəaliyyət sahələrində çalışanlar diqqətlə izləyirdilər. Biz bu əvəzsiz əməyinə və qeydləri fasilə vermədən sonacan davam etdirdiyinə görə müəllifə - hörmətli Vilayət müəllimə minnətdarıq.
Hə, bir önəmli məqam da odur ki, Vilayət Quliyev bu kitabın nəşrinə qərar verərkən daha bir humanist addım atıb. "Qanun" nəşriyyatında müəllifin şəxsi vəsaiti hesabına çap olunan bu kitabdan əldə edilən gəlir YAŞAT Fondunun hesabına köçürüləcək.
Vilayət müəllim həmişə "525-ci qəzet"in sevimli müəlliflərindən olub, redaksiyamız onun hər yazısını səbirsizliklə gözləyib və təbii ki, ürək açıqlığı ilə, məmnuniyyətlə dərc edib. Vilayət Quliyev "525-ci qəzet"in dostudur. Bunu yazanda "525"in 20 illik yubiley günlərini xatırladım. Onda Vilayət müəllim Macarıstanda səfir idi. Budapeştdən Bakıya hava yolu ilə məsafə 2500 kilometrdən çoxdur. Sadiq dostumuz uzaqlığa, işinin çoxluğuna baxmadı, yubileyimizi unutmadı, qəzetimizin ünvanına təbrik yazısı göndərdi. Həmin yazıda bir məqam var idi. Qeyd olunurdu ki, 1876-cı ildə Həsən bəy Zərdabinin "Əkinçi"ni hansı əziyyət və məhrumiyyətlər bahasına çıxardığını görən bir fransız jurnalisti heyrətini bildirərək deyir: "Görünür, siz öz millətinizi çox sevirsiniz". Bunun ardınca Vilayət müəllim ürək genişliyi ilə bu sözləri bizə də şamil etmiş, "Azərbaycanın analoqu olmayan inkişafı dövründə "525-ci qəzet" əməkdaşlarının hansı şəraitdə işlədiklərini, amma bütün bunlara baxmayaraq, belə bir qəzet ərsəyə gətirdiklərini" qabardaraq yazmışdı: "Uşaqlar, görünür, siz öz millətinizi (və həm də öz qəzetinizi!) çox sevirsiniz!"
Vilayət müəllim, əvəz çıxmaq kimi başa düşülməsin, siz də öz millətinizi çox sevirsiniz! Vətənin qeydinə qala-qala gördüyünüz işlər, o işlər haqda bir kitaba sığan, həm də sığmayacaq qeydləriniz bunun saysız-hesabsız sübutlarından biridir. Vətən sevginiz, Vətən təəssübünüz, Vətən qeydiniz heç zaman tükənməsin! Və bu duyğuları millətimizin gələcəyi naminə, Vətən adı ilə qələmə almaq şövqünüz də onun kimi!..
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in
baş redaktoru
525-ci qəzet.- 2022.- 5 mart.- S.10-11;23.