Mənim tanıdığım Düsen
Kaseinov
Yaşadığımız dövrün xüsusi
aktuallıq mövqeyini qoruyan, xalqlararası humanitar münasibətlərin
ortaq məxrəci sivilizasiya tarixinin çağdaş siyasi,
iqtisadi, ictimai, mədəni nailiyyətlərini ehtiva edən
mədəniyyətlərarası dialoq prosesləri qlobal
problemlərin həllini asanlaşdırır. Bu zaman mədəniyyətlərarası
inteqrasiya səylərinin səmərəli nəticələri
bu sahədə aparılan xəttin uğurunu bariz şəkildə
sübut edir. Belə ki, məhz inteqrasiya
prosesləri mövcud problemləri ölkələr və
xalqlararası anlaşmanı, istər siyasi, istər iqtisadi,
istərsə də mədəni müstəvidə öyrənməklə,
təşkil etməklə və həll etməklə
mümkün edir. Məhz bu zaman mədəni əlaqələr
fövqəladə dərəcə gərəkli və effektiv
uğurlara vəsilə olur. Yəni müxtəlif
xalqların mədəni özünəməxsusluğunun
elmi yaradıcılıq xüsusiyyətləri və nailiyyətləri
ilə bölüşməsi, bu zaman tanıtma, həmsərhəd
mədəni özəllikləri öyrənmə, eyni
zamanda qarşılıqlı bəhrələnmə həmin
prosesin faydalı iş əmsalına layiqincə səmərə
verir.
Ümumi
mədəni bəhrələnmələr və
qarşılıqlı təsir qanunauyğunluqları ilə yanaşsaq,
ayrı-ayrı sosial qrupların, azsaylı xalqların da həmin
proseslərdə iştirakı nəinki mümkündür,
hətta vacibdir. Əlamətdar olan bir məsələ
də ondan ibarətdir ki, XX əsrin sonlarında və XXI əsrin
üçüncü onilliyinin əvvəlində olduqca
mühüm bir mənzərə diqqəti cəlb edir.
Əsrlərin qovşağında müxtəlif
coğrafiyalarda yerləşən, etno-genetik və sosial-mədəni
baxımdan tarixi bağlılığı ilə unikal mədəniyyət
fenomeni təşkil edən xalqların bir-birinə
yaxınlaşması cəhdləri müşahidə edilir və
bunu labüdləşdirən elmi-nəzəri əsasları,
dialektik qanunauyğunluqları var.
Tarixi
faktların, yüzlərlə tədqiqatların, cild-cild
kitabların səhifələrində yer alan elmi həqiqətləri
örnək göstərməyə ehtiyac duymayıb,
türkdilli xalqların soykökünün yaşarı
xüsusiyyətləri, onların minilliklərdən bu yana
keçib gələn mədəniyyətlərinin ortaq mahiyyəti
olması səbəbindən təşkilatlanmaq zərurəti
ictimai-mədəni ehtiyacdan yarandı. Və
yüz minlərlə kilometrlərə səpələnmiş
türksoylu xalqlar öz mədəniyyətlərini öyrənmək,
inkişaf etdirmək və təbliğ etmək məqsədilə
"Türksoy" Beynəlxalq Təşkilatı ətrafında
birləşdilər. Amma bu birləşmə
xalqlar arasında yaxınlaşma, yaxud sadəcə istək
bildirməklə baş vermədi.
Türkdilli xalqların yaşadıqları ölkələrin
dövlət başçılarının siyasi iradəsi və
müdrik təşəbbüsləri sayəsində,
onların həmrəy mövqeyinin bəhrəsi olaraq
"Türksoy" Beynəlxalq Təşkilatı
yaradıldı.
Ümumtürk elmi-nəzəri, bədii-estetik fəaliyyət
ənənələrinin, həmçinin
yaradıcılıq potensialının öyrənilməsi,
toplanması və təbliği işini həyata keçirən
"Türksoy" qısa zaman içərisində
özünün struktur məzmununu müəyyən etməklə
bərabər təkcə türkdilli dövlətlər
içərisində deyil, müxtəlif qitələrdə
tanınmağa başladı.
Görkəmli
sənətkar və dövlət xadimi olan Polad
Bülbüloğlunun başçılıq etdiyi
"Türksoy" fəaliyyətinin ilk dövrlərində
öz səylərini, hər şeydən əvvəl, bir
zamanlar SSRİ-nin tərkibində olan türkdilli xalqların
yeni siyasi-iqtisadi, ictimai-mədəni reallıqların diqtə
etdiyi və yaratdığı irili-xırdalı müxtəlif
xassəli çətinliklərə baxmayaraq mədəni
inteqrasiyasına, qırılmış əlaqələrin bərpasına
yönəltdi. Bu gün bir neçə
cümlə, uzaqbaşı bir abzasla qeyd edilən həmin
işlər əslində olduqca böyük zəhmətlər,
diplomatik gedişlər, iradə və inandırma cəhdləri
ilə başa gəlirdi.
Dəyərli
olan budur ki, bu istiqamətdə göstərilən cəhdlər, ardıcıl səylər,
həyata keçirilən silsilə tədbirlər çox
keçmədi ki, öz uğurlu bəhrəsini verməyə
başladı. Bəli, "Türksoy"un, fövqəladə əhəmiyyətli
bir məramla yaradılan bu təşkilatın və onun
mütəxəssislərdən ibarət kollektivinin fədakar
fəaliyyətinin nəticəsi olaraq müxtəlif
coğrafiyalarda qərar tutan türkdilli xalqlar ortaq mədəni
dəyərlərə, misilsiz tarixi-mədəni irsə sahib
çıxmaq, onu müştərək yaradıcılıq
əzmi ilə inkişaf etdirmək imkanı əldə etdilər.
Beləliklə, "Türksoy" ayaqda qaldı və
öz tarixi missiyasını həyata keçirməklə
yeni mərhələyə qədəm qoydu. Bu mərhələdə
Qazaxıstanın tanınmış ictimai xadimi, diplomatı və
sənətçisi
Düsen Kaseinov "Türksoy"un sükanı
arxasına keçdi. Bu elə bir dövr idi ki,
təşkilatın idarəetmə strukturu, maliyyə mənbəyi,
fəaliyyət istiqamətləri müəyyən
edilmişdi. Amma aydın məsələdir
ki, ənənələr və metodlar yenilənməli, dəyişən
tələblər ödənilməklə prinsipcə yeni fəaliyyət
mexanizmləri tapılmalı idi.
"Türksoy"un
yarandığı gündən bu günə qədər
keçdiyi 25 ildən artıq fəaliyyət dövrü
geniş və əhatəli mövzu olmaqla böyük tədqiqat
tələb edən işdir. Bu haqda istər
"Türksoy" təşkilatına üzv olan, istərsə
də digər əcnəbi ölkələrin mətbuatında
işıq üzü görən çoxsaylı
yazılarda təfsilatlı məlumatlar verilmişdir.
Xüsusilə Sabir Şahtaxtinin bu təşkilatın 25 illik
fəaliyyətinə həsr
edilən "Şərəfli yolun astanasında"
kitabında kifayət qədər zəngin, eyni zamanda
tutarlı faktlarla ötən illərdə görülən
işlər, keçirilən tədbirlər, bu zaman çəkilən
zəhmətlər həssas ehtiramla qeyd edilmişdir. Bizim niyyətimiz isə bu təşkilatın
hüdud bilməyən fəaliyyət ahənginə,
gördüyü işlərin coğrafiyasına və əhəmiyyət
dərəcəsinə xüsusi qatqısı olan Düsen
Kaseinov şəxsiyyəti barədə düşüncələrimizi
bölüşməkdir.
"Türksoy"un
bəlli coğrafiyadakı çoxcəhətli fəaliyyətinin
məzmununun, eləcə də əhəmiyət dərəcəsinin
artması, heç şübhəsiz ki, təşkilatın
baş katibi Düsen Kaseinovun şəxsiyyəti və idarəetmə
istedadı ilə birbaşa bağlıdır. Məhz
D.Kaseinovun ardıcıl və səmərəli fəaliyyəti
sayəsində "Türksoy"un beynəlxalq
nüfuzu artıb, təsir miqyası genişlənib.
Təbiətindəki müdriklik, təvazökarlıq,
alicənablıq xüsusiyyətləri onun istər təşkilatın
əməkdaşları, istərsə də təmasda
olduğu rəsmi şəxslərlə münasibətlərdə
kübarcasına səmimi anlaşma ovqatı yaratmasına
imkan verir. O
öz tərcümeyi-halını dilə gətirməyi
xoşlamasa da, ömür yolu, müxtəlif məsul vəzifələrdəki
uğurlu və səmərəli fəaliyyəti çox mətləblərdən
xəbər verir. Belə ki, böyük fitri-istedad sahibi kimi
mahir violina (skripka) ifaçılığından
başlayıb, harada və hansı vəzifədə
çalışmağından, nə iş görməyindən
asılı olmayaraq, o həmişə faydalı olmağa
çalışıb və bunu bacarıb.
Mənə qalırsa, o, şəxsiyyət olaraq təpədən
dırnağadək bütöv musiqi aləminin
insanıdır. D.Kaseinov başgicəlləndirən
harmoniya elminin bilicisi kimi öz dünyasında və ətrafdakı
reallıqda harmoniya yaratmağa çalışır. Bəd
niyyətlər, yanlış əməllər, xaric notlar, yersiz taktlar kimi onu
qıcıqlandırır, ovqatını pozur. Amma ilahi qüdrətlə
köklənmiş musiqi alətinə bənzəyən təbiəti
onun böyük ifalara həvəsini
daim qoruyub-saxlaya bilir.
D.Kaseinov əsl türkçüdür. Onun ruhsal aləmində
türksoylu xalqların mədəni irsinə, etno-psixoloji təbiətinə
sonsuz sevgi bəslənir. Onlarla türk
qövmünün, yüzlərlə etnik adət-ənənələrin,
folklor nümunələrindən tutmuş müəllif əsərlərinə
qədər maddi-mənəvi mirasın qorunması, təbliği
kimi fövqəladə əhəmiyyət kəsb edən fəaliyyətin
başında duran D.Kaseinovun xidmətləri
ölçüyəgəlməzdir, çünki onun rəhbərliyi
ilə sadəcə sadalanması
belə uzun vaxt aparacaq tədbirlərin sayı belə təəccüb
doğurur.
Əməkdaşlarının
azlığına, maliyyə imkanlarının məhdudluğuna
baxmayaraq ötən illər ərzində "Türksoy"
fəaliyyət miqyasına, işgüzarlıq mədəniyyətinə,
əhəmiyyət tutumuna görə yüksək faydalı
iş əmsalı nümayiş etdirir. Belə ki, neçə-neçə
beynəlxalq əhəmiyyətli tədbirlərin
hazırlanması, onların BMT, YUNESKO, Avropa Şurası
kimi nüfuzlu beynəlxalq təşkilatlarda təşkili mürəkkəb və gərgin fəaliyyət nəticəsində mümkün
olub.
Türk
dünyasının dahi şəxsiyyətlərinin irsinin
öyrənilməsi, onların qeyri-türk coğrafiyada
tanıdılması, ayrı-ayrı şəxsiyyətlərin
yaradıcılığına həsr edilmiş kitabların,
topluların, "Koroğlu", "Birjan və Sara",
"Alpamış" kimi klassik operaların təbliğini
nəzərdə tutan layihələrin həyata keçirilməsi
işi təqdirəlayiqdir. Ən azı ona
görə ki, qeyd etdiyimiz mədəni irsin bilavasitə təcəssüm
prosesi türkdilli xalqların etno-ruhsal birliyinə yönəlik
layihələr idi və onun səmərəsi hiss edilməkdədir. Sözügedən layihələrin,
eləcə də digər yerli və beynəlxalq miqyasda həyata
keçirilən tədbirlərin geniş auditoriya
qazanmasında, ictimai-mədəni əks-səda doğurmasında
D.Kaseinovun şəxsi nüfuzu həlledici rol
oynayıb.
Mədəni ictimaiyyətə bəllidir ki, "Türksoy" qarşıdakı hər ili bu və ya digər mütəfəkkirin adı ilə adlandırır, özünün illik fəaliyyətində bütün türk dünyasını həmin şəxsiyyətin həyatı və fəaliyyəti ilə tanış edir. Belə ki, ötən illərdə Qabdulla Tukay (2011), Mirzə Fətəli Axundzadə (2012), Mukan Tolebayev (2013), Mahtumkuli Fəraqi (2014), Semen Kadışev (2015), Yusuf Has Hacib (2016), Molla Pənah Vaqif (2017), Qara Qarayev və Çingiz Aytmatov (2018), İmadəddin Nəsimi (2019), Abay Kunanbayev (2020) ili kimi qeyd edilib. "Türksoy" yola saldığımız ili Yunus Emrə və Azərbaycanda olduğu kimi "Nizami ili" elan edib və bu dahilərin yaradıcılığı ilə bağlı müxtəlif beynəlxalq tədbirlər həyata keçirib. Həmin ənənə bu il də davam etdirilib və 2022-ci il Süleyman Çələbi, Fikrət Əmirov və Toktobolot Abdumomonov ili elan edilib.
O da bəllidir ki, Düsen Kaseinovun təşəbbüsü və rəhbərliyi ilə "Türksoy" təşkilatı bir qayda olaraq türkdilli ölkələrin tarixi-mədəni mirasının qorunduğu yerləri "Türk dünyasının mədəniyyət mərkəzi" elan edir və bununla əlaqədar silsilə tədbirlər həyata keçirir. Bu il həmin elanın möhtəşəm ünvanı Türkiyənin Bursa şəhəridir və həmin bölgədə neçə-neçə ictimai-mədəni tədbirlərin təşkil edilməsi nəzərdə tutulur.
Öz təbiəti etibarilə narahat və səliqəli insan olaraq hər məsələdə yüz ölçüb bir biçməyi idarəetmə üslubunun mühüm şərti hesab edən D.Kaseinov bunu əməkdaşlarına da təlqin edib. Odur ki, "Türksoy"un onun rəhbərliyi altında çalışan əməkdaşları dəqiqlik və məsuliyyət hissləri ilə seçilirlər ki, bu da həm təşkilatın nüfuzunun, həmçinin, görülən işlərin ictimai-mədəni və təşkilati səviyyəsinin yüksəlməsini müəyyən edir.
Müxtəlif səviyyəli görüşlərində, o cümlədən, rəsmi təmaslarında özünün diplomatik istedadından ustalıqla faydalanan D.Kaseinov elm və mədəniyyət xadimləri ilə ünsiyyəti zamanı əsl ziyalı, peşəkar sənət adamı kimi dinləməyi, konstruktiv tövsiyələr verməyi məharətlə bacarır, öz səmimiyyəti, həssas münasibəti ilə müsahibinin rəğbətini qazana bilir.
Onu nə vaxtdan tanıdığım, yəni
tanışlığımızın tarixi yadımda deyil.
Əlbəttə, konkret tarix var, amma hərdən mənə
belə gəlir ki, onu çoxdan, lap çoxdan
tanıyıram. Düşüncə tərzi, savadı,
dünyagörüşü, ictimai mövqeyi mənim
üçün anlaşılan, maraqlı və məqbul səviyyədə
olduğuna görə munis bir insandır
tanıdığım Düsen bəy Kaseinov.
İsrafil İSRAFİLOV
Filologiya üzrə fəlsəfə
doktoru, sənətşünaslıq üzrə elmlər
doktoru, professor
525-ci qəzet.- 2022.- 10 mart.- S.10.