Hamımız bir ulduzun zərrəsiyik
"Ulduz" jurnalının Dünya azərbaycanlılarının
bədii yaradıcılığından ibarət,
"Hamımız bir ulduzun zərrəsiyik" devizi
altında nəşr olunan fevral sayı - xüsusi
buraxılışı "Ulduz" jurnalı ilə
"525-ci qəzet"in birgə layihəsidir. Sözügedən
buraxılışın redaktoru, yazar Günay Səma
Şirvanın bu barədə məqaləsini təqdim edirik.
***
Bu
yaxınlarda K.Xabenskidən maraqlı bir fikir duydum: "Həyat,
ömür - yoldur. Kimi üçün bu
çörək (kökə) dükanına qədər və
geri, kimi üçünsə, dünya səyahətidir".
Yazacaqlarıma bu fikirlərlə
başlayıram, çünki həyatın bizi
saldığı uzun yollara düşərkən, kimsə qədərdən
qəribliyin, qürbətin ağırlığını
daşımağa gücü
çatıb-çatmayacağının, "dünya səyahətinin"
hesab-kitabını sormayıb.
Dünya adlı Tanrı mülkü evdə bir tavan altında
yaşayırıq. Yəqin başınızı qaldırıb göylərə
baxdığınız da az olmayıb. Ulduzları da seyr etmisiniz. Deyirlər,
göyə baxdığımızda, əslində,
keçmişə baxırıq. Nədən ki, Yerə
yaxın ən parlaq Sirius ulduzu ondan 8,6
işıq ili uzaqlığındadır. Beləliklə, kəhkəşanı
seyrə dalarkən, biz ən azı 8,6 il
keçmişə baxırıq.
Hazırda
mühacirətdə yaşayan, dünyanın 5 qitəsinə
səpələnmiş 10 milyona yaxın azərbaycanlı var
ki, onlar üçün Günəş Azərbaycandan
doğur, yağış, qar Azərbaycandan yağır. Biz hamımız başımızı
qaldırıb ulduzları görürdük. Amma bir
gün...
"Ulduz" da bizi gördü. Kimimizdən 12 saat, kimimizdən
5 saat, kimimizdən 3 saat, bəzilərimizdən 1 saatlıq
uzaqlıqda yerləşən "Ulduz"un sayğıdəyər
baş redaktoru Qulu Ağsəsdən kosmik təklif aldım:
xaricdə yaşayıb-yaradan azərbaycanlılardan ibarət
bir nömrə hazırlamaq. Məqsədimiz
yaşadıqları ölkələrdəki mənəvi dəyərlərin
müxtəlifliyinə baxmayaraq, istedad və bacarıqları
ilə uğur qazanan soydaşlarımıza dəstək
olmaq, onları Azərbaycan oxucusu ilə
görüşdürməkdir.
Əvvəlcə,
xüsusi buraxılışa köməyini əsirgəməyən,
"Ulduz"un işığı olan,
iştirakı ilə bu layihəni reallaşdıran
bütün müəlliflərə təşəkkürümü
bildirirəm.
İş prosesi zamanı müəlliflərə Qulu
müəllimlə birlikdə hazırladığımız
iki sual yönləndirdik. Bu, onları daha yaxından tanımaq
üçün oxucuya da bir açardır sanırıq:
1)
Hazırda yaşadığınız ölkəyə nə
vaxtdan və necə gəlib çıxmısınız?
2) Qələm
adamları ana bətnində də qəribdilər. O mənada,
gərək qürbət sizi çox sıxmasın. Ya əksinədi?
Birinci
suala ilk müsahibim Məmməd İsmayıl 26 ildi
yaşadığı bayrağı uca Türkiyəyə
alqış edib, şeirlə cavab verir:
Açdım
bütün ümidləri,
İçindən boş vədə çıxdı.
Vətənin
bütün yolları
Axırda qürbətə çıxdı.
Almaniyada yaşayan Orxan Aras isə buraya 1982-ci ildə təhsil
ardınca gəlmiş, iyirmi ilə yaxın Frankfurtda işləyib
yaşamışdır. Doktoranturanı bitirdikdən sonra Kölnə
köçmüş və hazırda Kölndə Alman
Yazıçılar Birliyinin tərkibində alman dilində
kitabların oxusu və tərcüməsi ilə məşğuldur.
Bu sadə
sualımız Xaqani Qayıblıya 1989-cu ildən başlayan
32 illik bir ömür vərəqlədir... Estoniyaya,
Tartu universitetinə tələbə kimi gəlib, müəllim
kimi hələ də ayrılmamasını vurğulayır.
Vahid Qazi:
"Getməyimizin ilk onillyi tamam olmaqdadır. Necə
getməyə qalandasa, bəzən özünü tale yelinə
buraxmağa məcbur olursan. Getməyə
çox yer var idi. Tale küləyi
İsveçi seçdi".
Şimali Kipr Türk Cümhuriyyətində yaşayan
Nazim Muradov Türkiyəyə aspirantura təhsili ardınca gəlir. 1997-2003-cü
illərdə doktorluq müdafiə edir və Ege Universitetində
çalışır. 2006-cı ildə
Kiprdəki Lefke Avropa Universitetinə dəvət alır və
işə başlayır. "İzmirdəki ailəmi
də bu gözəl adaya gətirdikdən sonra buranı
qürbət dünyada özümüzə ikinci vətən
seçdik..." - əlavə edir Nazim Hoca.
"...İnsanın dünyaya gəldiyi və ilk nəfəsdə
havasını udduğu torpaq isə bəlkə ona görə
doğmadır ki, məhz o yerin havası ilə ruhlar aləminin
havası bir-birinə yaxındır... Mən ilk nəfəsimi
54 il öncə - 15 fevral 1968-də - soyuq
bir qış günündə Ordubadda ciyərlərimə
çəkmişəm. İnşallah, "...əvəzini
vermədən aldığım son nəfəsim"i də
vətəndə verərəm..."
Şəxsən mənə görə, sirlərlə,
dərin anlamlarla dolu və hələ ki bir qıfılbənd
olaraq açmasını gözləyən qədim bir atalar
sözümüz deyir ki, "Yük əyməsə, daş
qürbətə düşməz!" Yaxşı,
bu, hansı yükdü ki, içində daş da
daşınırdı? Bəs o daş nə daş(ı) idi?! Dam daşımı, Ocaq
daşımı, Elçi daşımı, yoxsa
Başdaşımı?!. - Filoloq alimi dinləməyə
doymursan, amma digər müəlliflərimi də təqdim etməliyəm.
Afaq
Şıxlı isə tale yolunu belə anladır: "Zəlzələ
şəhərin və ya ərazinin müqəddəratını
necə dəyişərsə, bizim də həyatımızda
qəribə dönüşlər oldu. O dəyişikliklərdən
biri məni öz isti, sevimli və doğma vətənimdən
bu qədər uzağa - soyuq və qarlı Moskva şəhərinə
gətirib çıxardı".
Nilufər Şıxlı da 90-cı illərdə valideynləri
ilə Moskvaya köçməli olur. Özünü Bakısız,
qohumlarsız təsəvvür edə bilməyən, bir
ayağı Vətəndə olan şairənin kiçik
qızı Alsu belə səmada təyyarə görən
kimi: "Ana, bu təyyarə Bakıya uçur?" - deyə soruşur...
1987-ci ildən ömrünü qürbətə
bağlayan, Moskvada yaşayıb-yaradan daha bir yerlimiz də
Əliş Əvəzdir.
İlqar Kamili Azərbaycanda yaxşı
tanıyırlar. 2009-cu ildən yolu Qürbət, məkanı öncə
Yaroslavl, sonra Pyatiqorsk olan psixoloq-yazarın "Polad necə bərkidi",
onun Vətənin dərdlərinə heç vaxt biganə
qalmadığının bariz nümunəsidir.
Baloğlan
Cəlili Ufaya bir az iş, bir az eşq gətirmiş.
Nə xoşbəxt ki, hələ bu eşqə
sığınıb yaşayır.
Samir Sədaqətoğlu 2017-ci ildən İsveçrədə
yaşayır.
Yazıları ilə Azərbaycanı
nüfuzlu Avropa saytlarına daşıyan azsaylı soydaşlarımızdandır.
Əgər
Şəhriyar İbrahimov Fransaya arzularının dalınca
2019-cu ildə yollanmışsa, "həyatı
sıfırlamağı" Səfər Fuad green-card qalibi
olaraq 2018- ci ildən getdiyi Vaşinqtonda, Səfa Rəşid
isə hələ 2006-cı ildən İspaniyada qərara
almışdır.
İstər xaricilərə, istər
soydaşlarımıza Azərbaycan dilini öyrətmək
üçün fədakarlıqlar edən Şahnaz Kamal
Sankt-Peterburqa ailə vəziyyəti ilə əlaqədar gəlib. Əksəriyyətimiz
kimi tezliklə Vətənə dönəcəyini sanıb.
"Bu sarıdan biz Dino Busattinin "Tatar
çölü"nün qəhrəmanı gənc zabit
Covanni Droqoya bənzəyirik. O da xidmətə gəldiyi
qalada bir müddət qaldıqdan sonra geri
qayıdacağını düşünürdü..." -
deyir gənc türkoloq alimimiz.
Elçin Aslangil və Şəlalə Əbil Stokholmda
yaşayırlar. Tanışlarmı? Bilmirəm... Bəlkə "Ulduz" vəsilə oldu.
Elçin 2016-cı ildən İstanbula yerləşib, 2019-cu
ildə iş təklifi aldığı İsveçə
yollanıb. İsveç-Azərbaycan
Federasiyasının mətbuat katibidir. Şəlalə
isə qızı ilə bərabər, 15 ildir, Avropadadır.
Hekayələri ilə mediada
çıxışlar edir.
2017-ci
Belarusa oxumaq üçün gedən və Minskdə ali təhsil alan gənc şair Məhəmməd
Azəroğlu geri qayıtmaq üçün günləri
sayır.
Daha iki müəllifim Məliha Əzizpur İzmirdə,
Güntay Gəncalp isə Finlandiyada
yaşayıb-yaradırlar.
Mən, Günay Səma da milli ailə institutunun
qanunlarına tabe olaraq 2003-cü ildən Rusiyanın Voronej
şəhərində yaşayıram. Görünür, qürbət
tale imiş, çətin tale:
Ovuda
bilmirəm qəribsəyən səbrimi,
Min ilin qəribiyəm
Yaşım yadıma gəlmir.
Nə qədər
qısa verməyə çalışsam da, bir az uzun alınan tanışlıqdan sonra
keçək ikinci suala. Düzünü deyim
ki, bu suala belə rezonanslı, çoxu üst-üst
düşən cavablar gözləmirdim. Onlardan ən
maraqlılarını sizinlə bölüşürəm:
Məmməd
İsmayıl: Sualınızda bir baxıma cavab da gizlidir:
...Gəlib
imza atır hərə bir ilkə
Min bir toy olsa da birdir yasımız.
Anadan vətənə
uzanmır, bəlkə
Qürbətə
uzanır alın yazımız...
Orhan Aras:
Türk şairi Cahit Sıtkı Tarancanın bir şeiri var:
...Ne bir
arzum, emelim,
Yaralanmış bir elim.
Ben
gurbette değilim,
Qurbet benim içimde.
İllər keçsə də, qürbət hissini
beynimdən çıxara bilmədim. Bütün əsərlərimdə
bu qürbət hissinin izləri var. Türklərin dillərindəki
xalq mahnıları ölümdən daha çox
ayrılıq və qürbət üzərindədir.
Xaqani
Qayıblı: İkinci sualınız çox qəribə
sualdı. Bilmirəm, bunu kim deyib?! Amma bu cümlə, 1995-ci ildə Estoniyada gündəlik
85-90 min tirajla çıxan bir qəzetə verdiyim müsahibəmi
yadıma saldı. Orda mən demişdim
ki, əslində, bütün insanlar Yer üzündə qəribdirlər.
Qərib olmadıqları məkan yalnızca
analarının bətnidir. Ana bətnindən
dünyaya gəldikləri andan bütün insanlar qəribdirlər.
Hətta 15-16 il əvvəl Qulu Ağsəs
mənə bir məktub yazmışdı: "Qürbətdəsən,
Vətəndən ötrü darıxırsan? Mən də
darıxıram, Xaqanı, Azərbaycandan ötrü..."
Bir şeirimdə yazmışdım ki:
Dost yox,
dik baxam gözünə,
Baxam inanam sözünə.
Tfu
qürbətin üzünə
Yaşanası yer deyilmiş.
Vahid Qazi:
Adam tək qürbətdə qərib olmur ki... "Qələm
adamının qəribliyi". Məncə,
bunu, qələmiylə ünsiyyəti tutmayanlar deyər.
Söhbət eləməyə biri olmayanda
içindəki adamla danışırsan. Mən də "onunla" danışıram və
bu söhbətdən yazı alınır. Yazılarım özümlə söhbətlərimdi.
Məni sıxılmaqdan, qərib olmaqdan onlar
qoruyur.
Nazim
Muradov: Bilirsinizmi, vətəndən baxanda qürbətdəkilər
daha özgür, azad və orijinal görünürlər. Bu
özünəməxsusluq "Mən kimsəsizliyimdən bənzərsiz
oldum..." (Q.Ağsəs) gerçəyində
gizlidir. Xəyalən hər gün, hər saat
bulunduğun vətəndə səni özləyənlər
varsa - "hələ yaşamağa dəyər bir az
da..." Xəyal demişkən, Təsəvvüfə
görə xəyal - varlıqla yoxluq arasında yerləşən
bir bərzaxdır, ara bölgədir; nə vardır, nə
yoxdur; nə məlumdur, nə də məchul; nə müsbətdir,
nə də mənfi və ya həm vardır, həm də
yoxdur... Orxan Vəli demiş, "hayal kurmak bedava"
olmasaydı, qürbət cəhənnəm olardı..
Afaq
Şıxlı: Əksər qələm adamları özlərini
vətəndə belə qərib, çoxluqda belə tənha
hiss edirlər. Lakin hiss etmək başqa, yaşamaq
bambaşqadır. Vətəni uzaqlardan sevmək
çox ağrılıdır. Əlimiz çatacaq,
ünümüz yetəcək qədər yaxında deyil Vətən...
Amma hər zaman vardır: ürəyimizdə, ruhumuzda,
yazılarımızda.
İlqar
Kamil: Nəinki qələm adamları, insan bu dünyada qəribdi,
yolçudu, müsafirdi. İnsanın bitib
tükənməyən darıxmağı bu üzdəndi.
Amma bizimki Qəriblik içində Qəriblikdi.
Elə bil ki, həbsdə olan insanı
"karsa" salarlar ha, hansı ki, həbs içində həbsdir.
Qəriblik içində olan insanın bir də
Qürbətə düşməsi, "karsa" salınmaq
kimidir. Mən də bir çox azərbaycanlılar
kimi, həmişə "əli çemodanlı"
yaşamışam. Bu gün, sabah
qayıdacam fikri heç vaxt məni tərk etməyib.
Baloğlan
Cəlil: Qələm adamlarının ana bətnində də
qərib olduqlarından xəbərim yoxdu. Amma
ona oxşar əlamətlərin varlığına
şübhə etmirəm. Elə vaxt olub ki, qürbət
məni bezdirib, canımı incidib:
Mən
qürbətdə nələr çəkdim,
Çəkdiyim hər bir AH bilir.
Nələr
çəkmədim qürbətdə,
Bircə
onu Allah bilir...
Samir Sədaqətoğlu:
Qürbət nisbi bir anlayışdır. İnsan öz evində
belə qürbətdə ola bilər. İsveçrə də mənim vətənimdir.
Mən bütün dünyanın vətəndaşıyam.
Bu baxımdan özümü qərib hiss etmirəm. Amma əlbəttə
ki, Azərbaycandakı xatirələrim, dostlarım
üçün darıxıram... Azərbaycanda
xüsusi ədviyyatlar var ki, onlar burada yoxdur. Aradabir o qoxular üçün qəribsəyirəm.
Nilufər
Şıxlı: Qərib olan nisgilsiz olmaz ki! İstər
böyük olsun, istər kiçik, qələm əhli
olsun, ya başqası. Yadımdadır, bir
dəfə Bakıya gəldiyimizdə, Binə hava
limanında qardaşım "Havadan vətən ətri gəldi"
demişdi. Qəriblikdə yaşayan qələm
əhli isə ikiqat nisgillidir.
Şəhriyar
İbrahimov: Qəriblik... Əslində, hamı bir az qəribdi yer üzündə. Mənə görə insan xoşbəxt
olmadığı hər yerdə qəribdi. İçimdə daim bir vətən yaşayır,
vətən göynəyir. Ürəyi vətən
üçün döyünən insanların
ağrıları mənə fantom ağrılarını xatırladır.
Bədənin bir üzvü amputasiya olunduqdan (kəsildikdən)
sonra baş verən, şiddətli fantom (yaddaş)
ağrıları. Eynən vətən
yanğısı kimi...
Şahnaz
Kamal: Yox, çətindir qürbətdə. Hər
halda, mənə çətindir. Düzdür,
sosial şəbəkələrin sayəsində
özümü çox da yalqız hiss etmirəm, amma uzaqda
yaşamaq çətindir. İçimdə
həmişə nisgil, narahatlıq, boz bir hiss olur. O
bozluğu bəzən Peterburqun günəşsiz
havasının ayağına yazsam da, əslində, nisgil
olduğunu bilirəm. Şair demişkən:
Qürbət
o qədər acı ki,
nə
varsa içimdə
Hamısı
mənə yabancı
Hamısı ayrı biçimdə.
Məhəmməd Azəroğlu: Qürbət torpağı adama uzağı 2-3 il xoş gəlir. Sonra darıxırsan öz evin, bağçan, küçən, şəhərin, insanların üçün. Və adam başa düşür ki, doğrudan da gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı... Qürbət sıxır adamı, vətənin yerini heç nə verə bilməz.
Elçin Aslangil: Mən həmişə Bakıda gecələri səhərə qədər gəzər, Ayı seyr edərdim. Mənə elə gələrdi ki, Bakıda Ay buzqırana bənzəyir. İstanbulda Bakı gecələri üçün Stokholmdakından çox darıxırdım. İsveçin mətbəxi kasaddı. Qürbət insanı hər zaman sıxır.
Səfa Rəşid: Qəriblik həyatı həssas insanlar üçün ağrısız olmur. Qürbətin ağrısını hər mənada yaşayan insanlardanam. "Ayrılığı sal yadıma" kitabımdakı şeirlərin əksəriyyəti də qəribliyin yanğısı ilə yarananlardandır.
Mənim cavabımı eşitmək istəsəniz, yağışla öpüşən torpaq qoxusudur mənimçün Vətən. Qürbəti vətənli günlərimə qurduğum yelləncəyə bənzədə bilərəm yalnız. Çünki hər gün onunla bağlı xatirlər yellənir. "Darıxmıram" deyənlərə həsəd aparıram. İmkansa, mənə də öyrədin, alça çiçəyinin ətrini, çay qumsalının istisini, böyürtkən kolunda ətəyinin tiftiyi qalan qızcığazın şən qəhqəhəsinin səsini unutmağı.
"Həpimiz bir Günəşin zərrəsiyiz!.."
(A.Şaiq) loqosu ilə hazırladığımız
Dünya Azərbaycanlılarının yaradıcılıq
nümunələri toplusu olan xüsusi
buraxılışımızla həm də "Ulduz"un
55-ə varan yubiley ilinə kiçik töhfəmizi vermək
istədik. Gözlərimizin rəngi fərqli olsa da, göz
yaşlarımız eyni olduğu kimi, Qürbət
yaşantılarımız fərqli olsa da, Vətən
sevgimizin eyni olduğundan əmin olun. Varlığı ilə
qürur duyduğumuz Azərbaycanımıza ədalət,
qalibiyyət və zəfər dolu gözəl günlər
arzusu ilə...
Günay
SƏMA ŞİRVAN
"Ulduz"
jurnalının Rusiya təmsilçisi
525-ci qəzet.- 2022.- 10 mart.- S.14;15.