Rüstəm İbrahimbəyovun xatirəsinə
Rüstəmi itirdik. Bu sözləri yazmaq çox ağırdır. Altmış
il ərzində
Rüstəm mənim
ən etibarlı dostlarımdan idi. Yaxın dostlar arasında da hərdən-birdən xırda-para incikliklər,
narazılıqlar olur.
Bütün bu illər ərzində Rüstəmlə
aramızda zərrə
qədər də anlaşılmazlıq olmadı.
Həyatının ən böyük
yanlışı qısa
bir müddətdə
siyasətlə uğraşmasıydı.
Mən bunu onun özünə
deyirdim və mənimlə razılaşırdı.
Bilmirəm, uzun ömür
xoşbəxtlikdir, ya
əzabdır?! Əlbəttə, yaşamağın özü
taleyin lütfüdür,
amma həyatın boyu yaxınlarını və dostlarını itirmək də dözülməz ağrıdır.
Doğrusu, onu da bilmirəm ki, çoxlu dostun olmaq xoşbəxtlikdir, ya bədbəxtlik.
Təbii ki, parlaq, maraqlı
insanlarla ünsiyyət
səadətdir, amma bir-birinin ardınca onları itirmək də - məşəqqətdir.
Dostlarımın bir qismini ölüm
apardı, bir qismini həyat. Rüstəmi məndən ölüm aldı. Eləcə
də Yusif və Vaqif Səmədoğluları,
Araz Dadaşzadəni,
Emin Sabitoğlunu, Fikrət Qocanı, Maqsud İbrahimbəyovu, Toğrul Nərimanbəyovu,
Elçin Aslanovu, Fuad Seyidzadəni, Rasim Əliyevi, Həsən Turabovu, Vasif Adıgözəlovu,
Arif Babayevi, Rasim Ocaqovu, Eldar Quliyevi, Vaqif İbrahimoğlunu, Rafiq Hüseynovu... Mən hələ ancaq sənət adamlarının adlarını
çəkdim: İşıqlı
insanların qəmli siyahısı...
Məni Rüstəmin tək işgüzarlığı, aşıb-daşan
enerjisi yox, respublikanın həyatında
hər şeydən xəbərdar olması da mat qoyurdu. Yolum Moskvaya düşəndə
hökmən görüşürdük
və hər dəfə soruşurdum:
"Rüstəm, Azərbaycanda
nə var, nə yox?"
Bir də məni heyrətləndirən o idi
ki, nə qədər məşğul,
başı qarışıq
olsa da, heç bir dost məclisindən boyun qaçırmırdı, ən
müxtəlif səpgili
dost-tanışlarıyla ünsiyyətdən
vaz keçməzdi. Rusiyanın və xarici ölkələrin məşhur kino ulduzlarıyla, görkəmli
yazıçılar, teatr
xadimləri, rəssamlar,
bəstəkarlar, jurnalistlər,
alimlər, siyasət xadimləriylə dost-aşnaydı,
amma heç vaxt uşaqlıq dostlarını, ən sadə peşə sahiblərini də unutmurdu, onlarla oturub-durmaqdan çəkinmirdi.
Rüstəm hər cəhətdən çağdaş dövrün
sənəkarı idi,
XX və XXI əsrin övladıydı. Amma mənə elə
gəlirdi ki, o həm də orta əsrlərdən bizim zamanəyə gəlib çıxmış
cəngavərdi - hər
məqamda ləyaqətli
davranışına görə,
mərdanəliyinə görə,
qeyrət, namus anlayışlarına görə.
İctimai həyatımın çətin
məqamında o məni
tərəddüdsüz dəstəkləmişdi. Mən də
Rüstəm sağdan-soldan
ləyaqətsiz hücumlara
məruz qalanda onu müdafiə edən yazı yazdım, onun rəhbərlik etdiyi İttifaqda qalacağımı
bildirdim.
Hələ SSRİ vaxtı o dövrün sital tənqidçiləri
Rüstəmi sovet həyatını qara boyalarla əks etdirdiyinə görə kəskin tənqid edirdilər. O zaman Rüstəmi Ulu öndər Heydər Əliyev müdafiə etdi, sonrakı yaradıcılıq uğurlarını
da yüksək qiymətləndirdi.
Müstəqillik dövründə isə bir zaman yüksək
vəzifələr tutan,
indi adları belə unudulmuş məmurlar Rüstəmi ədəbiyyat və kino tarixindən silməyə çalışdılar. Bu dəfə onu qoruyan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım oldu.
Rüstəmin öz xalqı, öz vətəni üçün etdiklərinin
zərrə qədərini
etməmiş adamlar onu millətə xəyanətdə suçlayırdılar. Özü də
kimi? Azərbaycanın
Xalq yazıçısını,
öz şöhrətiylə
millətini şöhrətləndirən
sənətkarı, dünyada
tanınmış kino
xadimini, öz teatrını yaratmış
dramaturqu, ən nüfuzlu beynəlxalq mükafatlar qazanmış
sənətkarı, Moskvada,
SSRİ Xalq deputatlarının
əksəriyyəti bizim
əleyhimizə olan qurultayında, ermənipərəst
Fransada, Paris televiziya kanallarında xalqımızın
haqq səsini ucaldan böyük vətənpərvəri...
Nə yaxşı
ki, vaxt hər şeyi yerbəyer edir. Kimin kim olduğu
gec-tez məlum olur.
Ölüm hər kəsin nəsibidir, amma ölümsüz əsərləri
xalqına yadigar qoyub gedən sənətkar həmişə
diridir.
Rüstəm İbrahimbəyov da Qara Qarayev, Tahir
Salahov, Müslüm Maqomayev kimi uzun müddət Vətənindən uzaqlarda,
Moskvada yaşayıb-yaratdı. Amma hamısı
sonda əbədi olaraq doğma torpaqlarına qayıtdı.
Əlvida Rüstəm, dostum, qardaşım.
ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
13 mart 2022
525-ci qəzet.- 2022.- 15 mart.- S.8.