Muğam onun həyatı idi  

 

 

10 mart Xalq artisti Canəli Əkbərovun doğum günüdür. Ömür vəfa etsəydi, 82 yaşını əzizləri, doğmaları arasında keçirəcəkdi. Unudulmaz muğam ifaçısını xatırlayanda illərin bu cür sürətli uçuşundan heyrətlənirəm.

İndi bu sətirləri yazarkən xəyal məni 1972-ci ilə apardı. Mən onda Bakı Dövlət Universitetinin tələbəsi idim. Yayın ilk ayı olardı. Xanəli, Canəli Məzahir Əkbərovların Filarmoniyada konserti vardı. Mən bilet alıb bu konsertə getmişdim (Çox sonralar bildim ki, bu konsert maestro Niyazinin təşəbbüsü ilə keçirilib). Canəli onda Filarmoniyanın solisti idi. Amma atası Xanəli kişi, qardaşı Məzahir Lənkərandan gəlmişdilər. O axşam tamaşaçılar bir ailədən çıxmış üç xanəndəyə qulaq asmaq üçün Filarmoniyanın yay zalına toplaşmışdılar. Səhnəyə birinci Məzahir çıxdı. O, "Şahnaz" muğamını oxudu. Ondan sonra səhnəyə 66 yaşlı Xanəli Əkbərov çıxaraq "Bayatı-Şiraz" muğamını ifa elədi. Onun hər vurduğu zəngulələr alqışlarla qarşılanırdı. Çox incə səsli bir sənətkar idi. Konsertin sonunda Canəli Əkbərov "Çahargah" muğamını oxudu. Özündə qəhrəmanlıq ovqatı yaşadan bu muğamı Canəli Əkbərov böyük şövqlə ifa etdi. Axşamın sərinliyində onun zil səsi lap uzaqlarda belə eşidilirdi. Şübhə etmirdim ki, Filarmoniyanın bağında əyləşib istirahət eləyənlər onun səsini aydınca eşidirdilər...

1963-cü il avqust ayının 9-da Filarmoniyada gənc müğənnilərin konserti olmuşdu. Bu konsertdə Nəriman Əliyev, Şahmalı Kürdoğlu, Bayram Məmmədov, Nazim Çələbiyev, Məmməd Məmmədov və Canəli Əkbərov da  iştirak etmişdi. Elə həmən ildə də Canəli Əkbərov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına solist götürülmüşdü. Canəli Əkbərov bu konsertdə "Rast" muğamı və "Qarabağ şikəstəsi" oxumuş, ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdı.

Canəli Əkbərovun ifasına nikbin əhvali-ruhiyyə, cəngavərlik ovqatı xas idi. Onun "Rast", "Orta Mahur", "Mahur-hindi", "Mirzə Hüseyn segahı" muğamlarının zil şöbələrindəki oxumaları, səs həmlələri dediklərimizə əyani sübutdur. O, bu baxımdan Xan Şuşinski muğam məktəbinin ən layiqli davamçılarından biri idi. Müsahibələrində, çıxışlarında dəfələrlə etiraf edib ki, Xan Şuşinskinin oxumaları, onun muğam yolu onun üçün məktəbdir. Əlbəttə, bu o demək deyil ki, C.Əkbərov nə oxusa, Xan Şuşinskini təqlid edirdi. Qətiyyən! Sadəcə bütün yaradıcılığı boyu bu görkəmli xanəndənin ifa modelinə sadiq qalmışdı və bu modelə öz səs boyalarını, avazlarını artırmışdı. Xanəndələrin təbirincə desək, o, tarın bütün pərdələrində asanlıqla oxuyurdu. Bu barədə söz düşəndə deyərdi ki, xanəndənin SƏSİ olmalıdır. Muğam dünyasının qapısını açan SƏSdir. Xanəndənin səsi muğamın bütün pərdələrinə çatmalıdır.

Sənətdə heç zaman tək olmaq olmaz. Həmişə səhnədə, həyatda həmkar, rəqib, rəqabət olmalıdır. Bunlarsız inkişaf ola bilməz. Əlbəttə, C.Əkbərov da bir xanəndə olaraq muğam ifaçılığında yeganə deyildi. Amma sənətini sevən, bu yolda fədakarlıq göstərən, çətinliklərə sinə gərən tək-tük sənətkarlardan idi. O günlərdən illər keçib, nə qədər ifaçı zamanın ələyindən ələnərək yaddaşlardan silinib. C.Əkbərov isə öz istedadı və fədakarlığı ilə bu sınağa tab gətirmişdi, musiqi mədəniyyətimizin tarixində, yaddaşlarda yaşamaq haqqı qazanmışdı.

Əgər onun geniş diapazonlu səsi, oxuma fantaziyası, sənət ehtirası olmasaydı, heç şübhəsiz, 1978-1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam simpoziumunda respublikamızı təmsil edə bilməzdi. Fateh Teymurləngin nəvəsi Uluqbəyin tikdirdiyi Şirdor mədrəsəsinin həyətində, dünyanın müxtəlif ölkələrindən gəlmiş musiqiçilərin, ifaçıların qarşısında açıq havada, mikrofonsuz "Bayat-Şiraz" muğamını oxumağa hünər gərək idi. O zaman onu tarda Xalq artisti Bəhram Mansurov, kamançada Əməkdar artist Tələt Bakıxanov müşayiət edirdi.

1976-cı ildən C.Əkbərov opera teatrında fəaliyyətə başlamışdı. Burada çalışdığı otuz il müddətində İbn Səlam, Məcnun (Ü.Hacıbəyli, "Leyli və Məcnun"), Kərəm (Ü.Hacıbəyli, "Əsli və Kərəm"), Şah İsmayıl (M.Maqomayev, "Şah İsmayıl"), Camal (Ş.Axundova, "Gəlin qayası") və başqa musiqi partiyalarını ifa etmişdi.

C.Əkbərov məhəbbətini də, həyatının mənasını da, şöhrətini də muğamda tapmışdı. O, bütün ömrü boyu muğam ifa etmişdi, muğam da onu yüksəltmişdi.

Canəli Əkbərov 1972-ci ildən başlayaraq uzun illər pedaqoji fəaliyyətlə də məşğul olmuşdu. 2002-ci ildə professor elmi adı almışdı, haqqında sənədli filmlər çəkilmişdi. Xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, fəxri adla yanaşı, "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunmuşdu.

2010-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Təhsil" nəşriyyatında Canəli Əkbərov haqqında albom-kitab hazırlanmışdı. Mənim üçün çox xoşdur ki, bu albom-kitab onun haqqında yazdığım portret oçerk əsasında hazırlanıb nəşr edildi. 2010-cu ildə, mənim aparıcılığımla, unudulmaz xanəndəmizin Filarmoniyada 70 illik yubiley gecəsi keçirildi.

22 oktyabr 2021-ci ildə haqqın dərgahına qovuşan Canəli Əkbərov cismən bizi tərk etsə də, səsi-sənəti ilə bu gün də bizimlədir. Allah rəhmət eləsin!

 

Mustafa ÇƏMƏNLİ

 

525-ci qəzet.- 2022.- 11 mart.- S.8.