Azərbaycan  Milli Teatrı 149 yaşında

 

 

10 mart Milli Teatr Günüdür. 1873-cü il martın 10-da Bakıda maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov, aktyor Əsgər ağa Adıgözəlov və Realnı məktəbin şagirdlərinin iştirakı ilə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib.

Azərbaycanda peşəkar milli teatrın yaranması bu tarixdən hesablanır və uzun illər 10 mart teatr ictimaiyyəti tərəfindən peşə bayramı kimi qeyd olunub. Prezident İlham Əliyevin 2013-cü ildə (1 mart) imzaladığı sərəncamla Milli Teatr Günü təqvimimizdə daha böyük dəyər qazandı.

Teatr qarderobdan başlayır” – ilk dəfə kim tərəfindən söylənildiyi bilinməyən və məşhur teatr rejissorlarından birinə aid edilən sözlər, əslində, kimin deməsindən asılı olmayaraq, bu sənətin gerçəyini ifadə edir. Teatr sənət kimi məhz sənətsevərlə bilavasitə üz-üzə, tamaşaçı ilə canlı ünsiyyətdə yaşayır, nəfəs alır. Teatrı başqa sənətlərdən fərqləndirən bir mühüm cəhət də budur.

2020-ci ilin əvvəlindən dünyanı cənginə alan pandemiya Azərbaycanda da mədəni həyatı aylarla dondurdu, təxminən ilyarımdan artıq müddətdə teatr səhnəsindən və tamaşaçı ilə canlı ünsiyyətdən uzaq düşdü.  Nəhayət, 2021-ci ilin oktyabrından xüsusi karantin rejimində yumşalma ilə teatr sənəti də tədricən (maskalı rejimdə də olsa) öz məcrasına qayıtmağa başladı...

Pandemiya üzündən 2020-ci ildə 10 martı, ümumiyyətlə, qeyd edə bilməyən, 2021-ci ildə isə yarı-rəsmi şəkildə yola verən Azərbaycan teatr ictimaiyyəti, nəhayət, bu gün peşə bayramını zalları dolduran kütləvi tamaşaçı ilə üz-üzə, səhnədə – tamaşalar, təqdimatlar, premyeralarla qeyd edir. Sənət yaşayır – onu yaşadanlar sayəsində...

Teatra həyatını həsr edən, teatrla yaşayan, teatrı sevən, teatrda sevilən hər kəsin sənət bayramı mübarək!..

 

 

 

525-ci qəzet.- 2022.- 11 mart.- S.9.