"İnsanlar səməni
ovsunu ilə yeni tale yaratmaq istəyiblər"
Novruz gözəlliklər, mehr-məhəbbət bayramıdır. Novruzda elin-elatın xoş niyyəti, yenilənmək həvəsi, şövqü düz-dünya ilə bir olar. Ən böyük ümidlər Novruzda çin olar. Ən gözəl duyğular Novruzda baş qaldırar. Novruzda müqəddəs yerlər ziyarət edilər, qohumlara baş çəkilər, küsülülər barışar, kasıblara yardım edilər, bayram payı paylanar. İnsan öz ruhunda yenilənmə, aydınlanma hiss edər, arılar-durular.
Qədim təsəvvürlərdən baş alıb gələn, suya, oda, yelə, torpağa olan inam-etiqaddan yaranan Novruz adətləri haqqında bilgi almaq üçün Azərbaycan Milli Elimlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur İbrahimova ilə həmsöhbət olduq.
***
- Aynur xanım, ilk əvvəl istərdim Novruz bayramının tarixinə qısaca göz yetirək.
- Novruzun tarixi yaradılışın, insanlığın tarixi qədər qədimdir və ilkin mifoloji-kosmoqonik görüşlərə bağlıdır. Novruz tarix boyu çox geniş bir coğrafiyada yayılıb, müxtəlif mədəniyyətlərdə yer alıb, müxtəlif cəmiyyətlərdə fərqli qavranılıb. Təbiətlə iç-içə, qucaq-qucağa yaşayan, torpağı ana olaraq vəsf edən türk düşüncə sistemindən baharın gəlişi yan keçə bilməzdi. Təbiətdəki dəyişiklik tarix boyunca etnosun həyatında da bir dönüş, təzələnmə nöqtəsi olaraq düşünülüb. Türk düşüncəsinə görə, təqvim başlanğıcı olan Novruz, Ergenekondan çıxış günüdür. Türklərin dirilişi, qurtuluşudur. Novruz yaradılış, törəyiş, uğur, bərəkət bayramıdır. Novruz, mərasim ənənələri ilə zəngin ildəyişmə bayramıdır. Təbiətin dirilişinin alqışlandığı, il əsaslı zaman dəyişiminin başlanğıcı və bütün bunlar üçün də Tanrıya şükrünü ifadə edən özəl bir mərasimdir. Novruz təbiətin ən ədalətli günüdür.
- Novruzun dörd çərşənbəsi var; ayin- mərasimlərin keçirildiyi, tonqalların çatıldığı, odun, suyun, yelin, torpağın süfrələrə bar-bərəkət gətirdiyi dörd qutlu çərşənbə. Bir az dərinə varanda insanı belə bir sual düşündürür: niyə məhz dörd çərşənbə?
- Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: 40 gün davam edən böyük çillə, 20 gün çəkən kiçik çillə. Demək olar ki, hər zaman kiçik çillədə daha kəskin soyuqlar müşahidə olunur. Qışın oğlan çağı da deyirlər bu dönəmə. Daha sonra isə gəlir boz ay. Boz aya alaçalpo da deyirlər. 30 gün davam edir. Boz ayda 4 doğru çərşənbəmiz - üskümüz var. Su, Od, Yel və Yer. Niyə 4 çərşənbə? Doğrudan da çox maraqlıdır. Boz ayın dörd yeddigünlük çilləyə bölünməsi isə, ümumiyyətlə, təbiətin dörd ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür su, od, hava və torpaqdır. Qədim inanca görə, son ayın hər həftəsində bu ünsürlərdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların dirilməsilə, isinməsilə də təbiətimiz oyanır, qış qurtarır, yaz başlanır. Bu dörd ünsürdən hər birinin adı da çərşənbələrə verilir. Bu çərşənbələrimiz 4 dəfəyə ana təbiətimizə nəfəs verir, onu qış yuxusundan oyadır.
- Bu məqamda bir sual da meydana çıxır: Novruz bayramının ən xeyirli-uğurlu çağlarının çərşənbə axşamlarına təsadüf edilməsi hansı magik inanclarla bağlıdır?
- Bu sualın cavabını xalq təqvimində də axtarmaq olar. Tədqiqatçılarımızın fərqli yanaşmaları var. Məhərrəm Qasımlının fikrinə söykənsək, belə deyə bilərik: el inamına görə, çərşənbə axşamı ağır gündür, uğurlu, düşərli sayılmır. Sınayıblar ki, çərşənbə axşamında başlanan iş uğur gətirməz. Bu səbəbdən həmin gün nəsə bir işin təməlini - başlanğıcını qoymaq, ev tikintisinə başlamaq, toy-nişan etmək, səfərə yollanmaq, elçi getmək və s. məsləhət bilinmir. Görünür, çillədən çıxmaq, dərd-bəlanı, ağrı-acını bu ağır günün üstünə tökmək məqsədilə məhz bu gün seçilib.
- Aynur xanım, Novruz çərşənbələrinin adları hər il müzakirələrə səbəb olur. Ya sıralanma fərqli olur, ya da su, od, yel və torpaq çərşənbəsi adlarının elin yaddaşında olmadığı iddia edilir. Sizin fikrinizcə, sıralanma və ya adlandırılma necə olmalıdır?
- İlaxır çərşənbələrin adları, sıralanması müxtəlif bölgələrdə fərqli şəkildə rast gəlinə bilir. Bu, təbiidir. Fikrimizcə, hər hansı bir ənənəni təqdim etmək - adlandırılma, sıralama etnosun, millətin öz ixtiyarına verilsə, daha yaxşı olar. Xalq özünün çərşənbələrini necə adlandırır, eləcə də adlandırsın. Hər hansı bir çərçivəyə, sxemə salmağa gərək yoxdur. Bu sıralamanın və ya adlanmanın müxtəlif folklor mühitində fərqli olmağı təbiidir. Götürək çərşənbə sözünün özünü. Çox bölgələrimizdə çərşənbə axşamlarıdırsa, bəzi yerlərdə "cəmlə"dir. Bakı və Bakı ətrafı kəndlərdə isə üskü axşamlarıdır. Ruhu şad olsun Mikayıl Müşfiqin, "Bayram axşamları" şeirində yazır:
Hələ üskü axşamları,
Qiyamətdən nişanədir.
Oynamaqçın çocuqlara
Böylə günlər bəhanədir.
Novruz özü folklor düşüncəsi olduğu üçün çoxvariantlılığın olmasını da qəbul etməliyik. Şifahi düşüncədə, yaddaşda yaşayan hər hansı bir mətn müxtəlif folklor mühitlərində dəyişmələrə məruz qalır.
- Novruzun bəzi adətlərinə də aydınlıq gətirməyinizi istərdim. Məsələn, bayramı papaqatdısız təsəvvür etmək olmaz. Bu adət bayrama daha bir şirinlik qatır. Bu adət öz başlanğıcını hardan götürür?
- Bu adətə bəzi yerlərdə qurşaqsallama, şalsallama, baca-baca, yaxud nünnünü də deyilir. M.Şəhriyarın şeirində deyilir:
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığı bağlamaq.
Burada bayrampayı yığmaqla - paylaşmaqla magik mahiyyətli bəxtsınama adəti birləşir. Bunu, adətən, sevdiyi qızların evinə papaq, qurşaq atan oğlanlar icra edirdilər. Atılan papaq, qurşaq tanınmalı idi. Oğlanlar verilən paydan qızın anasının, özünün, yaxud bu sevgidən xəbəri olan digər kimsələrin bu sevgiyə münasibətini öyrənirdilər. Ona görə də bəxtlərinə axır çərşənbə gecəsi hansı xəbərin çıxacağını böyük həyəcanla gözləyirdilər. Cavab papağa, qurşağa qoyulan əşyalardan bəlli olurdu.
- Aynur xanım, səməniylə bağlı nəğmələrdən aydın olur ki, insan bu bərəkət simvoluna böyük ümid bəsləyib, ondan güc-qüvvə, enerji, dirilik istəyib. Yəqin ki, ayinlərdə də bu inam özünü göstərir?
- Sözsüz.
İlaxır çərşənbədə səməniylə
bağlı ayinlər çoxdur. Onlardan biri səməni nəziri adətidir. Qəlbində
bir niyyəti olan adam
böyük tabaqlara buğda töküb göyərdirdi. Sonra cücərtiləri əzib
şirəsini çıxarır,
şirəyə bir az su əlavə edib, iki-üç gün qaynadırdılar. Ona qoz-fındıq
ləpəsi qatır,
sonra xonça sinilərinə töküb
yayırdılar. Xonçaları evə aparmayıb, həyətdə saxlayırdılar.
Gecə yatmayıb niyyətin qəbul olması haqqında dua edirdilər. Səhər bişmişin
dadına baxırdılar.
Əgər bişmiş şirin
çıxırdısa, demək,
nəzir-niyyət qəbul
olunub. Bu adət mifik mahiyyətlidir.
Səməni ovsunu adəti də magik xarakterlidir. Bu ayin uşağı olmayan qadınlardan ötrü icra olunurdu. Ayinin qaydası belədir: oğul-qız böyütmüş qadın göyərdilmiş səmənini ilaxır çərşənbə günü uşağı olmayan və bununla da çilləyə düşmüş sayılan qadının başı üstə saxlayır. O, bulaqdan, çaydan gətirilmiş "çərşənbə suyu"ndan bu səməninin üstündən çilləli qadının üstünə axıdır. Yenə də oğul-uşaq böyütmüş başqa bir qadın çilləlinin üstünə axıdılan bu suyu əlinə aldığı qayçı ilə doğraya-doğraya: "A səmənini göyərdən, bu gəlini də göyərt", - deyir və yaxud:
Arpa, buğda dənidi,
Göyərən səmənidi,
Kəsdim, gəlin, çilləni,
Övlad vermək dəmidi -
ovsun sözlərini deyir. Burada əsas bitki (ağac) və su kultlarının izlərini görürük. Göyərdilmiş səməni yaradılışı və qadın başlanğıcını, su isə kişi başlanğıcını - dölləndirməni rəmzləndirir. Ayin-ovsunun əlamətdar cəhəti onun ilaxır çərşənbədə icra olunmasıdır. Yeni il - yeni həyatın başlanğıcı deməkdir. İnsanlar səməni ovsunu ilə yeni tale yaratmaq, köhnə, pis taleyi dəyişdirmək istəyirdilər.
- Aynur xanım, söhbətə görə təşəkkür edirəm, diləyim budur ki, Novruz bayramı xalqımızın taleyinə ən xoş yazılar yazsın.
- Diləyinizə qatılıram, onu da deyək ki, bu Novruz bir başqa Novruzdur. Bu Novruzu biz Qarabağ torpağında qarşılayırıq. Bu gün mübarək Novruz tonqalı mübarək Qarabağ torpağında daha da gur yanır. İllərdir qəribsəyən, həsrətdən üşüyən Qarabağ torpağına öz isti nəfəsini verir. Qarabağımız dirçəlir, canlanır, insanımız dərindən nəfəs alır. Odumuz-ocağımız hər zaman gur yansın.
Günel NATİQ
525-ci qəzet.- 2022.- 11 mart.- S.10.