Ukraynadakı Azərbaycan diaspor təşkilatları
koordinasiyalı fəaliyyət göstərir
Ukrayna Azərbaycanlıları radasının baş
katibi Ceyhun Məmmədov: "Vətəndaşlarımız
zamanında burada qeydiyyatdan keçsəydilər, indi təxliyə
üçün dəqiq sayi bilərdik"
24 fevraldan başlayan Rusiya-Ukrayna müharibəsi
artıq iki həftədən çoxdur davam edir. Bu dövr ərzində
Ukrayna, istərsə də bu ölkədə yaşayan
müxtəlif dövlətlərin vətəndaşlarının
qonşu ölkələrə təxliyəsi davam edir. Müharibə başlayan ilk günlərdən
Ukraynada yaşayan azərbaycanlıların da digər sərhəd
ölkələrə - Moldova, Polşa, Slovakiya və
Macarıstana təxliyəsinə başlanıb. Bu haqda
daha əvvəl verdiyimiz xəbərlərdən də məlumdur
ki, təxliyə işləri Xarici İşlər Nazirliyi,
Diasporla İş üzrə Dövlət Komitəsi, Ukrayna
Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycanlıları
Radasının birgə fəaliyyəti nəticəsində
mümkün olub.
Ukraynanın müxtəlif ərazilərində
yaşayan azərbaycanlıların təxliyəsində bu təşkilatların
fəaliyyəti barədə suallarımızı hazırda
Kiyevdə fəaliyyətini davam etdirən Ukrayna Azərbaycanlıları
Radasının (UAR) baş katibi Ceyhun Məmmədov
cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Ceyhun bəy,
mütəmadi olaraq azərbaycanlıların təxliyəsi
ilə bağlı xəbərlər alırıq. Təxliyə üçün müxtəlif ərazilərdə
toplanmış vətəndaşlarımızın olduğu
məlumdur. Bu proses necə təşkil edilir?
- Artıq neçə gündür
bu ölkədə yaşayan, yurd salan, çalışan,
yaxud təhsil alanazərbaycanlıların nisbətən təhlükəsiz
şəraitdə digər qonşu ölkələrə
keçidi üçün işlər aparılır. Azərbaycanlıların ən çox təşkilatlandığı
ölkələrdən biri Ukraynadır. Elə
şəhərlər var ki, orada iki-üç təşkilat,
mədəniyyət mərkəzi, Azərbaycan məktəbi
fəaliyyət göstərir. Yəni
burada olan soydaşlarımız aktivdir və təşkilatlanmağa
meyillidirlər. Bunun da çox
böyük müsbət nəticələrini koronavirus
pandemiyası zamanı, eləcə də Vətən
müharibəsi dövründə gördük. İndi də Rusiya-Ukrayna müharibəsi zamanı
görürük ki, bizim təşkilatlar necə yüksək
səviyyədə çalışır. Ukrayna Azərbaycanlıları Radasına (UAR) daxil
olan, Diasporla İş üzrə Dövlət Komitəsinin
koordinasiyası ilə birlikdə hərəkət edən
insanlar necə böyük fədəkarlıqlar göstərir,
böyük işlər görürlər. Ona görə, təşkilatların hər biri
haqda qısa da olsa məlumat vermək istəyirəm.
Ən böyük işlərdən birini UAR-ın
kollektiv üzvü olan Odessadakı Birlik Cəmiyyəti
görür.
Cəmiyyətin sədri Rövşən
Quliyev, onun müavini Anar Natiqoğludur. Bu
günə qədər onlar yüzlərlə
soydaşımızın təxliyəsini həyata
keçiriblər. Hər gün 50-60, bəzən
100 nəfər ora gələn insanı qida və yerlə təmin
edirlər. Biz yaxın olduğu
üçün Xersondan, Nikolayevden gələn insanları da
ora yönləndiririk. Daha sonra onlar
soydaşlarımızı avtobuslarla Moldova ilə sərhədə
göndərirlər.
UAR-ın Xarkov şəhərində Murad Ömərovun
sədrliyi ilə “Dostluq” təşkilatı fəaliyyət
göstərir. Orada son ana qədər iş gedirdi. Murad
bəyin evinin yanında gedən şiddətli küçə
döyüşləri nəticəsində yayayış
binaları zərər gördü. İndi
qərb bölgəsinə köçüb və oradan fəaliyyətini
davam etdirir.
Hazırda ən çətin vəziyyətdə olan
bölgələrdən biri də Nikolayevdir. UAR-ın
oradakı nümayəndəsi Zaur Ağabəyovdur. Oğlu isə Nikolayev şəhər sovetinin
deputatıdır. Günlərdir bu şəxslər
insanlara kömək, onların təxliyəsi işində nə
qədər böyük işlər görürlər.
UAR-ın Xerson üzrə nümayəndəliyinin
rəhbəri Elman Ağayev, köməkçisi Dəyanət
Məmmədovdur. Bu gün şəhər
blokadadır, ancaq bizimkilər yerlərində fəaliyyətlərini
davam etdirirlər. Həm yerli əhaliyə,
həm öz vətəndaşlarımıza köməklik
göstərirlər.
Daha bir təşkilatımız son zamanlar təsis olunan
Poltava Azərbaycanlıları Radasıdır. Füzuli Qənbərovun
rəhbərliyi ilə önəmli işlər görən
təşkilatın zamanda Kremençuq şəhərində
nümayəndəliyi açılıb. Poltavadakı
təşkilatımız yaxın bölgələrdən -
Sumidən, Xarkovdan gələn azərbaycanlıları qəbul
edir, daha sonra onları yenidən qatarlarla yönəldirirlər
qərb zonalarına. Çerniqovda Tofiq
müəllim var, gecə-gündüz çalışır
ki, insanlarımıza kömək olsun, heç biri tək
qalmasın və təhlükəsiz formada onları aidiyyəti
üzrə yerlərə yönəltsin. Jitomirdə
Rac Qasımov orada yaşayan soydaşlarımızın təxliyəsinə
yardım edir, bizi məlumatlandırır.
Aktiv
müharibə getməyən bölgələrdə - Nurəli
Məmmədov Çerkasıda, Mübariz Məcidov Ternopolda,
Elşad Ələsgərov İvano-Frankovskda, Eyyub bəy
Rovnoda ora pənah gətirən soydaşlarımıza və
Ukraynanın yerli orqanlarına gecə-gündüz yardım
edirlər. İndi insanlarımızın
çoxunun toplandığı yer Lvov şəhəridir.
Bütün Qərb bölgəsindəki
soydaşlarımızın çoxusu ora gedir. Burada həm
ölkədən çıxmaq istəyən həmvətənlərimiz,
həm də Azərbaycan əsilli Ukrayna vətəndaşları
var. Hansı ki,ölkədən
çıxa bilmirlər. Onlar gedirlər Lvova,
orada isə bu işlə Mahmud Qurbanov və Teymur Məmmədov
məşğul olurlar, insanları sığınacaqlara yerləşdirirlər,
lazım olan yardımı göstərirlər. Lvovda hər gün 150-200 nəfərə isti yemək
verilir.
Diaspor rəhbərləri və aktivlərimiz, həmvətənlərimiz
üçün o qədər nəcib işlər
görürlər ki, duyğulanmamaq mümkün deyil. Əvvəla,
azərbaycanlılara kömək edirlər, həmçinin,
yerli əhaliyə həm ərzaq yardımı, həm də
rəsmi şəkildə maddi yardımlar olunur. Bundan əlavə, hər şəhərin
girişində özünümüdafiə dəstələri
var ki, onlara ərzaq yardımı edilir.
Ukraynada ən böyük regionlardan biri Dnepr bölgəsidir. Bu bölgədən
isə Eldar Tağıyev, Nadir Zeynalzadə, Sərxoş
İsmayılov, Rafəs Benyadovun əməyini qeyd etməliyəm.
Onların hər biri
soydaşlarımızın yanındadır, onlara yardım
edirlər.
-
Soydaşlarımızın təxliyəsi zamanı nələrin
şahidi olursunuz?
- Bu haqda danışmaq çox
çətindir. Ötən dəfə biz
insanları qatarla sərhəd ölkələrə yola
salırdıq, inanın, onlar evlərini ağlaya-ağlaya tərk
edirdilər. Burada illərdir yaşayan,
yurd salan, təhsil alaninsanlarımız var. Ukrayna bizə
özünü elə sevdirib ki, köçüb gedənlər
üçün də hər şey çətindir.
Ümumiyətlə, insanın öz evindən didərgin
düşməsi faciədir...
- Vətəndaşlarımızın
təxliyəsində yaranan çətinliklər nə ilə
əlaqədardır?
- Əvvəlcə bir nüansı qeyd edim. Bildiyiniz kimi, əsas işləri görən adamlardan biri və birincisi Kiyev Azərbaycanlıları Konqresinin rəhbəri, UAR-ın həmtəsisçisi və idarə heyətinin üzvü Oleq Krapivindir. Buradakı ən çox müraciətlər, zənglər ona olunur. Onu Ukraynada, deəmk olar, hamı tanıyır. Krapivinin hazırda Kiyevdə qalması digər regionlardakı təşkilatlar üçün də motivasiya olur. Sadaladığım bütün təşkilatlar və əziyyət çəkən şəxslər və biz hamımız birlikdə hərəkət edirik, bir-birimizlə əlaqəli formada çalşırıq. Lakin çətinliklər də var və çətinliyin olması qaçılmazdır. Belə deyim, təqribən iki ildir Oleq Krapivin Ukraynadakı azərbaycanlılara çağırış edir ki, gəlin, təşkilatlarda, Azərbaycan diasporunda qeydiyyata düşün. Yəni biz bilək ki, burada nə qədər soydaşımız yaşayır. Hadisələr təzə başlayanda Radanın qaynar xəttinə gündə saysız-hesabsız zənglər gəlirdi, biz ancaq təxminən 500 zəngə normal cavab verə bilirdik. İndi nisbətən səngiyib, gün boyu 150-200-ə yaxın zəng edilir. Fikirləşin ki, zəng edənlərdən 1-2 faizini tanıyırıq, bilirik ki, burada belə bir azərbaycanlı var. Əgər insanlarımız zamanında qeydiyyatdan keçsəydilər, hadisələr başlayanda biz də dəqiq məlumat verərdik ki, bizim təxliyə ediləcək filan qədər adamımız var. Say dəqiq olanda, biz dövlətimizə də xeyli kömək etmiş olardıq. Həmçinin, say olaraq nə qədərik, kim necə yardım edə bilər, nə qədər insan birinci təxliyə ediləcək kimi məsələlər də var. İndi sual etsəniz ki, Kiyevdə nə qədər azərbaycanlı qalıb, mən dəqiq cavab verə bilmərəm. Ən böyük problemlərdən biri də insanlarımızın sənədlərinin qaydasında olmamasıdır. Ya sənəd yoxdur, ya zamanı bitib, ya itirib. Ancaq çalışırıq problemləri tez həll edək. Hər gün təqribən 150-200 nəfər yönəldirik dəmiryol vağzalına. Orada sadəcə canlı növbəyə durmaq lazımdır, qatarlar pulsuzdur.
Bu günə qədər Kiyevdən iki kollektiv təxliyə həyata keçirilib. Qatarla 1100 nəfər Moldova sərhədinə, avtobusla 55 nəfər İstanbula təxliyə olunub. Martın 4-dən etibarən qatarlar pulsuz işlədiyinə görə Kiyevdə əsasən soydaşlarımızı dəmiryol vazğalına yönləndiririk. Oradan da qərb bölgələrinə gedirlər.
- Azərbaycanın Ukraynadakı səfirliyi ilə nə dərəcədə əlaqəli işləyirsiniz?
- Təbii ki, səfirliyimizlə də əlaqə saxlayırıq, mən zaman-zaman Elmira xanımla telefonda danışıram, yerlərdəki təşkilatların işləri, vəziyyətlə bağlı məlumatları ona çatdırıram. Səfirliyin əməkdaşı Sabir Rzayevi xüsusi qeyd etmək istəyirəm. Son günlərə qədər o, Kiyevdə idi. Daha sonra diplomatlarımızın Lvova köçürülməsi ilə əlaqədar təxliyə olundu. Xarkovdakı fəxri konsulumuz Əfqan Salmanov isə hələ də şəhərdədir və fəaliyyətini davam etdirir. Düzdür, bina zərər görüb, amma o, yerindədir, iş başındadır və vətəndaşlarımızın təxliyəsi zamanı çox böyük işlər görüb. Təbii ki, bizim hər zaman dövlətin, səfirliyin dəstəyinə ehtiyacımız var.
- Bəs yerli qurumların, rəsmi təşkilatların Azərbaycana münasibəti necədir?
- Mən bunu açıq deyəcəyəm. Müharibə yeni başlayanda Ukraynanın bəzi dövlət məmurları, millət vəkilləri deyirdilər ki, biz Azəbaycanın İkinci Qarabağ savaşında yanında olduq, mənəvi dəstək olduq. Hiss edirdik, inciyirdilər ki, niyə Azərbaycan dövlətindən dəstək gəlmir? Amma bizim cənab Prezident İlham Əliyev elə bir addım atdı ki, buradakı həmin adamlar hisslərini ifadə edə bilmirdilər. Onlar bizə deyirdi ki, Azərbaycan başqa dövlətlər kimi yalandan açıqlamalar, boş dəstək deyil, real kömək etdi. Həqiqətən də Azərbaycan tərəfindən 5 milyonluq humanitar yardım, eləcə də humanitar və tibbi yardım maşınlarının pulsuz yanacaqla təmin edilməsi Ukraynaya edilmiş real yardım idi. Dövlət başçımızın bu addımından sonra Azərbaycanın Ukraynadakı reytinqi daha da yüksəyə qalxdı. Bizim də başımız bir daha uca oldu. Burada sadə yerli vətəndaşları da danışdırsanız, deyəcəklər ki, Azərbaycan bizə sözdə yox, əməldə kömək etdi.
- Bəs ukraynalılar müharibəyə necə qoşulurlar?
- Ukrayna xalqı demək olar ki, böyük bir könüllü qrupudur. Könüllülük hərəkatı Ukraynada özünün bəlkə də ən yüksək zirvəsini yaşayır. Sadə vətəndaşlardan ibarət qruplar var. Hansı ki, bir qrup çörək paylayır, digəri tibbi yardım göstərir. Müharibə elə bir indiqatordur ki, onu heç nə əvəz edə bilməz. Müharibədə sən görürsən ki, necə insanlar var.
Misal üçün, bizim Kiyev Konqresində Firudin Haşımov var, müharibə dövründə mən onu bir daha tanıdım ki, necə böyük ürəyə sahibdir. Gənclər təşkilatının üzvü azərbaycanlı Zamirə Əliyeva var, Ukrayna vətəndaşıdır. Həmçinin, Nəsir Cəbiyevi də qeyd edim. Bu iki şəxs gənclər arasında gördüyü işlərlə çox seçilirlər. Qaynar xəttin də əsas yükü onların üzərindədir.
İndi biz təxliyə edilənlərlə yanaşı, bir siyahı da tərtib etmişik. Bu, yaxınlarını axtaran, hər hansı şəhərdə, vilayətdə qalan və günlərdir xəbər-ətər olmayan şəxslərin siyahısıdır. Bizə hələ də hər gün təxliyə üçün müraciətlər olur və biz çalışırıq ki, bütün vətəndaşlarımıza kömək edək, heç kim köməksiz qalmasın.
Afaq Rza
525-ci qəzet.- 2022.- 12 mart.- S.6.