BİR AZANIN TARİXÇƏSİ
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində işə
başlayandan sonra təsadüfən “Axundov
bağı”nda “525”dən tanıdığım
Vahid Qazi ilə rastlaşdım.
İlini
dəqiq xatırlamıram,
gərək ki, 2007 ya da 2008-ci il idi. Vahid
Qazi dedi ki, onda işğaldan
əvvəl Ağdam məscidində verilmiş
azanın səs yazısı var. Sağ olsun, həmin səs yazısını mənə göndərdi.
Amma o dövrdə bəzi səbəblərdən azanla
bağlı nəsə
etmək mümkün
olmadı. İş elə
gətirdi ki, belə bir imkan
2012-ci ildə yarandı,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Qazi Qarabağ azanı” adlı layihəyə başladı.
Vaxtı ilə Ağdam məscidində verilmiş
azanın “Qazi Qarabağ azanı” adlandırılması təsadüfi
deyildi. Bu azan Ağdam
işğal edilən
günədək Cümə
məscidindən verilmiş,
çox hadisələrə
şahidlik etmişdi.
Onun sədaları altında minlərlə əsgərimiz
şəhid olmuş,
Ağdam məscidində
həmin şəhidlərin
və Xocalı soyqırımı qurbanlarının
nəşi yuyulub kəfənlənmiş, dəfn
olunmuşdu.
Beləliklə, “Qazi Qarabağ azanı” layihəsi çərçivəsində görüləcək işlər
müəyyənləşdi, rəhbərliyə məruzə
olundu, razılıq alındı. Plana əsasən,
2013-cü ildə Xocalı
soyqırımının il
dönümü ərəfəsində
cümə günü
müsəlman ölkələrinin
məscidlərində “Qazi
Qarabağ azanı” veriləcək, xütbə
və moizələrdə
Xocalı faciəsindən
danışılacaq, nəticədə
möminlər bu azan vasitəsilə həm bizim Qarabağ dərdimizdən, həm də erməni vəhşiliyindən agah
olacaqdılar.
Qısa vaxtda müsəlman ölkələrinin əksəriyyətinə
məktublar göndərildi. Amma həmişəki
kimi qardaş Türkiyə və Pakistandan başqa xahişimizə müsbət
yanaşan olmadı.
Çox
çalışdıq ki,
bu azan qonşu İranda, özəlliklə
Təbrizdə verilsin,
ancaq bacarmadıq, daha doğrusu, iranlı həmkarlarımızı
razı sala bilmədik.
Türkiyə Diyanət İşləri
Başqanlığı cümə
günü ölkə
üzrə bütün
məscidlərdə Xocalı
soyqırımı ilə
bağlı xütbə
və dualar oxunmasına qərar verdi. Eyni
zamanda, Ankaranın tarixi məscidlərindən
olan “Hacı Bayram Vəli” camisində Diyanət İşləri Başqanının
müavini, professor Hasan
Kamil Yılmazın və mənim iştirakımla “Qazı Qarabağ azanı”nın təqdimatı keçirildi.
Minbərdə Xocalıdan
danışarkən Kamil
xocanın kövrəlməsini,
tədbirin sonunda möminlərin Xocalı və Qarabağ üçün necə ucadan dua etməsini
xatırladıqca indi
də tüklərim
biz-biz durur!
Etiraf edim ki, Türkiyədən
fərqli olaraq ölkəmizdə “Qazi Qarabağ azanı”nın təqdimatı
o qədər də asan olmadı. İlkin olaraq bir neçə
məsciddə bu azan verilərkən indiki kimi qulp qoyanlar
tapıldı. Bəziləri
dedi ki, “bu, azana yox,
muğama oxşayır,
müəzzin düzgün
oxumur, sözləri səhv tələffüz
edir”. Bəziləri də özlərini
“müdrik” göstərərək
iddia etdi ki, “bu, şiə
azanıdır, sünni
məscidlərində verilsə,
narazılıq yaranacaq”.
Bir qismi də özünü
din bilicisi kimi təqdim edib “Qarabağ azanı” nə deməkdir? Məgər “İstanbul azanı”, “Tehran azanı”,
“Mədinə azanı”
var ki, “Qarabağ azanı” da olsun?” dedi.
Səbr etdik, dözdük, hər kəsə izah etməyə çalışdıq. Cavab verdik ki, “doğrudur,
“İstanbul azanı”,
“Tehran azanı”, “Mədinə
azanı” olmur, azan eynidir, ancaq “boğaz”lar fərqlidir. Bu baxımdan Tehranda,
Mədinədə, Qarabağda,
İstanbulda oxunan azanlar fərqlənməyə
bilməz. O da doğrudur ki, “Qazi Qarabağ azanı”nda qiraət, tələffüz xətaları
var. Üstəlik, o, “Zəmin-xarə”
muğamı üstündə
oxunub. Amma bütün hallarda bu, təkcə azan deyil, bizi Qarabağa,
savaşa çağıran
bir nidadır”!
İzahla da kifayətlənmədik. Azanı oxumuş
Hafiz Sədrzadəni axtarıb
tapdıq. Məlum
oldu ki, bu azan Ağdam məscidi ilə yanaşı, işğala
qədər Şuşa
məscidində də
verilibmiş. Hafiz Sədrzadənin atası uzun illər Ağdam məscidində axund kimi çalışıb,
Nuru Paşa ilə görüşüb,
vətənpərvər din xadimi kimi tanınıb.
Vaxtı
ilə Şuşa
Musiqi Texnikumunda dərs demiş Hafiz Sədrzadə məcburi köçkün kimi Pirşağıdakı “Qızılqum”
sanatoriyasında məskunlaşmışdı.
Ondan xahiş
etdik ki, azanın səhv tələffüz etdiyi yerlərini yenidən oxusun və səsi yazılsın. Sağ olsun, dəyərli din xadimi Faiz Nağızadə
mənim otağımda
Hafiz dayı ilə xeyli “məşq elədi”, hətta səsyazma studiyasına onunla birgə getdi. Üstəlik, bəhanələrə yol verməmək üçün azanın
“sünni” və “şiə” variantlarını
hazırladıq. Bir sözlə,
bütün bəhanələrə
“çözüm ürədilməsi”nə
çalışdıq. Lakin yenə də narazılıq edənlər
tapıldı. Onların adları
indiki kimi yadımdadır. Etiraf
edim ki, hətta iş yoldaşlarıma “bu adamların adlarını
yadınızda yaxşı
saxlayın, bir gün onlarla hesablaşacağıq” dediyimi
xatırlayıram.
“Qazi Qarabağ azanı”nın təqdimatı Ağdamın Çəmənli kəndində keçirildi. Məkan təsadüfi seçilməmişdi. Çəmənli kəndində Seyid Lazım ağanın türbəsinin yanındakı “Mürşüd” məscidi o vaxt cəbhə xəttinə ən yaxın məscid idi. Oradan ermənilərin səngərinə məsafə 2 kilometrdən çox deyildi. Qərara gəldik ki, azan həmin məsciddən verilsin ki, ermənilər də eşitsin. Təbii ki, bunun mənəvi tərəfi bizim üçün çox önəmli idi.
Tədbirdə ətraf rayonların, o cümlədən işğal edilmiş rayonların icra başçıları, ictimaiyyət nümayəndələri, ziyalılar iştirak etdilər. Xarici ölkələrin Azərbaycandakı səfirliklərini, xüsusilə Minsk qrupuna həmsədrlik edən ölkələrin Bakıdakı səfirlərini tədbirə dəvət etdik. Amma gələn yalnız Türkiyə və Pakistan səfirliklərinin müşavirləri, bir də İran Mədəniyyət Mərkəzinin rəhbəri oldu. Hava soyuq, şaxtalı olsa da, təqdimat yüksək səviyyədə keçdi.
...Şuşa işğaldan azad edildikdən sonra “Qazi Qarabağ azanı” yenidən yada düşdü. Ötən il Şuşada “Yuxarı Gövhər ağa” məscidində hansı azanın verilməsi soruşulanda israrla bu azanın səsləndirilməsini tövsiyə etdik. Bu günlərdə isə Müdafiə Nazirliyi tərəfindən “Qazi Qarabağ azanı”nı Xocalı soyqırımının ildönümündə Şuşadan üzü Xankəndinə tərəf və Ağdamdan Xocalıya sarı səsgücləndiricilərlə verildi.
Sağ olsunlar, Müdafiə Nazirliyi bunu indi də davam etdirir.
30 ildən sonra “Qarabağ azanı”nı yenidən eşidən ermənilərin nələr hiss etdiklərini təsəvvür etmək çətin deyil. Amma yenə də bu azana etiraz edənlər tapıldı.
Sosial şəbəkələrdə “Ermənilərə azan verilməsinin mənası nədir? Onları İslama dəvət edirik? Bu, İran azanıdır” kimi absurd fikirlərlə qarşılaşdıq. Qəribədir, bunu deyənlər bəzi “ilahiyyatçılar”dır. Anlamıram, bu nəyin nəticəsidir: cahilliyin yoxsa antimilliliyin?!
... Mənə görə, “Qazi Qarabağ azanı” işğaldan azad edilən zaman qəhrəman əsgərimizin Şuşada oxuduğu azan qədər müqəddəsdir. Və əminəm ki, bu müqəddəs səda tezliklə Xocalıdan da ucalacaqdır!
Gündüz
İsmayılov
525-ci qəzet.- 2022.- 12 mart.- S.11.