Zaman içindəki
zaman
ƏFLATUN
AMAŞOVUN "QANIQ, HASAN, BİR DƏ QARAGÖZ" ROMANI
HAQQINDA DÜŞÜNCƏLƏR
"Ulduz" jurnalı 2022-ci ilin yanvar sayının
"Dərgidə kitab" rubrikasında
yazıçı-publisist Əflatun Amaşovun "Qanıq,
Hasan, bir də Qaragöz" adlı romanını təqdim
edib.
Təqdim olunan əsər, əslində, zaman içində
zaman, dövr içində dövr, eləcə də tarix
içində tarix kimi oxunur. Əsərin
nağıl içində nağıl, yuxu içində yuxu
effekti daha çox diqqətçəkicidir. Əsərdə
təqdim olunan hər bir personaj bütün
yaşantıları ilə elmi, tarixi, ədəbi-bədii, sənədli
mənbədən oxucuya yetərincə tanış
olan obrazların tale ortaqlarıdır. Əsər
boyunca mif gerçəkliyi, keçmiş
çağdaşlığı, xatirələr
reallığı addım-addım izləyir. Məlum olaylar bir-birinin fonunda
qaynayıb-qarışır, kində barış,
barışda axirət, axirətdə yaradılışa
inam fürsəti sərgilənir. Təsvir
olunan hər olay özünün yeni, gözlənilməz, qəribə
hadisələrilə təsvir olunur. Ən
maraqlısı isə odur ki, bu qəribəlik, gözlənilməzlik
toranlığında hər kəs məhz ona lazım
olanı, illər boyu axtardığını tapır. Müəllif bu tapıntının qeyri-ixtiyari
yaşantısını son dərəcə
inandırıcı, eyni zamanda səmimi ştrixlərlə təsvir
edir. Bu təsvirlə tanışlıq,
belə bir duyğusal təqdimat oxucuyla müəllif
arasında pünhan bir könüldaşlıq
körpüsü salır.
Bədii
mətn, cəlbedici üslub diqqəti əlbəəl
çəkir: "Batmaqda olan günəş ətəyini
yığırdı ki, bu an qəribə hadisə baş verdi. Sonuncu gün şuası
Qoşa Qarın zirvəsində yox olmadı, genişlənib
yola çevrildi, üzü sonsuzluğa uzandıqca uzandı,
sonu görünməz oldu.
- Aha,
tapdım, özüdür, - Qoca qeyri-ixtiyari, həm də
sevincək pıçıldadı. - Mələklərin
yoludur..."
Kənardan
heç kəsin eşitmədiyinə əmin olub, palazın
üstündəki Qoşa Qarın zirvəsinə qalxan
cığırı göstərib:
- Mələklərin
yoludur, - demişdi. Oğrunca
anlatmışdı ki, onlar elə indi də Qoşa Qara enirlər,
məqsədləri şeytanlarla insanların əməllərini
öyrənməkdir.
Həmin o sirli söhbət zamanı mələklərin
Vəlinin başına necə bir oyunlar
açdıqlarını da babası usduf-usduf
anlatmışdı Qocaya. Mələklər
çox istəmişdilər ki, binəva Vəlinin qəlbini
təkəbbürdən təmizləsinlər,
bacarmamışdılar. Döşüşə
iynə taxıb tutduğu, istəməyə-istəməyə
özünə arvad etdiyi sarışın Hal qadının
(mələyin) havasına uçunduğu günlərində
heç gözləmədiyi halda öz əlilə öz
ömrünə balta çalmışdı Vəli;
ağlına gəlməmişdi ki, tilsimi qırmağın
yolunu öz cinsindən olanlar anladıblar Hal qadına. O
tilsimi toy gecəsi öz əllərilə
açmışdı Vəli. Hal qız bir
göz qırpımında qeyb olmuşdu. Ancaq xəyalı
dəmadəm təhdid etmişdi Vəlini... Ta
ağlını itirib, səfil halda ölənə kimi! Ölüsünü belə dinc
buraxmamışdı. Təhdid etmişdi
bütün nəslini. Dünyaya gələsi
körpələrini belə. Heç nəyi
bağışlamamışdı. Heç
kəsinə rəhm eləməmişdi. Qəzəbi
səngiməmişdi. O qəzəbin bir iti, amansız
ucu sel axınına düşən quzusunu xilas etmək istərkən
özü də qurbanlığa çevrilən ipəkqəlbli,
məsum, körpəcə Məsimi tutmuşdu. O qəzəbin
bir amansız ucu əziz qardaşı, körpəcə Məsimin
qəbriylə vidalaşdığı anda canavar zəhminə
dönüb gözəl Güllünün huşunu
başından aparmışdı. Güllə yarasına
dönüb dayısının tapşırığı dalınca
tələsən gənc Həmidin, bəxtsiz Həmidin
köksündə açılmışdı... Vəsiyyətini
tamamlaya, sözünü bitirə bilməmişdi Həmid,
Qocaya baxa-baxa, gülümsəyə-gülümsəyə
Qocanın qolları arasında can vermişdi Həmid. O qəzəbin,
nifrinin, əbədi qarğışın bir ucu da qonşu
yaylaqlarda insan ətinə dəyən canavar dişinə
dönüb Məsimin, onun sevimli quzusunun, canını Məsim
üçün qıyan Ballı adlı inəyə
sancılacaqdı. O qəzəbin bir ucu el ağsaqqalı
İmaməli kişinin günahsız yerə həbs
edilmiş qardaşını tutacaqdı. Bəraət
alıb evlərinə döndüyü gün heç
gözləmədiyi halda tikə-tikə doğranacaq, qəbr
evinə torbada daşınacaqdı.
Olacaqdı bütün bunlar; vəfalı Qanıqın
boğazına zəncir şəklində, buynuzları yenicə
çıxmağa başlayan Qaragöz adlı dananın
ayaqlarına kəndir şəklində dolanacaqdı,
maşına dönüb yol üstündə ona
çarpılacaqdı həmin qəzəb, kin, nifrət.
Ən böyük ağrının dalğası isə
dağ vüqarlı, polad iradəli İmaməli kişini
tutacaqdı; ötən əsrin 30-cu illəri gələcəkdi. Kolxozlaşdırma
adı altında el içində söz sahib olan kişilərin
tifaqını dağıdacaqdılar. Sorğu-sualsız
güllələnənlər, Sibirə gedər-gəlməzinə
yola salınanlar olacaqdı. "Nökərlər"
bəy üzünə ağ
olacaqdılar. Pambıqla başlar kəsiləcəkdi.
Həmin o məlum qəzəbin, kinin bir ucu da gəlib
dirənəcəkdi el ağsaqqalı İmaməlinin kürəyinə.
Oğul itkisinə, mal-dövlət itkisinə tab gətirən
dağ boyda kişi vüqarının yerlə
bir edilməsinə dözməyəcəkdi, məcid
ağzına qara qıfıl vurulmasına
tablaşmayacaqdı. Üsyan edəcəkdi.
Təkbaşına çarpışacaq, nicat
yolu arayacaqdı. Gah canavar, gah sel, gah
qızıl qurşun, gah zəncir, gah sicim, qara ilan,
maşın, xəncər olub doğmalarının taleyini izləyən
kinin, qəzəbin, allahsızlığın üstünə
təkbaşına yürüyəcəkdi. Bütün doğmaları ilə arasına Araz
ayrılığı düşəcəkdi. Arvadlar
xısın-xısın ağlaşacaqdılar, kişilər
getdikcə suyu azalan Ana çaya tərəf hirsli-hirsli
baxacaqdılar, heç kim
danışmayacaqdı. Danışıb nə
deyə bilərdilər ki?!
Bədii ədəbiyyatdan,
ekrandan hər kəsə tanış olan
Kərbəlayi İsmayıl taleyi yaşayacaqdı İmaməli
kişi; qardaşı bolşevik, komsomol gədələrinin
qurbanına çevriləcəkdi, oğlunu sel aparacaqdı,
qızı qardaş dərdinə dözməyib sağalmaz dərdə
tutulacaqdı... Hamısına dözəcəkdi.
Vüqarını diri saxlamaq, mənliyini, ləyaqətini
tapdatmamaq naminə küfrə, allahsızlığa
qarşı son sözünü qətiyyətlə deyəcəkdi.
Bir də hər kəsin lap uşaqlıq illərindən
yaşadığı nağıllar aləmi var bu maraqlı
romanın. Elə
bil əsər boyunca Hasana nənəsi Yetər arvad
danışmır, hər bir oxucunun yaddaşından
süzülüb gəlir bu hekayət: "Çoxdan, lap
çoxdan, hələ adamlar dünyaya gəlməyəndə
Günün Ay adlı qızı var imiş. Bir
dəfə Ay çox acıbmış, anası tez xəmir
yoğurur ki, çörək bişirsin, o da doyunca yesin.
Aclığa dözə bilməyən Ay hər
addımda anasının ayağına dolaşır.
Gün hirslənir və xəmirli əli ilə onun sifətinə
bir şillə çəkir..."
Hər dəfə nənəsi nağılın bu yerinə
çatanda Hasan fikirləşir ki, görəsən, bu
şillə olmasaydı, Ay yerə çoxmu işıq
saçardı? Nənəsi bir dəfə ona demişdi ki, Ay da adam kimidir. "Ona çox baxsan, acıqlanar
gözlərini kor eləyər... Nənəsi
heç vaxt Aya baxmazdı, hər dəfə Ay görəndə
yaşmanardı. Səbəbini dəfələrlə
nənəsindən soruşmaq istəməmişdi, nəyə
görəsə sonraya saxlamışdı. Amma gərək
soruşaydı..."
Soruşmamışdı...
Əvəzində şər vaxtı beqəfil
yoxa çıxdığı günün yuxusunu
danışmışdı nənəsinə. Sən demə, həmin gün onu Qurd ölən yerə
sarı saçlı, özü də sapsarı olan bir
qız aparıbmış. "Yuxusu gələndə
o, hörüyünün birini daşın üstünə sərib
Hasan üçün döşək düzəldibmiş, o
birini də açıb onun üstünə yorğan əvəzi
səribmiş. Qanıq da oradaymış.
Hasanın başının üstündə keşik çəkirmiş,
arada da dağ havasından qızarmış yanaqlarını
yalayırmış..."
Eşitdikləri təşvişə
salmışdı nənəni. Onu qarşıda
gözləyən bəla, itki dünyanı gözündə
qaralmışdı. Bilirdi axı nəslini, kənd-kəsəyini,
bütün doğmalarını təhdid edən həmin
sarı saçlı, özü də sapsarı olan bir
qızın kim olduğunu... Yeni bir bəlanın baş verəcəyi
anındaca əyan olmuşdu dünyagörmüş nənəyə.
Elə bundan qorxmuşdu yazıq arvad. Ona
görə də vaxt itirmədən, anındaca
üzünü hansısa bir boşluğa, dibsiz
qaranlığa tutub nifrinlər yağdırmışdı xəyali
sarı saçlının, sarı üzlünün
qarasınca: "Yenə əl çəkmirsən! İndi nə istəyirsən bizdən, ay ləçər?
"Hə, Vəli bəsin olmadı, anası bəsin
olmadı, oğlu bəsin olmadı? Hasanı
verməyəcəyəm sənə, yox, verməyəcəyəm!"
Ən əziz, doğma insanlara yazılmış, amma
heç vaxt ünvanına çatmamış məktublar
kimi oxunur "Qanıq, Hasan, bir də Qaragöz" əsəri. Oxuduqca hiss edirsən ki, sən
demə, "həyat özü ədəbiyyatın
inikasıymış". Qulaqlarına qeybdən səs gəlir:
- Ehey,
insan övladı, uca-uca məkanlardan yanına gəlmişəm.
- Sən
kimsən? - deyə soruşursan.
-
Görmürsən, mələyəm, deyir...
Heyrətlənirsən:
- Mələkmi?!
Xəyalına
Güllünün dodaqlarını Qocanın qulağına
dirəyib halsız, taqətsiz, ümidsiz halda dediyi sözlər
gəlir: "Məni yalqız buraxma, qurban olum, sənsiz
ölərəm. Söz verirsən məni tək
qoymayacaqsan?"
Başını
qaldırıb o qayibanə mələkdən soruşmaq istəyirsən:
"Səndəmi eşitdin o ümidsiz yalvarışı? Yoxsa sən də Ballının, Qaragözün, Vəlinin,
Dəli düyənin, Həmidin, o birilərin həyatını
qaraldan sarı saçlı, sarışın qızın
dünyasından gələnlərdənsən?"
Cavabı
diksindirir səni:
- Yeni
peyğəmbəri əvvəlkilər kimi insan övladı
gətirməyəcək dünyaya, mələklərin
arasından göndəriləcək. Onda siz də bizim kimi
yaşayacaqsınız - müharibənin nə olduğunu
unudacaqsınız, qan tökülməyəcək, dünya malında gözünüz olmayacaq. Nifrət, intiqam, məkr, paxıllıq qəlbinizdən
uzaq olacaq".
"Amin" demək istəyirsən. Amma
davamında eşitdiklərin heyrətə gətirir səni.
O aləmdə sevgisiz bir həyatın yaşandığı
xəbəri ümidlərini çilikləyir. O aləmdə
dünyaya övlad gətirmək, dərdini çəkmək
ehtiyacı yoxdur. O aləmdə gah kişiyə, gah da
qadına dönürlər...
Təntimiş halda bütün düşüncələrin,
istəklərin, arzuların üçün tövbə etmək
istəyirsən. İstəyirsən ki, elə insan olub
yaşayasan. Heç kəsin canına,
mal-mülkünə bais olmayasan. Telli
qarının nifrininə tuş gəlməyəsən.
Bütün əsər boyu hadisələrin gedişini
ağrılı bir təəssüf, nigarançılıq
duyğusu izləyir. Talesizlik, ömrün yarı yolda qalan
köks ötürməsi kimi oxunur bu hekayət. Lay-lay, qat-qat açılır zamanın,
dövrün insan həyatından keçən unudulmaz təəssüratları.
Zəncirini qırıb öz
azadlığı, dosta sədaqəti naminə həyatını
təhlükəyə atan Qanıq belə oxucuya doğmadan
doğma olur. Əlacsızlıq sayəsində
dəyər-dəyməzinə satılan Qaragözün
ayaqlarını bir-birinə çatan kəndirin, onu vuran
maşının ağrısı candan keçir. İlk balasını dünyaya yenicə gətirən,
onu qorumaq naminə ölüm-dirim savaşına
çıxan Ala düyənin təpərini canında hiss
edirsən. Balaca, yetim quzusunu öz
canının bir parçası hesab edən, onu xilas etmək
naminə canından keçən körpə Məsimin nakam
həyatı, sevgisini özüylə bərabər axirət
dünyasına aparan Həmidin yarımçıq arzuları
və s. həyatının bir parçasına dönür.
"Bu səri-çeşmənin əzəldən
bulanması" həqiqəti ruhunu sıxır. İmaməli kişinin hər addımbaşı əlinə
su tökməyə yaramayan, qapısının "iti"
olmuş qulxislətli bolşevik əlaltıları tərəfindən
təqib edilməsinin təəssüfünü
yaşayırsan. Xalq şairi Bəxtiyar Vahabzadənin
"Həyat səni güldürəndə gülmüsən,
hünərin var ağladanda gül görüm"
misralarının məntiqincə düşünür,
düşünürsən... Ömür dediklərinin
kükrəyib-daşmasının son ucundakı
uğursuzluqlar ruhunu sarır. "Bəzən
açılmamış gül, bağban gedir"
ağrısı yaşayırsan. İllər
ayrılığından sonra əlində bir dəstə
gül tutub hava limanında İstanbuldan gələsi təyyarənin
yolunu gözləyən Hasanın düşüncələri
boyunca tərəddüd edirsən ki, görəsən illər
ayrılığından sonra Güllü onu
tanıyacaqmı?"
Eyni zamanda bilirsən ki, nə Hasan həminki Hasandı, nə də Güllü həmin Güllü. Adlar eynidi... Nəsillər dəyişib. Ancaq xatirələrin, yaşanan olayların ağrısı, nisgili eynilə qalıb. Zaman irəlilədikcə illərin o üzündə ətrafı bürüyən qan qoxusunu duyursan. Bircə onun içində dönüb Hasan olursan. Çay stəkanını dodaqlarına yaxınlaşdırdıqca içdiyinin təptəzə qan olduğunu hiss edirsən. Ya elə Qocaya dönürsən. Ətrafında nə varsa, çəkilib gedir, sənsə ölə bilmirsən. Eynilə Qoca kimi düşünürsən. Elə bilirsən Allah səni unudub, əzrayılı dalınca göndərmək yadından çıxıb. Eynilə Qoca kimi ölüm mələyi üçün darıxır, darıxırsan... Bir də Güllünü başdan-ayağa ağ paltarda görürsən. Arpa çayının o üzündə dayanıb məlul-məlul sənə baxır. Qalxmaq, ona çatmaq istəyirsən. Amma bacarmırsan, gələn səsi eşitmirsən. Bilmirsən ki, Güllünün əynindəki ağ libas gəlinlik paltarıdı, yoxsa axirət dünyasının kəfəni?..
Akademik Nizami Cəfərov "Jurnalistin ədəbi debütü" adlı məqaləsində haqlı olaraq qeyd edir ki, Əflatun Amaşovun "Qanıq, Hasan, bir də Qaragöz" romanının bədii strukturu, əslində, mürəkkəb olduğu kimi, süjeti də çoxşaxəlidir. "Ancaq görmək çətin deyil ki, bütün hadisələr sanki şüadır, bir nöqtədən yayılır... Və bu mistik-mifoloji nöqtəsi həyat dediyimiz təzahürün istinad nöqtəsi kimi təsəvvür (və təsvir) etməyə çalışan yazıçı həmin təzahürün (həyatın"), demək olar ki, bütün surətlərini - mələkləri, insanları, cinləri, heyvanları Qoşa Qar həndəvərində yerləşdirir. Elə bu müqəddəs məkanın kəramətindəndir ki, it özünün canavar, inək isə maral mənşəyinə qayıdıb, təbiətin təkamül harmoniyası pozulduğuna, ona aşırı istehlakçı münasibət göstərildiyinə görə insan məhşər ayağına çəkilir".
N.Cəfərovun bu məntiqli
fikirləri əslində hər bir ədəbiyyat
araşdırıcısının, eləcə də oxucunun
qənaətləri ilə üst-üstə düşür
ki, Əflatun müəllimin obrazları adama təhkiyənin
təsirindən daha azad təsiri bağışlayır, bu
obrazlar mətnə hazır şəkildə, yəni
texnoloji olaraq şərtlənmədən, müstəqil
ideyalar kimi daxil olurlar. Beləliklə,
Əflatun Amaşov ədəbiyyata "həm yeni bədii
antroponimaya, həm də yeni bədii toponimiya gətirir ki,
bunlar" bir tərəfdən qədimliyin, digər tərəfdən
müəllifin etnoqrafik yaddaşının hər cəhətdən
"mütəşəkkilliyinin faktıdır..."
Dayandur
SEVGİN
525-ci qəzet.- 2022.- 10 mart.- S.13;15.