Rəvan Qaçayev:"Muğam ifaçılığına yenilik gətirmək istəyirəm"  

 

Müsahibimiz VII Muğam Televiziya Müsabiqəsinin qaliblərindən gənc və istedadlı xanəndə Rəvan Qaçayevdir. Musiqiçi ailəsində dünyaya göz açan Rəvanla onu bu sənətə gətirən yoldan və daha da irəliləmək üçün düşündüyü planlarından danışdıq.

 

***

 

"İlk müəllimim atam olub..."

 

- Musiqiyə meyl mənə ailədən gəlir. Atam qarmon ifaçısı olub. Həm atamın, həm də anamın gözəl səsləri olsa da, oxumayıblar. Əslim Qarabağdandır, ancaq atamgil Şamaxıda məskunlaşıblar və mən Şamaxıda doğulmuşam. Qohumlarımızdan, kəndimizdən çox gözəl musiqiçilər, aşıqlar yetişib. Məsələn, Aşıq Mahmud Ələsgəroğlu, Aşıq Əvəz Hacıyev, Abgül Mirzəliyev, Camal Dadaşov, Aşıq Vüqar Mahmudoğlu və başqalarının adını çəkə bilərəm.

 

Uşaqlıqda çox məsuliyyətli və diqqətli olmuşam. Biz ailədə beş qardaş, bir bacıyıq. Oğlan uşaqları, adətən, nadinc olur, amma mən daha çox edəcəyim hərəkətin sonrasını da düşünürdüm. Hər kəsin fikrini eşitməyə çalışırdım. Evdə uşaqların hamısının səsi vardı. Atam bizimlə məşğul olurdu. Amma mənə daha ciddi yanaşırdı. İlk müəllimim də atam olub. Həmişə deyirdi ki, Rəvan daha tez götürür, qavrayır. Özümün də həvəsim böyük idi. Demək olar ki, uşaqlıq yaşamamışam. Atamın qorxusundan futbol belə oynamamışam ki, soyuqlayaram, səsimə ziyan olar. Uşaqlar həyətdə oynayanda mən evdə oturub hansısa təsnifi öyrənirdim, böyük ustadlarımızı dinləyirdim. Hacıbaba Hüseynovun ifasını sevir və çox dinləyirdim.

 

Atamın da, anamın da çox güclü musiqi duyumları var. Hətta bu gün belə hərdən evdə öz-özümə oxuyanda anam səhvlərimi düzəldir. Belə bir ailədə yaxşı oxumamaq ixtiyarım yoxdur (gülürük).

 

"Bülbül adına orta ixtisas Musiqi Məktəbindən kənarlaşdırdılar..."

 

- Bəs musiqi təhsiliniz necə başladı?

 

- Biz bir müddət Qobustanda yaşamışıq. Onda mən 4-cü sinifdə oxuyurdum. Sahil qəsəbəsində musiqi məktəbi vardı. Orda gənc müəllim Əfruz xanımdan 1-2 ay dərs aldım. Muğamların başlanğıcı kimi "Bayatı-Kürd" muğamını öyrənməyə başladıq. Amma atam mənlə elə məşğul olmuşdu ki, daha çox təsnif bilirdim, muğamlar oxuyurdum. Bizim evdə həmişə Şövkət Ələkbərova, Rübabə Muradova, Hacıbaba Hüseynov, Ağabala Abdullayev, Alim Qasımov, Arif Babayev, Ağaxan Abdullayev kimi sənətkarların kasetləri oxudulurdu. Mən də onları dinləyə-dinləyə öyrənmişdim.

 

Sonra bizə çox gözəl xanəndə, dəyərli pedaqoq Sabir Abdullayevi məsləhət gördülər. 5-ci sinifdə Sabir müəllimdən 2 ay dərs aldım və üç muğamı tam öyrəndim. Sonra atam məni Asəf Zeynallı adına musiqi kollecinə gətirdi. Bəxtimdən rəhmətlik Əlibaba Məmmədovun dərsinə düşdüm. Onu hər zaman rəhmətlə anacam. Çünki Əlibaba müəllimin mənim həyatımda, yaradıcılığımda əvəzsiz rolu olub. Orda Əlibaba müəllim məni dinlədi və atama dedi ki, sən bu uşağı incitmə, bunun yeri Bülbül adına məktəbdir, apar ora. Bizi yönləndirdi ordakı Əflaruz müəllimə. Gəldik, məni dinləyib bəyəndilər və imtahanla ora qəbul oldum. İmtahanda Qədir Rüstəmovun "Sona bülbüllər" mahnısını oxudum. Bu mahnı mənim bir növ bayrağıma çevrilmişdi. Hara getsəm, onu oxuyurdum, çox bəyənirdilər. Orda da elə hisslə, həyəcanla oxumuşdum ki, müəllimlər gəlib məni öpdülər, aşağıda səsimi eşidənlər alqışlayıb, təbrik etdilər. Beləcə, 6-cı sinfi Bülbül adına Orta ixtisas musiqi məktəbində, Qəzənfər Abbasovun sinfində başladım. Orda oxuduğum illərdə musiqini, muğamı dərindən öyrəndim. Müsabiqələrdə iştirak edir, uğurlar qazanırdım. 7-ci sinifdə iki dəfə ölkəmizi xaricdə təmsil elədim. Həmin illər çox uğurlu illərim oldu. 8-ci sinifdə oxuyanda müdriyyət dəyişdi, Teymur Göyçayev gəldi. O da nəzəri fənlərə, solfecioya üstünlük verən müəllim idi. Mən də uşaq idim, səsimə, oxumağıma arxayın olmuşdum, nəzəri fənlərə ciddi yanaşmırdım. Amma Teymur müəllim təbii ki, tələbkar davranırdı. Mən də uşaq ağlımla laqeydlik elədim. Ona görə bir il məni sinifdə saxladı, dedi ki, səni qovmuram, şans verirəm, dərslərini oxu. O bir ildə də "ağıllanmadım" və növbəti il məcburən məni məktəbdən kənarlaşdırdılar (gülürük).

 

Təhsilim yarımçıq qalan illərdə də boş qalmadım, iki televiziya filminə çəkildim. Sirac Mustafayevin "Bir ovuc torpaq" filmində baş rolu oynadım. Həmçinin, "Durnalar qayıdanda" filmində rol aldım.

 

- Bildiyim qədəriylə, bir müddət aşıq sənətinə də meyl etmisiniz. Hətta müsabiqədə iştirakınız olub.

 

- Bəli. Elə həmin dövrlərdə aşıq sənətini öyrənməyə başladım. Aşıq İslam Rzaoğludan dərs aldım və aşıqlıq müsabiqəsinə qatıldım. O da çox maraqlı dövr idi. Belə ki, müsabiqəyə qatılmışam, amma oxuyuram, saz çala bilmirəm. Təbii ki, münsiflər məni götürmək istəmədilər ki, saz ifa edə bilmir. Müsabiqəyə də bir həftə qalıb. Aşıq İslam Rzaoğlu dedi ki, mənlikdir, öyrənəcək. Beləcə, bir həftənin içində sazı ifa etməyi öyrəndim. Əslində, qarmon, pianino ifasını bacardığım üçün elə də çətin olmadı. Bir həftədən sonra yenidən müsabiqəyə getdim və onlar da təəccüb etdilər ki, qısa zamanda necə tez öyrənə bildin. Həmin müsabiqədə 3-cü yerə çıxdım. Bu müsabiqə mənim az-çox tanınmağıma da kömək elədi. Ancaq müəllimim Aşıq İslam Rzaoğlunun 35 yaşında faciəvi ölümü məni bu sənətdən bir növ küsdürdü, depressiyaya saldı. Daha əlimə saz götürmədim.

 

Sonra 11-ci sinifdə yenə də atamın təkidiylə qayıtdım musiqiyə. Məktəbdən qovulmağıma səbəb olan salfecio fənninin 5 illik proqramını cəmi 19 günə öyrəndim və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. Burda Zakir Əliyev kimi sənətkardan dərs almaq qismətimə düşdü. Əvvəllər özümdən asılı olmadan Zakir müəllimi yamsılayırdım, hətta mənə "bala Zakir" deyirdilər. Sonra gördüm ki, bu, düzgün deyil və öz yolumu, öz izimi tapmağa başladım. Düzdür, indi də hərdən olur ki, ifamda Zakir müəllimin nəfəsi hiss olunur. Bu da təbidir, məncə.

 

Universitetin 3-cü kursunda oxuyanda görkəmli xanəndəmiz Qulu Əsgərovun 90 illik yubileyi keçirilirdi. Xalq artisti Mələkxanım Əyyubova məni də dəvət etdi və orda çox gözəl çıxışım oldu. Həmin ifam da məni çox tanıtdı. Sonra isə ADMİU-nun magistratura pilləsində Xalq artisti Teyyub Aslanovun sinfində dərs aldım.

 

 

 

"Muğamı duyub anlamaq üçün insanda fərqli ruh olmalıdır"

 

- Muğam Müsabiqəsinə qatılmaq qərarına necə gəldiniz?

 

- Əslində, məncə, tez idi. Mən gözləməyin tərəfdarı idim. Çünki səsim tam formalaşmamışdı. Onda 4-cü kursda oxuyurdum. Amma ailəmin, müəllimlərimin, həmçinin, universitet rəhbərliyimin istəyiylə qatıldım. Müsabiqəyə hazırlığımda Zakir müəllimlə yanaşı, kafedra müdirimiz Teyyub Aslanovun çox böyük zəhməti oldu. Eləcə də müsabiqə boyunca universitet rəhbərliyinin, müəllimlərimin mənəvi dəstəyini hiss etdim. Orda da finala qədər gəldim və 3-cü yerə layiq görüldüm. Bu da mənimçün çox böyük təkan və uğur oldu.

 

- Göründüyü kimi, bu qədər təməlli təhsiliniz var. Bəs niyə üzdə deyilsiniz?

 

- (gülür) Yaxşı sualdır. Nə bilim. Bu işlər bir az qəliz məsələdir. Məncə, gərək insanın öz xasiyyəti buna imkan versin. Bu gün üzdə kimlər var? Əsas məsələ məhz budur. Düzdür, kütlənin istədiyi istiqamətə gedib daha çox tanınmaq olar. Amma bu mənə rahatlıq gətirməz. Axı mənim təməl təhsilim var, böyük sənətkarlardan dərs almışam. Onlardan ağırlıq görmüşəm, sanbal görmüşəm. Dəvət olunan yerə gedirəm, amma dəvət olunmayan yerdə özümü məcbur kiməsə göstərməyin tərəfdarı deyiləm. Deyir, əlbəttə, qədri-zəri xiridar olan bilər. Gərək sənəti də ucuzlaşdırmayasan. Muğam bizim kökümüzdür, fəlsəfi musiqidir. Onu hər adam başa düşmür, duyub anlaya bilmir, bunun üçün insanda fərqli bir ruh olmalıdır. Bütün dünya musiqisi muğam ladı üzərindədir.

 

- El şənliklərində necə musiqilər seçirsiniz?

 

- El şənliklərində çalışıram ki, zövqlü musiqilər ifa edim, xalqın öz musiqisini özünə təqdim edim. Çünki bizim musiqimiz çox zəngindir. Bizim gözəl xalq mahnılarımız, bəstəkar mahnılarımız, aşıq musiqilərimiz var ki, onları ifa edirəm. Ona sevinirəm ki, məni məclislərinə dəvət edən insanlar zövqlü insanlardır, onlar məndən ara mahnıları tələb etmirlər, oxuduqlarım əksinə, onları sevindirir sanki.

 

- Özünüzü bir pedaqoq kimi görürsünüzmü?

 

- Bəli. Hətta mən 3-cü kursda oxuyanda uşaq hazırlaşdırırdım. Sonra müsabiqəyə qatıldım deyə dayandırdım. İndi də müraciət edənlər var. Bu, xalqın sənətidir. Bunu biz yaşatmalıyıq. Öyrədiblər, öyrənmişik. Sonra da biz öyrətməli, nəsildən nəsilə ötürməliyik ki, bizdən sonra gələnlər bu sənəti yaşatsınlar.

 

- Sizcə, muğam ifaçısında nə olmasa olmaz?

 

- Mənim qəbul etmədiyim nüanslar var. Məsələn, sözü çeynəmək. Bəzi ifaçılar var ki, görürsən səsi, ifası yerindədir, ilk dəfə dinləyəndə səni cəlb edir, amma onu davamlı dinləyə bilmirsən, çünki sözü çeynəyir, düzgün tələffüz etmir. Sözə münasibət çox önəmlidir. Söz elə bir şeydir ki, onu əzmək, öldürmək olmaz. Təkcə avaz üçün oxumaq düzgün deyil. Sözlə avaz vəhdət halında olmalıdır.

 

- Karyeranızla bağlı gələcək planlarınız, arzularınız nələrdir?

 

- Çalışacağam, fərqlənən bir ifaçı olum. Başqaları kimi oxumaq fikrim yoxdur, muğam ifaçılığına yenilik gətirmək istəyirəm. Estradaya da münasibətim çox gözəldir. Özüm də oxuyuram. Bir müddət Vaqif Gərayzadədən də dərs almışam. O, ifamı bəyənib dərslərinə dəvət etmişdi. İstəyirəm gələcəkdə xarici estradaya da müraciət edim və nəsə bir sintez yaradım ki, tamaşaçılar üçün maraqlı olsun. Yenilik deyəndə həm də bunu nəzərdə tuturam.

 

Eləcə də, çox şükür ki, muğamın, musiqinin beşiyi Şuşamız, Qarabağımız işğaldan azad olunub. Bu, dövlət başçımızın öndərliyiylə xalqımızın birliyinin nümunəsidir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Arzumdur ki, o torpaqlara gedim, orda oxuyum. Bu yaxınlarda "Şuşanın dağları" mahnısını ifa edəcəm. Əvvəl bu mahnıları həsrətlə, nisgillə oxuyurduq. Bu gün isə artıq rahat, sevinclə ifa edirik. İnşallah, tez zamanda o torpaqlara getmək, orda bu mahnıları oxumaq qismətimiz olsun.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 11 mart.- S.11.