"Şuşa İli - Şuşa Zəfəri": bir sərgi, min bir təəssürat  

 

 

Heç kimə sirr deyil ki, böyük Qarabağ zəfərini bizə bəxş edən Vətən müharibəsi qələbə və sevinclə yanaşı bəzi problemlər, acılar da yaşatdı. Məhz bu müharibədən sonra ölkəmizdə əlilliyi olan gənclərin sayı xeyli dərəcədə artdı. Canını, qanını torpaq uğrunda fəda edən qəhrəmanlarımızın bəzisi şəhid, bəzisi qazi oldu. Bu gənclərimizin reabilitasiyası, özlərini inkişaf etdirə, bacarıqlarını sərgiləyə, daxillərindəki potensialı üzə çıxara biləcək platformalara ehtiyac daha da artıb. Bu mənada gözlər yenə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dikilir. Bu günlərdə əməkdaşı olduğum Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) keçirilən bir sərgi bu məsələdə nazirliyin boş dayanmadığının, səmərəli və faydalı layihələrlə əlilliyi olan gənclərimizin cəmiyyətə qazandırılması yolunda önəmli addımlar atdığının bariz nümunəsinə çevrilərək sevincimə səbəb oldu.

 

Söhbət martın 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində açılan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət "Şuşa İli - Şuşa Zəfəri" adlı sərgidən gedir.

 

Sərgidə Mərkəzdə müxtəlif peşələrə yiyələnən 14 nəfərin "Zəfər", "Şuşa", "Azərbaycan tarixi" və "Novruz" və digər mövzu-bölmələr üzrə 500-ə yaxın sənət nümunəsi nümayiş olunurdu. 14 nəfərin içəsirində Vətən müharibəsi qazilərimiz də az deyildi.

 

Sərgini giriş sözüylə açan universitetin rektoru, professor Ceyran Mahmudova qonaqları salamlayıb, yaradıcılıq yönümlü ali təhsil müəssisəsi olaraq əlilliyi olan istedadlı şəxslərin əl işlərindən ibarət sərgiyə ev sahibliyi etməkdən məmnunluğunu bildirdi. Sərginin əhəmiyyətini yüksək qiymətləndirən rektor belə sərgilərin əlilliyi olan şəxslərin yaradıcılıq imkanlarının genişləndirilməsi, istedadlarının üzə çıxarılması və inkişaf etdirilməsi baxımından çox önəmli olduğunu vurğuladı.

 

Agentliyin sədri Vüqar Behbudov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan edildiyini diqqətə çatdıraraq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə birgə təşkil edilən bu sərginin də "Şuşa İli"nə həsr olunduğunu dedi.

 

O, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və yaradıcılıq potensialının dəstəklənməsi üçün Agentlik tərəfindən müxtəlif mövzulu tədbir və onların əl işlərindən ibarət satış-sərgiləri təşkil edildiyini bildirdi. Qeyd edildi ki, Peşə-əmək Reabilitasiyası Mərkəzində 15-29 yaş qrupundan olan əlilliyi olan şəxslərə peşə hazırlığı və peşə reabilitasiyası keçirilir. Burada müxtəlif peşələr üzrə 3-6 aylıq kurslar təşkil olunur və ötən dövrdə Mərkəzə 2200 nəfər əlilliyi olan şəxs qəbul edilib. Onların arasında Vətən müharibəsi qaziləri də kifayət qədərdir.

 

Bildirildi ki, bu il Xaçmaz rayonunda Peşə-əmək Reabilitasiyası Mərkəzinin filialının, eləcə də Agentliyin 10 müəssisəsində sosial reabilitasiya kabinetlərinin yaradılması nəzərdə tutulub. Bu kabinetlərdə 20-ə yaxın terapiya (musiqi, rəqs, əmək, film, landşaft, səhnə-nağıl, məişət və s. terapiyalar) növü vasitəsilə xüsusi qayğıya ehtiyacı olan şəxslərlə iş aparılacaq.

 

ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva çıxışında bildirdi ki, bu sərgi ötən ilin dekabrında universitetlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi arasında imzalanmış əməkdaşlıq memorandumu əsasında təşkil edilib və bu cür tədbirlərin davamlılığı planlaşdırılır.

 

 

 

Açılış tədbirində çıxış edən ADMİU-nun prorektor Gülşən Əliyeva-Kəngərli, "Muzeyşünaslıq" kafedrasının müdiri Yeganə Eyvazova, Vətən müharibəsi qaziləri, sərgidə əsərləri nümayiş olunan müəlliflərdən Qəhrəman Şükürlü, Samid Xudadlı, DAVAM Gənclər Hərəkatı Vətənpərvərlik Klubunun sədr müavini Şahin Əliyev və başqaları yüksək səviyyədə hazırlanan sərgiyə görə hər iki tərəfə öz təşəkkürlərini bildirib, bu cür layihələrin önəmini vurğuladılar.

 

Daha sonra sərgiylə tanışlıq hissəsi başladı. Bir-bir bölmələri gəzdikcə göz oxşayan əl işləri öz gözəllikləriylə heyrətimə səbəb olur, bir tamaşaçı və bu cür istedadlı insanlarla eyni mühitdə yaşayan vətəndaş kimi məni sevindirirdi. Əksəri qazilər olan müəlliflər əsərlərini böyük təvazöylə nümayiş etdirirdilər. Hətta jurnalist olduğumu bilən bəziləri söhbətdən yayınır, "mən nə etmişəm ki, müsahibə də verim?"-deyirdilər. Mənsə, onlara "siz bu işlərdən öncə vətənin xilaskarı, qələbəmizin memarısınız. Bu işlərinizlə birgə isə hər kəsə cəsurluq, həyatsevərlik örnəyisiniz"-deyirdim. Amma yenə də bir neçə müəllifdən "525-ci qəzet" üçün fikirlərini, təəssüratlarını öyrənə bildim.

 

Məsələn, Vətən müharibəsi qazisi Ülvi Nizami oğlu Mehdiyev müharibədə Talışkənd, Ağdərə, Suqovuşan istiqamətlərində döyüşüb və Suqovuşanda yaralanıb. O, Peşə-əmək Reabilitasiyası Mərkəzində 6 ay boyunca ağac üzərində bədii oyma sənətini öyrənib və bir-birindən gözəl əl işlərini bu sərgidə nümayiş etdirir. Deyir ki, bu sənətə həmin mərkəzdə sıfırdan başlayıb və çox önəmli yol qət edib: "Əl işlərim əsasən vətənpərvərlik motivlidir. Xarıbülbül, Şuşa Məscidi, Şuşa qalası, Vaqif məqbərəsi, Alov qüllələri, xəritə, dəmir yumruq onlardan bəziləridir. Mərkəzin sayəsində müxtəlif sərgilərdə iştirak edir, əl işlərimizi ictimaiyyətə çatdırırıq. Mərkəz bizə təkcə dərs vermir, həmçinin, orada yaşamağımız üçün də çox gözəl şərait yaradılıb. Buna görə rəhbərliyə təşəkkür edirəm.

 

Bu sənət mənə bir növ terapiya kimi təsir edir. Bununla məşğul olarkən sakitlik, rahatlıq tapıram. Özümü məhz bu sənətdə gördüyüm üçün seçdim".

 

Ülvinin gələcəklə bağlı arzusu isə sənətini daha da inkişaf etdirib fərdi sərgisini açmağa nail olmaqdır.

 

Qəhrəman Qəşəm oğlu Şükürlü də Vətən müharibəsi qazilərindən biridir. O, Füzulinin azad olunmasına görə gedən döyüşlərdə iştirak edib və iki dəfə yaralanıb. Qəhrəman da ağac üzərində bədii oyma sənətiylə məşğuldur: "Bu sənətə sıfırdan başlamışam. Bizimçün yaradılan bu gözəl şəraitə görə Sosial Xidmətlər Agentliyinə və mərkəzimizin rəhbərliyi başda olmaqla, hər kəsə təşəkkür edirik. Daha çox vətənpərvərlik mövzulu, zəfər motivli işlər hazırlayıram. Bu da məqsədli olan bir şey deyil, ürəyimizdən gəlir. Necə ki, vətənimizin qələbəsini zamanında cəbhədə yazdıq, indi də ağac üzərinə həkk etməkdən böyük zövq alırıq".

 

Qazilərimizdən Nicat Fətulla oğlu İsmayılov isə rəssamlıq sənətiylə məşğuldur. O, Tərtər, Talışkənd, Ağdərə, Murovdağ istiqamətlərində, Laçın dəhlizində döyüşüb və Suqovuşanda bir güllə, iki qəlpə yarası alıb: "Bu kursa oktyabr ayından etibarən gəlməyə başladım. Uşaqlıqdan rəsmə marağım var. Müharibəylə əlaqədar olaraq yaddaşımı itirmişdim. Burada həm kompüteri, həm də əl sənəti kimi rəsmi öyrəndim. Evdə boş oturmaqdansa, burada gələcəyimiz üçün sənət öyrənirik.

 

Mənim hazırda ayaqlarımda aparat var. Bu mərkəzdə bizə sənət öyrətməklə yanaşı, müalicəmizlə də məşğul olunur. Həm sənət öyrədirlər, həm də sağlamlığımızın qeydinə qalırlar. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qazilərimiz adından təşəkkür edirəm".

 

Sərgidə tamaşaçıların diqqətinə səbəb olan rəsm kompozisiyalarından biri də Nigar Vəliyevaya məxsus idi. Bu kompozisiyada o, ümumi fonda Şuşanı təsvir edərək, səmasında Vətən müharibəmizi alovlandıran şəhid general Polad Həşimovu, Cıdır düzündə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanı, şəhid Xudayar Yusifzadəni, Şuşa qalasında isə görkəmli sərkərdə, XTQ komandanı general-leytenant Hikmət Mirzəyev və əsgərlərini əks etdirib. Onunla söhbətimizdən öyrənirik ki, 25 yaşlı Nigar uşaqlıqdan rəssamlıq sənətinə böyük maraq göstərib və müxtəlif rəsm kurslarına gedib. Keçən ildən isə Peşə-əmək Reabilitasiyası mərkəziylə yolları kəsişib və orda da 6 aylıq kurs keçib. Haqqında danışdığım əsəri isə Nigar iki ay müddətində çəkib: "Ordumuzun Qarabağ zəfəri məni öz yaradıcılığımda vətənpərvərlik ruhlu əsərlər yaratmağa sövq etdi. Mən bu kompozisiyada çalışmışam ki, müharibəmizin qəhrəmanlarını əks etdirim". Sərgidəki Polad Həşimovun və Xudayar Yusifzadənin ayrıca portretləri də Nigar Vəliyevaya məxsus idi.

 

Sərgidəki yeganə əl işi xalça nümunələrinin müəllifi Səfərova Solmaz qəza nəticəsində ayaqlarından travma alsa da, əlləriylə möcüzələr yaratmağa davam edir: "Doğulduğum Siyəzən rayonunda xalça sənəti çox inkişaf edib. Ailəmizdə o vaxtdan xalça toxuyanlar olub. Uşaqlıqdan mənim də həvəsim olub bu sənətə. 2014-cü ildən Peşə-əmək Reabilitasiyası Mərkəzinə gəldim və burda xalça toxuma sənətinin sirlərinə daha dərindən yiyələndim. Təəssüf ki, hazırda bu sənətə münasibət zəifdir. Çox istərdim ki, insanlarımız tarixi sənətimizə daha çox maraq göstərsinlər".

 

Bu sərgi həm də ona görə önəmli idi ki, burda əl işlərinə ADMİU-nun peşəkar müəllimləri, əl sənətlərinin tanınmış nümayəndələri baxırdılar. Onlardan biri-ADMİU-nun professoru, Xalq rəssamı Arif Əzizi elə əsərlərin içindəcə söhbətə tuturam. Əlbəttə, ustad nəzərləri bir başqa dəyərə malikdir. Müəlliflərin daha bir uğuru da Arif Əziz kimi ustadın onların işindən razılığı olur, fikrimcə:

 

"Bu sərgidə Azərbaycanın qələbəsi var. Burada bizim qazilərimiz var. Onlar həm torpaqlarımızı qoruyublar, həm də indi əl işləriylə ruhumuzu, gözümüzü, könlümüzü oxşayırlar. Özüm də bəyəndiyim əsərlərdən bir neçəsini aldım onlardan. Bu, onu göstərir ki, incəsənət çərçivə qəbul etmir. Şəraitdən, imkandan asılı olmadan, onu sevirsənsə, hər zaman üzərində çalışacaqsan. Bu əsərlər məni çox sevindirdi və Novruz ərəfəsində bayram əhval-ruhiyyəsi bəxş etdi. İnsan bunları görəndən sonra daha çox yaşamaq istəyir".

 

ADMİU-da təşkil edilən  bu sərgi həm də onu göstərdi ki, bütün çətinliklərə, ağrı-acılara və maneələrə baxmadan həyat davam edir və çox gözəldir: əlbəttə, bu gözəlliyi duyana...

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2022.- 15 mart.- S.10.