Azərbaycan poeziyasında musiqi bədii
obraz kimi
"Ölüm həyatın, musiqi incəsənətin
sonudur".
Henrix
Heyne
Qədim türklər şeiri musiqinin ahəngi
üstündə oxuyub dərk edir və
çatdırırdılar. Peyğəmbərlərə gəlmiş
dörd səma kitabı: "Zəbur",
"Tövrat", "İncil" və "Quran"
avazla oxunur. Dünyada ən kamil musiqi azan səsidir.
"Quran" meydana gələndə ərəb dilçisi
və musiqişünası Xəlil ibn Əhməd (XIII əsr) "Əruz"
nəzəriyyəsini yaratdı. Əruz
pauzanın -sükutun ritmi haqqında elmdir. Və əruz Şərq - Azərbaycan şeirinin
mükəmməl poetik sistemə malik lirik əmanətini - qəzəli
dünyaya gətirdi. Ərəb ədəbiyyatında qəzəlin
ustadı Əbu Nüvas, fars ədəbiyyatında
Hafiz, türkcə qəzəlin dahisi Mövlanə Məhəmməd
Füzulidir. Füzuli hər üç dildə - ərəb,
fars və türk dillərində qəzəlin
ustadı sayılır. O qəzəli belə zikr edir:
Qəzəldir
səfabəxşi-əhli nəzər,
Qəzəldir güli-busatini-hünər.
Qəzali-qəzəl
seydi asan deyil,
Qəzəl münkiri əhli-irfan degil.
Qəzəl
bildirir şairin qüdrətin,
Qəzəl artırır nazimin şöhrətin.
Qəzəl musiqinin sayəsində şöhrət
tapıb, sevilib. Qəzəllə gözəlin vəhdətindən
muğam yaranıb. Musiqiçilər
muğamın tairixini XII əsrdən başlayırlar. Mən musiqişünas deyiləm. Fikrimcə muğamın tarixi insanlığın
tarixindən başlanır. Muğam
ahdır, nalədir, nəfəsdir, fəryaddır. Hələ dünya yaranmamış SƏS
yaranıb, sonra SAZ yaranıb. SAZ səsin
görüntülü şəkli, obrazıdır. Əsl musiqi SÖZ-ün öz əslinə - SƏS-ə
qayıtmasıdır. Muğam SAZ və
SÖZ-ün vəhdətindən doğulub.
Ağlamaq ilk SƏS, insanın bu dünyada yaşam tərzidir. Ağlamaq qəm,
fəryad, ağrı, dərd ifadə edir. "Bilirəm ki, sən dərdli yaranmısan.
Dərd isə şairliyin əsas sərmayəsidir"
- deyib dahi Füzuli. Qəm insana ən doğma olan hissdir, qəm əbədi
sevinc əmələ gətirir. Həyat,
kainat, təbiət, rəngarəng səslərdən ibarət
simfoniyadır. Adi adamlar bu səslərin
heç də hamısını eşitmir.
Eşidilməyən səsləri duyan adamlar
musiqiçilər - bəstəkarlardır. Eləcə də əsl
şairlər - dahilər, klassiklər SÖZ-ü SƏS kimi duyan dahi Füzuli
demişkən, "fəhm qılan" qeyri-adi adamlardır.
Musiqi SÖZ-ün bətninə düşərək
lirik şeiri əmələ gətirir, onun ahəngini təlqin
edir. "Kitabi-Dədə Qorqud" eposunun səcli nəsri
(qafiyəli nəsri!) öz ahəngini, ritmini
babalarımızın qədim atlarının nal səslərindən,
fateh türkün qalxan və qılınc cingiltisindən
alıb. Şahə qalxmış atın
kişnərtisi türkün ilk azadlıq himnidir. Eləcə də Xaqaninin, Şeyx Nizaminin, cəngavər
şair Nəsiminin, "qəlb şairi" Füzulinin,
"gözəl şairi" Vaqifin, Dədə Ələsgərin
poeziyası öz ritmini dünyaya 16 imperiya vermiş qəhrəman
türk fütuhatlarından əxz edib.
Tarix boyu
bayatı - manilərimiz, toy nəğmələri və yas mərasimləri
- ağılar, mərsiyələr, laylalar və
sayaçı sözləri - eydirmələr SÖZ-lə SƏS-in vəhdətindən
enerji və hüsn alıb. Sinkretik mədəniyyət
tərzi olan aşıq sənəti - rəqs, ifa, söyləmə,
qiraət, səhnə qurmaq, həmişə musiqinin
kontekstində inkişaf edib. Bir sözlə
SƏS və SÖZ-ün izdivacından şeir dünyaya gəlib,
onun ahəngini, ritmini insan ürəyini - şair qəlbinin
döyüntüsü müəyyənləşdirib. İnsan ürəyinin döyüntüsü
dünyada ən kamil ritmdir. Hər cür
poeziyanın, xüsusən, Azərbaycan xalqına ən
doğma olan heca şeirini ritmi insan ürəyindən
şeirə köçür.
Bu mülahizələr yəqin edir ki, poeziya binayi-qədimdən
musiqi ilə doğmalaşıb, ayrılmaz bir tale
yoldaşı olublar. Ona görə də Azərbaycan
poeziyasında musiqiyə bədii obraz kimi müraciət
olunması, necə deyərlər mistik məsələdir.
Məlum olan budur ki, hansı dövrdə
yazılmasından asılı olmayaraq musiqi şeiri gözəlləşdirib,
onu süsləyib, cilovlayaraq lirik-romantik hüsn verib. Azərbaycan maarifçi realizminin
görkəmli nümayəndəsi Seyid Əzim Şirvani
özünün məşhur "Guş qıl..."
müxəmməsini (XIX əsr) musiqiyə həsr edib:
Guş
qıl, ey ki bilirsən özüvi vaqifi-kar,
Agəh
ol gör ki, nədir naleyi-ney, nəğmeyi-tar,
Nədir
ol xüşk olan çubdə bu naleyi-zar -
Ki, sədasından
onun qarət olur səbrü qərar,
Açma sən pərdəni, hər pərdədə
var yüz əsrar.
Tut bərabər
dəmi-İsayə mübənni dəmini,
Qılıb
ehya özüvi, seyr elə ruh aləmini,
Ziri-qəm
olma, eşit nəğmeyi-zilü bəmini,
Çəkmə,
aqilsən əgər, dəhri-müxalif qəmini,
Şurə gəl, nəğmə ilə çək qəmi-dünyayə
həsar.
Musiqi məclisinin
əhli gərək əhli-bəsər,
Ta görə
pərdeyi-əsrardə yüz nəqşü süvər.
Mötəbər
mənbələrin birində, 6 cildlik "Azərbaycan ədəbiyyatı
tarixi"nin IV cildində (Bakı,
"Elm" 2011) bu şeir belə zikr olunur: "Musiqini haram,
onu dinləməyi isə günah sayan şəriət təbliğatçılarının
əleyhinə yazılan bu şeirdə... müğənninin
səsi İsa peyğəmbərin nəfəsinə bərabər
tutulur. Dini rəvayətə görə,
İsa peyğəmbər nəfəsi ilə ölüləri
dirildirmiş". Özlüyündə
ziddiyyətli olan bu fikir musiqinin qüdrətini təsdiq etmək
baxımından maraq doğurur. Şair
musiqinin qüdrətini neyin naləsində, tarın nəğməsində
görür. Onların sədasından
insanın səbri-qərarı qarət olur, tükənir
deyir. Çünki musiqinin hər pərdəsində
yüz əsrar-sirr var. Musiqi ölünü dirildir və
dirilmiş insan ruh aləmini seyr edir. Bu məqamda dahi
Füzulinin məşhur bir beyti yada düşür:
Ver
sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Dahi şairə görə SÖZ "yaradanın mədhü-sənası
nəğməsidir" ki, o, qeybin gizli aləmində həqiqətlər
cəvahirindən ətək-ətək şabaş edib
qeyri-məhdud xəzinələr yaratmış, məhdud hərflərin
dəyişməsilə hər xəzinəyə bir
açar ixtira etmişdir".
Deməli
SÖZ Allahın nəğməsidir! Musiqi ilə
SÖZ-ün vəhdətini, musiqinin SÖZ-ə olan
eşqini bundan gözəl izah etmək olmaz. SÖZ kimi musiqi də ölünü diriltmək
qüdrətinə malikdir. Musiqi də
SÖZ kimi "İlahi feyzdən bir xəzinədir", o da
SÖZ kimi "hər ləhzə yoxdan var olur", "qəlbimizə
nazil olur" (M.Füzuli). "Nazil olmaq"
"Quran"a aid olan bir əlamətdir.
XX əsr poeziyasında musiqiyə obraz səviyyəsində
müraciətlər çox olub. Onlardan bir neçəsinə nəzər
salaq:
Musiqi can
verir ruha əzəldən,
Musiqi qəlb alır min bir gözəldən.
S.Vurğun.
***
Vahid, o
millət ki, onun musiqisi yox,
Batsın
da yerli-dibli, elə millət olmasın!
Ə.Vahid
***
Sən də
alıb ələ bir qızıl rübab,
İncə tellərini dinləndir, ay qız.
M.Müşfiq
Dünya
müharibələri, ictimai inqilablar, repressiyalar və regional
kataklizmlərlə tarixə çevrilmiş XX əsrin
20-30-cu illərində revanşist inqilabla tarixin
gedişatını dəyişərək hakimiyyətə gəlmiş
bolşevik-kommunist diktaturasının ədəbiyyat və mədəniyyət
sahəsində təbliğatçıları olan
proletkultçular ifrat nihilizm nümayiş etdirərək
keçmişdən qalmış irsi, o cümlədən,
muğamı, tarı inkar edir, yeni cəmiyyət
üçün yararsız elan etmişdilər. Azərbaycan
SSR Xalq Maarif Komissarı, ixtisasca riyaziyyatçı olan tənqidçi
Mustafa Quliyev yazırdı: "Fars sarayında yaranmış
feodal fars (İran) musiqisi (Şikəstə, Bayatı-Qacar,
Şur) qətiyyən Azərbaycanın tələbatına
cavab vermirdi.
Azərbaycan musiqisi əcəmi dərəcəyə qədər
İran musiqi aləti tardan asılı deyildir. ...Tar nə xalq, nə də
türk aləti deyildir". Nəzəri sahədə
mövcud olan bu tipli mülahizələrin təsiri altında
proletar şairi
Süleyman Rüstəm vulqar sosiologizm mövqeyində
dayanaraq yazırdı:
Oxuma tar, oxuma tar.
Sevmir səni proletar.
Bu meyllərə
qarşı xalqın bağrından qopmuş milli istedad
Mikayıl Müşfiq özünün məşhur
"Tar" (1935) şeirində ürək yanğısı
ilə yazırdı:
Səsindən
ən lətif şeirlər dinləyim,
Oxu tar,
bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu tar!
Səni kim unudar?
Ey
geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!
İstənən havanı çala da bilərəm.
Mən səndən
bu günün zövqünü
ala da
bilərəm.
Sən bu
gün silahsan əlimdə,
Səni mən
hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm.
Qəlblərdə
gizlənən keçmişi
Bir yeni nəğmənin
əliylə
Devirə
bilərəm!
"Tar"
şeirini milli musiqi alətimiz olan tara himn
adlandırmaq olar. Şeiri oxuyanda sövqtəbii
tarın səsini eşidirsən.
XX əsrin
bənzərsiz şairi Əli Kərimin şeirlərinin
birində musiqi ilə bağlı belə misralar yer alır:
Şeirlə
mahnının möcüzəsilə
Ayılmağa
çox
dəli bir ümidim var.
Yenə də
bütün şairlərin ustadı Füzulinin bir qədər
əvvəl qeyd etdiyimiz beyti yada düşür:
Ver
sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Ə.Kərimin
sələfi Füzulini əcəl yuxusundan SÖZ
oyadırdı, Ə.Kərimi isə 500 il
sonra "şeirlə mahnının möcüzəsi"
ayıldır. Əslində lirik şeirlə
mahnının arasında bir məsafəsizlik var, şeirin
ritmi ilə mahnının ritmi üst-üstə
düşür. Müqayisəli əruzşünaslığın
banisi Ə.Cəfər yazırdı: "Əsl şeir dil və
musiqi arasında xüsusi bir sənətdir. Şeir
dilin musiqisi, musiqinin dilidir".
"Mahnının
möcüzəsi"ni gənc Ə.Kərim
"İlk simfoniya" poemasında yaradır. Bu lirik romantik
poemada məhəbbət də var, qısqanclıq da, xəyanət
də, şöhrət də! Və əslində
üç xarakter - üç əsas insan surəti
İlham, Nigar və Azad! İlhamın sevimli xatunu Nigar iki bəstəkarın
arasında qalıb - Azadın gözəlliyi və
şöhrəti Nigarın ağlını başından
çıxarır və onu cazibədar xəyanət
bataqlığına sürükləyir... Fəqət, mənim
fikrimcə poemanın əsas bədii obrazı musiqidir!
İlhamla dostu Azad musiqiyə münasibətdə istedad və
şöhrət kimi üz-üzə gəlirlər:
Nə yazmısan, ay İlham!
- Mən heç nə... Amma sənin.
De, hansı bir nəğmənin.
Elə mənası
var ki,
İnsan
heyr
ətdə qalsın.
Sən
dediyin səsləri
Hamı
eşidir bilir
Sənətkar
üçün isə
Sükutdan da səs gəlir.
Fəqət məşhur bəstəkar Azadın
"sükutun səsini dinləməyə", dərinliyə
varmağa vaxtı və hövsələsi yoxdur. Nigarın
varlığında iki hiss çırpınır,
mübarizə aparır:
Əli çənəsində düşündü dərin.
Birisi
qüdrətli, o biri təmiz -
İki
hiss
Yaşadı qəlbində mübahisəsiz.
Qüdrətli
hiss Azadla, təmiz hiss İlhamla bağlıdır:
Aldı
qucağına Nigarı onlar,
Hərəsi
bir yana çəkib apardı.
Nigarın qəlbində Azadın şöhrətin
İlhamın sənətinə (müvəqqəti!) qalib gəlir. Fəqət çox
keçmir ki, İlhamın sənəti, musiqisi aləmi fəth
edir, Nigar aldandığını anlayır, xəyanətin cəzasını
çəkir:
Musiqi
qurtardı...Dinmədi Nigar,
Əlləri qoynunda baxdı küçəyə.
Dedi:
"Harda qaldı, harda o çağlar...
İlhamın qədrini bilmədim niyə?
Məni
bu dərdlərə salan düşmənim
Azaddır, Azadın musiqisidir.
Beləliklə, hər üç insan taleyi musiqiyə
münasibətdə kəsişir və ayrılır. Əslində
Ə. Kərim poemasında musiqi ülvi bir iksir kimi insan
xarakterlərini müəyyənləşdirir. Musiqi elə bir mənəvi-estetik əyardır ki,
orada saxta, qəlp münasibətə yer yoxdur.
Aldandığını dərk edən Nigar uzağa -
Gürcüstana gedir, oradan İlhama bir etiraf məktubu
yazır:
"Salam,
könlü qan olan,
Məndən
nigaran olan!
Vəfasızam,
Pis
qızam,
Uzaqlarda yalqızam.
Gündüzüm
qəm, gecəm qəm,
Yaşayıram
hardasa,
Heç özüm də bilmirəm.
Yəqin
deyirsən ölmüş!
Ölməmişəm
mən ölmüş!
Canımı
almaq üçün
Əcəli
tap, əmr elə.
Mən
bir heçəm, barı sən
Səadətlə ömr elə".
Həqiqəti
dərk etməyə Nigara İlhamın "Damcılar"
simfoniyası kömək edir:
...Damcı
damcıya çatdı,
Damcı dərya yaratdı.
Bu simfoniyanı İlham "Bir damcı" kimi hələ
uşaqlıqdan öz qəlbində ən ülvi bir arzu kimi
bəsləyirdi.
"Damcılar"
bütün dünyaya səs salır, bu səs Nigara
rahatlıq vermir:
Simfoniya
susmayır,
Simfoniya çağlayırdı.
Elə bu
vaxt uzaqda
Yerə
dikib gözünü,
Qucaqlayıb
dizini
Bir
gözəl ağlayırdı...
Musiqiyə,
onun qüdrətinə, istedadın qələbəsinə, həqiqi
məhəbbətə, aldanışa və xəyanətə
həsr olunmuş "İlk simfoniya" poeması insan
münasibətlərinə bulaq suyu kimi aydınlıq gətirir.
1975-ci ildə
filosof şair Bəxtiyar Vahabzadənin fikrimcə ən
gözəl əsəri - "Muğam" poeması
çapdan çıxıb, sonralar biz gənclər bu əsəri
milli varlığımıza təşnə qəlbimizlə
su kimi içdik.
"Muğam" quş səsinin tərənnümü
ilə başlayır. Şair:
Quş
dilini bilmiriksə,
Günahkarmı o quşcuğaz? - deyə
oxucusuna sual verir.
Bu yerdə
şairin böyük sələfi İ.Nəsiminin bir beytini
xatırladım:
Heç
kimsə Nəsimi sirrini faş edə bilməz,
Bu "quş dili"dir, bunu Süleyman dəxi bilməz.
Muğam
təbiətin səsli dili, quş dili, sükut dilidir:
Qayalardan
sızan suyun,
Dərələrdə
azan suyun
Səslərini
Bir-birindən ayıra bil.
O, bir
deyil, yox bir deyil.
Səs də
var ki,
Sözün deyə bilmədiyi sözü deyir.
Elə səsin özü şeir, sözü şeir.
Söz -
qəlbdəki bir mətləbin
Öz səsidir...
Nəğmə
- səsin şeiriyyəti,
Şeir sözün nəğməsidir.
Beləliklə "Muğam" səs haqqında
uvertüra ilə başlayır. Səs şairin əsas
obrazıdır, muğamın şöbələri əslində
səsin rəngləri, səsin fəlsəfəsi, sözə
çevrilmiş səsin estetikasıdır.
Əvvəlcə "Şur" gəlir və o
şairə xalqın qəhrəmanlıq tarixindən
danışır. "Şur"da tarixin izi yox, həm də özü
var, ətri var, tarixi faciələrin sarı-boz rəngi var:
Dinlə
"Şur"u
Öz qəlbini
sənə açan,
Hər kəlməsi
alov saçan
Tarix
yaşlı baban kimi,
Gözüyaşlı anan kimi.
Quş
qonmayan qayalardan daş tərpədər,
Kirpiklərdə yaş tərpədər.
Mahnılar
var, ayaqları,
Muğamlarsa baş tərpədər.
Muğam "baş tərpədər" səslərin
ahəngi ilə qəlbdən idraka səfər edir, qəlbi
riqqətə gətirir, ruhu ilə yaddaşı ayıq
saxlayır. Bəs "Şur" nə edir?
Dağlar
başı ağ, çölləri al,
döşləri əlvan,
Hər pərdəsi bir rəngə çalan mənzərədir
Şur.
Qürbətdə
Vətən həsrəti, yurdunda bir anlıq,
Yaddaşda yanıb, tez də sönən xatirədir
Şur.
"Şur"dan
sonra "Çahargah" gəlir, şair
"Çahargah"ın ritmini, harmoniyasını,
uyqusunu-duyğusunu, sözə çevirib özünəməxsus
tərzdə mənalandırır:
Təlatümlər,
həyəcanlar
Bərdaştıdır,
ön sözüdür
Mayəsində
səslər uçur
Qanad-qanad,
Nəql
olunur ötən gündən
Bir əhvalat
"Bəstənigar"
aman çəkir,
Şahə
qalxan dalğalardır bir "Müxalif" guşəsi,
Dəryalar ləngərlədən tufandı, tufan
"Çahargah".
Guşələr
göy gurladır, yer titrədir, sel oynadır,
Göndərir yadelliyə imzalı fərman
"Çahargah".
Simlərin
mizrab ilə toqquşmasından od
çıxar,
Yoğrulubdur bəlkə də çaxmaq
daşından "Çahargah".
Cövhərində
bir həzinlik, bir xəfiflik saxlanır,
Ayrılıbdır
öylə bir can sirdaşından "Çahargah".
Beləliklə, şair "Çahargah" aləminin
gizli qatlarına baş vurur, o qatlarda əsrlərlə
mürgüləyən mənaları zəmanəmizə və
dövrümüzə təslim edir. B.Vahabzadə
Muğamı "mərifət, qanacaq
ölçüsü" adlandırır, özünə məhək
sanır, insanların məhək daşı
sandığı Muğamla saf-çürük edib qiymətləndirir.
Şairin konsepsiyasında Muğam insanlığın dəyər
ölçüsü, mənəvi meyar misalındadır:
"Sözümdə olsaydı səsinin gücü, Onu
başım üstə bayraq edərdim" - deyir.
"Segah"
şairin qəlbində belə yonulub yoğrulur:
Ey
"Zabul segah"ım, "Orta segah"ım,
Mənim öz amanım, mənim öz ahım.
Sən mənə
kimsədən pay verilmədin,
Sən özgə çeşmədən gətirilmədin.
Bağrından
sızılıb sən durulmusan,
Məndə yuvalanıb mənim olmusan.
(Bəxtiyar
şeirində "Segah" könül ağladan, göz
yaşları tək gözə dolan, könül
hıçqırtısı, qəlb atəşi, ananın
südü tək halal, insanı öz varlığından
yox edən - alıb aparan, dinləyicini dünyanın dar
çərçivəsindən azad edən, qəlbə atəş
çiləyib, ağıla hökm eləyən bir mübhəm
musiqi kimi vəsf və tərənnüm olunur.
"Rast" şairin könül dünyasına təmkinlə
söhbət açan müdrik ağıl, dərin
düşüncə, el ağsaqqalının öyüd səsi,
idrakın özünü dərk etmə məqamı kimi ləngərlə
daxil olur.
"Rast" müdrik bir qəlbin draması, qəlbin romantik
tragediyası, coşub-daşan ağıl dəryasıdır:
Bir aqilin hikmətli nəsihətləridir "Rast".
Tarix danışan kölnə rəvayətləridir
"Rast".
"Dilkəş"də
pıçıldar bizə dünya kədərindən,
İnsanın ədalətli şikayətləridir
"Rast".
Belə
bir minvalla "Humayun" kimi zülmətə millənən,
ülviyyətə, qüdsiyyətə, şeiriyyətə
çağıran gizli şikayət, "Şüştər"
şanlı qədim keçmişimizin dili, nakam ana
laylası, ağlı başdan alan bir dəli
kimi zikr olunur. Eləcə də
"Bayatı-Şiraz" muğamat qəsrinin gözəl gəlini,
mizrabda hönkürən sarı simlərin cövlanı,
sevincdən kədərə, qəmdən nəşəyə
keçid meydanı kimi tərənnüm və təqdim
olunur. Nəhayətdə bütün
bunlar "Muğam"ın estetik məzmunun, filosof şair,
milli mənəviyyatımızın tizfəhimli şəxsiyyəti
Bəxtiyar Vahabzadənin əsrlərin yaddaşından gələn
bəşəri musiqimiz olan Muğam haqqında estetik
konsepsiyasını müəyyənləşdirir.
Poemanın sonunda o konsepsiya belə zikr olunur:
Daş ürəklərdə yanıb daşları
sındırdı muğam.
Haqqa düşmən olanı haqqa tapındırdı
muğam.
Nə
güman eyləmisən ondakı tilsimləri sən,
"Kürü ahıyla qurutdu", "Salı
yandırdi" muğam.
Onun hər
guşəsi bir xatirə, bir canlı kitab,
Keçilən yolları hərdən bizə
andırdı muğam.
Su
çilər kinli ürəklərdə qəzəb
tonqalına,
Neçə qəsdin önünü kəsdi,
dayandırdı muğam.
O, ürək
yanğısı, göz yaşları, bir çəngə
bulud,
Oyadıb yaddaşı, vicdanı utandırdı
muğam.
Dəfn
edin siz məni "Zabul segah"ın mayəsinə,
Deyirəm, bəlkə, məni bir gün
oyandırdı muğam.
Çox
kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə
qandırdı muğam.
Bu misralar Azərbaycan musiqi mədəniyyətinin
uvertürası adlandırıla bilər. Ümumiyyətlə,
muğam bizim milli varlığımızın, kimliyimizin sənədidir.
Lirik-romanrik
şeirin görkəmli ustadı, qiymətli mənzum
dramları ("Atabəylər", "Pompeyin Qafqaza
yürüşü"), klassik poema örnəkləri
("Zümrüd quşu", "Kimin sualı var?")
yaradan Xalq şairi N.Həsənzadənin "Sözü tara
verin" (2013) lirik poeması müasir dövrün musiqi
obrazı yaradan uğurlu əsərlərdəndir:
Deyirlər,
Tanrının səsi muğamdı,
Eşq özü muğamdı, bəhsi muğamdı.
Adəm-Həvva
əhvalatı muğamdı,
Şairlərin öz həyatı muğamdı.
Leyli sözü, Məcnun sözü muğamdı.
Şair, Azərbaycan özü Muğamdı.
Muğamdı
dünyanın yaranmış günü
Tarı o
sinəyə qaldıran əl var
Çün
o sinənin içində ləl var
Onda
Füzuli var, onda
qəzəl var
Orda
"Şəbi-hicran" sətrinə dəymə
"Oxu tar" deyənin xətrinə dəymə.
Bu misralar əslində muğam-musiqi haqqında kövrək və zərif bir rəvayətdir. Bu romantik rəvayətin qəhrəmanları "Tanrının səsi", "Eşq", Adəm və Həvva", "Şair", "Azərbaycan", "dünyanın yaranmış günü", "tar", "Füzuli", "qəzəl, "Şəbi-hicran", "Oxu tar - Müşfiq" var. Bunlar N.Həsənzadənin poetik musiqi konsepsiyasının atributları musiqimizin tacı olan muğamın rəngləridir. Və bunlar bir yerdə şairin bədii təfəkkürünün mütəhərrikliyini göstərir.
İstedadlı müğənni, xanəndə və bəstəkar musiqini yox, həm də poeziyanı şöhrətləndirir, sevdirir, ədəbiyyata xidmət edir. Mahnını sözdən ayırmaq olmaz. Bəzi bəstəkarlar əvvəl mahnını melodiyasını yazır, sonra isə uyğun gələn şeir axtarır və yaxud şair dostlarına yazdırırlar. Əslində isə mahnısı sözlərində olan şeirləri tapıb üzə çıxarmaq lazmıdır. "Lirika lal duyğulara söz və surət verir, onları köksün dar qəfəsindən ədəbiyyatın təmiz havasına çıxarır". (V.Q.Belinski)
Əslində musiqi lal duyğuların fəryadıdır. Həqiqi mahnı bəstəkar sükutun səsini dinləməyi bacaranda, eşidilməyən səsləri eşidəndə yaranır.
Böyük türk-qırğız yazıçısı Çingiz Aytmatovun "Cəmilə" povestinə dünya şöhrəti qazandıran Cəmilənin eşqinin simvolu olan Dəliyarın oxuduğu nəğmədir. Adətən sevənlər, həqiqi aşiqlər məhəbbətlərini gizli saxlayırlar, bir-birlərinə bir mahnının musiqisi ilə çatdırırlar.
Azərbaycan muğamlarına müasir dövrdə Heydər Əliyev Fondu sahib çıxdı, onları milli sərvətimiz kimi bir yerə toplayıb azad həyat verdi. Bunun sayəsində müstəqil Azərbaycanda çox qüvvətli gənc Muğam məktəbi formalaşıb. Azərbaycan muğamı bizim müzəffər xalqın milli-mənəvi kimliyi haqqında əbədi sənəddir.
Musiqi millətin mənəvi aləminin zirvəsi
kimi şeirimizdə bu gün də aşılanır. XXI əsri - "türk əsrini"
(İlham Əliyev) zəfər nəğməsi kimi musiqi yenə
də ruha qida verir. Muğamın şöbələri gəncliyi
qəhrəmanlığa səsləyir. Muğam çoxəsrlik
Azərbaycan poeziyasının ən mükəmməl musiqi
obrazı, şeirin musiqisi - musiqi fəlsəfəsidir.
Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ
Professor
525-ci qəzet.- 2022.- 6 mart.- S.13-14.