"Baxış-2": Aktyor Evindəki
işıqlı yaradıcılıq mühiti
Milli Teatr günü ərəfəsində Azərbaycan
Teatr Xadimləri ittifaqında sərgilənən tamaşalar
barədə qeydlər
Yaradıcılıq laboratoriyaları nə vəd edir?
Müasir tendensiya ilə ayaqlaşmaq incəsənətin
müxtəlif sahələri üçün nə qədər
labüddürsə, bir o qədər də məziyyətdir. Yeni nəfəs, təzə
fikir, kreativ baxış tərzi, dünyadakı cari cərəyanların
nəbzini tutmaq... Sadalanan amillərin gerçəkləşməsi
üçün müasir standartlara cavab verən təhsil
sistemi, fitri istedad, mənəvi və fizioloji imkanların zəruriliyi
ilə yanaşı, əsl yaradıcılıq mühiti, xəyali
sütunları zəhmət və qabiliyyətlə
yoğrulmuş əsl sənət ab-havası mütləqdir.
Yazılan, təsvir edilən və nümayiş olunan əsərlərin
müzakirəsi, sağlam rəqabət, sənət polemikaları,
yeni tapıntıları digərləri ilə
bölüşmək, arzusunda olduğun ali
məqsədə - yüksək peşəkarlığa
çatmaq üçün birgə mücadilə birbaşa
inkişafa yol açır. İncəsənətin,
ədəbiyyatın fövqündə olan məişət
problemlərinin özünü daha qabarıq büruzə
verdiyi zamanda həmin inkişafa istiqamətlənən təşəbbüsləri
şövqlə həyata keçirmə cəhdi istənilən
halda təqdirəlayiqdir və bu, sənətin əbədiyaşarlığından
xəbər verir.
149 yaşını qeyd edən Azərbaycan Teatrı
çox mürəkkəb yollar keçib. Bu yollarda çox
böyük nailiyyətlərlə yanaşı, büdrəmələr
də az olmayıb. Amma dəyişməyən
odur ki, daim istedadlı simalar yetişib və onların sayəsində
teatr yaşayıb. Teatr sənəti bir
neçə sahənin kombinasiyası üzərində bərqərardır.
Yazıçı pyesi yazır, rejissor
quruluş verir, rəssam dekorasiya və digər
görünüş məsələləri ilə məşğul
olur. Musiqi tərtibatından tutmuş ən
xırda detallara qədər hər bir məsələyə
həssaslıqla yanaşılır. Bir
neçə yaradıcılıq sahəsinin
qovuşağında insanların zövqünü oxşayan
bu incəsənət sahəsində atılan hər bir
müsbətyönümlü addım ürəklərdə
ümid işığı yandırır, nə vaxtsa
qollu-budaqlı palıd səviyyəsinə ucalacaq cücərtilərdən
xəbər verir.
Bu
yaxınlarda - Milli Teatr Günün ərəfəsində Azərbaycan Teatr Xadimləri
İttifaqının ictimaiyyətə verdiyi müjdə həmin
ümid işığını yenidən yandırdı. Hələ
koronavirus pandemiyasından əvvəl Abbas Mirzə Şərifzadə
adına Aktyor Evində müxtəlif
yaradıcılıq laboratoriyalarının
yaradıldığı və silsilə tamaşaların
nümayiş olunduğu xəbəri mətbuatda öz əksini
tapmış, müzakirələrə səbəb
olmuşdu. Məhdudiyyətlərin yumşaldılması
yenidən fəaliyyətin davam etdirilməsinə təkan verdi. Həmin
yaradıcılıq laboratoriyalarında müxtəlif yaş
kateqoriyasına aid olan aktyorlar və rejissorlar cəmləşsə
də, gənclər sayca üstünlük təşkil edirlər
və bu, çox yaxşı haldı.
Martın
6-da Əməkdar incəsənət xadimi Bəhram Osmanovun bədii
rəhbəri olduğu "Rejissor" laboratoriyasının
"Baxış-2" festivalına start verildi və dörd
gün müxtəlif tamaşalar nümayiş olundu. Bu, bir növ, həmin laboratoriyanın hesabatı idi
və festivalın adından da göründüyü kimi
premyera xarakteri daşıyırdı. Festivalda
"Rejissor" laboratoriyası ilə yanaşı,
"Aktyor", "Dramaturgiya" laboratoriyalarının ərsəyə
gətirdiyi tamaşalar da tamaşaçılara təqdim
olundu.
Teatr
Xadimləri İttifaqı idarə heyətinin sədri,
Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azər
Paşa Nemətovun tamaşalardan əvvəlki
çıxışları və sonda yaradıcı heyətlə
görüşü, qeydləri onları daha da
ruhlandırırdı. Azər Paşa müəllim
bütün çıxışlarında aktyorların,
rejissorların zəhmətini, həvəsini,
istedadını yüksək qiymətləndirdi. O qeyd
edirdi ki, gənclərin potensialının üzə
çıxması və daha da peşəkarlaşması
üçün bu cür addımlar əhəmiyyətlidir. Xalq artistinin teatr sənətinin gələcəyinə
nikbin yanaşması gənclərə etimadının və
həqiqətən də, istedadların var olmasının
göstəricisi idi.
6 mart - ilk tamaşalardan doğan təəssürat
Festivalın ilk tamaşası finlandiyalı dramaturq Benkt
Alforsun "İllüziyaçılar" əsəri əsasında
hazırlanmışdı. Əsərin rejissoru
Müşfiq Əliyev, musiqi tərtibatçısı Zaur Rəşidov
idi. Rollarda Kərəm Hadızadə,
Zümrüd Quliyeva, Elnur Hüseynov çıxış
edirdilər. İlk növbədə, onu
qeyd edim ki, bütün tamaşaların lakonik səhnə həlli,
ideyanı qısa zaman çərçivəsində
çatdırma cəhdi müsbət hal idi və bu, izləyiciləri
yormurdu.
Pyesin maraqlı süjet xətti rejissorun köməyinə
çatan öncül amildir. "İllüziyaçılar"ı
da bu baxımdan rejissor quruluşunun hansısa nöqsanlarını
ört-basdır edəcək potensialda olduğunu qeyd etmək
olar. Pyes rejissor quruluşu baxımından
uğurlu idi. Dialoqlar aktyorların nitqində
özününküləşdirildiyindən tərcümədəki
problemləri ayırd eləmək mümkün olmasa da,
yaxşı tərcümə açıq-aydın hiss olunurdu.
Düzgün tərcümə də pyesin
taleyində rol oynayır.
Dekorasiyalar əsərlə birə-bir səsləşirdi
və heç bir dekorativ detalın varlığı səhnədə
əbəs yerə deyildi. Teatrda bəxti gətirməyən
yaşlı aktyorun - Kantın arzusunda olduğu obrazlar həmişə
başqa aktyorlara həvalə olunub. Həmin
aktyorların şəkilləri tərsinə, ürəyi
istəmədiyi rolu oynayanda çəkilmiş
özünün şəkli isə düzgün formada ən
yuxarıda yer almışdı. Maraqlı
detal idi. Divardan asılmış çələng
isə onun fəaliyyətinə verilmiş "quru" təşəkkürün
təsviri idi. Səhnənin
ortasındakı qara, kvadrat oturacaq "etiraf nöqtəsi"
idi. Obrazlar daxili təlatümlərini, həqiqətləri
orada əyləşib dilə gətirirdilər.
Kərəm Hadızadə obrazın öhdəsindən
olduqca məharətlə gəldi. Bəzi kiçik
qüsurların üstündən keçsək,
Zümrüd Quliyeva və Elnur Hüseynovu da tamaşaya
görə təbrik etmək olar. Ümumi
desək, uğurlu səhnə işi idi.
F.M.Dostoyevskinin "Cinayət və cəza"
romanı əsasında hazırlanmış
"Raskolnikoff" festivalda rejissor işi baxımından fərqlənən
ən maraqlı tamaşalardan biri idi. Fərqli üslub,
spesifik forma tapıntısı, əsərə yuxarıdan
baxış aydın hiss olunurdu. Tamaşanın
rejissoru və səhnə tərtibatçısı Ayla
Osmanova, musiqi tərtibatçısı isə Ağa Səlim
Feyzullayev idi. Rollarda Nurlan Süleymanlı
və Xəyalə Meydanova çıxış edirdilər.
Quruluş ənənəvilikdən kənara
çıxmışdı. Aktyorlar
üçün məşhur "dördüncü
divar", ümumiyyətlə, heç bir çərçivə
yox idi. Tamaşaçı ilə kontakt cəhdi
pyesin ab-havasını izləyiciyə sirayət etməyə
təkan verirdi. Dostoyevskiyə xas dərin
psixoloji məqamlar, iztirablı dialoqlar nə qədər
ağırlıq gətirsə də, aktyorların
dinamikası bütün gərginliyi aradan qaldıra bilirdi.
Nurlan Süleymanlının plastikası, çevik
keçidləri tamaşaçını həyəcanlandırırdı. Xəyalə
Meydanova da pafosdan uzaq və təbii idi. Tamaşa
düşündürməyi bacardı...
7 mart - sənət üçün can
yandıran insanların əhatəsində
Son iki tamaşa istisna olmaqla, bütün tamaşalar
Mustafa Mərdanov səhnəsində nümayiş olundu. Onu da qeyd edim
ki, həmin səhnənin tamaşaçı auditoriyası
üçün nəzərdə tutulmuş sahəsi
kiçikdir. Bütün tamaşalar boyu
yerlər dolu idi, ayaq üstə dayanan, pilləkənlərdə
əyləşən kifayət qədər insan var idi. Görünür, laboratoriyaların ərsəyə
gətirdiyi tamaşalardan müəyyən gözləntilər
var idi. Həmişə böyük maraq
doğuran hadisələr əvvəlcə həmin kiçik
auditoriyaların ələyindən keçərək
geniş kütləyə vəsiqə qazanmalıdır.
Amma bu laboratoriyaların fəaliyyəti
heç də böyük kütlə üçün
hesablanmayıb. Məqsəd peşəkarlaşmaq,
sənət axtarışlarında olmaq, mütəmadi məşğulluq
və bu məşğulluğun nəticəsində səhnə,
sənət, teatr ehtirasını təmin etməkdir.
"Aktyor" laboratoriyasının hazırladığı
"Bir qadının dueti" tamaşası da həmin sənət
eşqinin növbəti təzahürü idi. Əsərin
müəllifi Əziz Nesin, rejissoru isə laboratoriyanın
müəllifi Məhəmməd Verdiyev idi. Rollarda Rada Nəsibova,
Günel Həmidova çıxış edirdilər.
Pyes ölümlə həyatın mübarizə fonundadır. Dul qadının evinə gələn
və ərini xəbər alan digər
qadını ərinin məşuqəsi hesab edir və
qısqanır. Əslində, bu, dul qadının
özünün iç səsi idi. O hesab edir ki, əri onu
sevmir, amma yad qadın bunu inkar edir. Pyesdə
absurdizmin çalarları olsa da, əsəri tam absurd pyes
hesab etmək olmaz.
Aktrisaların oyunu təsirli idi və stiuasiyaya
uyğunlaşırdı. Rejissor əsərin
ruhunu duymuşdu. Tamaşa izləyicilərin
də marağına səbəb oldu.
Festivalda fəlsəfi qatı, mətnaltı mənaları
ilə zəngin tamaşa kimi "Qabil" pyesi əsasında
hazırlanmış xülyanın adını çəkmək
olar. Pyesin müəllifi Corc Bayrondur. Səbinə
Məmmədovanın quruluşunda səhnələşdirilən
əsərdə obrazları Beyrək Rüstəmzadə və
Eçin Əmirov canlandırırdılar.
Tamaşanın maraqlı tərəfi odur ki, səhnədə
baş verənləri ekrandakı videogörüntülər
müşahidə edirdi. Əsər şər və xeyir qüvvələr
arasındakı dilemmalar üzərində qurulmuşdu.
İnsanı səhvlərə sürükləyən
amillər, bu prosesdə insanın özünün iradəsindəki
qüsurlu məqamlar ön plana çəkilmişdi. Aktyorların səhnə plastikası tamaşaya
xüsusi rəng qatırdı. Tamaşanın finalı
da uğurlu idi: balaca qızcığaz əlindəki
almanı yeməyə başladı. Bu hər
şeyin o almadan sonra başlanmasına işarə idi.
8 Mart -
dünyaca məşhur pyes Mustafa Mərdanov səhnəsində
Jan Koktonun "İnsan səsi" pyesi yazılandan bu
günə qədər ara-sıra dünyanın bir çox
teatrlarında nümayiş olunub. Azərbaycanda da vaxtilə
Mehriban Ələkbərzadə Şükufə Yusupovanın
iştirakı ilə televiziya tamaşası ərsəyə
gətirmişdi. Həmçinin
"İbrus" teatrında Kamran Şahmərdan Mələk
Abbaszadənin ifasında bu əsəri səhnə
üçün hazırlamışdı. Mədəniyyət
və İncəsənət Universitetinin rejissorluq ixtisası
üzrə təhsil alan tələbələri
də mütəmadi bu əsərə müraciət edir. "Rejissor" laboratoriyasında isə Elgün Yəhyayev
bu əsərə müraciət etdi. Obrazı
Könül Əbil canlandırırdı.
Elhün Yəhyayevin vaxt etibari ilə güclü
ixtisarları nəzərə çarpsa da, o
çatdırmaq istədiyi fikri ifadə etməyi bacardı. Rejissor məhəbbət
uğrunda mübarizə aparan qadın obrazını ön
plana çəkmək istəmişdi, nəinki həyatını
narkomaniyaya qurban verən qadını. Əsərə
fərqli baxış isə rejissorun hüququdur, o bu məqamda
tamamilə sərbəstdir. Aktrisa da
rejissorun tələblərini layiqincə yerinə yetirdi.
Festivalın
son akkordları
Son iki tamaşa İttifaqın böyük səhnəsində
nümayiş olundu. Bu səhnə peşəkar teatrın səhnə
imkanlarından məhrum olduğundan rejissor mizanlarını
yerinə yetirmək aktyorlar üçün çətin
idi. Bununla belə, son iki tamaşa da bu
günə qədər davam edən xoş ab-havanı
pozmadı.
"Dramaturgiya" laboratoriyasının
hazırladığı "Lənətlənmiş Svastika"
əsəri müharibənin dəhşətlərindən bəhs
edirdi. Əsərin müəllifi, eyni zamanda, rejissoru Zəhra
Quliyeva idi. Rollarda Beyrək Rüstəmzadə
və Vasif Vaqif çıxış edirdilər. Tamaşada şaman ritmlərindən və xronoloji
videogörüntülərdən də istifadə olunmuşdu.
Müharibə hərisi olan, daim qan, fəlakət
arzulayan insanların ümumiləşdirilmiş xarakteri
Hitlerin obrazında cəmləşmişdi. Əsərin əsas
mesajı bu idi: heç bir pislik cavabsız qalmır. Finalda "Qurani-Kərim"dən səsləndirilən
ayə tamaşanın qayəsini daha yaxşı izah edirdi.
Festivalın son tamaşası isə "Qış gecəsi"
idi. Əsər İmran Qurbanov tərəfindən Akyuz
Salihin eyniadlı əsəri əsasında səhnələşdirilmişdi.
Səhnə tərtibatçısı Reyhan
Aslanova idi. Rollarda Əməkdar artist Anar
Heybətov və Zülfiyyə Alhüseynova
çıxış edirdilər.
Əsər insan münasibətləri, qadın-kişi
münasibətləri, həyat həqiqətlərindən bəhs
edirdi.
Tamaşanın ideyası bizə bu cümlələri
pıçıldayırdı: travmalar insanı bütün
ömrü boyu izləyir...
Rejisorun kofliktlərin fonunda xarakter yaratma cəhdi, forma, üslub
axtarışları diqqətdən yayınmadı. Təcrübə
üçün uğurlu idi. Aktyorların
peşəkarlığı qüsurları görünməz
edirdi.
Yaşasın
teatr!
Martın 10-da Azərbaycan Teatr Xadimləri
İttifaqının səhnəsində təntənəli
bağlanış - mükafatlandırma mərasimi
keçirildi.
Tədbirdə görkəmli teatr xadimləri,
aktyorlar, rejissorlar, teatrşünaslar iştirak edirdilər.
Əsl bayram ab-havası var idi.
Teatrda çalışmaq sənət fədaisi olmaq deməkdir. Sənət fədailərini
xoşbəxt edən yeganə nəsnə
tamaşaçı alqışıdır.
Odur ki, həmin gün Teatr Xadimləri İttifaqına
toplaşanların əksəriyyəti sənət fədaisi
idilər.
İttifaqın təsis etdiyi "Sənətkar"
medalı və qadınlar üçün nəzərdə
tutulan "Qızılgül" mükafatı laureatlara təqdim
olundu. Eyni zamanda 4 gün davam edən festivalda əziyyəti
keçən hər kəs mükafatlandırıldı.
Eyni zamanda, tədbirdə Mədəniyyət Nazirliyi tərəfindən
bir qrup teatr işçisi təltif olundu. Onların
arasında region teatrının nümayəndələri
üstünlük təşkil edirdi.
Teatr Xadimləri İttifaqının təsis etdiyi
"İlin gənci" mükafatı Füzuli Dram
Teatrının rejissoru Nicat Mirzəzadəyə təqdim
olundu.
Tədbirin sonunda "Rejissor" laboratoriyasının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Bəhram Osmanov festival barədə fikirlərini bizimlə bölüşdü: "Laboratoriyada pyes seçiminə azadlıq verilmişdi. Amma təsdiq olunana qədər təhlillər aparılırdı, müzakirələr edilirdi. Birinci baxışda daha çox müasir və Avropa klassikası üstünlük təşkil edirdi. Azər Paşa müəllimlə belə qərara gəldik ki, ikinci baxışda bir qədər eksperiment etmək üçün imkan yaradaq. Müəllifi daha dərindən öyrənməklə yanaşı, görünən rejissorluğu, yəni kompozisiya, mizanlaşdırma, əsərin aktuallığı, orda olan eksperimentlər nəzərə çarpsın, sonra rejissorun aktyorla işləməsi görünsün. Tamaşalar barədə kifayət qədər müzakirə etmək olar. Amma bir şeyi nəzərə alaq ki, buradakı rejissorların heç də hamısı peşəkar deyil. Baxış, forma müxtəlifliyi var. Hər tamaşadan sonra yığılıb müzakirə edirdik. Mən sevinirəm ki, Azər Paşa müəllim öz müdrikliyi ilə bu laboratoriyalara azadlıq verib. Gənclər tamaşaları hazırlayanda gözlənilməz vəziyyətlər yaranırdı və onlar bu eksterimal vəziyyətdən çıxmağı bacarırdılar".
İttifaqın yaradıcılıq şöbəsinin mütəxəssisi, layihənin koordinatoru, teatrşünas Dağlar Yusifin də tamaşalar nümayiş olunan günlərdə də, bağlanış mərasimində də əziyyəti danılmazdır.
Bütün yaradıcı heyətə
uğurlar arzu edirik. Nə yaxşı ki, Azərbaycan
Teatrının gələcəyi belə parlaq
görünür!
Nadir
YALÇIN
525-ci qəzet.- 2022.- 12 mart.- S.18-19.