"Baxış-2" festivalında
tamaşaların nümayişi
yekunlaşdı
Azərbaycan Teatr Xadimləri İttifaqında yaradılan
laboratoriyalar pandemiya səbəbindən yaranan
uzun fasilədən sonra yenidən fəaliyyətinə başlayıb. 6-9 martda "Rejissor" laboratoriyasının hazırladığı
tamaşalar nümayiş
olunub.
"Baxış-2" festivalı, adından da göründüyü kimi,
hesabat, görülən
işlərə baxış
xarakteri daşıyırdı. Əsl yaradıcılıq
mühitindən xəbər
verən səhnə əsərləri gündə
iki dəfə olmaqla müxtəlif saatlarda təqdim olunub. Rejissorlar pyes seçimində
dünya ədəbiyyatına
müraciət ediblər.
Mustafa Mərdanov Səhnəsində nümayiş
olunan tamaşalar izləyicilər tərəfindən
rəğbətlə qarşılanıb.
Festivalda həm də "Aktyor" və "Dramaturgiya" laboratoriyalarının
hazırladığı tamaşalar
təqdim olunub.
İttifaqın idarə heyətinin sədri, Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azər Paşa Nemətov festivalın açılışında
gənclərin inkişafı,
püxtələşməsi və teatr sənətinin
gələcəyi barədə
söhbət açıb. O qeyd edib ki, gənclərin
potensialının üzə
çıxması üçün
heç kəs əlindən gələni
əsirgəməməlidir. Xalq artistinin sözlərinə
görə, bu cür festivalların keçirilməsi mühüm
əhəmiyyət kəsb
edir. Azər Paşa Nemətov
vurğulayıb ki, bu festival həm də laboratoriyanın fəaliyyətinin hesabatıdır.
O, hər tamaşadan sonra yaradıcı heyətlə görüşərək
fikirlərini bölüşüb.
Festivalın ilk tamaşası Müşfiq
Əliyevin quruluşunda
Benkt Alforsun "İllüziyaçılar" adlı səhnə əsəri olub. Əsərin tərcüməsi Zümrüd
Quliyevanın, musiqi tərtibatı Zaur Rəşidovundur. Rollarda Kərəm
Hadızadə, Zümrüd
Quliyeva, Elnur Hüseynov çıxış
ediblər. Dekorasiya quruluşu,
aktyor oyunu və rejissor tapıntıları tamaşaçı
alqışına səbəb
olub.
Elə həmin
gün - martın 6-da
tamaşaçılar Ayla
Osmanovanın quruluşunda
F.M.Dostoyevskinin "Raskolnikoff"
("Cinayət və
cəza" romanı
əsasında) tamaşasını
da maraqla izləyiblər. Tamaşanın musiqisini Ağa
Səlim Feyzullayev tərtib edib. Rollarda Nurlan Süleymanlı və Xəyalə Meydanova çıxış
ediblər. Tamaşa öz
quruluşuna görə
digərlərindən seçilib,
ənənəvi teatr
quruluşlarından kənara
çıxıb. Bu fərqlilik müsbət hal kimi qiymətləndirilib.
Aktyorların səhnə plastikası
və dinamikliyi təqdirəlayiq hesab olunub.
7 martda "Bir qadının dueti" tamaşası "Aktyor"
laboratoriyasının hazırladığı
səhnə əsəri
kimi festivala qonaq qismində qatılıb. Əziz Nesinin eyniadlı
əsəri Məhəmməd
Verdiyevin quruluşunda
səhnə həllini
tapıb. Rollarda Rada
Nəsibova və Günel Həmidova çıxış ediblər.
Emosional aktyor oyunu, əsərin
süjet xətti tamaşaçıları təsirləndirib.
Həmin gün axşam isə C.Bayronun "Qabil" pyesi əsasında hazırlanmış
xülya-tamaşa göstərilib. Səbinə Məmmədovanın rejissorluğu
ilə hazırlanan əsər dərin fəsləfi qatı, ağır psixoloji məqamları ilə tamaşaçını dərindən
düşündürür. Tamaşanın spesifik cəhəti
aktyor oyununun audiovizual görüntülərlə
paralel qurulmasıdır.
Rollarda Beyrək Rüstəmzadə
və Elçin Əmirov çıxış
ediblər.
Martın 8-i Elgün Yəhyayevin quruluşunda Jan Kotonun
"İnsan səsi"
əsəri tamaşaçılara
təqdim olunub. Əsərdəki obrazı Könül Əbil canlandırıb.
Martın 9-u - son iki tamaşa böyük səhnədə
nümayiş olunub.
"Dramaturgiya" laboratoriyasının
ərsəyə gətirdiyi
"Lənətlənmiş Svastika" əsərinin
müəllifi və rejissoru Zəhra Quliyevadır. Tamaşada şaman ritmləri
və xronoloji videogörüntülərdən istifadə olunub. Əsər şərə qarşı
mübarizə, müharibənin
törətdiyi dəhşətlər
və bunların fonunda duran şeytanlaşmış
insan amilindən bəhs edir. Rollarda Beyrək Rüstəmzadə
və Vasif Vaqif çıxış
ediblər. Tamaşaçılar aktyorların plastikası,
əsərin quruluşu,
xüsusən, pyesin ideyasını bəyəniblər.
Festivalın sonuncu tamaşası türk dramaturqu Aykuz Salihin "Qış gecəsi" əsəri idi. Rejissor İmran
Qurbanovun quruluş verdiyi səhnə əsəri keşməkeşli
insan taleyləri, qadın-kişi münasibətləri,
həyatdakı həqiqətlər,
yalan üzərində
qurulan münasibətin
acı nəticəsindən
bəhs edirdi. Əsər tamaşaçıya çatdırırdı
ki, uşaqlıq travmaları insanı daim izləyir. Rollarda Anar Heybətov
və Zülfiyyə Alhüseynova çıxış
ediblər. Tamaşa alqışlarla qarşılanıb.
Martın
11-i, saat 15:00-da Azərbaycan
Teatr Xadimləri İttifaqının böyük
səhnəsində mükafatlandırma
mərasimi keçiriləcək.
Nadir YALÇIN
525-ci qəzet.- 2022.- 10 mart.- S.8.