"İpucu"
Novella
Bu əhvalat gözlənilmədən
baş verdi.
Kənddə toy idi. Toya mən də dəvətli idim. Getdim. Toyxanaya keçən kimi gözümə birinci sataşan Pirqulu oldu. Pirqulu məni görən
kimi gülümsədi.
Çalıb-oynayanlardan ayrılıb mənə
tərəf gəldi.
Pirqulu mənim
həmkəndlimdir, bir
məhlədə böyümüşük,
bir məktəbdə
oxumuşuq, bir ildə ailə qurub oğul-uşaq sahibi olmuşuq.
Pirqulunun
beş qızı
var. Beşi də evdədir ("evdədir"
deyəndə ki, hamısı toyda idi, ortalıqda qol qaldırıb sındıra-sındıra rəqs
edirdilər), hələ
ki, elçi olan kəs Pirqulunun
qapısını döyməyib.
Pirqulunun
ilk beşiyinin bu il otuz beş yaşı tamam olur. Pirqulu da,
onun vəfalı ömür-gün yoldaşı
da qızların boyu yerdən qalxandan bəri qapılarının döyüləcəyini,
gələcək yeznənin
süfrə başında
öyüləcəyini gözləyirlər,
fəqət gözləyənin
gözünün kökü
saralsa da, gözlənilənin səsi-sorağı
çıxmır.
Oynayanlardan ayrılan Pirqulu
mənə yaxınlaşaraq
salam verib-salam
aldı.
- Evdə-eşikdə nə
var, nə yox? Qızlar necədir? - deyə mən
dili qurumuş soruşdum.
Vallahi-billahi, bu sualın Pirquluya belə təsir edəcəyini bilsəm, soruşmazdım.
Sualın
təsirini görəndə
dilimi dişlədim, ürəyimdə "dilim-dilim
olasan, dilim", - dedim, lakin artıq
gec idi, söz ağızdan çıxmışdı... Bu
ana kimi qulum olan söz
açıq-aşkar ağama
çevrilmişdi.
- Qızlardan hansını soruşursan? - sözümün
təsirindən yerindən
azca silkələnən
Pirqulu sualımı sualla qarşıladı.
- Hər birisini.
- Yox, düzünü de, hansını?
- Deyirsən, ayrı-seçkilik
edim?!
- Görürəm, axı,
səndə ipucu var... Böyük qızı nəzərdə
tutursan?
Bu söhbətə son qoyum deyə, sonrasını düşünmədən: "Hə!" - dedim. Həm də Pirquluya yanımı çevirib aralanmaq istədim, amma o yaxamdan əl çəkmədi.
- Səndə ipucu olduğunu həmin dəqiqə qılımından
bildim. - Bunu yanımda addımlayaraq sirr almağa cəhd edən adamlar kimi yarıpıçıltılı
səslə dedi.
Cavabında heç nə demədim, gülümsədim,
həm də düşündüm, ip ucu-zad yoxdur desəm, kişini məyus edərəm. Toy günüdür, hamı
sevinir, qoy bu da sevinsin.
Toy məclisi adamın qanını qaraltmağın, kefinə
soğan doğramağın
yeri deyil.
Bütün bunları nəzərə
alıb gülümsədim,
ancq mən nə biləydim ki, mənim xoşməramlı təbəssümüm
odun üstünə benzin tökmək kimi bir şeydi.
- Açığını de, qızı
istəyən var? - nəfəsini sürətlə ala-ala soruşdu.
Nə qədər
insafsız olmalısan
ki, belə yerdə belə suala "yox!" cavabı verəsən. Mən bunu bacarmadım, bacarmadığım üçün
də: "Hə!"
- dedim. Təkcə bacarmadığım üçün deyil.
Həm də düşündüm ki, qoy, bir günlük
də olsa, ürəyində ümid
çırağı yansın,
kişi qəlbən sevinsin. Sabah elçi gəlməyəndə,
özü də görəcək ki, gəlmədi. Neynəməli,
gedib elçini kütə-ketlə gətirmək
olmaz ki!?...
Bundan sonra həmin axşam Pirqulu yanımdan əl çəkmədi,
gah o yanıma keçdi, gah bu yanıma, çalışdı məndən
söz alsın, bilsin, öyrənsin, onun qapısına elçi gəlmək fikrində olan o Allah bəndəsi kimdir?
Mən bu sualdan xeyli qaçdım. Bütün
toy boyu sual cilddən-cildə girdi, Pirqulu gah elə
soruşdu, gah belə... Mən də gah dedim
"deyə bilmərəm",
gah da dedim
"yaxın günlərdə
bilərsən"...
- Yaxın günlərdə,
yəni nə vaxt?
- Sabah!
- Sabaha nə qalıb ki... Mən də adamıma görə hazırlığımı görməliyəm...
De görüm, kimdir?
Olmadı!
Əl çəkmədi ki, əl çəkmədi.
Nəhayət, əlacsız qalıb ətrafa acizanə bir nəzər saldım. Gözümə toy süfrəsinin o başında oturan Ənvər dəydi.
Həmin an Ənvər
də mənim baxışımı tutub,
baş əyib uzaqdan-uzağa salam
verdi. Bunu Pirqulu da gördü.
Odur ki, heç əməlimin fərqinə
varmadan dedim:
- Ənvər sənin
böyük qızını
oğluna almaq istəyir.
Pirqulu yerində qıvırcıqlanıb
əvvəlcə Ənvərə,
sonra mənə tərəf son dərəcə
mehribancasına baxdı:
- Hansı oğluna? - deyə soruşdu.
Bu sualı gözləmirdim. Udqundum. Belə olduqda Pirqulu suala sual
əlavə etdi:
- Böyük oğluna istəyir?
Başımla təsdiqlədim.
Pirqulu gördü, dinmirəm, bu səssiz cavabın da məntiqi davamını gətirdi:
- Böyük qızımı
istəyirsə, təbii,
böyük oğluna
istəməlidir. Qızım
da, evim-eşiyim də Ənvərə qurban, - bu sözləri
deyərkən ara-sıra
Ənvərə tərəf
boylandı, - bir qız bir oğlanındır...
Ənvərdən yaxşı
quda olar... Daha doğrusu, biz quda yox, qardaş
olacağıq...
Toy məclisi bu və bunu kimi
sözlərin müşayiəti
ilə uzandı, bitdi.
Toy əhli dağılışanda,
Pirqulu yarısərxoş
qonaqların arasından
qıvrılaraq Ənvərə
yaxınlaşdı, onun
əlini sıxıb bağrına basdı, sonra o üzündən-bu
üzündən öpüb
buraxdı.
Nəyin
baş verdiyini bilməyən Ənvər
bunu mehriban həmyerli münasibətinə
yozdu, odur ki, Pirqulunun emosional duyğularına cavab olaraq Ənvər
də onu qucaqladı, o, sağ yanağından öpəndə,
bu, sol yanağından
öpdü, o, sol üzündən
öpəndə, bu, sağ üzündən öpdü.
Sözsüz ki, Pirqulu Ənvərin
cavab öpüşlərini
mehriban qudalığın
başlanğıcı kimi
qəbul etdi.
Sonradan eşitdim, səhər Pirqulugildə təmtəraqlı
hazırlıq olub, elçilərin yolunu gözləyiblər... Elçilər gəlməyib.
Həmin günün sonunda Pirqulugil məyus halda yuxuya gediblər.
Səhər açılan kimi
ləziz xörəkləri
qızdırıb yenə
gözlərini yola dikiblər... Bayırdan gələn hər
səsə, hər çıqqıltıya diksinərək
xanımlar pəncərəyə,
Pirqulu qapıya cumub.
Bu minvalla düz yeddi gün, yeddi gecə elçilərin yolunu gözləyiblər, lakin
bu intizardan xəbəri olmayan Ənvər o yana
belə baxmayıb.
Bir vaxtdan sonra kənddə qulağım tutdu, xısın-xısın danışırdılar ki, Pirqulu Ənvərdən bərk küsüb. O gün toydakı qucaqlaşıb öpüşmənin dadı damağında qalan Ənvər əl uzadıb Pirquluya salam vermək istəyib. Pirqulu kişinin salamını almayıb, üzünə qanlı-qanlı baxıb, gərgin sükutdan sonra ona arxa çevirib gedib. O qədər camaatın içində Ənvərin əli havada qalıb.
Bir az keçmiş dedilər ki, Pirqulu Ənvərin həyətinə ölü qarğa atıb. Görənlər olub: qarğa leşini şəffaf torbada gətirib, saymazyana Ənvərgilin darvazasından o yana qımcırlayıb.
Bir qədər sonra kəndə yayıldı ki, Ənvər böyük oğlunu qonşu kənddə bir qıza nişanlayır. Dedilər, vaxtını da danışıblar, üzümüzə gələn şənbə nişan gedəcək.
Nişana bir gün qalmış xəbər çıxdı ki... Daha doğrusu bu xəbər çıxmadı, kəndin üzərində şimşək kimi çaxdı, an içində bütün kəndi bürüyərək hamını lərzəyə saldı. Dedilər, Pirqulu Ənvəri öldürüb. Ayə necə öldürüb? Niyə öldürüb? Aralarında heç kəsin bilmədiyi ədavət var imiş, həll edə bilməyiblər, əsl düşmənçiliyə çevrilib. Gecə kənddə əl-ayaq yığılandan sonra Pirqulu gedib Ənvəri bayıra çağırıb. Pirqulunun əlində dəri çanta da var imiş. Evində nişan hazırlığı gedən Ənvər qapının ağzına çıxır.
- O nədir, Pirqulu? - deyə onun əlindəki çantaya işarə edir.
- Bunu sənə gətirmişəm, böyük oğlunun nişanında gərəyin olar!... - Pirqulu bunu deyib çantanı ildırım sürəti ilə fırlayıb Ənvərin qulağının dibinə ölümcül bir zərbə endirir. Çul kimi düşən kişinin canı yerindəcə çıxır. Sən demə, zalım oğlu çantanın içinə yekə bir çaylaq daşı qoyubmuş.
"Toyla vay qardaşdır" deyiblər. Kənddəki o toy da, bax beləcə, sonradan baş verən vayın səbəbinə çevrildi.
İmir MƏMMƏDLİ
525-ci qəzet.- 2022.- 6 mart.- S.15.