Məişət zorakılığı
halları hansı səbəblərdən yaranır?
Amansızlıqla öldürülən qadınlar
tez-tez xəbər mövzusu olurlar. Bəzən belə
qətllər narkotik vasitələr, spirtli içkilərin təsiri
altında, qısqanclıq
zəminində, namus cinayətləri adı ilə törədilir.
Fevralın 13-də belə qətllərdən
biri də baş verdi.
Elməddin Həsənov
1995-ci il təvəllüdlü həyat
yoldaşı Həsənova
Laləni və
2014-cü il təvəllüdlü
qızı Q.Həsənovanı
bıçaqla qətlə
yetirdi. Cinayətin başvermə səbəbi
kimi atanın psixi problemləri olduğu deyilir. Son sözü isə
istintaq deyəcək.
Buna bənzər hadisələr tez-tez təkrarlanır. Tərtər rayon sakini Anar Əliyev
rayon məhkəməsinin inzibati
binasının qarşısında
boşanmaq üçün
gələn həyat yoldaşı - Arzu Abbasovanı qətlə yetirib. Tural Mustafayev 1997-ci il
təvəllüdlü Təranə
Mustafayevanı uşaqlarını
parkda gəzdirərkən
öldürüb. Gülgəz Mustafayeva, Məhəbbət
Süleymanova, Könül
Bayramovanı da ərləri qısqanclıq
zəminində qətlə
yetiriblər.
Statistik məlumatlara görə, dünya üzrə öldürülən hər
10 qadından 6-sı, demək
olar ki, intim tərəf müqabilinin və ya ailənin digər üzvünün
qurbanı olur. Qadın qətllərinin
34 faizini intim tərəf müqabili, 24
faizini ailənin digər üzvləri, 42 faizini ailə üzvü olmayan cinayətkarlar törədir.
Azərbaycanda isə 2020-ci ilin birinci yarısında zərərçəkmiş qadınların
sayı 511 nəfər
olduğu halda, 2021-ci ildə bu rəqəm
639 nəfərə qədər
artıb. 2020-ci ilin
birinci yarısında
13 nəfər qadın
öldüyü halda
2021-ci ilin birinci yarısında bu rəqəm 20 nəfərə
çatıb. Bu da
2020-ci illə müqayisədə
qadın qətllərinin
1,5 dəfə artdığını göstərir.
Qadın qətlləri hansı səbəblərdən baş
verir? Cəmiyyətimiz bununla bağlı
nə düşünür?
Elə bu sualla şəhər
sakinlərinə mü
raciət etdik. Qənaətimiz bu oldu ki, əsas səbəblər
kimi sosial şəbəkələr, xəyanət,
qadınların ailədə
rolunun artması, evə qazanc gətirən qadının
yanında kişinin nüfuzdan düşməsi,
mental dəyərlər, adət-ənənələrdir.
İmran
Mustafayev, şəhər
sakini: "Qadınlar
kişini çilədən
çıxarır. Bir sözünü
iki edir. Amma belə şiddət etmək də yanlışdır. Bu, bir
az da
xəstəlikdən qaynaqlanır.
Aranızda bir anlaşılmazlıq varsa
da, dön get. Amma seriallarda da görürük ki, qadınlar kişilərin
üzərinə necə
bağırır, necə
çığırır. Bu da kişilərin
əsəbləşməsinə səbəb olur".
Lala Quliyeva: "Belə hallar qısqanclıq üzündən daha çox baş verir. Qadın işləyir, bütün
ağırlığı çəkir.
Amma kişi
onu hələ bir qısqanır da. Hər şey maddiyyatdan
başlayır".
Nazlı
Hüseynova (70 yaş):
"Mənə elə
gəlir ki, indiki şəraitdə insanlarda psixoloji dəyişikliklər gedir.
Aqressiya yüksəlir. Elə qadınlarda
da, kişilərdə
də".
Əmrah
Həsənli (65 yaş):
"Şüurlu adam belə bir şey etməz.
Geri qalmış, köhnə fikirli insan bunu edər".
Gülər İbrahimova: "İki
aydır yoldaşım
rəhmətə gedib.
Özümü günahkar hesab
edirəm ki, onu xilas edə
bilmədim.
Qadınlar gərək kişilərin
papağını yerə
soxmasınlar. Onlar çox
incə məxluqdurlar.
Mən istəyərdim ki, qadınlar kişilərin
başını uca tutsunlar".
Sağlam
Cəmiyyət Hərəkatının
sədri, sosioloq Lalə Mehralının fikrincə, qadınların
məişət zorakılığına
məruz qalması getdikcə adi hal alır: "Əvvəllər mətbuatda
belə hadisələr
barəsində oxuyanda
təəccüblənirdik. Bizə şok effekti verirdi. Artıq xəbər lentində
belə informasiyaları
görəndə təəccüblənmirik,
çox vaxt heç oxumuruq da. Bəzən deyirlər ki,
bunun səbəbi qadından qaynaqlanır, onlar kişiləri məcbur edir. Mən hesab edirəm ki, səbəbi nə olur-olsun, heç bir kişi
bir qadını öldürəcək haqqa,
hüquqa sahib deyil. Hesab edirəm ki, bu cür vəziyyətlərdə
dəfələrlə ağırlaşdırılmış
cəza verilməlidir
ki, sonrakı dövrlərdə bu cür qətllər təkrarlanmasın. Təəssüf ki, qətl, cinayət törətmək
bizim cəmiyyətimizə
illərlə aşılanmışdı.
Efirlərdə, cinayət
verilişlərində qətl
törətməyin üsulları,
cəsədi necə gizlətməyin yolları,
hüquq-mühafizə orqanlarından
yayınmaq barəsində
təfərrüatlı verilişlər
hazırlanırdı. Hansısa cinayətkarın
törətdiyi əməl
nümayiş etdirilirdi.
Hansısa cinayətə meyilli
olan insanlar üçün bu, göydəndüşmə idi.
Onlar həmin insanın qətli necə və hansı şəraitdə törətməsinə
baxırdılar. Suç aləti
nə olub, qətli necə yox edib, illərlə
gizlənə bilib, izi necə itirib.
Buna görə də, o verilişlərin
reytinqi yüksək idi. Bu cür
verilişlərlə əslində,
alt zəmin hazırladılar.
Buna görə də belə hadisələr çoxalıb.
Mənə elə gəlir
ki, qətli törədən səbəblər
öyrənilməli, araşdırılmalıdır".
Mentalitetimiz kişinin xəyanətini
bağışlayır, qadın
xəyanət edirsə,
üstü açılırsa
ya boşanır, ya da öldürülür. Başqa
sözlə desək,
kişi xəyanətinə adi hal - "kişidir, kişiyə olar" prizmasından yanaşılır.
Və bir çox kişilər qınaqdan özlərini sığortalamaq
üçün törətdikləri
əməlin "namus"
məsələsi olduğunu
deyirlər. Buna nümunə
olaraq, dayısının
yastıqla boğaraq öldürdüyü Fatimə
Məmmədovanın qətli, 4 qızı ilə birlikdə qətlə yetirilən ananın cinayətini misal çəkə bilərik.
Cəmiyyətdə əksər fərdlər qadınları qınaq hədəfinə çevirir, kişilərə isə haqq qazandırır. Yazılan şərhlərə görə, çoxluq öldürəni yox, öləni günahkar sayır. Belə məqamlarda "Görəsən, o, nə etmişdi? - deyirik.
Psixoloq Aytən Ələkbərova deyir ki, insanların bir-birini qavramasında sosial stereotiplərin öz rolu var: "Bu rol məhz sonunda zorakılığamı gətirib çıxarır? Stereotiplərdə müəyyən obyektlər haqqında müəyyən biliklər öz əksini tapdığı halda, nə üçün onların əsas funksiyası heç də bununla bağlı deyil. Bir tərəfdən deyirik öz rolunu tapır, bir tərəfdən də deyirik ki, heç bununla bağlı deyil. Bunun bir mənasını açıqlamaq istərdim ki, bu gün qadın-kişi - gender bərabərliyi haqqında danışırıq. Amma kənardan baxmırıq ki, biz kişilərimizi nə dərəcədə öldürürük. Söz, hüquq azadlığı ancaq qadındadır deməklə kişilərdə qıcıq yaradırıq ki, bu gün qadınlara qarşı zorakılıq baş verir. Mənim öz hüququm var deyib, bunu xaotik şəkildə edirik, şüurlu şəkildə etmirik. Burada yönəlişdə artıq öndə gedən şüurlu və şüursuz addımdır. Bu gün şüursuz addımlar gətirib zorakılıqlara çıxarır. Bu zorakılığın içərisində müxtəlif səbəblər ola bilər. Təkcə burada xəyanəti düşünmək olmaz. Psixi zorakılıq var ki, qadının özündən asılı olmayaraq zorakılıq edir. Ailədə baş verən söz-söhbətlər, "anan bunu dedi", "bacın bunu dedi", "qardaşın bunu dedi" və s. Bunun nəticəsində iki insanın münasibətində problemlər yaranır və zorakılıq baş verir. Və yaxud da tərsinə. Kişinin qadına qarşı etdiyi psixi zorakılıq. Bir umacağı olur. Məsələn, sənin atanda bu var, o istəsə, bunu bizə edə bilərdi və s. Məsələlər o qədər bəsitdir ki... Amma bu bəsitliyin içində birbaş hadisə var. Kişilər zorakılıqla qadını özünə tabe etmək istəyir".
Son illər saytların manşetinə çevrilən bu mövzuya dövlətimiz də həssas yanaşma sərgilədi. Ötən il ölkə Prezidentinin imzaladığı "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2030-cu illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi də bunun bariz nümunəsidir. Ölkə başçısının fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icrasını öz nəzarətinə götürməsi də, problemin həllində cavabdeh qurumları məsuliyyətə səsləyir. Gələcəkdən ümidlərimiz, gözləntilərimiz çoxdur. İnanırıq ki, ölkəmizdə qadınların hüquqlarının qorunması istiqamətində əsaslı dönüş yaranacaq.
Dilşad XAQANİQIZI
525-ci qəzet.- 2022.- 6 mart.- S.12.