Göylər qədər sonsuz
8 MART
- DÜNYA QADINLAR BAYRAMINI TƏBRİK ƏVƏZİ
Esse
İnanmıram ki, eşidildiyi, oxunduğu anda QADIN kəlməsinin
dərinliyinə dalmayan kimsə tapılsın.
İnanmıram
ki, QADIN deyiləndə insanın (istər kişi
olsun, istər qadın) ruhunda həmin ana uyğun bir ovqat
oyanmasın!
Allah-təalanın, Ana Təbiətin bizim canlı həyata
bəxş etdiyi bu şüurlu, mərhəmətli
varlığın sirrini, cazibəsini sonacan duyub anlayan bir kimsə
varmı görəsən?
QADIN bəşər övladının mövcudluq
eralarında müstəsna bir tarixdir; hərdən o
böyük xronologiyanı ən yığcam şəkildə
öz varlığımda duyuram. QADIN Ana planetimizin təki,
dibi qədər dərindir. Milyon, min illərdir
zaman, insan, iradə, fəhm, fəlsəfə, elm o dərinliyi
anlamağa, kəşf etməyə çalışır.
QADIN ilkin başlanğıc kimi mübhəm və
örtülüdür. Bəlkə bir çox hallarda əks cins (kişi), eləcə
də doğmalar, yadlar, övladlar və valideynlər
qadını dərk etməyə çalışarkən
uğursuzluğa düçar olur, əsəbləşir, bəlkə
elə qadına şiddət onu anlamaq cəhdindən
doğulur; necə ki, anadan bala doğulur, necə ki, gecənin
zülmətindən sübh şəfəqləri
doğulur, necə ki, şərin içində xeyir də
var...
QADIN güldür... deyilib.
QADIN sevgidir... deyilib.
QADIN-ın
özü ürəkdir, eyni zamanda ürəyin də ürəyi
var. Ürəyin ürəyidir QADIN qəlbi... Dualizmin
təlqininə görə, insan yalnız cismdən ibarət
deyil, həm də ruhdur. Qadın ruhun ruhudur.
2
Dünyanın və Azərbaycanın mifoloji mətnlərində
qadının iştirakı ilə baş verən elə
örnəklər var ki, onları dinləyəndə və
yaxud oxuyanda təpədən dırnağacan ruha tutuşmamaq
mümkün deyil. Uşaq vaxtı belə bir mif
eşitmişdim və o mifin təsiri nəticəsində elə
hey böyük, yaşlı adamların əllərinə
baxırdım ki, onun barmaqlarının hamısı yerindədirmi?
Baş qəhrəmanı qadın olan o qəribə əhvalat
belə baş vermişdi...
Bir kişi ilə bir qadın varmış,
bunların da beş uşağı varmış. Çox kasıb imişlər. Deyirlər,
söz vaxtına çəkər, ilin elə bu vaxtları,
bir Novruz bayramı ərəfəsində qadın ərinə
deyir:
- A kişi, belə getsə, bu uşaqları
böyüdə bilməyəcəyik. Əyin-baş
ala bilmirik, cəhənnəm, bunlar acından qırılmasa
yaxşıdı.
Kişi
deyir:
- Bəs
neyləyək, özün görürsən ki, səhərdən
gecəyə qədər çalışıram,
qazancımız evi dolandıra bilmir.
Arvad
deyir:
-
Eşitmişəm, yeddi ildən bir Novruz gecəsi
söyüdlər alnını torpağa qoyanda onu görən
şəxs əlini daşa uzadıb arzulasa ki, daş
qızıl olsun, olur... Qərara gəlirlər
ki, bunu sınasınlar. Novruz bayramı gecəsi
gücləri zorla çatan iri bir daşı qucaqlarına
alıb gözləyirlər ki, söyüd ağacı
başını torpağa əysin. Az
keçdi, çox keçdi, gecənin dərinliyindən pilə
kimi yumşaq, qəribə meh əsdi. Söyüd
ağacı qatlanıb alnını torpağa dayananda arvad
karıxdı, əlini daşın əvəzinə ərinə
tərəf tuşlayıb təlaşla dedi;
- Allah,
bunu qızıla çevir.
Söz
ağzından çıxan kimi kişi
diricə qızıla döndü.
Arvad bilmədi neyləsin. Axı qızıl da
olsa, böyründəki əridi, sata bilməz, xərcləyə
bilməz. Hələ bu harasıdı, qızıl
kişini canlı adama çevirmək üçün 7 il
yenidən gözləmək lazım idi ki, həmin Novruz gecəsi
qızıla dönən kişini bu söyüdün
altına gətirib desin ki, Allah, bu qızılı adam elə.
O da ki, ola, ya olmaya.
Arvad kor-peşman qızıla dönən ərini
aparıb anbarın dərin yerində gizlətdi ki, bu
biabırçılıqdan xəbər tutan olmasın. Az
keçdi, çox keçdi, günlərin bir günü
başsız ailənin vəziyyəti lap pisləşdi. Arvad
uşaqlarını aclıqdan qorumaq üçün fikir elədi,
qalxıb getdi ərini gizlətdiyi anbara, ehtiyatla onun əl
barmağının birini kəsib, onu qızıl adına satdı. Uşaqlar
ölmədi, salamat qaldılar.
7 ildən
sonra arvad sirli Novruz gecəsi ərini yenə həmin
söyüdün altına gətirdi, ağac
başını torpağa əyəndə yalvardı ki,
qızıl kişini adi adam eləsin.
Allah qadının
yalvarışını eşitdi. Qızıl kişi adam oldu. Amma onun sol əlində beş yox, dörd barmaq var idi...
Bu əfsanə qadının fövqəladə miqyasda
mübhəm və tədbirli təbiəti haqqında,
özü də xalqın söz çeşməsindən
qaynaqlanan bir mesajdır.
3
Sevimli
şair Tofiq Bayramın bir gözəl şeiri var:
"Qadın ürəyi". Oradakı isti, coşğun
misraları oxuyub həyəcanlanmamaq mümkün deyil...
Necə rəhmlidir,
necə amansız,
Necə
mehribandır qadın ürəyi!
Sən
onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.
Güldüsən,
ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir.
O, əsl
qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Qadın ürəyini tərənnüm edən bu
gözəl əsərdə şair ilhamdan qanad taxaraq
qadın kimdir, qadın ürəyinə necə yol
tapmalı, qadının çevrədən
umub-umacağı nədir - suallarına cavab axtarır. Cavablar isə
var; lakin bunlar poetik cavablardır.
Dünya psixologiya elminin inqilabçısı, dahi
Ziqmund Freydin qadınlar haqqında söylədiyi çoxlu
mülahizələrdən biri dünənin və
günün baş psixoloqunu - yəni Ziqmund Freydi və onunla
bərabər də bizi məyusluğa qərq edir.
Dahi
psixoloq deyirdi: Otuz il ərzində qadın problemini
araşdırmağıma baxmayaraq, böyük suala cavab tapa
bilmədim; əslində, qadınlar nə istəyirlər?..
Qadınlar
barədə onların özləri, eləcə də kişi mütəfəkkirlər tərəfindən
saysız-hesabsız araşdırmalar aparılıb. Müstəqillik illərində yaranmış sərhədsiz
ümumi və yaradıcılıq mühiti fonunda, mənim nəzərimcə,
bütün mövzulardan daha ciddi olan bu mövzu sanki ən
yaxında olandır, əlini at, götür. Yeni müəlliflər, yazıçılar,
publisistlər, şairlər, pedaqoqlar, psixoloqlar, təbiblər,
sosioloqlar, filosoflar... qadından danışır,
Şekspirvari yox, geniş anlamda "şıltaq qızın
yumşaldılması" üçün qalın-qalın
kitablar yaradırlar. Xüsusilə
dünya nəşriyyat evləri tərəfindən
buraxılan, bestseller yarlığı ilə yayılan nəşrlər
bizim prestijli kitab evlərində gündən-günə
çoxalmaqdadır.
4
Qadın dünyası canlı aləmdə tayı-bərabəri,
misli olmayan bir qaladır, qəsrdir. Qoy bizim bu yığcam
yazımız o qalanın divarlarında xırda bir
naxış olsun... Və həm də bilin ki, o
naxış heç də həmişə parlaq Günəş
şəfəqləri altında bərq vurub nur
saçmır, bəzən şiddət tufanları onun
işıqlı səthini boğur, qaraldır.
Ağlı-qaralı, işıqlı-zülmətli
dünyadır qadın dünyası...
Qadın kimdir? O olmasaydı, bu dünya necə bir dünya olardı? Ondan inciyən, onun incitdiyi kimsələr varmı,
onu kimlər, nələr incidir? Biz bu
cavablara da dünyanın yaşı qədər qədim olan
qadınlıq tarixinin işığında baxa bilərik.
"Qadının
pisi qədər pis, yaxşısı qədər
yaxşı bir varlıq yoxdur" - bunu qədim yunan alimi Evripid
deyib.
"Qadın
dəniz kimidir, heç inanmaq olmaz ha" - Tofiq Fikrinin
misrasıdır. Bu şeirin sonunda acından son
taqətini itirmiş xəstə anası üçün dənizdən
qayıqla heç olmasa bircə dənə balıq
ovlayıb gətirməyə gedən gənc oğul tufana
düşüb dənizdə qərq olur.
Viktor Hüqonun
fikrincə: "Qadınların saxlaya biləcəkləri
yeganə sirr, bilmədikləri sirdir".
Lev
Tolstoyun sözü Freydlə eyni hədəfi vurur:
"Qadın elə bir mövzudur ki, onu nə qədər
araşdırırsan araşdır, hər vaxt yenidir".
Sokrat
deyir: "Evlənmək vaxtınız gəlibsə, evlənin.
Qorxulu heç nə yoxdur. Əgər
arvadınız yaxşı olar, xoşbəxt
olarsınız, pis olar, filosof olarsınız!"
5
Bu günlərdə feysbuk sosial şəbəkəsində
paylaşılan bir lətifə diqqətimi çəkdi. Müqayisələr
bir qədər kobud görünsə də, məzmun ibrətamiz
idi. Birindən soruşdular ki, qadın sənin
üçün nədir?
Dedi:
-
Qadın mənə görə ayağa geyilən corabdır,
çirkləndi dəyiş.
Başqa
birisindən soruşdular:
-
Qadın sənin üçün nədir?
Dedi:
-
Qadın mənə görə baş tacıdı.
Sual verən
müdrikə üz tutdu, soruşdu:
- Xocam, nə
səbəbdən eyni suala iki adam fərqli
cavab verdi?
Müdrik
söylədi:
- Kim
özünü ayaq sayırsa, qadın onun üçün
çirklənəndə dəyişilən corabdır, kim özünü baş bilirsə, qadın
onun üçün tacıdır!
Kim nə
deyir desin, hansı əfsanələr, lətifələr,
müdrik sözlər olur-olsun, QADINI yaradan dəyər də,
onu dəyərləndirən meyar da QADININ özüdür. Ana duyğulu, qadın, bahar nəfəsli bu xəfif
vaxt məqamında bilirsiz nə demək istəyirəm?
Demək istəyirəm ki, hər şeydən öncə
Özünü, Ruhunu tanı, QADIN!
Sokrat
deyirdi: İnsan əxlaqsız hərəkətin nə
olduğunu bilsə, heç vaxt pis hərəkət etməz.
Pis hərəkət insanın səhvidir.
Heç kəs bilərəkdən səhv etməz!
Öyrən,
bil, qadın! Yüksəliş yolu bilməklədir.
Bil və səhv etmə! Bilsən, səhv etməyəcəksən!
Yalnız bir xeyir var - bilik, yalnız bir şər var - cəhalət!
6
Qadınlar güzgünü çox sevirlər. Əfsanəylə, lətifəylə,
müdrik sözlərlə naxışlanan qədimi
güzgünü böyük ehtiramla bir kənara qoyub
yaşadığımız modern dünyanın zövqünə
uyğun güzgüyə tərəf dönürəm!
Bu
güzgüdə mənəm, sənsən, odur, sizsiniz,
onlardır, bizik!
Biz, yəni
Qadın! İndi var olan, indi yaşayan və yaşadan QADIN
baxır mənə o aynadan!
Aynaya
doğru bir az da irəliləyirəm, QADIN adlı o pak parlaq
güzgüyə daha yaxın olmaq, güzgüdə əks
olunan gerçəkləri hər kəsə anlatmaq
üçün!..
Biz
qadınıq... biz səbirliyik, güclüyük!
Biz
dörd bir yanımızdan ötüb keçən hər
bir insanı görürük!
Biz
onların dərdinə, sevincinə şərikik!
Biz ətrafımızdan
ötüb-keçən hər bir həmcinsimizə həmişə
kömək etməyə hazırıq!
Biz
paxıllıq, qeybət, həsəd hissinin nə olduğunu
bilmirik!
İndi
dünyanın hər yerində zaman və insanlar
qadının dəyərini bütün tarix boyu olduğundan
daha artıq dərəcədə bilir, bizim
adımızı ən uca məqamlarda saxlayırlar!
Tarix bizə dərs vermişdir. Elə bir dərs ki,
qadın özünü dərk edir, özünü
tanıyır. Özünü tanıyan qadın nəinki
zorakılığın, şiddətin bütün
hallarına yox deyir, həm də bu yolla o bütün neqativ
basqıların işə düşmə imkanlarını
heçə endirir!
Qoy
qadın hər zaman bütün ətrafın zərif cinsə
bəslədiyi sevgi ilə, özünə inamla, bəşəriyyət
naminə ruhunda daşıdığı məsuliyyət
hissi ilə, mərhəmət, vəfa, etibar, məlahət,
cazibə rəmzləri ilə, ən gözəl geyimi olan
isməti ilə yetişdiyi ucalıqdan bircə misqal belə
enməsin!
Təranə PAŞAYEVA
Psixologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2022.- 6 mart.- S.10;15.