Məhəmməd Hadi sehrindən
Abdulla Sur sevgisinə
Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun
müdir müavini, dosent Mehdi Gəncəli
elmi-pedaqoji fəaliyyəti,
bədii-publisistik yaradıcılığı
ilə Türkiyə və Azərbaycanda kifayət qədər tanınmış soydaşlarımızdandır. Onun 2011-ci ildə
nəşr etdirdiyi, istiqlal şairi M.Hadinin irsi ilə bağlı
fundamental araşdırmaları sayəsində qələmə
aldığı “Azərbaycanlı
şair Məhəmməd
Hadinin həyatı, sənəti, əsərləri”
adlı kitabı (İstanbul, “Ötükən”
nəşriyyatı, 245 səh.)
elmi ictimaiyyət tərəfindən böyük
rəğbətlə qarşılandı.
İstedadlı alim bu yaxınlarda daha bir uğura
imza atıb və “Hür fikirli türk Abdullah Sur: həyatı, çalışmaları,
görüşləri, haqqında
yazılanlar” adlı
(İstanbul, “Ötükən”
nəşriyyatı, 255 səh.)
mühüm əsərini
nəşr etdirib.
Ata-babadan gəlmə
Türkiyə sevdası
ilə böyüyən
Mehdi orta məktəbi bitirdikdən
sonra xəyallarının
ardınca qardaş ölkəyə gedib. Mərmərə Universitetinin Türk dili və ədəbiyyatı
fakültəsinə daxil
olub. Sonra həmin Universitetin
Türkiyyat Araşdırmaları
İnstitutunda yüksək
lisans (2002) və doktorluq təhsili (2008) alıb. 2012-ci ildən M.Gəncəli doğma Universitetdə pedaqoji fəaliyyətə
başlayıb, eyni zamanda Azərbaycan-Türkiyə
ədəbi əlaqələri
istiqamətində elmi
araşdırmalarını davam etdirir. Gənc tədqiqatçı türk
mətbuatında “Qafqasyalı
Hadi” kimi tanıdılan şairin Türkiyə həyatı
və irsini araşdırmağı qərara
alır. Fədakarlıqla aparılan araşdırmalar
nəticəsində M.Gəncəlinin
yuxarıda adını
çəkdiyimiz “Azərbaycanlı
şair Məhəmməd
Hadinin həyatı, sənəti, əsərləri”
kitabı işıq üzü görüb.
Amma Məhəmməd
Hadi irsinin sehrinə düşən
M.Gəncəli istiqlal
şairi ilə əlaqəli sənədlərlə
tanış olduğu
müddətdə tez-tez
Abdulla Surla (Mirzə
Abdulla Məhəmmədzadə Tofiq, 1883-1912) bağlı bəlgələrə,
təzkirələrə də
rast gəlirdi. Mehdi Gəncəli vur-tut 29 il
ömür sürmüş
heyrətamiz istedada malik Abdulla Surdan bəhs edən qeydlərə də laqeyd qalmır, onları da gözdən keçirirdi.
Tədqiqatçının Abdulla Sur irsinə isti, doğma münasibəti tezliklə
Abdulla Sur sevgisinə çevrilir
və o, bu soydaşımızın həyat
və yaradıcılığını
dərindən və əhatəli tədqiqə
başlayır. Bununla
Abdulla Surun həyatı,
yaradıcılığı ilə bağlı mövcud elmi-nəzəri
materiallar maraqlı, bir sıra yeni
mülahizə və qənaətlərlə zənginləşdirilir,
nəticədə sanbalı,
dəyəri ilə seçilən “Hür fikirli türk Abdullah Sur: həyatı, çalışmaları,
görüşləri, haqqında
yazılanlar” əsəri
ərsəyə gəlir.
Orijinal tədqiqat
metodu və üslubu ilə diqqəti çəkən
kitab Abdulla Surun həyat və fəaliyyətini müəllifin
təbirincə desək,
“bütün yönləri”
ilə əhatə edir. Müəllif indiyədək
ölkəmizdə bu
istiqamətdə görülən
işləri də yeri gəldikcə qədirbilənliklə qeyd
edərək yazır:
“Sovet dönəmində
Abdulla Surdan ilk bəhs
edən, Abdulla Surun adını büsbütün
yeni şərtlər
içində ilk anan
və dolayısıyla
Abdulla Surun Sovet öncəsi “qaranlıq dönəmin” bir siması olaraq unudulmasına izn verməyən Mir Cəlal
Paşayevdir”.
M.Gəncəli Kamal Talbzadənin
1954-1959-cu illərdə qələmə
aldığı “Abdulla Sur - tənqidçi və ədəbiyyat tarixçisidir”
məqaləsindən söz
açır, Əbülfəz
İbadoğlunun, Kamran
Əliyevin, Cəlal Qasımovun, Alxan Bayramoğlunun, Şamil Vəliyevin A.Surun həyat və fəaliyyətinə dair araşdırmalarına da
nəzər salır.
Həmçinin, Sur haqqında
Türkiyə və Almaniyada yazılanlara da da münasibətini bildirir, bu mövzuda
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət
xadimi Nağı Şeyxzamanlının, professor Əli Yavuz Akpinarın, Volker Adamın
məqalələrini yada
salır.
M.Gəncəli Abdulla Surun vəfatı
ilə bağlı dövrün mətbu orqanlarında - “İqbal”,
“Kaspi” qəzetlərində
dərc edilmiş çoxsaylı yazıları,
şeirləri, təziyə
qeydlərini araşdıraraq
belə qənaətə
gəlir ki, bu cür diqqət,
doğma, həssas münasibət A.Surun cəmiyyətdə və
ədəbi həyatda
böyük nüfuza
malik olduğuna dəlalət edir. Əli Razi Şəmsizadənin,
C.Acizin, A.H.Rəsulzadənin,
Molla Mahmud Çakər
Naxçıvaninin, Əli
Nəzminin, Balaxanalı
Nimətin, Əli Səttarın, Gəncəli
müəllim Nərimanın
“İqbal”, “Təzə
xəbər”, “Məktəb”
kimi mətbu orqanlarda A.Surun ruhuna ithaf etdikləri
şeirlər ona sənətkar və xalq məhəbbətinin göstəricisidir. Abdulla Surun
vəfatından dörd
il sonra M.Ə.Rəsulzadənin redaktorluğu
ilə çıxan
“Açıq söz”
qəzetində “Ələkbər”
imzası ilə “Suru unutmayınız” adlı məqalə dərc edilmişdi. Məzmunu son
dərəcə təsirli,
forma və üslub baxımdan təqdirəlayiq
yazı müəllifin
A.Surun məzarı başında xəyali nitqindən ibarətdir.
Natiq çıxışında
A.Suru “millətimizin və Qafqasyamızın dəyərli simalarından
biri”, “millətin süru” və “müəllim” adlandırır,
təəssüflə qeyd
edir ki, ötən dörd ildə “kimsə onu anmamış”, “əsərləri toplanılmamış,
basılmamışdır”: “Biz belə möhtərəm
kimsələri unudacaq
olursaq, xatırlayacaq kimlər olacaq?” Sonda natiq ümid
edir və inamla bildirir ki,
millət Suru
daima yaşadacaq, əsərləri millət
arasında yayılacaq,
adı, xidməti, fikri, məqsədi layiqincə dəyərləndiriləcək.
Səriştəli tədqiqatçı M.Gəncəli
Abdulla Surun vəfatından
sonra onun ömür yolu ilə bağlı qələmə alınan
məqalələri, əlyazmaları
da araşdırır,
ədibin bioqrafiyası
haqqında mübahisəli
və qaranlıq məqamlara, miladi və hicri tarixlərində
təvəllüd və
vəfatı ilə bağlı fərqli rəqəmlərə aydınlıq
gətirir. Müəllif bu nəticəyə
gəlir ki, A.Surun qələmə aldığı 70-dən çox
yazısının böyük
əksəriyyəti Bakıda
yayımlanan qəzet və jurnallarda, bir qismi Krımda
nəşr olunan “Aləm-i sivan” dərgisində işıq
üzü görmüşdü.
Osmanlı mətbuatında tənqidçinin hələlik
bir məqaləsi tapılıb. Monoqrafiyanın “Əsərləri” hissəsində
M.Gəncəli A.Surun
əlyazmaları ilə
yanaşı, mətbuatda
dərc olunmuş məqalələrindən, hekayə
və şeirlərindən,
sağlığında nəşr
edilmiş yeganə kitabından - “Əlifbadan
sonra qiraət” dərsliyindən geniş
bəhs edib. A.Surun tanınmış rus türkoloqu Vladimir Qordlevskiyə,
Abdulla Şaiqə, Firudin
bəy Köçərliyə
ünvanladığı məktubların
təhlilinə xeyli yer ayırıb. M.Gəncəli A.Surdan
“Qəhrəman Qulu” və “Bir mollanın
həyatı” adlı
iki hekayənin qaldığını yazır.
Abdulla Surun elmi, dini,
fəlsəfi, sosial, iqtisadi, ədəbi-nəzəri
görüşlərinə, cəmiyyətdə məktəbin,
mədəniyyətin, qadının
rolu və yerinə, dil, əlifba, imla məsələsinə, Şərq-Qərb
problemlərinə dair
“Şərqi Rus”, “İrşad”, “Tərəqqi”,
“Həyat”, “Məktəb”,
“Həqiqət”, “Aləm-i
nisvan”, “Füyuzat” kimi qəzet və jurnallarda çoxsaylı məqalələri
dərc edilmişdi. Onun “Elm-i iqtisad”,
“Sənayeyə aid”, “Əkinçilərə aid”,
“Ey müsəlman qardaşlar”, “Məktəblərdə
türk dili”, “Tarixə bir nəzər”, “İstanbulda
günəş doğduqdan
sonra”, “Əski İstanbul xanımları”,
“Türk xanımlarının
tərəqqisi”, “Türk
xanımlarının istiqbalı”,
“Şərqdə şəfəq
sökülərkən”, “Boğaz”içində
günəş doğarkən”,
“İrana məxsus bir mülahizə”, “Bir tövsiyə”, “Bir dövlət”, “İmla məsələsi”,
“Müəllim qıtlığı”,
“Məktəblərdə türk
dili”, “Amerikada məktəblilər andı”
və sair yazılarını peşəkarlıqla
təhlil edən M.Gəncəli toxunduğu
mövzudan asılı
olmayaraq A.Surun zəngin, çoxşaxəli yaradıclığının
milli duyğularla süstləndiyi qənaətindədir.
M.Gəncəli A.Surun türk ədəbiyyatı tarixində
iz qoymuş sənətkarların - Füzuli,
Sinan Paşa, Nəfi, Veysi, Nədim, Vehbi Sünbülzadə, Süruri,
Sinasi, Namiq Kamal, Nigar xanımın
irsi bağlı elmi tədqiqatlarının
özünəxas cəhətlərindən,
əhəmiyyətindən geniş söz açır. Monoqrafiyada A.Surun tarix və
coğrafiya mövzularında
yazdığı “Tarixə
bir nəzər”, “Türk tarixi”, “Türklər kimdir”, “Gəncə”, “Bakı”, “İstanbul” məqalələri
də dolğun araşdırılmışdır. M.Gəncəli A.Surun gürcülər,
ermənilər, ərəblər
haqqındakı yazılarını
da diqqətlə və dərindən təhlil edir, dəyərləndirir.
“Hür fikirli türk Abdullah Sur: həyatı, çalışmaları, görüşləri, haqqında yazılanlar” əsərinin ən maraqlı hissələrindən biri Abdulla Surla eyni dövrdə yaşayıb-yaratmış şəxsiyyətlər barəsində qələmə aldığı məqalələrdir. Mehdi Gəncəli qeyd edir ki, A.Sur bu şəxslər haqqında yazarkən qarşısına iki məqsəd qoymuşdu: bu kişiləri tanıtmaq və onları topluma örnək göstərmək. M.Gəncəli A.Surun Məhəmməd Ağa Şahtaxtlı, Əli Mərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Hüseyn Cavid, Hacı Zeynalabdin Tağıyev, Əhməd Cavad, Əhməd Maqsudi haqqındakı portret oçerklərin qısa, lakin sanballı icmalını təqdim etməklə kifayətlənmir, onlara münasibətini bildirir. Həmin yazılar oxucunu portret qəhrəmanlarının həyat və fəaliyyətinin başlıca istiqamətləri və xidmətləri ilə yetərincə məlumatlandırır.
Mehdi Gəncəlinin “Hür fikirli türk Abdullah Sur: həyatı, çalışmaları, görüşləri, haqqında yazılanlar” monoqrafiyası XX əsrin əvvəlləri Azərbaycanın ədəbi-mədəni, mətbu həyatında mühüm yeri olan ədibin həyat və yaradıcılığı ilə bağlı mövcud ədəbiyyatşünaslıq materiallarını yeni fakt və elmi-nəzəri müddəalarla daha da zənginləşdirmiş sanballı mənbədir. Bu əsərlə müəllif eyni zamanda Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinə layiqli töhfə verib.
Məqalə çapa
hazırlanarkən Mehdi Gəncəlinin bu istiqamətdəki fədakar fəaliyyəti sayəsində mühüm əhəmiyyət kəsb edən
bir layihənin icrasına da
imza atdığını eşitdik.
ADA Universitetinin dəstəyi
ilə Azərbaycan Xalq Cümhuriyyəti
Hökumətinin rəsmi qəzeti “Azərbaycan”ın
(1918-1920) tam mətni ərəb
qrafikalı əlifbadan latın qrafikalı müasir
Azərbaycan əlifbasına köçürülərək,
lüğət, izahlar, şərhlər
və adlar göstəricisi əlavə
edilməklə çoxcildliyi
nəşrə hazırlanır. “Azərbaycan” qəzetini
transliterasiya edənlər - filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağoğludur. Qəzetin
ilk 10 nömrəsini əhatə edən
I-II cildlər nəşr olunub və təqdimatı
keçirilib.
Abid
TAHİRLİ
525-ci qəzet .-2022.- 16 mart.- S.17.