Elxan Yurdoğlunun "İsmi-pünhan"ı - gilənar

 

Bir kitabın ilk oxucusu olmaq insanda fərqli duyğular oyadır. Həm də ilk oxucusu olduğun kitab haqqında qələmə alacağın cümlələrin məsuliyyəti bir az da artır. Çünki kitabı oxumayanlarda kitab haqqında ilk təəssüratı sənin fikirlərin yaradacaq. Naxçıvan ədəbi mühitindən və mətbuatdan yaxşı tanıdığımız Elxan Yurdoğlunun qarşımdakı növbəti şeirlər kitabı olan "Payızda gilənar dadı" ilə tanışlıq da məni belə bir məsuliyyətin öhdəçiliyini daşımağa sövq edir.

Sosial şəbəkələrdə onun şeirlərindən kiçik hissələrlə tez-tez rastlaşsam da, bu, mənim Elxan Yurdoğlu poeziyası ilə geniş şəkildə ilk tanışlığım idi. Onun ayrı-ayrı şeirləri ilə tanış olsam da, bütövlükdə bir kitabı, orda yer alan fərqli mövzulu əsərləri ardıcıl şəkildə ilk mütaliəm oldu. Onun müxtəlif şeirlərini, duyğu yüklü misralarını, şair mənindəki bəzən gizli, bəzən açıq duyğularını geniş şəkildə ilk dəfə kəşf etdim. Düzü, şeirdən şeirə dəyişən hisslər və düşüncələr burulğanı mənim də düşüncələrimdə xeyli dəyişiklik yaratdı. Hərdən o misralarda insanın özünü, öz duyğularını, daxili dünyasını, danışa bilmədiyi, özündən belə gizlətdiyi düşüncələrini görə bilməsi isə Elxan Yurdoğlunun sadəcə öz hisslərini qələmə almadığını, eyni zamanda, oxucusuna da xitab etməyi bacardığını göstərdi.

Yazda doğulan şairin payız sevdası var. Deyirlər ki, payız təbiətin çiçək olduğu ikinci bahardır. Payız əhval-ruhiyyədir. Ona sevgiylə baxmaq lazımdır. Elə şair də payıza həmişə sevgi ilə baxır. Yəqin buna görədir ki, yay meyvəsi gilənarın dadını payızda da hiss etmək istəyir - deyə düşünmüşdüm əslində. Niyə payızda gilənar dadı? Gilənar üçün payız gec deyil? - sualları hey düşüncələrimdə dolandı. Amma aramla oxuduğum sətirlər mənim xəyalımda başqa bir obraz canlandırdı. Daha doğrusu, başqa bir dünyanın gerçəkliyinə gətirib çıxardı.

Əsrimizin 20-ci ilində müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin əmri ilə başlanan Zəfər Yürüşümüz, torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən müharibəmiz şair Elxan Yurdoğlunun da yaradıcılığına fərqli bir ahəng, daha mübariz bir ruh gətirdi. Bu haqq savaşımızın xalqımıza zəfər gətirməsini arzulayan şair yazdı:

 

Bu namus savaşıdır, bu torpaq savaşıdır,

Qarabağçün darıxan bir bayraq savaşıdır.

 

"Vətən iman yerim" bölməsindəki şeirlər şair mənindəki mübarizliyi, döyüşkən əhval-ruhiyyəni qabarıq şəkildə üzə çıxarır:

 

Vurulsam, yıxılsam, yaram qan versə,

Durub savaşaram - tanı, buyam mən.

 

Bu şeirləri oxuduqca oxucu özünü o qəhrəmanların arasında, onlardan biri kimi hiss edir.

 

Toz-dumanın arasında əzminə heyran olduğumuz əsgəri savaş sərgisində canlı əsərə bənzədib maraqlı təşbeh yaradan müəllif, qələbədən sonrakı hissləri, hadisələrin gedişatını da poeziyasında təkrar-təkrar xatılayır və poetik dillə oxucularının ruhuna qovuşdurur.

 

Kitabın ilk bölməsində toplanmış şeirlərin yekun akkordu isə, mənə elə gəlir, "Nə yaxşı ki, türk olmuşam" şeiri ilə vurulur:

 

Bu dünyanın məğlubiyyət tanımayan türkü mənəm!

 

İnsan fiziologiyası fiziki, mənəvi ağrılarla və yorğunluqla mübarizə aparmalı olur bəzən. Bu, həm işimizdən, həm də olduğumuz mühitdən yaranan şəraitdən və şərtlərdən qaynaqlana bilir. Mənəvi yorğunluğu üzərindən atmaq insan üçün - xüsusilə yaradıcı insanlar üçün daha çətin və bəzən ağrılıdır. Şair düşüncələrinin yoğrunluqdan qurtulması isə yeni poetik nümunələrin doğulması ilə nəticələnir adətən. Elxan Yurdoğlu da yorğunluğunu, nigarançılığını özünəməxsus şəkildə ifadə edir. Bəlkə də bu, həm də öz ruhu ilə söhbətə yaranan ehtiyacdan doğan bir istəkdir.

 

Məni özümlə buraxın,

Tək qalmaq istəyirəm...

 

Üzdə çoxları üçün bəlkə qırx yaşında göründüyünü, dərində yetmiş yaşlı bir adamın var-gəl etdiyini yazan şair, hərdən keçən illərin yaş üstə yaş gətirməyindən və bəzən artan yaşın insan melanxoliyasına təsirindən də gileylənir:

 

Hər sözü də etmək olmur nuş daha -

Ya şəkərdir, ya zəhərdir, ya da duz,

Bu da - otuz doqquz.

 

Dünyadakı bütün sevgilərin qar kimi tərtəmiz, bəmbəyaz olmasını arzulayan Elxan Yurdoğlunu sevgi şairi adlandırmaq, düşünürəm ki, yanlış epitet olmaz. Onun yaradıcılığına nəzər salanda ilk üç kitabının "sevgi" təyini ilə adlanması diqqətçəkəndir: "Qızlar gözlərində sevgi gəzidirir", "Mən sevginin bəndəsiyəm", "Ən gözəl sevgidir ölüm". Böyük Cavid Əfəndinin "Mənim tanrım gözəllikdir, sevgidir" bəyanından sonra Yurdoğlunun "Mən sevginin bəndəsiyəm" yanaşması onun yaradıcılığından qırmızı xətt kimi keçən sevgi mövzusunu bizim üçün daha aydın edir. Yeni kitabında da bu mövzuya kifayət qədər yer ayıran şair özünü "bəxtikəm aşiqlərin dilsiz dərvişi" adlandıraraq yazır:

 

Neçə donmuş ürəyin sevda atəşi mənəm,

Buranın söz günəşi, şeir Günəşi mənəm -

Şəfəqimi yerlərdən saçıram göy üzünə,

Sizdən yaman yoruldum, qaçıram göy üzünə.

 

Oxucu qəlbinin şeirləri üçün vətən olduğunu, öləndən sonra da söz kimi yaşayacağını, ümidlərin nəsildən-nəsilə daşıyıcısının söz olduğunu deyən şair sözlərinin kövrək bir xatirə kimi kiminsə yadında qalması, o sözlərlə kiminsə xəyala dalması ilə kifayətlənir:

 

Şair, düşünmə ki, öldüm, qurtardı,

Bir misram yaşasa, demək ki, sağam.

Oxucu qəlbinə hopan şeirimin

Məna qatlarında yaşayacağam.

 

İtirmək - hər bir insan üçün həm qorxduğu, həm də mütləq şəkildə həyatında yaşadığı hissdir. Bu hisslə bu və ya digər şəkildə hər birimiz tanışıq. Bir də doğmalarını, yaxınlarını, səndən bir parça olanları və ya sənin bir parçası olduqlarını itirmək qorxusu var həyatda. İtirmək qorxusu şairin qələmindən başqa bir obraza, başqa bir rəngə və deyərdim ki, sirli bir aləmə çevrilib oxucunu ağuşuna alır. İtirmək alışqanlığından qorxusunu dilə gətirən Elxan Yurdoğlu, hamıya yük olan bu qorxunu insanı duyğu selinə boğan misralarla təsvir edir:

 

Atamla, anamla sınama, Tanrım,

65 nədir ki, 70 də azdır.

Bu üsyan deyil ki, qınama, Tanrım,

Ürək diktə etdi, qələm də yazdı.

 

İnsan yaradılış etibarı ilə gizli olana həmişə böyük maraq göstərib və onu öyrənməyə can atıb. Bu insani maraq insanoğlunu bilinməzləri kəşf etməyə və bəzən də hansısa sirləri bir ömür gizli saxlamağa sövq edib. İlk dəfə Molla Cuma yaradıcılığından eşidib yaddaşımda saxladığım, təsəvvürümdə həmişə qeyri-adi bir obrazda canlanan "İsmi-pünhan"ı növbəti dəfə məhz Elxan Yurdoğlu poeziyasında kəşf etdim. Onun poeziyasında "İsmi-pünhan" qarşımıza gilənar obrazında çıxır. "Sən mənim ruhumun gilənar rəngi", "tənha gilənaram qışdan xəbərsiz", "indi mənim ürəyim gilənar yarpağıdır" kimi misralar bizə bu obrazın bəzən şairin özü olduğunu inandırmağa çalışsa da, əslində:

 

Sən mənim şeirimin

Mətnaltı sözü.

Bütün varlığımın

Özüsən özü,

 

- deməklə, bizə gilənarın elə "ismi-pünhan" olduğunu açıqlayır. "Sənə qədər yarımçıqdım, səndə tamam olub gəldim" - deyərək, əzəldən gilənar rənginin dəlisi olduğunu, dodaqlarının uclarından dərdiyi gilənar tamını hələ də unutmadığını, bir az gilənar çiçəyi, bir az da yasəməntək sevdiyini ayrı-ayrı şeirlərində dilə gətirir. Digər şeirlərində "İsmi pünhan" olandan danışaraq bu kitabdakı yeganə qəzəl nümunəsində bir beyt ilə bu fikirlərə sanki yekun vurur:

 

Kimsə görməz mənim o göydə axan ulduzumu,

Tanrı da sevdiyini yanına pünhan aparar.

 

Şairə görə, xoşbəxtlik nifrət edənləri də qarşılıqsız sevməkdir. Qəlbinin 18 yaşlı bir həyəcanın içində olduğunu bildirərək, utancaq bir eşqin çəkingən misraları ilə dilə gətirir duyğularını. Bəzən də insanları bir-birindən ayırıb uzaqlaşdıran bir adamlıq məsafələr şairin üsyanı kimi dilə gəlir:

 

Aramızda bir adamlıq məsafə,

Keçmək olmur, keçmək olmur, nə edim?!

 

İnsan təbiətin bir parçası olaraq xəlq olunub. Özünü heç vaxt təbiətdən ayrı təsəvvür edə bilməz, özünü təbiətdən təcrid edə bilməz. Hər hissimizdə, düşüncələrimizdə, həyatımızda təbiəti bir bütöv olaraq dərk edir və duyuruq. Elxan Yurdoğlunun şeirləri də bu cəhətdən istisna deyil. Yeri gəlmişkən, "skamya" və "salxım söyüd" obraz olaraq şairin bir çox şeirində şahid qismində iştirak edir:

 

Salxım söyüdlər altında gizlədər tənhalığını,

Ağlayarsa göz yaşında güzgülənər kəpənəklər.

Daraq çəkər dağ qızının saçlarına səhər mehi,

Yanağını alma bəzər, dodağını çiyələklər.

 

Deyirlər, hər kəs özündən yazır. Amma gərək başqaları da yazılanlarda özünü tapsın. Elxan Yurdoğlunun "Payızda gilənar dadı" poetik dünyamıza müasir müstəvidən baxış, hər kəsin özünə aid nələrsə tapacağı kitabdır. Müəllifə də, oxucularına da bu yolda yeni yaradıcılıq uğurları arzulayıram!

 

Məmməd BABAYEV,

Jurnalist

 

525-ci qəzet.- 2022.- 11 mart.- S.15.