Azərbaycanda Milli Teatr Günü geniş qeyd olundu

 

 

Zəngin mədəni irsə sahib Azərbaycan xalqının sözə, musiqiyə, oyuna marağının yaşı minillikləri əhatə edir. Dildən- dilə, ağızdan-ağıza keçərək bu günümüzə qədər gəlib çıxmış şifahi xalq yaradıcılığımızın çoxşaxəli və rəngarəngliyi bunun ən bariz nümunəsidir. Folklorumuzda özünəməxsus yer tutan xalq oyun-tamaşalarının da yaşı çox qədimə gedib çıxır. Təbiət hadisələrini fiziki mənalandıra bilməyən qədim insanlar onlara mistik mənalar yükləyir, yağışla, küləklə, odla, torpaqla insan kimi danışarmışlar. Elə bu inancların nəticəsidir ki, "Xıdır Nəbi", "Qodu-qodu", "Novruz", "Kosa-kosa" və sair kimi xalq oyun-tamaşaları yaranır və bu günümüzə qədər yaşayır.

 

Düz 149 il öncə-1873-cü ilin 10 mart tarixində isə Azərbaycanda ilk peşəkar teatrın əsası qoyulur. Həmin gün görkəmli ictimai xadim Həsən bəy Zərdabi və onun tələbəsi, dramaturq Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyası Bakıda realnı məktəbin tələbələri tərəfindən nümayiş olunur və teatr rüşeymlikdən çıxaraq cücərir, o gün bu gündür üzü bəri zaman içərisində inkişaf yolu keçir. Doqquz il öncəyə kimi teatr cameəsi bu günü öz arasında lokal şəkildə öz bayramları kimi qeyd etsə də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə hər il mart ayının 10-u Milli Teatr Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başladı. Əlbəttə, bu günün tarixiləşdirilməsi artıq dövlətin mədəni siyasətinin, incəsənətin inkişafına göstərdiyi dəstəyin daha bir sübutu idi.

 

Hər il martın 10-u ərəfəsində teatrlarda, mədəniyyət ocaqlarımızda ayrı bir canlanma, dinamika hiss olunur. Bütün teatr əhli bu günə xüsusi hazırlaşır. Bu il də digər illərdən geri qalmadı və martın 10-u tarixində Mədəniyyət Nazirliyi başda olmaqla, müxtəlif qurumların günün özəlliyini əks etdirən tədbirləri keçirildi, tamaşalar, sərgilər nümayiş olundu, Televiziya və radio kanallarımızda Milli Teatr Günümüzə həsr olunmuş verilişlər yayımlandı. Bu yazıda onların bir qisminə nəzər salacağıq.

 

Nazirdən təbrik...

 

Günün əvvəlində Mədəniyyət naziri Anar Kərimov Milli Teatr Günü ilə bağlı teatr xadimləri və teatrsevərlərə təbrik məktubu ünvanladı. Təbrik məktubunda deyilir:

 

"Hörmətli teatr xadimləri, əziz teatrsevərlər!

 

Bu gün 10 Mart Milli Teatr Günü - Azərbaycanda teatr sənətçilərinin peşə bayramıdır. 1873-cü ilin bu günündə M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasının tamaşası ilə peşəkar teatrımız pərdələrini ilk dəfə tamaşaçıların üzünə açıb.

 

Azərbaycan teatrı yarandığı vaxtdan bu günə qədər uzun və şərəfli inkişaf yolu keçərək, bir çox uğurlara imza atıb.Cəhalətlə mübarizədə ən kəskin silahlardan biri kimi teatr sənəti cəmiyyətin mədəni-estetik tərbiyəsində mühüm rol oynayıb.

 

Teatr cəmiyyətin estetik zövqünü tərbiyə etməklə yanaşı, milli təfəkkürün formalaşdırılmasına xidmət edir.

 

Sevindirici haldır ki, bu gün Azərbaycan teatrının tamaşaçısı həm klassik, həm müasir tamaşalara maraq göstərir.Teatrların repertuarını Azərbaycan və dünya dramaturgiyasının nümunələri bəzəyir.Ölkəmizdə dövlət teatrları ilə yanaşı, özəl teatrlar da fəaliyyət göstərir.Rəngarəng teatr mühitini yaratdıqları üçün ən böyük təşəkkür teatr xadimlərimizə düşür.

 

Sizi - teatr sənətini sevən bütün vətəndaşlarımızı Milli Teatr Günü münasibətilə təbrik edirəm.Arzu edirəm ki, Azərbaycan teatrı gündən-günə inkişaf etsin və qlobal miqyasda da öz möhürünü vurmağı bacarsın!"

 

"Hər yerdə teatr"

 

Martın 10-da keçirilən tədbirlər içərisində ən çox diqqət çəkənlərdən biri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 Mart Milli Teatr Günü münasibəti ilə reallaşan "Hər yerdə teatr" adlı maraqlı layihə idi. Teatr sənətçilərinin peşə bayramı münasibəti ilə həyata keçirilən layihə 10 Mart Milli Teatr Gününün daha geniş və müxtəlif tərkibli auditoriyaya çatdırılmasını hədəfləyirdi.

 

Zaur Mirzəzadənin baş prodüseri olduğu layihənin əsas tərəfdaşları Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU), Gənclik Mall və Bakı Metropoliteni QSC-dir.

 

Ölkəmizdə teatr sənətinin populyarlaşdırılmasını və milli teatrın daha geniş auditoriya arasında təbliğini əsas məqsəd kimi qarşıya qoyan layihə çərçivəsində insanların sıx toplaşdığı məkanlarda - "İçərişəhər" metrostansiyasında və Gənclik Mall ticarət və əyləncə mərkəzində teatrların iştirakı ilə tədbir təşkil olunub. "İçərişəhər" metrostansiyasının vestibülündə, "Sahil"dən "Gənclik" stansiyasına doğru hərəkət edən vaqonun içində və Gənclik Mall-da nümayiş olunan səhnəciklər şəhər sakinləri üçün əsl teatr bayramı yaşadıb.

Tədbirdə Mari Band qrupunun performansı, Akademik Musiqili Teatrın "Paris Notr-Dama ithaf" və "Arşın mal alan" tamaşalarından parçalar nümayiş olunub, həmçinin ADMİU-nun 2-ci kurs tələbələrinin ifasında səhnəcik göstərilib.

 

"Hər yerdə teatr" layihəsi sosial şəbəkələrdə geniş rezonans doğurdu. Layihə nəticəsində sosial şəbəkələrdə #həryerdəteatr və #MilliTeatrGünü həşteqləri ilə çoxlu paylaşımlar edildi.

 

Teatr Xadimləri İttifaqının bayram çələngi

Həmin gün Teatr Xadimləri İttifaqında da möhtəşəm şəkildə qeyd edildi.Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə İttifaqın sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək Milli Teatr Gününün əhəmiyyətindən söz açıb, bununla əlaqədar hər il ölkəmizdə müxtəlif tədbirlərin təşkil olunduğunu qeyd edib. Bildirib ki, multikultural dəyərlərin təşviq olunduğu ölkəmizdə beynəlxalq teatr konfranslarının, teatr festivallarının keçirilməsi, bir sıra teatrların xarici festival və qastrollarda iştirakı, həmçinin nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edilməsi milli teatrımızın dünya teatr məkanına inteqrasiyasını daha da sürətləndirib.Mədəniyyət Nazirliyinin şöbə müdiri Fərəh Acalova Azərbaycan teatrının uğurlarından, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğunlaşdırılmasından söz açıb.

Sonra Azərbaycan teatrının inkişafında xidmətləri olan bir qrup sənət adamına Teatr Xadimləri İttifaqının fəxri fərmanları təqdim edilib.Tədbirdə bayram günü ilə əlaqədar tamaşa nümayiş edilib.

 

ADMİU-nun Teatr bayramı

 

Ölkəmizdə teatr sənətinin tədris olunduğu yeganə ali təhsil ocağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də Milli Teatr Gününə xüsusi hazırlaşmışdı. Yuxarıda söhbət açdığımız "Hər yerdə teatr" layihəsində yaxından iştirak edən universitet həmin gün həm öz səhnəsində, həm də Maştağada çox gözəl tamaşalarla çıxış etdi.

 

Universitetin böyük səhnəsində ADMİU "SABAH" qrupunun IV kurs aktyorları M.Sebastianın "Adsız ulduz" lirik komediyasını oynayarkən "Teatr və kino aktyorluğu" fakültəsinin II B kursu tələbələri Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin H.Abbasov adına Mədəniyyət Mərkəzində 10 Mart - Milli Teatr Günü ilə əlaqədar M.F.Axundzadənin əsərləri əsasında "Şeytanın müsafirləri" adlı tamaşasını ifa edirdilər.

 

Hər iki əsər tamaşaçılar tərəfindən çox rəğbətlə qarşılandı.

 

Tədbirlər... tamaşalar... sərgilər...

 

Bu gün münasibəitlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında sərgi açıldı. "10 Mart - Milli Teatr Günü" adlı virtual sərgidə fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tamaşaçıların xahişini nəzərə alaraq Milli Teatr Günündə V.Hüqonun "Paris Notr-Dam" əsərinin motivləri əsasında rejissor Samir Qulamovun səhnələşdirdiyi və quruluş verdiyi "Paris Notr-Dama ithaf" tamaşasını nümayiş etdirdi.

Tamaşadan əvvəl teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev çıxış edərək sənət ocağının kollektivini və iştirakçıları Milli Teatr Günü münasibətilə təbrik edib.

Həmçinin, Musiqili Teatrın foyesində "Həyatdan səhnəyə" adlı sərgi açılıb.Teatr Günü ilə əlaqədar hazırlanan layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, kuratoru teatrın baş rəssamı Vüsal Rəhimdir.

"ASAN Könüllüləri" Təşkilatının Milli Teatr Günü münasibətilə Bakı Marionet Teatrına ekskursiyası təşkil edilib."Mədəniyyət Carçısı" proqramı çərçivəsində təşkil edilən ekskursiya zamanı iştirakçılar "Arşın mal alan" tamaşasını izləyiblər.

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı həmin gün "Ağca və Yeddi cırtdan" tamaşasının premyerasını, eləcə də tanınmış qələm adamlarının iştirakıyla "Müasir uşaq ədəbiyyatı və onun səhnə yolu" mövzusunda müzakirə keçirdi.

İctimai Televiziya və Radiosu da öz proqramında bu günə xüsusi yer ayırdı.İctimai Radioda Pərvanə Nadirqızının qonağı teatrşünas Elçin Cəfərov Azərbaycan teatrının bu günündən danışdı.İctimai Televiziyanın "Sabaha saxlamayaq" verilişində isə tanınmış teatr xadimlərinin iştirakıyla müstəqil teatrların bugünkü vəziyyəti müzakirə edildi.

Milli Teatr Günü regionlarımızda da təntənəli qeyd olundu.Naxçıvanda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova teatr sənətinin inkişaf tarixindən, Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə göstərilən hərtərəfli qayğıdan danışıb.Daha sonra tədbirin bədii hissəsində Xalq yazıçısı Elçin Əfəndiyevin "Teleskop" əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Gəncə Dövlət Dram Teatrıbu gün münasibətilə "Cavad xan" tamaşasını təqdim edib.

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) fəalları Mingəçevir Dövlət Dram Teatrında "Teatrda bir gün" adlı Açıq Qapı layihəsində iştirak ediblər.Orada "Son Reportaj" adlı tamaşaya baxış keçirilib.

Əlbəttə, bu tədbirlər 10 Martın sadəcə qısa xülasəsi idi.Sevindirici haldır ki, xalqın sənəti olan Teatr bu gün artıq xalqa qayıtmaq astanasındadır.Biz də Milli Teatr Günü münasibətiylə bütün teatr cameəsini, eləcə də, yolu ömründə heç olmasa bircə dəfə teatrdan keçən və ya keçəcək bütün tamaşaçıları təbrik edirik. Yaşasın, TEATR!

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 12 mart.- S.20.