“Azərbaycan multikulturalizminin
elmi-fəlsəfi və ictimai-publisistik
qaynaqları” kitabının təqdimatı olub
Azərbaycan Dillər Universitetinin
(ADU) Multikulturalizm Mərkəzində “Azərbaycan
multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik
qaynaqları” kitabının təqdimatı olub. Kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi
ADU-nun rektoru, akademik Kamal Abdulladır.
525.az xəbər verir ki, tədbiri
giriş sözü ilə açan ADU-nun rektoru Kamal Abdulla kitabın ərsəyə
gəlməsindən danışıb.
Bildirib ki, kitabın 3 hissədən
ibarət olması nəzərdə tutulub: “Azərbaycan multikulturalizminin
ədəbi-bədii qaynaqları”
adlanan birinci hissə artıq Azərbaycan dilində çap olunub, rus və ingilis
dillərinə tərcümə
edilib. Bu kitabda
Azərbaycan yazarlarının
əsərlərində multikultural
ideyaların təcəssümü
öz əksini tapıb. “Azərbaycan
multikulturalizminin elmi-fəlsəfi
və ictimai-publisistik
qaynaqları” adlı ikinci kitabda elmi ənənədə qəbul edilmiş mədəni müxtəliflik
qədim zamanlardan indiki dövrə qədər təsvir edilir.
Akademik Kamal
Abdulla qeyd edib ki, həyat tərzi və dini görüşümüzdəki
müxtəliflik Azərbaycanın
mütəfəkkir və
filosoflarının yaradıcılığında
da əsas prioritet xətt kimi təzahür edir. İctimai-publisistik kontekstdə multikultural
və tolerant ideyalar qabarıq şəkildə
XVIII, XIX və XX əsrin
əvvəllərində yaşamış
filosof, tarixçi, maarifçi və mütəfəkkirlərin dünyagörüşlərində
daha aydın görünür. Antologiyada
Azərbaycanın orta
əsr alim və filosoflarından Bəhmənyar əl-Azərbaycani,
Şihabəddin Sührəvərdi,
Nizami Gəncəvi, Nəsirəddin Tusi, Nəcməddin Naxçıvani,
Seyid Yəhya Bakuvi, Məhəmməd Füzuli, Fətullah Şirvani və başqalarının yaradıcılığında
əksini tapan multikultural baxışlar yer alıb.
Kitabın ideya müəllifi Kamal Abdulla bildirib ki, bu nəşrin
də rus və ingilis dillərinə tərcümə
olunması nəzərdə
tutulub. Eyni zamanda, kitabın
üçüncü hissəsi
- “Azərbaycan multikulturalizminin
siyasi və hüquqi qaynaqları” hazırlanır, bu ilin sonuna qədər
çap olunması planlaşdırılır.
Akademik vurğulayıb ki, “Azərbaycan multukulturalizminin
qaynaqları” seriyası
çərçivəsində “Azərbaycan multukulturalizminin
ədəbi-bədii qaynaqları”
kitabından sonra çap olunan “Azərbaycan multikulturalizminin
elmi-fəlsəfi və
ictimai-publisistik qaynaqları”
kitabının nəşri
mənsub olduğumuz mədəniyyətin laylarını
və qatlarını
müasir dövrdə
bütün dünyaya
təqdim edir.
“Azərbaycan multikulturalizmi
ölkənin bütün
ali təhsil
müəssisələrində əsas fənlərdən
biri kimi tədris olunur. Eyni zamanda, dünyanın 24 universitetinin tədris proqramında yer alır. İnanıram
ki, təqdim etdiyimiz bu kitablar
Azərbaycan multikulturalizminin,
multikultural dəyərlərinin
dünyaya tanıdılmasına
töhfə verəcək”,
- deyə akademik Kamal Abdulla qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov məlumat verib ki, kitabın ərsəyə gəlməsində Prezident İlham Əliyevin “Multikulturalizm Azərbaycanda həyat tərzidir” fikri əsas götürülüb. Kitab üç fəsildən – “Dini mətnlərdə multikulturalizm”, “Orta əsr Azərbaycan fikir tarixində multikulturalizm”, “XIX-XX əsr Azərbaycan maarifçiləri, publisistikası və mutlukulturalizmi” ibarətdir. Bu kitab müxtəlif dillərdə xarici universitetlərə və ictimai-siyasi dairələrə göndəriləcək.
ADU-nun Multikulturalizm Mərkəzinin direktoru Loğman Rəşidzadənin
moderatorluğu ilə keçən tədbirdə
Azərbaycan Milli Elmlər
Akademiyasının Fəlsəfə və Sosiologiya
İnstitutunun baş direktoru fəlsəfə elmləri doktoru kitabın həmmüəllif İlham Məmmədzadə, Azərbaycan İlahiyyat İnstitutunun rektoru kitabın həmmüəllifi Aqil Şirinov, digər
həmmüəlliflər Sakit Hüseynov, Əhməd Qəşəmoğlu,
Adil Əsədov, Aydın Əlizadə,
Əli Fərhadov, Rəşad İlyasov kitab haqqında fikirlərini
bölüşüblər. Qeyd olunub ki, kitab
Azərbaycan multikulturalizminin öyrənilməsində
mühüm əhəmiyyət kəsb edir.
525-ci qəzet.- 2022.- 11 mart.- S.9.