Sirlərlə dolu bir
roman - "...141-ci Don Juan"
Ruhlarımızın Xan Arazdan güc aldığı
doğma bölgədən olan həmyerlim Elçin
Hüseynbəylinin "On üçüncü həvari və
ya 141-ci Don Juan" romanıyla tanışlığım Azərbaycan
Yazıçılar Birliyini ziyarət edərkən gerçəkləşdi. Ənənəvi
olaraq Novruz bayramı ərəfəsində vətənimi,
ailəmi, əizizlərimi ziyarətə getmişdim.
Yazıçılar Birliyini də ziyarət edib dəyərli
yazıçılarımızla yaxından tanış
olmaq, tanış olduqlarımı təkrar görüb vəfa
borcumu yerinə yetirmək istədim. Belə də
etdim. Hörmətli və qiymətli
yazıçılarımızdan Anar, Çingiz Abdullayev, Rəşad
Məcid və Elçin Hüseynbəyliylə
görüşdüm. Elçin müəllimlə məni
mehriban dost Rəşad Məcid görüşdürdü. Həmyerlim və eyni zamanda əziz qohum Elçin
Hüseynbəyliylə keçmişdən, kəndimizdən,
qohumlardan bir xeyli söhbət etdik.
Azərbaycan Yazıçılar Birliyindəki
görüşüm o qədər xoş keçdi ki, mən
orada nə qədər ləngidiyimi unutdum; bir də
gördüm, məni aşağıda gözləyən
qardaşım və yoldaşım dahi sənət
adamlarımızın nəfəsinin, ruhunun sindiyi dəhlizlərdə
məni axtarırlar.
Əziz və dəyərli
yazıçılarımız, o cümlədən,
Elçin Hüseynbəyli mənə çoxlu imzalı
kitablar verdilər. Mən "On üçüncü həvari
- 141-ci Don Juan" romanını gec də olsa oxumağa
başladım. Ona görə gec ki,
yaşadığım Türkiyə Cümhuriyyətində
uzun illərdi, başım elmi işlərimə, dissertasiyama
qarışmışdı. Kitabın hələ ilk səhifələrindən
mənə doğma gələn, məni cəlb edən
şirin və axıcı təhkiyə, mənə tanış olan amma illərdi eşitmədiyim
sözlər oldu. Bu dialekt sözlər sanki mənə
göz qırparaq "gəl, əsərin dili və ruhu sənə
çox doğmadır" deyirdi. Zatən
roman macəra, daha doğrusu macəraya
çağırış kimidir. Macəra
Oruc Bayatın həyatıdır, taleyidir, amma daha çox
yazıcının oxucusunu da özüylə bərabər
Bakıdan Ərdəbilə oradan İsfəhana, Təbrizə,
Valyadolidə, Valensiyaya apardığı yollar və bu
yollarda yaşananlardır.
Əsərin ruhundakı sirr, əsrarəngiz hadisələr,
təsadüflər onu cəlbedici, oxunaqlı etdiyi kimi, həm
də yazıcının üslubu, anlatanın səmimiliyi
oxucunu bu uzun, məşəqqətli, eyni zamanda maraqlı
yolçuluqda özünü yazıçıyla birlikdə
bu macəranın bir hissəsi olmağa dəvət edir. Və beləliklə
əsər yazıçının fiziki, oxucunun isə xəyali
səyahətlərinin, təəssüratlarının nəticəsi
olan bir romana çevrilir.
Əsər təbii və maraqlı janr olan roman-ekskurs
janrında qələmə alınmışdır. Dolayısıyla
əsər bir gəzinti-səyahət əsəridir. Yazıçı keçmişlə
günümüzü elə əlaqələndirir ki, oxucu
sözün əsl mənasında keçmişə səyahət
edir.
Tarixi mövzuda qələmə alınan "On
üçüncü həvari - 141-ci Don Juan" romanı Azərbaycan
tarixinin zəngin dövrü sayılan Qızılbaş Səfəvi
dövlətinin dövrünü əks etdirən bədii
örnəkdir. Roman tarixi bir roman olduğu
üçün dərin bir araşdırmanın sonucunda ərsəyə
gəldiyi inkaredilməz bir həqiqətdir. Və əsərdəki tarixi, eləcə də
coğrafi faktlar Elçin Hüseynbəylinin həmin
dövrü böyük təmkin və diqqətlə
araşdırdığının göstəricisidir.
Tarixi hadisələrin xronoloji
ardıcıllığının qorunduğu əsərdə
oxucu dövrün bir çox hadisələri ilə də
yaxından tanış olur. Yazıçı
tarixi faktlarla yanaşı, bədii təxəyyülə də
yer verir, onları əlaqələndirir və bunun təbii
bir sonucu olaraq tarixi hadisələrlə bədii təxəyyül
bir vəhdət halında təzahür edir.
Orta əsr
cəngavərlik romanlarına bənzəyən əsərdəki
hadisələr ahəngdar bir şəkildə biri digərinə
yol verərək irəliləyən iki paralel yolla davam edir:
Oruc bəy Bayatın yolu, onun izinə düşən
Elçin Hüseynbəylinin yolu. Bu yol o qədər dəqiq
və inandırıcıdır ki, hətta ulu babası Oruc Bayat kimi Elçin
Hüseynbəyli də Don Juanlıq sevdasına
düşür, Don Juanlıq həyatı yaşayır və
ya yaşamaq istəyir. Belə olmasaydı o, ulu
babasını tam olaraq necə anlaya bilərdi və ən əsası,
belə olmasaydı ulu babasının ruhu necə şad ola bilərdi?!
Qəhrəmanın
həyatını və aqibətini tam olaraq anlamaq və
oxucuya daha yaxından tanıtmaq üçün (eyni zamanda əsərin
inandırıcılığını artırmaq
üçün) müəllif, 400 il əvvəl
yaşananları məkan ardıcıllığını
qorumaqla təqib edir. Bunun təbii nəticəsi
olaraq məkanın ardıcıllığı hadisələrin
məntiqi ardıcıllığını təmin edir.
Əsərin 400 il əvvəlki qəhrəmanı
Oruc Bayat da, günümüzdəki hadisələrin qəhrəmanı
Elçin Hüseynbəyli də eyni məkandan hərəkət
edir. Zamanlar müxtəlif olsa da, məkanlar eynidir və
yazıçı, özünün dediyi kimi, zamanları
yaxınlaşdırmaq, az qala, birləşdirmək
iddiası ilə çöllərə düşür.
Yazıçı Ərdəbil, Təbriz, Zəncan,
İsfahan, Kaşan, Qum, Qəzvin, Rəşt, Ənzəli,
Paris, Madrid, Valyadolid, Valensiya şəhərlərində
olur, tarixi məkanları, sarayları, muzeyləri gəzir,
Oruc Bayatla - Don Juanla bağlı sənədləri
araşdırır və əldə etdiyi zəngin
materialları maraqlı bir süjet daxilində oxucuya təqdim
edir.
Eşitdiklərini, ulu babasının keçdiyi
yolları izləyərək qət etdiyi uzun yolçuluq
sonunda gəzib gördüklərini özünəməxsus
bir şəkildə bədii materiala çevirməsi, müəllifin
özünü də romanın personajlarından birinə
çevirir. Və maraqlı bir şəkildə Oruc Bayatla
Elçin Hüseynbəylinin həyatı arasında
çoxsaylı bənzərliklər, paralelliklər diqqəti
cəlb edir. Hər ikisinin eşq həyatında
Anisa (Anna) adında qızın olmağı, müvəqqəti
olaraq dinlərini və adlarını dəyişdirməkləri,
vətəndə qoyub gəldikləri ailələri, səfərləri
boyunca kitab yazmaqları onları birləşdirən və bənzədən
ortaq təsadüflərdən bəziləridir. Şərqlə Qərb, şahla kral sarayları,
İslamla xristianlıq, üzünü gizlədən
xanımlarla çılpaq madonnalar, Qərbin azad həyatıyla
Şərqin əzaba meyilli həyatı arasındakı
ziddiyyətlər, təzadlar da əsərdə maraq
doğuran digər həqiqətlərdir.
İki fərqli
zaman kəsimində cərəyan edən hadisələrdən
ibarət əsərin 400 il bundan əvvəl baş vərən
hadisələri anlatan bölümün baş qəhrəmanı
Səfəvilər dövründə Şah Abbasın
göndərdiyi elçiliyin tərkibində İspaniyaya səfər
edən və orada dinini dəyişib Don Juan (Don Xuan,
iranlı Don Xuan) ismini qəbul edən, əslən azərbaycanlı
Oruc bəy Bayatdır. Günümüzdəki hadisələrdən
ibarət bölümün baş qəhrəmanı isə
Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən
biri nasir, yazıçı-dramaturq və publisist, on
romanın, yüzdən çox hekayə, esse və bədii
məqalənin müəllifi, kitablari Türkiyə, Rusiya,
Gürcüstan, Litva və Özbəkistanda nəşr
olunan, əsərləri ingilis, rus, fransız, ərəb,
gürcü, alman, polyak, Ukrayna, fars və sair dillərə
çevrilən, Türkiyə, qazax, tatar və özbək
türkcələrinə uyğunlaşdırılan,
haqqında 200-ə yaxın məqalə yazılan, bir
sıra yerli və beynəlxalq ədəbi ödüllərə
layiq görülən, hekayə və romanları ali və
orta məktəblərdə tədris olunan Elçin
Hüseynbəylidir.
Onun, obrazını yaratdığı real tarixi şəxs
olan Oruc bəy Bayat, Güney Azərbaycanın Bayat elindəndir. Şahın
güvəndiyi və etibar etdiyi biridir. I
Şah Abbas İspan Krallığına nümayəndə
göndərəndə gizli və ən vacib missiyanı - nəyin
bahasına olursa-olsun İspaniyada qalıb vətəninin
şərəfli tarixini yaymaq missiyasını ona
tapşırır.
Ancaq Səfəvilər dövlətinin Avropaya göndərdiyi
Böyük elçiliyin tərkibində İspaniya
krallığına gələn, Valyadoliddə iki aya yaxın
qalan Oruc bəy Bayat gözlənilməz hadisələrlə
qarşılaşır və həyatı tamam dəyişir. O, adından və dinindən
imtina edir. Don Juan de Persiya, yəni Persiyalı Don Juan kimi
tanınan Səfəvi əsilzadəsi dinini dəyişib
xristianlığı qəbul edərək həvari səviyyəsinə
yüksəlir.
İspaniyada böyük məşhurluq qazanan bu adam İsfahandan Valyadolidə qədər keçdiyi yerlər, tanış olduğu insanlar barədəki öz sərgüzəştlərini və məmləkətinin tarixini, qəhrəmanlığını, Qızılbaşların döyüşdə mətanətini bütün Avropaya yaymaq məqsədilə hərəkət edərkən, bəlkə də fərqində olmadan onun əqidəsinə və yaşam tərzinə tamamilə zidd olan Avropa saray həyatının bir sakininə çevrilir. O, Avropa saraylarında eşq macəraları yaşayan Persiyalı Don Juan kimi tanınır - dünya və Avropa ədəbiyyatında gənc, cəsur, macərapərəst və qadın ürəklərinin fatehi Don Juan. Amma bu hadisələrin ilk baxışda görünən qismidir, necə deyərlər, buz dağının (aysberqin) görünən tərəfidir. Görünməyən və əsas tərəfi isə yazıçının uzun və məşəqqətli araşdırmasının sonucunda oxucuya bəlli olur. Buz dağının görünməyən və əsas hissəsində isə Oruc bəyin vətəninin şərəfli tarixini, İran şahlarının nəsil şəcərəsi haqqında məlumatı dünyaya tanıtdırmaq, bəzi tarixçilərin Səfəvi dövləti tarixi ilə bağlı səhvlərinə düzəlişlər vermək kimi ciddi məsələlər durur. O, bu məqsədlə kitab yazır və 1604-cü ildə İspaniya krallığının o zamanki paytaxtı Valyadoliddə çap etdirir.
Oruc bəyin ilk zamanlarda Avropa həyatının sərbəstliyi, kral saraylarının təmtərağı qarşısındakı yenilgisi uzunömürlü olmur. Vətənini, anasını, xanımını, oğlunu hər gün daha çox özləyən qəhrəmanın psixoloji sarsıntıları, daxili tərəddüdləri bu azad həyatın göstərişini üstələyir.
Əsərin sonuna doğru məlum olur ki, Oruc bəyin dəyişməsi, rəmzi həvariləşməsinin səbəbi vətəninə olan sevgisi, millətinə olan sədaqətidir. Çünki qızılbaş elçisi "müqəddəs iş naminə dini qurban vermək, ya da yarıyoldan qayıtmaq" kimi iki əks seçim qarşısında qalanda, onu nələrin gözlədiyini bilə-bilə birinci və çətin seçimi eləyir. Bu məqamda Elçin Hüseynbəylinin "Don Juan"ı kifayət qədər tanınan və əsasən mənfi tip kimi təsvir edilərək məşhurlaşan ənənəvi "Don Jaun"larla fərqliləşir, onlara oxşamır, yazıçının qələmində fədakar bir qəhrəman kimi bədiiləşir.
Vətənini, onun dağlarını, göy çəmənliklərini, anasını, arvadını, oğlunu gözləri önünə gətirən Oruc bəy Bayatı vətənində cəza gözləsə belə, qürbətdə qalmaq fikri yoxdur. "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşıdır" düşüncəsiylə o, qəti şəkildə vətəninə dönmək istəyir.
Romanın sonunda yazıçı oxucunu intizarda qoyur. Əsərin
oxucuya açıq buraxılmış sonluğunda dairənin
necə qapandığını bilmək olmur. Çünki Oruc Bayatın Şərqən Qərbə
doğru uzanan yolculuğunun sonunda vətəninə
dönüb-dönmədiyi bilinmir. Qapını
döyənin kimliyi də qaranlıq qalır. Çünki Oruc Bayatın özünün də
ömür yolu tarix üçün qaranlıqdır.
Ancaq bu dairənin mənəvi ölçüdə
qapandığını söyləmək
mümkündür, çünki Oruc Bayat donjuanlaşmaq bahasına olsa
da, ona tapşırılan missiyanı yerinə yetirmişdi.
Qars/Türkiyə
Aynur
BABAŞOVA-BEŞKONAK,
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 15 mart.- S.13.