Dul qadının tənhalığı  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

 

Toy gecəsi bizim həyatımızın karnavalına çevrildi. Həmin uzun gecəni gözlərimə yuxu getmədi, əvvəllər dərd məni yatmağa qoymurdusa, indi sevinc, bədənimi döyəcləyən xoşbəxtlik dalğası şadlığımın ömrünü uzatmaq üçün məni ayıq saxlayırdı və elə bil ki, mənə deyirdi ki, sənin də küçənə bayram gəldi, sənin də quraqlıqdan az qala məhv olan qönçələrin ilahi bir şehin təsiri ilə gur şəkildə açıldı. Mən dünyaya yenidən gəlmişdim, əslində, mənim üçün yeni dünya peyda olmuşdu və bu dünyanın yaradıcısı Hüseyn idi, mənim dünyama o, parlaq işıq saçmışdı. Onun ağuşunda mən özümü ananın qoynundakı körpə kimi hiss edirdim. Onun nəfəsi də uzun müddət qışın şaxtasına məruz qalmış, donmuş könlümü və həm də sevilən kişi yaxınlığından məst olan bədənimi oyatmış, canlandırmışdı. Mən fiziki məhəbbətin belə ecazkar gücünə inana bilməzdim, çünki ilk dəfə idi ki, bu möcüzəni hiss edir, arzuladığım təmasdan bütün hüceyrələrim yeni həyat eşqinə yiyələnirdi. O, mənim yetim qalmış və dərd mamırı basmış könlümü bütünlüklə təmizlədi, onun vaxtından əvvəl qocalmasının qarşısını aldı və məni əbədi bahara qovuşdurdu. Arılar bal əmələ gətirmək üçün uzaq məsafələr qət edir, minlərlə çiçəyin nektarını sorur və onu pətəyə daşıyırlar. Mən bədənimin həzzindən ağzımda, dodaqlarımda bu həyatverici nektarı hiss edirdim və ilk dəfə idi ki, belə bir inama yiyələnmişdim ki, o, heç vaxt mənim gənclikdən xəbər verən çiçəyimin solmasına imkan verməyəcək, onu özünün isti nəfəsi ilə şaxtadan, tufandan qoruyacaqdır. Əslində, o, məni doğmuşdu, özü üçün doğmuşdu və bu körpəni hər cür bəladan hifz etməyə, mənə hücum çəkən bütün qara qüvvələrə qarşı mübarizəyə hazır idi. O, məni və sonralar da oğlumuzu qorumaq üçün həyatını da qurban verə bilərdi. Lakin təbiət özünün dəhşətli oyununu oynadı, Hüseyni mövcudluqdan, cavanlıq eşqi yağan bir insanı həyatdan məhrum etdi, onu yaşadığı sevgi diyarından əlçatmaz və qayıdışı mümkün olmayan sürgünə göndərdi.

 

Əslində, onun ölümü mənim xoşbəxtliyimin də sonu, özümün də ağlasığmayan məhvim demək idi. Əgər sənin yaşadığın mühit yoxa çıxırsa, sən də onunla birlikdə mövcud olan bir varlıq kimi qeybə çəkilməli olursan. Mən elə bilirəm ki, Hüseynlə sevgimin, vurğunluğumun bütün çılpaq anatomiyasını sənə açıb göstərdim. Mən qüsurlarımı da gizlətmirəm, çünki onları ən mərhəmətli insan saydığım Hüseyn əfv etmiş, onlara birdəfəlik bəraət vermişdi. Onu da əlavə etmək istəyirəm ki, hətta süni intellektin geniş yayıldığı, insanı əvəz etdiyi bir dövrdə də insanlıq daha böyük əhəmiyyətə malik olmalıdır, ona görə də əvəzsiz hesab etdiklərimizi biz ən azı xatirələrimizdə yaşatmalıyıq.

 

Ruhiyyə jurnalist qıza dedi:

 

- Görürsən, mən heç də örtülü adam deyiləm, sənin qarşında öz dünyamı açıb tökdüm, ərimlə olan münasibətlərimin ən sirli cəhətləri ilə də səni tanış etdim. Mən yaradıcı işə başlamaqla həm də ictimai bir şəxsə çevrilmişəm, oxucuların məni yaxından tanımaq hüquqları vardır, mən buna düzəliş verə bilmərəm.

 

Jurnalistika və məşhur qəzet barədə fikirlər

 

Ruhiyyə jurnalist qızın çox şeylə maraqlandığına, ona mürəkkəb suallar verdiyinə görə özü haqqında belə geniş izahat vermişdi. Yenə də onun yadına əzizi Südabə xanım düşdü. Bu böyük istedad sahibinə süni "vətənpərvərlik" qalxanı altında marginal jurnalistlər hücum edir, onu ingilislərə satılmaqda ittiham edir, islam dininə hörmətsizlik edərək daim Bibliyadan misal çəkdiyini onun xristianlığa qızğın meyli kimi qiymətləndirirdilər. Hətta biri əndazədən çıxıb. Moiseyi, Solomonu, İisusu Qurandakı ərəbləşdirilmiş adlarla vermədiyinə görə onu rüsvay edir, fitvaya layiq olduğunu irəli sürürdü.

 

Südabə xanım belə ittihamlara əhəmiyyət vermirdi, həmin nadanların jurnalistikanın müqəddəs sarayına daxil olmasına icazə verənləri günahkar hesab edirdi. Onlar dedi-qodu mühitinin yetişdirdikləri olduqlarından, bu mühitə xidmət göstərməyi vacib sayır, yatmış vicdanlarını qətiyyən oyatmaq istəmirdilər. Onlarla mübarizə aparmaq da çətindir, çünki malik olduqları aşağı səviyyəni, açıq həyasızlığı çomağa döndərib, onları qəbul etməyənlərin başına vurmaqdan da çəkinmirlər. Axı çoban əlindəki qələmi də çomaq hesab edir. Paltarın altında gizlədilən eyibləri utanmadan açıb nümayiş etdirənlərlə həyalı adamların mübarizə aparması olduqca çətindir. Biz öz mətbuatımızdakı biabırçılıqları görür və imkanımız daxilində onları ifşa edirik. Lakin əvvəllər də, başqa ölkələrdə də belə eybəcərliklər olmuşdu. Olduqca varlı adam olan A.S.Suvorinin redaktor olduğu "Novoe vremya" qəzeti antisemit mövzudakı yazıları ilə seçilirdi. Böyük rus yazıçısı A.P.Çexov qardaşına göndərdiyi məktubda həmin mətbu orqanını bu sözlərlə xarakterizə etmişdi: "Bu qəzet deyil, heyvanxanadır". Qəzet əgər heyvani hisslər aşılayırsa, səyyari heyvanxanaya çevrilir. Ruhiyyə əlavə etdi ki, o, Südabə xanımın xatirəsinə qarşı olan hücumlara dözə bilmirdi, təkid edirdi ki, onlara tutarlı cavab verilsin. Yəqin ki, baş verən dəyişikliklər bu sahədə də qayda yaradılmasına səbəb olacaqdır.

 

Dünyada artıq çox şey dəyişikliyə məruz qalır, elm ağıla gəlməyən sahələrə də nüfuz edir. Süni intellektin mövcudluğu meydana çıxmışdır, həyatda onun təsiri daha güclü hiss olunur, axı o, nə yorulur, onun nə başı ağrıyır, nə də pis əhval-ruhiyyədə olur. Ola bilər ki, onlar adam əvəzinə bütün işləri görəcəklər, cəmiyyət üzvlərinə isə yalnız yaradıcı işlə məşğul olmaq qalacaqdır. Beləliklə, "bekarçılıq sivilizasiyası" meydana gələcəkdir. Bu vaxt adamlar heç nə ilə məşğul olmayacaqdır. Çünki indiyədək insanın gördüyü işləri artıq maşın da görə biləcəkdir.

 

İndi elə maşınlar kəşf edilmişdir ki, onlar öz dərin intuisiya qabiliyyəti hesabına çox çətin proqramları da həll edə bilir. Onlar hətta insana da rast gəlməyən məsələnin həllini mümkün edirlər. Axı intuisiya yalnız adamlara məxsus idi. İndi o da maşının potensialına keçirsə, deməli, maşın adamı da geridə qoya biləcəkdir.

 

Köhnə nəslin yüz illərlə, sonralar isə aylar və həftələrlə dərk etdiyinə indi saatlara bərabər vaxt tələb olunur. Biz sosial əlaqələr dünyasında yaşayırıq. İdrak beynin ölçüsündən asılıdır. İndi rəqəm dünyasında insanlığı qoruyub saxlamaq mühüm problem kimi meydana çıxır. Bilik deyil, insanlıq keyfiyyəti ön plana çıxır. Uşağa yenə də kompüterdən çox müəllim lazım olacaqdır.

 

Mətbuat, jurnalistika yaradıcı işdir, onun saflığı mühüm əhəmiyyət kəsb edir. Bəzi jurnalistlər Qədim Romada və SSRİ-də mövcud olmuş donosçuları - çuğulçuları xatırladırlar. Birini biabır etmək fikrinə düşəndə hər şeyə əl atır, qəhrəmanının həyatında buraxdığı səhvlərlə kifayətlənməyib, onu şişirtməyə başlayır, daha sensasiyalı etmək üçün iftiralar uydurmaqdan da çəkinmirlər. Xüsusən qadın jurnalistlər bu barədə kişi cinsindən olan həmkarlarını da ötüb keçirlər. Onlar müəyyən maddi maraq xatirinə elə böhtanlar uydururlar ki, bu barədə məhkəməyə müraciət edilsə, həmin müəllif özünü biabırçılıq dirəyinə bağlamalı olacaqdır. Lakin böhtan yağışından islanmış adam məhkəməyə müraciət etmir, yazılanları qələmindən çıxan adamın vicdanına tapşırır, ancaq anlayır ki, vicdanını ucuz qiymətə satan adamda, çünki onlara heç vaxt iri məbləğ vəd edilmir, vicdan axtarmağın özü də ağılsızlıqdır.

 

Təəssüf ki, ölkəmizdə reket jurnalistlər zümrəsi meydana gəlmişdir, bəs onları səhnəyə çıxaran redaktorlar reketliklə məşğul olmurlarmı? Axı onlar tabeliyində olan jurnalistin feyk ustası olduğundan xəbərdar olduqlarından, belə iftiraları uydurmanı da məhz elələrinə tapşırır və görünür, jurnalist kənar sifariş sahibindən "qonorar" aldığı kimi, bunun bir hissəsi və ya ayrıca şəkildə məhz redaktora da çatır. Redaktor qəzetini haram, yalan materiallar aləminə, ruporuna çevirdikdə, ingilislər bunu "muştuq" mənasını verən "mouthpiese" kimi işlədirlər, donunu nə qədər dəyişsə də, hamı onun mövqeyinin saxta mahiyyətinə bələd olduğundan, onun barəsində yaranan iyrənc rəy heç vaxt dəyişikliyə məruz qalmır. Bəziləri hətta dustaqxanaya da düşməyini özünü təmizə çıxarmaq vasitəsi hesab etsə də, heç kəs onun azad olunmasına sevinmir. Çünki bilir ki, yenə əyri qazanc naminə vicdanı kimi, qəzetin səhifələrini də hərraca qoyacaqdır. Ona görə də daim qəzetinin pafoslu adı ilə sevinən və bunu başqalarına da təlqin etməyə çalışan redaktor, bu adı da biabır etdiyindən, hətta həmin qəzetin oxucularına da şübhə ilə baxılmağa başlanır.

 

Ruhiyyə qonağına dedi:

 

- Xahiş edirəm, dediklərimi özünüzün və qəzetinizin ünvanına qəbul etməyəsiniz. Mən sizin baş redaktorunuzu və onun birinci müavinini qəzetdəki gedən materiallardan tanıyıram. Qəzet, adətən, nəyə görəsə qaraltdığı üzünü heç vaxt ağarda bilmir. Sizin Çin opera artistləri kimi üzünüzü belillə ağartmağınıza ehtiyacınız yoxdur, çünki siz üzünüzə his çökməsindən qaçır və qəzetin yaxşı adını az qala üç onillik ərzində qoruyub saxlamısınız. Sizin rəqibləriniz, bir vaxtlar söykəndikləri iri gövdəli ağac ilə fəxr edən və sizə yuxarıdan aşağı baxan redaktorlar və onların çıxardığı qəzetlər aşağı yuvarlanaraq, çuxura düşdülər. Çünki rus yazıçısı A.İ.Kuprinin "Çuxur" ("Əma") povestindəki fahişə qızlar bir daha özlərini təmizə çıxarda bilmədikləri kimi, bəzi büdrəyən qəzet kollektivləri də yaxşı adlarını bərpa etməyə nə qədər çalışsalar da, buna müvəffəq ola bilmirlər. Qəzet fahişəliyi cəmiyyət üçün daha qorxuludur, çünki azalmaqda olan oxucusunu da saxtakarlıq, əxlaqsızlıq yoluna dəvət etməklə, onların da mənəvi aləminə ağır zərbə vurmamış qalmır.

 

Sizin qəzet heç bir cəbhəyə işləməməyi ilə fərqlənir, çünki qəzetin adını da onu yaradan banilər neytrallıq nişanəsi kimi böyük Pifaqora hörmət əlaməti olaraq seçib götürmüşlər. Axı Pifaqor "hər şeyin ədəd olduğunu" güman edirdi və deyirdi ki, "ədədlər bizə təbiətin gözəlliyini başa düşməkdə kömək edə bilər". Siz seçilmiş düzgün mövqeyi tərk etmirsiniz, hətta başqa qəzetlər çox asanlıqla, könüllü qaydada hay-küy kampaniyasına qoşulduğu halda, sizin qəzet, böyük əziyyətlərə, həm də yəqin ki, iri maddi itkilərə məruz qalsa da, öz neytrallığını, əslində, müstəqilliyini, bəlkə də, çox uca səslənməsə, mübarizliyini qoruyub saxlayır. Mən güman edirəm ki, otuz ilə yaxın müddətdə çoxları kollektivi tərk etmiş, bir neçəsi dövlət vəzifələrinə irəli çəkilmiş, lakin kollektiv öz tutduğu yola xəyanət etməmişdir. Kollektivin üzvlərinin çoxu, bəlkə də, əksəriyyəti dəyişilsə də, qəzet öz ideya mövqeyini, obyektivliyini və qərəzsizliyə sədaqət kimi bir çətin vəzifəni yerinə yetirməkdə davam etdirmişdir. Qəzet nəinki adına ləkə gəlməyinə imkan verməmiş, daim oxucularının ona bəslədiyi hörməti itirməməyə çalışmışdır. Bəlkə də, mən səhv edirəm, ancaq güman edirəm ki, yarandığı vaxtdan indiyədək, bu müddətdə ölkənin ictimai-siyasi həyatında böyük dəyişikliklər baş vermişdir, qəzetdə gedən yazılar araşdırılsa, təhlil edilsə, obyektivlik süzgəcindən keçirilsə, kollektivin hansısa iri səhvə görə, qərəzliliyə görə üzünün qızarması baş verməyəcəkdir. Bu kollektivin həm köhnə, bu illərdə dəyişən və həm də indiki üzvlərinin əsl iftixar mənbəyi olmalıdır. Sizin xarakteriniz, prinsipləriniz kimi nüfuzunuzu illər boyu qidalandıran köklər olaraq qalır.

 

Siz öz münasibətinizlə, ehtiyatlılığınızla göstərirsiniz ki, jurnalistlər heç də bəzilərinin düşündüyü kimi müqəddəs inək deyildir, ancaq xalqa xidməti başlıca vəzifə hesab edən halal adamlardır.

 

Qəzetinizin nüfuzuna və şəxsi imzanıza görə mən sizinlə görüşməyə razılıq verdim, rica edirəm, bunu sizə minnət qoymaq kimi qəbul etməyəsiniz, ümumiyyətlə, mən hay-küydən uzaq olmağa çalışıram və ona görə də digər mətbuat orqanlarının, həm yazılı, həm də elektron növlərinin müraciətindən yayınmağa cəhd edirəm.

 

Jurnalist qız Ruhiyyənin evini tərk etdi, yol boyu o, bu cavan dul qadın, onun öztəhsili hesabına belə geniş dünyagörüşə, biliklərə malik olmasına məəttəl qalmışdı. Bu qadında ölmüş ərinə sədaqət güclü idi, ondan danışanda gözləri parıldayır, sonra göz qapaqlarının altı yaşla dolurdu. Jurnalist Ruhiyyəni belə deyil, xırda gölməçədə üzən çömçəquyruq kimi təsəvvür edirdi, əyani tanışlıqdan sonra yanıldığı qənaətinə gəldi. Çünki Ruhiyyə düşüncələr aləmi dənizinə baş vurmaqdan da çəkinmir, bu suların dərinliyinə enib, oradan mirvari ovlamağa da cürət edirdi. Söhbətləri göstərdi ki, bu sadə görünən qız heç də primitivlik nişanəsi olmayıb, fəlsəfədən, ədəbiyyatdan, mətbuat proseslərindən baş çıxaran bir insandır və istənilən mühitdə diskussiya aparmağa, polemikaya girməyə onun yaxşı imkanları vardır. Son vaxtlar jurnalistləri əvəz etməyə çalışan blogerlər adamların şüuruna daha güclü təsir etmək imkanlarına malik olmuşlar, lakin onların hər biri hansısa bir dar çərçivədə ixtisaslaşır və əsasən də şəxsi fikirlərini izhar edirlər. Ona görə də onların yazıları kəpənək təsiri bağışlayır, yəhudi anektodları kimi oxunduqda müəyyən təsir göstərsə də, az sonra beyindən uçub uzaqlaşır, heç ondan kəpənəyin qanadlarının toz izi də qalmır.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 12 mart.- S.22.