"Müşkülə"
açılan qapı
1918-1920-ci illərdə nəşr olunmuş "Azərbaycan"
qəzetinin tam külliyyatinin kitab şəklində (20 cilddə)
çapdan çıxmış 1-ci və 2-ci cildləri barədə
düşüncələr
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti
dövründə hökumətin orqanı kimi "Azərbaycan"
qəzeti fəaliyyət göstərib. Qəzet Azərbaycan
türkcəsində və rus dilində çap olunurdu.
Bilirik ki, həmin dövrdə Azərbaycanda
yazı ərəb qrafikalı əlifba ilə icra edilirdi.
Bu da çağdaş zamanda AXC-nin fəaliyyətini
araşdıran tədqiqatçılara ciddi çətinliklər
törədirdi. Üstəlik də "Azərbaycan"
qəzetinin nüsxələri pərakəndə şəkildə
respublikamızın Milli Arxif İdarəsində, Dövlət
Arxivində, Respublika Prezidentinin İşlər İdarəsinin
Sənədlər Arxivində, Əlyazmalar İnstitutunda,
Milli Kitabxanada saxlanılır. Bu və bu kimi
çətinlikləri aradan qaldırmaq üçün Azərbaycan
Diplomatiya Akademiyası Universiteti möhtəşəm bir
layihəni reallaşdırmaq işinə başlayıb.
Universitetin rektoru, professor Hafiz Paşayevin təşəbbüsü
və rəhbərliyi ilə ADA ərəb qrafikalı qəzetin
oxunması "müşkül" olan "adaya"
geniş qapı açıb. Qəzetin bütün
saylarını latın qrafikası ilə
kitab tərtibatında nəşrinə başlayıb. Artıq 20 cildlik kitabın 1-ci və 2-ci cildləri
işıq üzü görüb.
Məlumdur
ki, ayrı-ayrı vaxtlarda Ceyhun bəy Hacıbəylinin,
Şəfi bəy Rüstəmbəylinin, Üzeyir bəy
Hacıbəylinin, Xəlil İbrahimin redaktorluğu ilə
çap olunan "Azərbaycan" qəzetinin fəaliyyət
göstərdiyi müddət ərzində (15 sentyabr 1918 - 28
aprel 1920-ci illər) 443 sayı çıxıb. Fundamental
layihənin birinci cildində 1918-ci il
sentyabr və oktyabr, ikinci cildində noyabr aylarındakı
sayları yer alıb. Fundamental yaradıcılıq işi tələb
edən layihənin reallaşdırılmasının tarixi,
siyasi, mədəni dəyərinin nədən ibarət
olduğunu professor Hafiz Paşayev bütün cildlərdə
veriləcək ön sözdə belə ehtiva edib: "Azərbaycan"
qəzetindəki materiallar Azərbaycan Cümhuriyyətinin
bilavasitə tarixini əks etdirir. Qəzetin səhifələrində
Azərbaycan Hökumətinin qərarları, Parlament üzvlərinin
çıxışları, paytaxtda və bölgələrdə
baş verən hadisələrin təfərrüatları,
müxtəlif təhlillər, xatirələr öz əksini
tapıb. Günümüzdə xüsusi əhəmiyyət
kəsb edən Qarabağ, Zəngəzur bölgələrinə
aid materiallar oxucularda böyük maraq doğuracaqdır.
Eləcə də, Azərbaycan Cümhuriyyərinin
xarici dövlətlərlə münasibətləri,
dövrün ab-havası müfəssəl şəkildə
qəzetin səhifələrində əks olunub. Ümumiyyətlə, bu qəzetin transliterasiyası
Azərbaycan Cümhuriyyəti
tarixşünaslığında yeni bir səhifə
açacaq və gələcək tədqiqatlar
üçün mühüm stimul olacaqdır".
Hər günün materiallarının sonunda "Qeyd və
şərhlər" rubrikasında məlumatlar təqdim
olunub, müəyyən mətləblərə
aydınlıq gətirilib, açıqlama verilib. Burada kitab səhifəsi
göstərilməklə mətbəə xətalarına,
korrektor yanlışlığına aid düzəlişlər
verilir, adı verilən şəxsin soyadı
açıqlanır, gizli imzanın kimə xas olduğu
göstərilir. Bir misalı
nümunə göstərmək istəyirəm. Tövsiyə
bölümündə ikinci cildin 510-cu səhifəsində
verilən "1870-ci ildəki firəngələrə qalibiyyəti..."
sözləri ilə başlayan cümlə belə
açıqlanır: "1870 - 1871-ci illər Fransa-Prussiya
müharibəsi nəzərdə tutulur". Teleqraf xəbərində
(2-ci cild, səhifə 222) verilmiş bir cümlə var:
"Bavariya Hərbiyyə vəziri". "Qeyd və şərhlər"də
oxuyuruq: "Bavariyanın Hərbi naziri 11 dekabr 1916-cı
ildən 8 noyabr 1918-ci ilə qədər Filip fon Hellinqrat, 8
noyabr 1918-ci ildən 21 fevral 1919-cu ilə qədər Albert
Roshapter olmuşdur". Yaxud "Ordan-burdan" imzalı
felyetonda "Zülmün topu var, gülləsi var, qələsi
varsa, Haqqın da bükülməz qolu, dönməz
üzü vardır" misralarının türk şairi
Tofiq Fikrətə aid olduğu göstərilir (bax: 2-ci cild, səhifə
340). Belə şərh-yanaşmalar gələcək
tədqiqatçıları əlavə
"axtarışlar" əziyyətinə qatlaşmaqdan
xilas edir.
Hansısa materialda günümüz üçün
anlaşılmaz olan söz gedib. Transliterasiya edənlər
kvadrat mötərizə daxilində həmin sözün
çağdaş anlamını veriblər. Bəzi məqalələrdə hərf səhvləri
ilə gedən sözlərin düzgün variantını
mötərizədə göstəriblər. Adi görünən bu əməliyyatlar əslində
çox mürəkkəb axtarışlar, zəngin
dünyagörüşü və geniş mütaliə tələb
edir. Onların işi transliterasiya etməklə
bitmir, hadisələrə, müxtəlif xarakterli (siyasi,
ictimai-sosial, iqtisadi, aqrar, maliyyə, diplomatiya, mədəniyyət
və s.) ayrı-ayrı xəbərlərə,
çıxışlara, parlamentin qərarlarına,
qanunlarına aydınlıq gətirən şərhlər
veriblər. Bu baxımdan transliterasiya edənlər
filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəlinin
və filoloq-tərcüməçi Azad Ağaoğlunun ciddi
yaradıcılıq zəhmətləri xüsusi tərifə
layiqdir. Əslində bu, adicə zəhmət
yox, görülən işə elmi-nəzəri yanaşma,
analitik təhlil aparmaq qabiliyyətidir.
Birinci cildin sonunda 92, ikinci cildin axırında 91 səhifədən
ibarət "Adlar göstəricisi" bölümü
verilb. Bunun özü fundamental tədqiqatın çox səmərəli
bəhrəsidir. Qəzetdə
ayrı-ayrı tarixi şəxsiyyətlərin, Azərbaycan
hökuməti və parlamenti ilə ilişgili fərdlərin
ya adları, yaxud da yalnız soyadları verilib. "Adlar göstəricisi"ndə ad və ya soyad
bərpa edilib, həmçinin, onların kimlikləri dəqiqləşdirilib.
Qəzet materiallarında getmiş toponimlər
(xüsusən Zəngəzur, Qarabağ və İrəvan ərazilərində)
barədə maraqlı açıqlamalar verilib. Hazırda Rusiya və Ukrayna ərazilərində
olan, vaxtilə türklər yaşamış məkanların
da ilkin adları barədə əsaslı məlumatlar verilir.
Məsələn, Odessa vilayətində olan
Ağkirman şəhəri hazırda Belqorod-Dnestrovski
adlanır. Aktay (Ağtay da yazılır) - Rusiyanın
Sverdlovsk vliayətində olan çay və kənd
adıdır. İdil çayı - Volqa
çayıdır. Hacı Tərxan - Həştərxanın,
Ağməscid - Smferopolun, Məkrərə - Nijni-Novqorodun
ilkin türk mənşəli adlarıdır.
"Azərbaycan"da dünyanın müxtəlif mətbuat
nümunələrindən seçmə xəbərlər
verilib. Həmin xəbərlər qəzetdə mətbuatın
baş hərfləri ilə təqdim edilib, lakin transliterasiya
edənlər "Adlar göstəricisi"ndə onların
açıqlamasını oxuculara çatdırıblar.
Məsələn: "D.K." - açıqlaması
"Deyli xroniki"; "D.N." - "Deyli nyus";
"D.T." - "Deyli teleqraf"; "B." - "Berliner
folks zeytunq", "F." - "Foverts";
"F.T."-"Frankfurter zeytunq"; "H." -
"Alqemeen Handelsbiat"; "L. F. T." -"Leypsiqer folks
zeytunq"; "N. F. P." -"Noye fraye pres"; "S.
R." - "Sakartvelos Respublika", "N.İ." -
Nijeqorodskiye izvestiya"...
1918-ci il Azərbaycanın həyatında faciəli
hadisələrlə də yadda qalıb. Erməni
daşnakları Türkiyə - Rusiya müharibəsində
Türkiyəyə xəyanət edib Rusiyaya gələn
kütləvi erməni silahlıları ilə birləşərək
Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda...
ağılasığmaz vəhşiliklər törədirdilər.
Onların vəhşiliklərinə, törətdikləri
qırğınlara qarşı silahlı mübarizə aparmaq
üçün Şuşada vətənsevər,qeyrətli
gənc Azərbaycan türkləri "Xəliliyyə",
"Vəhbiyyə", "Ənvəriyyə",
"Şövkətiyyə" adlı yerli
özünümüdafiə dəstələrini
yaradıblar. "Azərbaycan" qəzetinin səhifələrində
müntəzəm olaraq bu qurumların səmərəli fəaliyyətlərindən
yazılar dərc edilib. "Azərbaycan"
qəzeti" kitabının" Adlar göstəricisi"
bölümündə bu özünümüdafiə dəstələri
barədə səhih və dəyərli məlumatlar verilir.
Bu da həmin dövrü tədqiq edən
çağdaş tarixçi alimlər üçün ciddi
mənbədir.
"Azərbaycan" qəzetində müxtəlif
yazıları dərc olunan ziyalılarımızın bir
qismi gizli imzalardan istifadə ediblər. "Adlar
göstəricisi" bölümündə onların
böyük əksəriyyətinin açıqlaması
verilib. O cümlədən, bunları göstərmək
olar: Aran - Məhəmməd Sadıq; N.Y. - Yusif bəy Nəsibli;
C.Dağıstani və C.D. - Cehun Hacıbəyli; Bir nəfər-Üzeyir
bəy Hacıbəyli, Bir naxoş - Məmmədəli Səfərov; H.R. - Hüseyn Rza Məhəmmədbəyli.
Qəzetdə müxtəlif xəbərlərdə -
öz mənzillərində xəstələri qəbul edən
həkimlərin, ayrı-ayrı xeyriyyə cəmiyyətlərinin,
məktəblərin, mədəniyyət və türk
ocaqlarının yerləşdiyi ünvanlar o dövrdəki
adlarla təqdim olunub. "Azərbaycan" qəzetini ərəb
qrafikasından latına transliterasiya edənlər
küçələrin çağdaş adlarının da
siyahısını veriblər. Məsələn: Şaxski -
indiki Mərzə Fətəli, Krasnakrestovski - Şeyx
Şamil, Qorçakovski - Zeynalabdin Tağıyev, Tatarski -
Əlimərdan bəy Topçubaşov, Telefonnı - 28 may,
Quberniski - Nizami, Vrangelski - Əhməd Cavad, Balaxanski -
Füzuli, Nijni priyutski - Süleyman Rəhimov, Bazarnı - Azərbaycan
prospekti, Mariinski - Rəsul Rza, Mixaylovski - Əziz Əliyev,
Kolyubakin - Nigar Rəfibəyli, Nikolayevski - İstiqlaliyyət,
Persidski - Murtuza Muxtarov, Spasski - Zərgərpalan,
Çadrovı - Mirzağa Əliyev...
Bütün bunlar haqqında
danışdığımız kitabların elmi-nəzəri
dəyərini, publisist sanbalını qat-qat artırır. Əslində
"Adlar göstəricisi" bölümü özü
tamam müstəqil bir elmi araşdırma yükü
daşıyır. Həmçinin
kitablardan bəhrələnəcək tədqiqatçı
alimləri əlavə vaxt itkisindən azad edəcək.
Mən Azərbaycan teatr tarixinə aid tədqiqatlar
aparanda əlifba çətinlikləri ilə çox üzləşmişəm.
"Azərbaycan" qəzetinin hələlik sentyabr, oktyabr
və noyabr ayları təqdim olunan iki cildində "Tetar və
Musiqi" rubrikasında Üzeyir bəy Hacıbəylinin
"Arşın mal alan", "O olmasın, bu olsun",
Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan
tifaq", "Bəxtsiz cavan", Nəriman Nərimanovun
"Nadir şah Əfşar", Ceyhun Hacıbəylinin rus ədibi
İvan Turgenevdən təbdil etdiyi "Pulsuzluq", Soltan Məcid
Qənizadənin "Axşam səbri xeyir olar",
Osmanlı yazarları Namiq Kamalın "Akif bəy"
("Namus"), "Vətən" ("Vətən, yaxud
Silistrə"), Şəmsəddin Saminin "Dəmirçi
Gavə" əsərlərinin tamaşaları barədə
qiymətli məlumatlar var. Müxtəlif tamaşalara
yazılmış resenziyalarda səhnə xadimləri Sidqi
Ruhullanın, Mirzağa Əliyevin, Abbasmirzə Şərifzadənin,
Mirzə Muxtar Məmmədovun, Rza Darablının, Məxfurə
Yermakovanın, Lalə xanımın (Hüseynağa
Hacıbababəyov), Rüstəm Kazımovun, Hacıağa
Abbasovun, Xəlil Hüseynzadənin (Hüseynovun),
Əbülhəsən Anaplının ifaları barədə
maraqlı tərifli və tənqidi fikirlər söylənilib.
Hətta "Azərbaycan"ın 15 oktyabr 1918-ci il tarixli sayında "Hökumət
teatrosuna" qəbul olunan 28 nəfər aktyorun
siyahısı verilib. Bu və bu kimi faktlar əminəm
ki, teatr tariximizdəki bəzi mübahisələrin, fikir
ayrılıqlarının əksəriyyətinə tam
aydınlıq gətirib son qoyacaq.
Haqqında danışdığım kitablar tam şəkildə filoloq-alimlər üçün də əvəzsiz xəzinədir. Hələlik işıq üzü görən cildlərdə ədəbi proses haqqında kifayət qədər məlumatlar var. Məhəmməd Hadinin (şairin əksər imzaları Əbdülsəlimzadə soyadı ilə təqdim olunub) və Əhməd Cavadın neçə-neçə şeirinin ilk çapları "Azərbaycan" qəzetinə məxsusdur. Hüseyn Cavid barədə dəyərli məlumatlar var (o cümlədən, onun Təbriz şəhərində maarif müdiri işləməsi haqqında). Sözsüz ki, gənc filoloqlar bu mənbələrdən layiqincə bəhrələnə biləcəklər.
Fikir fikri çəkdiyi üçün bir arzumu bildirmək istəyirəm. İyirminci əsrin müxtəlif illərində Tiflisdə, İrəvanda, Aşqabadda, Təbrizdə Azərbaycan türkcəsində mədəni, ictimai-siyasi xarakterli qəzetlər çap olunub. Xüsusən tariximizin, təhsilimizin, mədəniyyət və incəsənətimizin, o cümlədən, milli teatr sənətimizin inkişaf mərhələlərinin, görkəmli ictimai-siyasi xadimlərimizin, fədakar maarifpərvərlərimizin yaradıcılıq irslərinin ətraflı, zəngin faktlar əsasında tədqiqi üçün həmin qəzetlərdə əvəzsis dəyərləri olan bolluca məlumatlar var. ADA Universitetinin möhtəşəm vətənpərvərlik duyğusuna əsaslanan yaradıcılıq addımı Milli Elmlər Akademiyasına gözəl nümunədir. Akademiyanın tarix, ədəbiyyat, incəsənət və digər əlaqədar institutlarının ərəb qrafikası ilə çap olunmuş həmin qəzetlərin latın qrafikası ilə kitab şəklində buraxmaları milli sərvətimizə böyük töhfə verər.
***
ADA Universitetinin sifarişi ilə Azərbaycan türkcəsində ilk dərslik sayılan "Vətən dili" kitabı da orijinal dilini qoruyub saxlamaqla çağdaş əlifba qrafikamıza və bədii-danışıq dilimizə uyğunlaşdırılmış şəkildə çap olunub. Kitab iki hissədən ibarətdir. Aleksey Osipoviç Çernyayevskinin hazırladığı birinci hissə (1882-ci il) və Aleksey Çernyayevski ilə Səfərəli bəy Vəlibəyovun birgə işlədikləri ikinci hissə (1888-ci il) bir kitab halında təqdim edilib. Transliterasiya, qeyd və şərhlər Vüqar Qaradağlı ilə Sayman Aruzundur.
Əminəm ki, dilçi alimlər bu dəyərli
kitabla bağlı öz fikirlərini söyləyəcəklər.
Yeri gəlmişkən mən bir məsələ barədə
öz qənaətimi bildirmək istəyirəm. Hazrda Azərbaycan
türkcəsində talışlar, ləzgilər, zaxorlar,
avarlar, hapıtlar, tatlar... da "Ana dili" kitabından dərs
keçirlər. Azərbaycan türkcəsi onlar
üçün ana dili deyil, məhz vətən dilidir. Bu
maraqlı və poetik ad barədə düşünməyə
dəyər. Təbii ki, ilk növbədə dərslik müəllifləri
öz sözlərini deməli, fikirlərini bildirməlidirlər.
İlham
RƏHİMLİ
525-ci qəzet.- 2022.- 12 mart.- S.10;11.