Gerçəkliyin fantasmaqoriyası
“Ulduz” jurnalının “Dərgidə
kitab” rubrikasında “Qanıq, Hasan, bir də Qaragöz”
adlı bir nəsr əsərini oxudum. Və elə əsərin
alt sərlövhəsi məndə qəribə bir təəssürat
yaratdı: “...həyat özü ədəbiyyatın
inikasıdır”. Ədəbiyyatşünaslıqda bunun tərsini
görmüşük: “...Ədəbiyyat özü həyatın
inikasıdır”. Bu qəribə “tərsliyin”
arxasında çox maraqla oxuduğum, amma etiraf edim ki, iki dəfə
oxuduğum mükəmməl bir povest dayanırdı. Müəllif əsərin formatını -
janrını qeyd etməmişdi. Unutqanlıqmı?
Yox! Mən bunu bir təvazökalıq kimi qəbul
etdim. İndiyə qədər publisistikası ilə
tanınan, ədəbi-ictimai mühitin mükəmməl
publisist kimi qəbul etdiyi Əflatun Amaşov birdən-birə
necə nəsrə keçir! Janrı müəyyən
etmir. Amma hər kəsin bu əsəri
povest kimi - türklər demiş, “uzun hekayə” kimi qəbul
edəcəyinə əmindir. O kəslərdən biri mənəm.
Və mən həm də o kəslərdənəm
ki, Əflatun Amaşovla uzun bir yolun yolçusuyam və onun
bir gün mütləq bədii nəsrə keçəcəyini
gözləmişəm. Necə ki, dünya şöhrətli
Qabriel Markes jurnalistikadan nəsrə gəldi, necə ki,
60-cılar nəsrinin ustad nümayəndəsi Valentin Rasputin
publisistikadan nəsrə köçdü (məhz
köçdü) və s. Eləcə də əsərdən
hiss olundu ki, Əflatun Amaşov jurnalistikada insanlarla yaxın təmasdan,
həyatı və onun gerçəkliklərini illərlə
beynində topladı və Q.Markes demişkən, bu həyat
faktları haçansa mütləq bədii təxəyyüllə
birləşib də birbaşa müəllifin estetik
idealının ifadəsinə çevrilməli idi.
Bəs niyə “Ədəbiyyat həyatın
inikasıdır” tarixi postulat bu əsərdə “Həyat
özü ədəbiyyatın inikasıdır” postulatına
çevrilib?
Bu suala povesti sona qədər oxuduqdan sonra cavab tapılır:
müəllifin əsərdəki obrazları, təsvir etdiyi
el-oba, dağlar, dərələr, insanların torpağa, vətənə
sevgisi, Günəşin şüalarından tutmuş vəhşi
canavarların danışığına, Göydən enən
mələklərin, Cəbrayılın və bəzən, hətta
Allahın səsi hər şeyin düzünün bir tərsi
də olduğunu təsdiq edir. Elə burada Lütfi Zadənin
“Qeyri-səlist məntiq” nəzəriyyəsini də
xatırlamaq yerinə düşər...
Doğrusu,
mən bir oxucu kimi, bədii sözə az-çox bələd
olan bir oxucu kimi sətirlərindən ayrıla bilmədiyim bədii
nəsr nümunələri olub ki, onları ikinci dəfə
oxumuşam: Yusif Səmədoglunun “Qətl günü”,
Anarın “Əlaqə”, Mixail Bulqakovun “Master və Marqarita”,
Qabriel Markesin “Yüz ilin tənhalığı” və s. Amma
bu “ikinci dəfə”lər müəllifi daha dərindən
anlamağa xidmət edib və sonralar mən hiss eləmişəm
ki, o tip əsərləri yazıçılar və ədəbiyyatşünaslar
da “ikinci dəfə” oxuyublar... Və sonra mən onu da hiss
etmişəm ki, bu tip əsərlərin hamısında
reallığın fantasmaqoriyası kimi az-az sənətkara məxsus
bir üslubi keyfiyyət olur.
Povest proloqla başlayıb epiloqla bitir. Təkcə
bir məqamı, bir məkanı və bir dövrü deyil,
bütövlükdə milli dəyərləri özündə
əks etdirən obrazların uzaq keçmişindən bu
gününədək keçdiyi həyat yolu bu kiçik həcmli
povestdə böyük panoramda özünü göstərməkdədir.
Hər şey Hasan və Güllü ilə
başlayır və sonda elə bu iki persona ilə bitir.
Lakin bu iki obraz ətrafında hadisələrin
baş verdiyi diyar, bu yerlərin müxtəlif xarakterli
insanları, yeri gəldikcə dil açan heyvanları,
bir-birini əvəz edən nəsillərin əvəzedilməz,
dəyişməz dəyərləri povestin süjetinə qəribə
bir dinamizm verir və bu dinamikada bütöv xalqın, millətin
xarakteri açılır.
Bu hadisələrdə yuxarıda qeyd etdiyim fantasmaqorik təhkiyə
xüsusi rol oynayır. Yazıçı təsvir etdiyi obrazların (Mən bu
yerdə qəsdən “yaratdığı” sözünü
işlətmirəm, ona görə ki, müəllif bu
insanları sanki təxəyyülün köməyilə
“yaratmır”, olanları, haçansa - neçə-neçə
illər bundan əvvəl, daha doğrusu,
uşaqlığında gördüyü, ətraflarında
böyüdüyü insanları təsvir edir) heç birini
özü qiymətləndirmir: bu “qiyməti” oxucunun öz
öhdəsinə buraxır. Oxucu isə istər kənddə
böyümüş olsun, istər şəhərdə - fərqi
yoxdur, bu insanlara, bu obrazlara yaxşı bələddir;
çünki o, özü də müəllifin ustalıqla
tipikləşdirdiyi, yaxşısını da, pisini də
doğmalaşdırdığı bu insanların
bütövləşib kim olduğunu
yaxşı bilir: bu, bütövləşən, milli dəyərlərimizin
min bir xəttini birləşdirən və sonda bütün
istiqamətləri ilə ağıllı, xeyirxah, ləyaqətli
bir millətin proobrazıdır...
Əsərin əvvəlindən elə təsəvvür
yaranır ki, hər şey Hasanın hava limanında
Güllünün təyyarəsini gözləməyindən
başlayır. Hasanın gözlədiyi Güllü onun
mistik bir sevgi faktıdır. Düzdür, ilk
baxışda bu, Hasanın - adi bir oğlanın adi bir
qıza sevgisidir, ancaq elə o hava limanındaca hər şey
dəyişir: haçansa Hasana doğma bir insanın
Qojanın sevdiyi və nakam bir məhəbbətin simvolu olan
keçmiş Güllü, dünyadan qarıyıb
köçmüş Güllü idi. Türkiyədən
enəcək təyyarədəki cavan Güllü isə
ötən Güllünün varisidir və cavan jurnalistdir.
Ötənlərin hamısını bir
şagird dəftərinə köçürmüş
Qojanın həyatını bu dəftərdən
Güllü qələmə alacaq. Qoşa Qardan, onun
sakinlərindən reportajlar hazırlayacaq yeni Güllü,
Hasanın gözləmədiyi tamam başqa bir hadisəyə
çevrilir: Hasan bir vaxtlar çomağı ilə
vurduğu Qaragözün - insafsızcasına satışa
qoyduğu doğma danasının danlağına tuş gəlir.
Aeroportun gözləmə otağında
içdiyi çay qana dönür və... hər şey dəyişir.
Bu yerdə povestin bir məqamına diqqət edək:
“Adamlar azaldıqca, Güllü gəlib
çıxmadıqca Hasan narahat olurdu. Və onu qəribə hiss bürüyürdü, ...harda olduğunu bir
anlıq unutdu. Hava limanındaydı... Amma
uzaqdan görünən Sənan dağı onun gözlərində
Qoşa Qara çevrilmişdi, Hasanı çəkib Göy
Qayaya aparmışdı. Güllü də
oradaydı... Ardı-arası kəsilməyən
elanlar Hasanı özünə qaytarırdı. Göy Qaya yavaş-yavaş hava limanı ilə əvəzlənirdi.
Handan-hana Hasanın aglına gəldi ki, Güllünü
gözləyir...” Beləcə, povestin əsas süjet xəttinə
keçid yaxınlaşır və biz Hasanın gözlərindən
heç vaxt silinməyən Qoşa Qar, Göy Qaya, Daş
Bulaq, Qurd Ölən Yer, Ana Çay, Dana Dağı... kimi Vətən
torpaqlarında böyüyüb Vətənə yayılan
insanları, Dədə Qorqudun Kitabındakı yurda məhəbbətin
tərənnümünü görürük. Bəlkə
müəllif dəyişən dünyanın pis yönə
dəyişməsindən, doğma torpaqlarımıza dikilən
xain gözlərə tikan əvəzi kimi, unudulmaqda olan kənd
leksikonumuzdan nigaran bir vətəndaş kimi yurd
adlarını önə çəkir, kənd
axşamlarının qədim ənənələrini
xatırladır, kəndin bitməz dərdini yaşayır,
bütün bunların geri qayıtması üçün
ilahi qüvvələri belə köməyə
çağırır. Personajların dilindəki “arxac”,
“mıxça”, “qırım”, “barxana”, “gözünün
çimiri”, “qənşər”, “çax-çax”, “Dəli qəbiristanlığı”...
kimi onlarca dil vahidini xatırlatmaqla bizə özümüzə
qayıtmağı tövsiyə edir.
Azərbaycanımızın
neçə dəfə “yeni hökumət” qurumuna
çevrilməsi, xüsusilə ermənipərəst
bolşeviklərin, hətta kənd ziyalılarını belə
hər cür repressiyalara uğratması sapı
özümüzdən olan baltaların “millətə
vurduğu“ tarixi zərbələr müəllifin ifadəsində
çox inandırıcı faktlarla və emosional bədii
dillə müasir oxucuya çatdırılır. Belə səhnələrdə
milli qeyrət rəmzi kimi təsvir edilən İmamalı kişi, Qoja, nənələr, babalar yurd
yerinin qoruyucularıdır. Dünyanın beləcə,
insafsızcasına dəyişməsinə, nəinki o uca
dağların sakinləri, habelə bu sakinlərin povestdə
obrazlaşdırılmış ev
heyvanları da dözə bilmirlər.
Müəllif sel-suların, çayların at oynatması, adamları ölümə məhkum etmələri kimi səhnələri də ustalıqla qələmə alır. Belə yerdə müəllifin vurğuladığı erməni xislətli baytarın Ballıya münasibəti də milli kökün ifadəsidir. Amma heç nə intiqamsız qalmır. Müəllifin estetik idealı imamalıların, həmidlərin bolşeviklərdən intiqamı ilə özünü büruzə verir. Bu estetik ideala görə Tanrı heç vaxt haqsızlığı bağışlamır, xəyanəti unutdurmur. Müəllifin yatadığı Bozqar (at), Qanıq (it), Qaragöz (dana), Hasana nənəsinin danışdığı Gün və Ay nağılı, Sara - Vəli dastanı ... kimi epizodlar bir sıra hallarda gerçəkliyin fantasmaqoriyası kimi xüsusi maraq doğurur.
Reallığın, bədii təhkiyənin
və xalqdan gələn mifik nağılların vəhdətindən
yaranmış “Qanıq, Hasan, bir də Qaragöz“
povestinioxuyub başa vurandan sonra ağlıma bir müqayisə
gəldi. Əlbəttə, “hər cür müqayisə
qüsurludur” kimi mənim qəbul etmədiyim bir “postulat”
da mövcuddur. Əgər bu fikir mübahisə doğurursa,
deməli, mən öz müqayisəmi qeyd edə bilərəm.
Bəli, Əflatun Amaşovun povestini mən, Q.Q.Markesin
“Yüz ilin tənhalığı” romanı ilə müqayisə
edərdim. Səbəb yalnız Makondonun bənzəri olan
Qoşa Qar deyil, çoxdur, amma bu çoxluq içərisində
Q.Markesin rus dilinə tərcüməçisi V.Stolbovun dediyi
bir fikir əsas yer tutur: “Yüz ilin tənhalığı”ndan
bir daha aydın olur ki, biz hamımız uşaqlıq illərimizin
sakinləriyik: romanın istiqaməti xaç yoludur; roman iki
optik eynək tələb edir, romanda nağılın və əfsanənin
vəhdəti var...” Ə.Amaşovun povesti bizi
uşaqlıq illərimizə aparır, bu illəri bir daha
müqəddəs bir xatirə kimi yenidən
yaşayırıq, povestin bütün məqamlarında hər
kəsin pənah gətirdiyi istiqamət Tanrı yoludur, povesti
iki optik eynəklə və diqqətlə oxumaq tələb
olunur, povestin əsas hikməti xalq
nağıllarımızın və əfsanələrimizin
vəhdətindən doğur.
Cahangir MƏMMƏDLİ
BDU Yeni media və kommunikasiya nəzəriyyələri
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
525-ci qəzet .-2022.- 16 mart.- S.15.