Məmməd Orucun özü və sözü
75 illik münasibətilə
bir neçə söz
Eşidəndə ki, bizim öz bədii dəst-xətti, öz sözü və sanbalı olan nasirimiz Məmməd Orucun 75 yaşı tamam olur, qırx
il bundan qabaq (!) onunla birlikdə Yazıçılar
İttifaqında işlədiyimiz
gözəl illər yadıma düşdü
- o, "Azərbaycan" jurnalında,
mən isə İttifaqda işləyirdik.
Bu qırx ildə
nələr olmadı,
hansı qlobal hadisələr baş vermədi?
Qırx
il insan ömründə az zaman deyil, ancaq
həmin olanlar, baş verənlər bu qırx ilin
çərçivələrinə sığışmır -epoxal
qəziyyələrin şahidi
olduq -Məmməd Oruc isə elə
bu gün də "Azərbaycan"
jurnalında işləyir
- eyni məkanda. Ancaq bu qırx
il onun
yanından ötüb
keçməyib, onun içindən keçib və bu fikrin
açıq-aşkar ifadəsi
Məmməd Orucun yaradıcılığıdır.
Bu yaxınlarda onun müsahibəsində oxudum
ki, Buzovna tərəfdə, Bakıya
gələn yoldan iki kilometr kənarda
tək yaşayır və deyir: " - Hər gün ordan çıxıram yola, avtobusa minirəm, gəlirəm
"Koroğlu"ya, ordan
da redaksiyaya".
Doğrusunu deyim ki, Allahın verdiyi hər günün bu eyni marşrutu,
eyni gediş və qayıdışı
başqa birisi üçün (elə mənim özüm üçün də) dəhşətli bir yeknəsəqlik ola bilərdi və mən bu yerdə
desəm ki, Məmməd ona görə belə bir eyniliyin fövqündədir
ki, bu cansıxıcı
gəliş-gedişdə də
yazıçı kimi
fikrində işləyir,
fikrində yazı-pozuyla
bir yerdədi, buna görə də həmin eyniliyin fərqində deyil - o zaman şablon söyləmiş
olaram.
Ancaq şablon
nədir? Şablon da həqiqətin
təkrarıdır.
Mənə elə gəlir ki, Məmməd Orucla bağlı hər günün belə marşrut saymazlığı, laqeydliyi
şablondan daha artıq dərəcədə
onun varlığına
hopmuş və bəlkə də artıq təhtəlşüura
çevrilmiş təbii
təvazökarlıqdan, təbii
sadəlikdən irəli
gəlir.
Baxın,
elə həmin müsahibədə "2000-dən çox yazıçı
var, mən də o 2000-dən biriyəm"
deyir, müxbirin " - Sizə qarşı biganəliyə
münasibətiniz?" sualına
" - Bunları xatırlamağın
heç bir mənası yoxdur" deyir.
Bu, təbii təvazökarlıq
- arxasında iddia gizlənmiş yalançı
bir etiraf yox,
dünyanın gərdişi
ilə bağlı dərk edilmiş bir təvazökarlıqdır
və müxbirin fəxri adlarla bağlı sualına da o, " - Yox, yox. O şeylər mənə yaddır" deyir.
Mən bu cür "biganəliyin" için-için
dərdini çəkən,
ad almaqdan ötrü əl-ayaqdan gedən, ondan-bundan ləyaqətsiz
xahişlər edən,
müsahibələrində isə belə şeyləri guya veclərinə almadığını,
bunlara biganə olduğunu deyən yazı-pozu adamlarını
az görməmişəm
və onların bir çoxunun yazdığı əslində
həmin "biganəliyi"
doğruldur, çünki
belə bir "biganəliyə" layiqdirlər,
ancaq ədəbi tənqidin və ümumiyyətlə, ədəbi
prosesin Məmməd Oruc kimi istedadlı
ədiblərlə bağlı
biganəliyi mürgüləməyi,
inertliyi, həvəssizliyi,
bir sözlə, naqisliyi ifadə edir.
Əsas
məsələ isə
budur ki, onsuz da zaman
istedadın müttəfiqidir,
buna görə də vaxt keçdikcə
istedadla bağlı belə bir ədəbi
"biganəlik" həmişə
əsl ədəbiyyatdan
kənara atılır.
Zaman istedadı otuz ildən, əlli ildən sonra olsa da, mütləq
üzə çıxarır
və o istedad nə qədərinə layiqdirsə, ədəbiyyatdakı
yerini də o dərəcədə də
müəyyən edir.
Ədəbiyyatın tarixində onlarla,
hətta yüzlərlə
belə hadisələr
olub və olacaq.
Məmməd Oruc məhsuldar
qələm sahibidir: romanlar ("Qara güzgü", "Köçürülmə",
"Qısa qapanma"),
povestlər ("Oyun havası", "Veteran", "Malakan kəndinin payızı", "Namərd
körpüsü" və
s.), hekayələr ("Susuz
gölün sonası",
"Çay gəmisində
gəzinti", "Kiyevli
Oksana" və "Akvariumda farel ovu", "Şeytan tükü" və s.).
Mən bu roman, povest və hekayələrin hamısını oxumamışam,
ancaq onların adını ürəklə
çəkirəm, çünki
o qələm ki, Məmmədin əlindədir,
onunla uğurlu əsərlər yazmaq olar (və yazılır),
eyni zamanda nisbətən uğursuz əsərlər də yazmaq olar, nəyisə
bəyənərsən, nəyisə
bəyənməzsən, ancaq
mən buna tamam əminəm ki, bu yazıların
hamısı ədəbiyyat
nümunələridir, bunların
arasında ədəbiyyata
dəxli olmayan bir yazı yoxdur.
10-15 il bundan əvvəl
məzuniyyətə çıxıb,
həm müalicə,
həm də işləmək üçün
xudmani Roqaşka (Sloveniyada) sanatoriyasına getmişdim və oradakı kiçik kitabxanada "Drujba narodov" jurnalının
oxunmaqdan səhifələri
əzilib-bükülmüş bir nömrəsini görüb götürdüm.
Jurnalda Məmməd Orucun hekayəsi çap olunmuşdu və bu gözlənilməz
görüşdən (!) sonra
bir balaca nigarançılıqla (Roqaşkaya
gəlib-gedən rusdilli
oxucular Azərbaycan ədəbiyyatının hansı
bir səviyyəsi ilə tanış
olacaqlar?) indi adını xatırlamadığım
o hekayəni oxudum. Yaxşı xatırladığım isə
odur ki, hekayəni oxuyub, bitirəndən sonra o nigarançılıqdan əsər-əlamət
da qalmadı.
Məmməd Oruc həm də
professional tərcüməçidir və mən onun Vasili Belovdan
tərcümələrini bizim
tərcümə ədəbiyyatımızın
uğurlarından biri
hesab edirəm. Sadəcə istərdim ki, onun rus dilindən
çevirdiyi, vaxt və zəhmət sərf etdiyi müəlliflərin arasında
daha sanballı imzalar olsun. Hiss elədiyim dərəcədə
o, rus ədəbiyyatına
yaxşı bələddir,
rus bədii dilini hiss edir və onun tərcüməçi
qələmi rus ədəbiyyatının böyük
ədəbi simalarını
(xüsusən klassikanı!)
səsləyir. Qoqolun,
Dostoyevskinin, Turgenyevin,
Lev Tolstoyun, Çexovun,
demək olar ki, bütün əsərləri Azərbaycan
dilinə tərcümə
edilib və dövrünə görə
bu tərcümələrin
əhəmiyyəti son dərəcə
böyük və mühümdür. Ancaq bu gün biz deyə bilərikmi ki, o tərcümələrin hamısı
tam olaraq bütün bədii nüansları ilə bərabər müəlliflərinə layiqdir?
Yox, deyə bilmərik, çünki layiq olanları ilə yanaşı, olmayanları da az deyil.
Mən istərdim ki, Məmməd Oruc "Hərb və sülh"ü, yaxud "Sakit Don"u əvvəldən
axıracan yenidən tərcümə etsin və mənim bu istəyimi "sifariş" kimi yox, günümüzün
(və imkanlarımızın!)
sifarişi kimi qəbul etmək lazımdır.
Bu qısa qeydləri
yazarkən əvvəllər
oxuduğum və xoşuma gəlmiş
"Əzrayılla görüş"
povestini yenidən vərəqlədim. Bu povest erməni-azərbaycanlı münasibətləri
ilə bağlı bizim ədəbiyyatımızda
"Kamança"dan gələn
və inkişaf edən, şaxələnən,
millidən bəşəriyə
adlayan və artıq yanlız erməni-azərbaycanlı yox,
"Kamança"dan əvvəl
yazılmış bir
sıra əsərlərimizdə
(məsələn, "Şeyx
Sənan"da) bəşəri
miqyasacan yüksəlmiş
bədii-estetik özünüifadənin
yaxşı nümunələrindən
biridir.
Azərbaycan kəndlərini, şəhərlərini
xarabaya çevirən,
Xocalıda cəlladlıq
edən erməni ilə kamança çalan erməni eyni adam
deyil, çünki o,
eyni adam olsaydı, təbii bir intiqam hissi
ilə alışıb-yanan,
bütün içi milli (və ədalətli!) qəzəb
hissi ilə dolu olan azərbaycanlının
ürəyinə yol tapa bilməzdi. Xəlil ilə Gövhərin həyatı -güzəranları,
sözlə birbaşa,
müstəqim deyilməyən
hiss-həyəcanları və
bu həyatın bədii təsviri "Əzrayılla görüş"ü
ədəbiyyatımızın məhz milli faktına çevirir.
Bunu da deyim ki,
Məmməd Orucun
"Qısa qapanma"
romanında da müəllifin ümumbəşəri
dəyərlərə meyli
açıqca görünür
və bu romanı eyni mövzulu əsərlərdən
yaxşı mənada
seçilməsinin də
səbəbi elə budur.
Ədəbiyyatda bədii-fəlsəfi yüksəlişi, ucalığı bəşərilik müəyyən edir. Çox bəyəndiyim, hətta cavanlıq illərində aludə olduğum əsərlərdən biri -Tomas Mannın "İosif və onun qardaşları" yadıma düşür və başına min bir əzab-əziyyət gətirilmiş, xəyanətlərin, böhtanların içindən keçmiş İosifi (Yusifi) sonda hökmdara qədər yüksəldən qüvvə onun içindəki təhtəlşüur (T.Mannın qələmində isə tamam aşkar!) qüvvə bəşərilik idi və burada mühüm bir cəhət var: bəşəriliyin kökündə millilik dayanır, fundament millilikdir. Mən əvvəllər də bu barədə yazmışam ki, məhz millidən başlayan bədii-fəlsəfi yol magistrala çevrilərək, artıq bir xalqın yox, bəşəriyyətin hiss-həyəcanını ifadə edir: "Don Kixot" kimi, "Hamlet", "Anna Karenina" kimi.
Ancaq biz qələmin ardınca çox uzaqlara getməyək və mən bu qısa qeydlərin nöqtəsini qoymaq istəyəndə, üç-dörd il bundan əvvəl Məmməd Orucun hansısa yazısında söylədiyi bir xatirəsi yadıma düşdü. O deyirdi ki, uşaqlıq çağlarında Səməd Vurğun kimi bir şair olmağı arzulayırmış.
Ancaq o, Səməd Vurğun kimi bir şair olmadı, müasir nəsrimizdə layiqli yerini tutmuş görkəmli nasirimiz Məmməd Oruc oldu.
9 mart 2022, Bakı
Elçin
525-ci qəzet.- 2022.- 12 mart.- S.12.