Nikolay Katanov - Xakas
türklərinin ilk alimi
(Elmi-bioqrafik
oçerk)
Bu il
martın 9-da Kazan şərqşünaslıq məktəbinin
sonuncu görkəmli nümayəndəsi, türkoloq-alim,
İmperator Kazan Universiteti və Kazan Ruhani Akademiyasının
professoru, Rusiyada türk dilləri, müqayisəli
dilçilik, folklor, etnoqrafiya və Şərq
numizimatikası sahəsində tanınmış mütəxəssis,
Xakas türkləri arasından yetişən ilk Avropa tipli
alim, həqiqi mülki müşavir Nikolay Fyodroviç
Katanovun (Pora Xızıl uulı Katanov) vəfatının 100
ili tamam oldu.
O, 1862-ci il may ayının 18-də Abakan çayı
sahilindəki Askiz kəndində, Saqay türklərinin -
xakasların köçəri obasında doğulmuşdu. Rus
biblioqrafı S.A.Venqerovun "Ən yeni rus ədəbiyyatının
tarixi haqda oçerklər" kitabı üçün
yazdığı tərcümeyi-hal oçerkində mənşəyi
və uşaqlıq illərindən belə söz
açmışdı:
"Atam Saqay tayfasına, anam isə Kaş tayfasının Pürüt nəslinə mənsub tatar (1917-ci ilə qədər "xakas" etnonimindən istifadə edilmirdi. Onları Minusinsk, Abakan, yaxud Saqay tatarları adlandırırdılar. Yeri gəlmişkən, Saqaylar və Saklar eyni kökdəndir - V.Q.) idilər. Atam tayfanın ulus mirzəsi olmuşdu. Valideynlərim də, mən də provoslav xristian idik. Ailəm və ümumən əcdadlarım hələ XVIII əsrdə Abakan vadisinə yol tapan xristianlıq təliminə iman gətirmişdi. Amma bununla bir sırada şaman mərasimlərinə də qatılırdı. Dağ, su, od və səma ruhlarına qurban vermə ayinlərində iştirak edir, ev heyvanlarının və insanların himayəçisi kimi bu ruhlara dərin etiqad bəsləyirdi". Böyük qardaşı Minusinsk mahalı Ust-Esinski kilsəsinin keşişi olmuşdu. Amma xristian ehkamları minlərlə xakas türkü kimi bu ailənin də şüuraltına dərin iz salan əski inancları tamam yox edə bilməmişdi.
İlkin dini baxışlarının, dünya haqqındakı təsəvvürlərinin şaman və xristian ayinlərinin qəribə şəkildə çulğalaşdığı bir şəraitdə formalaşmasından söz açan Katanov həyatının yetkin çağında yeniyetməlik və gənclik metamorfozalarını belə təsvir etmişdi: "Od, su və səmanın insanların və digər canlıların himayəçisi olduğunu düşünərək atam və anam kimi, mən də onlara tapınırdım. Valideynlərim kimi, mən də rusların Allahının (Boq) göy üzündə olduğuna inanmışdım. Başqa sözlə desəm, rusların səma ruhlarına tapındıqlarını düşünürdüm. Mənsub olduğum tayfamın tatarları isə səma ruhlarından başqa, odun, dağ və su ruhlarına da sitayiş edirdilər. Ona görə mən də şamanların və xristianların qoruyucu ruhlara sayğı göstərməklə bağlı görüşlərinin eyni olduğunu düşünərək digər millətlərdən olanların hamısı, eləcə də atam və anam kimi eyni vaxtda həm şaman, həm də xristian ola bilmənin fərqini qəbul edirdim. Xristian və şamanların tapındıqları ruhların hər birinin insan övladına və digər canlılara bəlli alanlarda yardım etdiklərinə, başqa ruhların işlərinə qarışmadıqlarına inanırdım. Ata-anamla birlikdə şamanların hərəkətlərini diqqətlə izləyir, dediklərinin hamısına kor-koranə inanırdım. Düzdür, dua edərkən nə istədiklərini, şərqi oxuyarkən nə söylədiklərini çox da anlamazdım. Şaman şərqi söyləyəndə şər ruhların onun işinə qarışdığını, əsl məqsədinə çatmağa mane olduğunu düşünərək zavallının halına çox acıyırdım".
Digər soydaşları kimi, Katanovlar ailəsi yarımköçəri həyat sürürdü. Yay aylarını Saqay çölündəki yaylaqlarda keçirir, qışda isə Abakan yaxınlığındakı mülayim iqlimli Sarkagöl (Sarıgöl) adlı yerdə yaşayırdılar.
Katanovun valideynləri formal şəkildə xristian
olsalar da, kilsə nikahları yox idi. Ona görə də həm Nikolay, həm
də eyni adı daşıyan böyük qardaşı və
bacısı Mariya
qeyri-qanuni doğulmuş uşaqlar
sayılırdılar.
Atasının
ulus mirzəsi vəzifəsi tutması Nikolayın hətta
yarımköçəri həyat şəraitində də az və ya çox dərəcədə normal
təhsil almasına imkan yaratmışdı. O, yeddi
yaşı tamam olan kimi, Askizdə açılmış
birsinifli məktəbə getməyə
başlamışdı. İlk müəllimi
ulus daxilində bir neçə vəzifəni yerinə yetirən
doğma əmisi idi. Məktəb məşhur
metsenat kimi tanınan rus qızıl sənayeçisi
P.İ.Kuznetsovun Askizdəki təsərrüfat
bazasının nəzdində yerləşirdi. Burada kitabxana da vardı. Ev sahibi
Krasnoyarskda yaşamasına və bir neçə dəfə
şəhər başçısı vəzifəsini
tutmasına baxmayaraq, Askizdəki kiçik məktəb və
kitabxana vasitəsi ilə yerli xalqların təhsilə
marağını təmin etməyə
çalışırdı.
Nikolay Katanov xatirələrində ilk həqiqi müəllimi
kimi İ.İ.Karatanovun adını çəkmişdi. Əslində
Karatanov peşəkar pedaqoq deyildi. Kuznetsovun
kontorunda işlər müdiri kimi
çalışırdı. Amma geniş
mütaliəsi, hərtərəfli biliyi ilə
seçilirdi. Görünür, ana tərəfdən
xakas türkü olmasının təsiri altında Sibir
xalqlarının həyatı, maddi-mənəvi mədəniyyəti,
dili və tarixi ilə yaxından maraqlanırdı. Bu mövzulara dair kitabları toplayırdı. Yeniyetmə Katanovda türk xalqlarının milli
özünəməxsusluğuna və tarixinə sistemli
marağın yaranması da ilk növbədə onun təsiri
altında meydana çıxmışdı.
Atasının ölümündən sonra (1874) Nikolay nəyin
bahasına olursa olsun, yaxşı təhsil almaq qərarına
gəlmişdi. Amma təhsil həyatına başlayana qədər
əməlli-başlı "həyat universiteti"
keçməli olmuşdu. Bir müddət
çobanlıq etmiş, əmisinin yardımı ilə
çöl dumasının katibi vəzifəsində
çalışmışdı. Nəhayət,
1876-cı ildə İ.İ.Karatanovun zəmanət məktubu
və Kuznetsovun yardımı ilə gimnaziyaya daxil olmaq
üçün Krasnoyarska yollanmışdı.
Gimnaziyadakı təhsil illəri ağır maddi
sıxıntı içərisində keçmişdi. Heç bir yerdən yardım
almadığından
repetitorluq etməyə, yay aylarında zəngin
torpaq sahiblərinin təsərrüfatlarında işləməyə
məcbur olmuşdu. Amma üzləşdiyi bütün
çətinliklərə baxmayaraq, əvvəldən
axıra qədər
nizam-intizam və təhsil baxımından
gimnaziyanın birinci şagirdi adını özündə
saxlamışdı.
Artıq 4-cü sinifdən etibarən tarix və
coğrafiya müəllimi, A.K.Zavadski-Krasnopolskinin təsiri
altında elmi-mətnşünaslıq araşdırmaları
ilə ciddi şəkildə maraqlanmağa
başlamışdı. A.K.Zavadski Kiyev universitetinin tarix-filologiya
fakültəsinin məzunu idi. Gimnaziyada
çalışdığı illərdə Rusiya
Coğrafiya Cəmiyyəti Şərqi Sibir şöbəsinin
həqiqi üzvü seçilmişdi. Müəlliminin
təşviqi ilə Nikolay Katanov Saqay türklərinin orijinal
mətnlərini toplayır, xalqının mərasim, adət
və ənənələrini yazıya alırdı. Bir müddət sonra V.V.Radlov, M.A.Kastren, N.A.Kostrov
kimi alimlərin təhlil və tədqiq prinsiplərinə yiyələnməsi
nəticəsində bu ilkin material orijinal tədqiqat əsərləri
üçün etibarlı zəmin rolunu oynamışdı.
"Saqay
tayfasına mənsub şamanın qavalının və
kostyumunun təsviri" adlı ilk elmi məqaləsini
1883-cü ildə sibirşünaslığın ideya
atalarından sayılan folklorşünas, etnoqraf G.N.Potaninin "Şimal-qərbi
Monqolustan oçerkləri" kitabında çap
etdirmişdi. Gimnaziyanın son sinfində ikən
Saqay dili qrammatikasına dair əsərini tamamlayıb
baxılmaq üçün Peterburq Elmlər Akademiyasına
göndərmişdi. Maraqlıdır ki,
burada ilk dəfə müqayisəli qrammatika ünsürlərinə
təsadüf edilirdi. Əsər məşhur türkoloq alim
İ.N.İlminskiyə verilmişdi. Bəlkə
də bir missioner kimi, o, xristianlığa pənah gətirən
"yad soylunun" elmə gəlişini təqdir etmişdi.
Amma dilçiliyin
tələbləri baxımından Nikolay Katanovun qrammatika təcrübəsini
bəyənməmişdi. Eyni zamanda istedadlı
etnoqraf və linqvist kimi xakas gənci barəsində
ümidverici sözlər deməyə də xəsislik etməmişdi.
1884-cü
ildə Krasnoyarsk gimnaziyasını qızıl medalla bitirən
Katanov türkologiya sahəsində ali təhsil
almaqla bağlı qərarını vermişdi. Niyyəti bir vaxtlar Mirzə Kazımbəyin məqsədyönlü
fəaliyyəti nəticəsində Rusiya şərqşünaslıq
elminin mərkəzi kimi tanınan Kazan universitetinə daxil
olmaq idi. Lakin arzularının şəhərinə
gələndə burada üzləşdiyi mənzərə o
qədər də cəlbedici görünməmişdi.
Türkologiya mərkəzi kimi Kazanın
köhnə şöhrətindən əsər-əlamət
qalmamışdı. Yerli universitetdə
şərq dillərinin tədrisi artıq otuz ildən
çox idi ki, dayandırılmışdı. Dini
istiqamətli digər ali məktəbdə
- keşiş qardaşının təkidlə tövsiyə
etdiyi Kazan Ruhani Akademiyasında isə missionerlik fəaliyyəti
üçün dilin praktiki təliminə daha çox
üstünlük verilirdi. Seçim qarşısında qalan
Nikolay gimnaziya illərindən ardıcıl məktublaşdığı N.İ.İlminski və
V.V.Radlovun məsləhəti ilə təhsilini davam etdirmək
üçün "Şimal paytaxtına" - Peterburqa
yollanmışdı.
***
1884-cü
ilin avqustunda 22 yaşlı Nikolay Katanov Peterburq universiteti Şərqşünaslıq fakültəsinin ərəb-fars-türk-tatar
dilləri bölməsinin tələbəsi oldu. Gimnaziyada öyrəndiyi klassik və Qərb dillərinə
burada yeniləri əlavə olundu. O, Osmanlı türkcəsi
və tatar dilləri ilə bir sırada başqırd, qazax və
çağatay türkcəsini dərindən mənimsədi.
Həmin dövrdə artıq Kazandan Peterburqa
köçüb gələn akademik V.V.Radlovun yanında
türk dillərinin fonetikası üzrə xüsusi kurs
keçirdi. Üstəlik, onun rəhbərliyi
altında gimnaziya illərindən xüsusi maraq göstərdiyi
türk dillərinin müqayisəli tədqiqi ilə məşğul
olurdu.
Aclıq və ehtiyac Krasnoyarskdakı kimi, Peterburqda da
himayəsiz xakas gəncini eyni amansızlıqla təqib
edirdi. Doğrudur, böyük çətinliklərdən
sonra universitet təqaüdçüləri sırasına
düşə bilmişdi. Lakin ayda 8 manat
miqdarında təqaüd ciddi bir problemi həll etmirdi. Katanov yaşam mücadiləsində hər yola
baş vururdu. Amma bununla belə universitet məşğələlərinə
dəyişməz intizam və ardıcıllıqla davam
edirdi. Bu illərdə yoxsul rus tələbələrinin
qənimi olan vərəm Nikolay Katanovdan da yan keçməmişdi.
Yalnız Şərqi Türküstana uzun
müddətli elmi ekspedisiyalar zamanı kumısla müalicə
və nisbətən qüvvətli qida rasionu nəticəsində
amansız xəstəlikdən qurtulmaq mümkün
olmuşdu.
Katanov bütün həyatı boyu ilk və son dəfə
Peterburq universitetində oxuduğu dövrdə ictimai-siyasi məsələlərlə
maraqlanmışdı. Qısa müddətə sibirşünas
alim və türkoloq N.M.Yadrintsevin dərnəyinin
toplantılarına qatılmışdı. Təşkilatın mətbu
orqanı "Vostoçnoe obozrenie" qəzetində bir
neçə məqalə çap etdirmişdi.
"Peterburqda təhsil alan sibirlilərə
yardım cəmiyyəti" adlanan dərnək əslində
siyasətdən uzaq idi və sadəcə xeyriyyə məqsədləri
güdürdü. Lakin dərnəyin qurucusu - qədim
türk yazılı daşları, Orhun-Yenisey abidəsi haqda
elm aləminə ilk dəfə məlumat verən görkəmli
türkoloq Yadrintsev hökumətin nəzərində o qədər
də etibarlı adam hesab edilmirdi. Sibiri imperiyadan ayırıb demokratik Sibir
Respublikası yaratmaq xülyasına görə
ömrünün iki ilini məhbəsdə
keçirmişdi. Dərnəyin tərkibində
keçmişdə siyasi motivlərə görə paytaxtdan
sürgün olunmuş bir neçə fəal tələbə
də vardı. Ona görə də polislə
ilk təmas zamanı yeganə məramı yalnız universitet
kursunu başa vurmaq olan Nikolay Katanov dərhal bir daha bu cəmiyyətin
işində iştirak etməyəcəyi ilə
bağlı dilindən kağız vermiş və həyatının
sonuna qədər bu vədini heç zaman
pozmamışdı.
1880-ci illərin ikinci yarsından Nikolay Katanovun rus və
alman dillərində qələmə aldığı məqalələr
elmi mətbuatda yol tapmağa başladı. Müəllif
əsasən etnoqrafik ağırlıqlı tədqiqatlar aparmış,
Minusinsk türklərinin eposunu, çağatay
toponomikasını, Saqay türklərinin danışıq
dilinə keçmiş rus söz və ifadələrini
araşdırmışdı. "Jivaya
starina", "İmperator Elmlər Akademiyasının Qeydləri",
"Rusiya Coğrafiya Cəmiyyətinin Xəbərləri"
və b. elmi məcmuələrdə çıxış
etmişdi.
Dörd illik təhsil həyatı arxada qaldı. Nikolay Katanov mənsub
olduğu xalqın ilk nümayəndəsi kimi universiteti namizəd
diplomu ilə başa vurdu. Türkoloq-professor
İ.N.Berezinin təqdimatı əsasında ildə 600 manat
maaşla iki il müddətinə Şərq
fakültəsində professor təqaüdçüsü
kimi saxlanıldı. Fakültə rəhbərliyi
onun bilik və imkanlarından daha məqsədəuyğun
şəkildə istifadə etmək yolları
axtarırdı. Bu da ucsuz-bucaqsız bir ərazidə
yaşayan Sibir, Monqolustan, Çin türkləri arasında
etno-linqvistik ekspedisiya ola bilərdi. Yerli şəraitə yaxşı bələd olan,
adət-ənənələri və dilləri bilən,
üstəlik də, universitet kursunu uğurla başa vuran
Sibir sakini kimi Katanov irəli sürülən tələblərə
tam şəkildə cavab verirdi. Hələ 1887-ci ildə Radlov Rusiya Coğrafiya Cəmiyyətinə
göndərdiyi "Qeyd"də Sibir və Şərqi
Türküstandakı "türk tayfalarının
qalıqlarını" etnoqrafik və linqvistik baxımdan
öyrənmək üçün xüsusi ekspedisiya təşkilinin
zəruriliyi fikrini vurğulamışdı. Məsələ
Cəmiyyətin Etnoqrafiya bölümündə baxılarkən
o, Katanovun namizədliyini irəli sürmüşdü.
Təklif Şərq dilləri fakültəsinin
dekanı, professor V.V.Vasilyev tərəfindən də dəstəklənmişdi.
Nəticədə çarın fərmanı ilə 1888-ci il dekabrda "namizəd Katanov" elmi məqsədlərlə
Sibirə və Çinə ezam olunmuşdu.
Növbəti ilin baharında Uryanxay torpağına
(indiki Tuva o zaman belə adlanırdı) altı aya yaxın
davam edən ekspedisiya başlandı. Katanov bu məqsədlə
ilk öncə doğma Askiz kəndinə gəlmiş, burada
işlərin sonrakı uğurlu davamı üçün zəruri
olan baza yaratmışdı. Səfər
zamanı 700 verstdən çox yol keçmişdi. Əsasən, rus ticarət faktoriyalarında
yaşamış, ruslarla bu və ya digər şəkildə
əlaqəli olan tuvalılarla ünsiyyət qurmuşdu.
Yerli əhalidə şübhə doğurmamaq
və insanlarla daha asan dil tapmaq üçün Nikolay Katanov
özünü bir qayda olaraq sərhəd xidmətinin tərcüməçisi,
yaxud ticarət missiyasının katibi kimi qələmə
verirdi. Nisbətən qısa müddət
ərzində son dərəcə böyük çöl
materialı (1122 mahnı, 160 tapmaca, 15 nağıl, 35 əsatir
və əfsanə) toplamışdı. Həm
də bütün bu materiallar ona demək olar ki, "müftə"
başa gəlmişdi. Çünki yüksək tələbkarlığı
ilə seçilməyən informatorları ilə sap,
çay, tütün, kağız, karandaş və s.
xırdavatla hesablaşırdı. İşin
başqa uğurlu tərəfi isə məlumat mənbələrinin
ad, soyad və yaşlarının göstərilməsi idi.
Yerlilər əksər hallarda buna çətinliklə
razılıq verir, ya da ümumən razı olmurdular.
Topladığı zəngin material əsasında Katanov
sonrakı 6 ay ərzində "Uryanxay ölkəsinin
oçerkləri" kitabını qələmə
almışdı. Bu əsər ilk dəfə yalnız
2011-ci ildə işıq üzü görmüşdü.
Tuva dilinin
qrammatikasına dair araşdırma isə
1903-cü ildə Kazan universitetinin nəşriyyatında
çap olunmuşdu. Hətta böyük elmi dəyəri olan əsərləri
nəzərə alınmasa belə, gənc xakas aliminin elmi
ekspedisiyası həqiqi fədakarlıq nümunəsi idi.
Şərqi
Sibirin az saylı türk xalqı - tofalar
(köhnə mənbələrdə qaraqaslar da adlanırlar)
haqqında elm aləminə ilk məlumat verən də Katanov
olmuşdu. Alim bu məqsədlə 1890-cı
ilin qışında tofaların toplu halında
yaşadıqları Kanq tayqasında olmuşdu. Təəssüratları eyni ildə çap
etdirdiyi "Karaqasların yanına səfər" adlı məqalədə
öz əksini tapmışdı. Ardınca isə 18 ay
çəkən Çin səfərinə
çıxmış, Şərqi Türküstandakı səkkiz
vilayəti (Xotan, Kaşqar, Ak-su, Kuçar, Karakaş, Baya,
Loquçen, Köhnə Turfan), habelə Urumçi və
Xamini gəzib-dolaşmış, uyğurlarla bağlı tədqiqatlar
aparmışdı. Müasir qazax alimi K.İ.Sultanbayevanın
fikrincə, Katanovun bu dövrdəki elmi fəaliyyətinin əsas
istiqamətlərini aşağıdakı şəkildə
müəyyənləşdirmək mümkündür: 1. Dil
və türk xalqlarının nitqində onun bütün
mümkün təzahür formaları; 2. Folklor və
janrları; 3. Din. Türk tayfalarının fəlsəfi
baxışları. Pravoslavlığa
münasibət; 4. Maddi mədəniyyət,
məişət. Təsərrüfat alətləri,
ayinlərlə bağlı əşya və predmetlər; 5.
Türk tayfalarının sosial-mədəni,
pul-əmlak münasibətləri; 6. Türk
tayfalarının sosial strukturu, idarəçilik,
aralarındakı qohumluq və tayfadaxili münasibətlər;
7. Xalqların psixologiyasında nəzərə
çarpan ünsürlər, şəxslər və
etnoslararası münasibətlər. Göründüyü
kimi, gənc xakas alimi məsələyə yalnız bir bucaq
altından yanaşmamışdı. Dil və
folklor amilindən çıxış edərək Sibir və
Şərqi Türküstan türklərinin məişətindən
dünyagörüşünə, sosial həyatından idarəçilik
üsullarına qədər bütöv bir spektr mövzulara
işıq salmağa çalışmışdı. Həm də bu sahədə ilk cığır
açan - pioner olmuşdu.
Rusiya Coğrafiya Cəmiyyəti və Peterburq Elmlər
Akademiyasının qarşısına qoyduğu bütün
tələbləri artıqlaması ilə yerinə yetirən
Nikolay Katanov 1892-ci ilin dekabrında paytaxta döndü. Bundan əvvəl
isə doğma Aksiz kəndində ailə həyatı
qurmuşdu. Xanımı əmisinin
qızlığa götürdüyü Aleksandra Tixonova
adlı qız idi. Minusinsk
gimnaziyasını bitirmişdi, eyni zamanda musiqi savadı
almışdı. Otuz illik ailə həyatında
ərinin yaxın köməkçisi olmuşdu.
Peterburqa qayıdarkən Katanov özü ilə
atrıq çapa hazır vəziyyətdə olan bir neçə
cildlik gündəlik qeydlərini, habelə ekspedisiya zamanı
topladığı böyük həcmdə xam material gətirmişdi. Onların
arasında çoxsaylı illüstrasiyalar da vardı. Həmin materiallar əsasında Katanov ilk dəfə
Tuva və tofalar dillərinin qrammatikasını hazırlamış,
ilk lüğətlərini tərtib etmişdi. Eyni zamanda Turfan və Hami vadilərində
yayılmış uyğur dialektlərini araşdırıb
sistemə salmışdı. Bioqraflarının
yazdığına görə, Katanovun ilk səfərindən
gətirdiyi etnolinqvistik materialın böyük bir qismi hələ
də öz tədqiqatçısını gözləməkdədir.
Katanov Peterburqa böyük ümidlərlə
qayıtmışdı. Ən azı universitetin Şərqşünaslıq
fakültəsində türk-tatar dilləri mühazirəçisi
yerini tutacağını düşünürdü. Lakin məlum oldu ki, həmin yer artıq
İ.N.Berezinin qohumuna verilib. Çətin
ekspedisiya və elmi fədakarlığı müqabilində
üzləşdiyi laqeyd, saymazyana münasibət Katanovu
tamamilə ruhdan salmışdı. Xanımı
ilə birlikdə geri döndüyü Peterburqda tamamilə
taleyin ümidinə buraxılmışdı. Maddi sıxıntıların tüğyan etdiyi həmin
günlərdə hətta gimnaziyadan aldığı
qızıl medalı da satmalı olmuşdu. Qarşıda isə yaxşı heç nə
görünmürdü. Üstəlik də,
məhrumiyyətlərlə dolu ekspedisiya onun maddi vəziyyətinin
yaxşılaşmasına hətta kiçicik də olsun,
töhfə verməmişdi. Onsuz da həmişə
minimumla kifayətlənən alim ciddi seçim
qarşısında qalmışdı. Bir
müddət hətta elmdən uzaqlaşmaq, quberniyaların
birində xalq məktəbləri inspektoru kimi nisbətən
rahat və təmin olunmuş vəzifə tutmaq
üçün Xalq Təhsili Nazirliyinə müraciət
etmişdi. Yalnız V.V.Radlov və V.R.Rozenin
işə qarışmaları nəticəsində
çıxış yolu tapılmışdı. Nikolay
Katanov bir vaxtlar ali təhsil almaq məqsədi
ilə getdiyi Kazan universitetinə ekstra ordinar (ştatdankənar)
professor vəzifəsinə təyin olunmuşdu. 1893-cü ilin dekabrında Peterburqda imtahan verib
türk-tatar ədəbiyyatı magistri dərəcəsi
alandan dərhal sonra Kazana yola düşmüşdü.
Və bundan sonra həyatının demək olar
ki, qalan yarısını Rusiyanın Asiya hissəsindəki
bu yeganə universitet mərkəzində keçirmişdi.
Katanov Kazana gələndə burada Şərq dillərinin
tədrisi demək olar ki, tamam
dayandırılmışdı. XIX əsrin 20-ci illərində
soydaşı Mirzə Kazımbəy kimi o da hər şeyi
demək olar ki, sıfırdan başlamalı idi. Çoxmilyonlu Rusiya türklərinin mərkəzində
tənəzzülə uğrayan bu mühüm elmi istiqamətin
dirçəldilməsi vəzifəsi onun üzərinə
düşürdü. Nikolay Katanov
tarix-filologiya fakültəsinin tələbələrinə
Kazan tatarlarının dili (qrammatika və oxu), türk-tatar
tayfalarına ümumi baxış (qədim və yeni türk
dövlətlərinin tarixi, türk tayfalarının həyat
və məişəti, xarici müəlliflərin türklər
haqda məlumatları), türk-tatar ədəbiyyatı tarixi
(Osmanlı, çığatay, ümumtürk), türk dillərinin
müqayisəli qrammatikası kimi predmetlərdən
mühazirələr oxuyurdu. Növbəti 1895-1896-cı
tədris ilində o, oxuduğu kursların əhatə dairəsini
genişləndirərək ərəb və fars,
qırğız və qazax, habelə Altay dillərinin
qrammatikası, türk numizimatikası mövzularını da əhatə
etmişdi.
Kazana gəldikdən
az sonra professor Katanov universitet yanında fəaliyyət
göstərən Tarix, arxeologiya və etnoqrafiya cəmiyyətinin
məsul katibi seçilmişdi. Hər yerdə
olduğu kimi, burada işinə son dərəcə ciddiyyətlə
yanaşmışdı. Cəmiyyətin
kitabxanasını qaydaya salmış, "Xəbərləri"nin ardıcıl və məzmunlu
çıxmasına çalışmışdı. Lakin eyni münasibəti həmkarlarından görmədiyindən,
digər tərəfdən isə universitet məşğələrinə
vaxt çatdırmadığından 1897-ci ildə məsul
katiblikdən istefa vermişdi. İctimai işlərin
yükünü çəkən, həm də bunu təmənnasız
edən adamlara həmişə ehtiyac olduğundan növbəti
il Katanovu Cəmiyyətin sədri
seçmişdilər. Amma vəzifəsinin
artırılması, yaxud yeni alimi o qədər də
sevindirməmişdi. V.V.Radlova 19 mart 1900-cü il tarixli məktubundan da göründüyü
kimi, Cəmiyyətin bəzi üzvlərinin Şərqlə
bağlı mövzulara laqeyd yanaşmasını N.Katanov
öz şəxsinə olan yadlıq və soyuqluq kimi qəbul
etmişdi. Bunu məktubdakı aşağıdakı sətirlərdən
də sezmək mümkündür:
"Tarix, arxeologiya və etnoqrafiya cəmiyyətinin
şurası səs çoxluğu ilə bundan sonra "Xəbərlər"də
heç bir Şərq mətninin çap olunmaması haqda qərar
çıxarıb. Çünki həmin mətnlər
faydasız sayılır. Sonra... buradakı ixtisas
etibarı ilə tarixçi sayılan alimlər və kvazi
alimlər islam haqqında heç bir təsəvvürə
malik deyillər. Başları pul toplamağa
qarışdığından xarici elmi ədəbiyyatı,
bir sıra hallarda isə heç rusca ədəbiyyatı da izləmirlər.
Şura Şərq mətnlərinin
çapından boyun qaçırdığına görə
mən Cəmiyyətin sədri və üzvü vəzifəsindən
istefa verdim. Lakin dünən Ümumi
yığıncaq məni 1900-1902-ci illər üçün
sədr təsdiq etdi".
Katanov xüsusi gəlir və imtiyaz güdmədən elmi baxımdan özünə maraqlı görünən bütün sahələrdə eyni həvəs və enerji ilə çalışırdı. 1907-ci ildə o, Kazan təhsil dairəsi yanında Tərcümə komissiyasının sədri və mətbuat işləri üzrə komitənin üzvü idi. "Əhdi-cədid"in "Sibir yad soylularının" dilinə tərcümə olunmasında fəal iştirak edirdi. Qeyri-rus xalqların təhsil məsələləri ilə yaxından maraqlanırdı. Kazanda muzeyçilik işinin yenidən qurulmasına töhfəsini vermişdi. Tədris, təşkilati və ictimai sahələrdəki geniş fəaliyyəti ilə bir sırada elmi yaradıcılıqla da eyni həvəs və intensivliklə məşğul olurdu. 1898-1908-ci illərdə 145 yeni elmi əsər çap etdirmişdi. Onların arasında alimin adını Avropa miqyasında tanıdan "Uryanxay (Tuva) dilinin başqa türk kökənli qohum dillərlə müqayisəli şəkildə tədqiqi təcrübələri" kitabı (Kazan, 1903) kitabı xüsusi yer tutur. Mütəxəssislərin hesablamasına görə, Tuva dilinin qrammatikasını hazırlayarkən müəllif 5 ölü və 42 müasir dilin təcrübəsinə istinad etmişdi. Xakas aliminin həyatı və elmi yaradıcılıq yolunu monoqrafik aspektdə tədqiq edən sovet türkoloqu S.İvanovun qənaətinə görə, Katanovu dövrünün görkəmli türkoloqu kimi ilk dəfə tanıdan məhz bu əsər olmuşdu. O, müasirləri arasında ilk dəfə Tuva dilinin türk kökənli dil olduğunu inandırıcı dəlillərlə sübuta yetirmiş, bu məsələdə hətta müəllimi və xeyirxahı V.V.Radlovla da polemikaya girməkdən çəkinməmişdi.
Doğrudur, istər bəzi müasirləri, istərsə də sonrakı tədqiqatçılar Katanovu dilin nəzəri problemlərinə kifayət qədər bələd olmamaqda təqsirləndirmişdilər. Əslində isə Tuva, yaxud tofalar kimi türk dillərinin qrammatikasını yaradarkən Katanov bilərəkdən hansısa nəzəri müddəalar irəli sürməkdən daha çox faktik materialı bütün zənginliyi və dolğunluğu ilə əks etdirmək yolunu tutmuşdu. Kazan universitetinin elmi şurası 1907-ci ilin dekabrında tarix-filologiya fakültəsinin binagüzarlığını yerinə yetirərək bu əsərə görə Nikolay Katanova müqayisəli dilçilik sahəsində honoris casua - fəxri doktor ünvanı vermişdi.
(Davamı var)
Vilayət
QULİYEV
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2022.- 12 mart.- S.16-17.