Öz labirintindəki rəssam: Əşrəf
Murad
11 mart rəssam
Əşrəf Muradın vəfat etdiyi gündür...
2013-cü ildə Əşrəf Muradın “Napoleon” əsəri
məşhur “Sotheby’s” hərrac evində 100 min dollara
satılıb.
Ekzüperi “Balaca Şahzadə” əsərində necə
deyir?
“Böyüklərə:
“Pəncərələrində ətirşahlı çəhrayı
kərpicdən tikilmiş gözəl bir ev,
damında göyərçinlər gördüm”, - deyəndə,
onlar bu evi təsəvvür edə bilmirlər. “Yüz min franklıq ev gördüm” deməli, sonra
da “Nə gözəldir!” – deməlidirlər”.
Sizin də
o böyüklərdən ola biləcəyiniz
ehtimalını nəzərə alaraq Əşrəf Murad
haqqında danışmağa onun əsərinə
ölçülən qiyməti nəzərinizə
çatdırmaqla başlayıram.
Maraqlısı budur ki, bu gün hərraclarda baha qiymətə
satılan əsərlərin müəllifi yoxsulluq içində
canını tapşırmışdı. Lap Van Qoq kimi.
Tanrı Əşrəfə çoxlarının
xoşbəxtliyinin cəmi kimi gördüyü şeyləri
vermişdi.
O, təminatlı ailədə doğulmuşdu, Bakıya ilk
“Mercedes”i o gətirmişdi. Olduqca
yaraşıqlı və ən əsası istedadlı cavan
idi.
Amma tale də
onunla amansız davrandı...
O qədər
amansız ki, bir gecənin içində Əşrəfin
bütün həyatı dəyişmişdi.
Həmin hadisə ilə bağlı iki-üç
versiya olsa da, biri daha çox səslənir. Deyilənə
görə, sərxoş vəziyyətdə dostları ilə
gəzən Əşrəf milis tərəfindən
saxlanılır, şöbədə qəddarlıqla
döyülür. Ölümcül hala
düşən rəssam başından aldığı
çəkmə zərbələrindən sonra ciddi psixoloji
travma alır. Hətta onun bir müddət
ruhi xəstəxanada yatdığı deyilir.
Bir sözlə, bu hadisə onun bütün həyatını
dəyişir.
Beləcə həyat Əşrəfə verdiyi hər
şeyi ondan alır...
Daha onun nə “Mercedes”i vardı, nə də səhər-axşam
“Mercedes”ində şəhəri dolaşan dostları. Həm zahirən,
həm də daxilən Əşrəf o Əşrəf
deyildi. Caz həvəskarı olan rəssam
əvvəllər saçlarını cazmenlər kimi
saxlayırdı, fərqli geyinirdi, bir sözlə, hamıya
ağ-qara olmağın diktə olunduğu cəmiyyətdə
o başqa rəngdə yaşayırdı.
Artıq o rənglərdən də əsər-əlamət
qalmamışdı.
Dediyim kimi həyat ondan hər şeyi almışdı. Bircə dəli-divanə
kimi sevdiyi Sevildən başqa. Çünki
tale Sevili ona heç vaxt verməmişdi.
Ah, Sevil,
Sevil... Bütün qızların ətrafında
pərvanə kimi dolandığı vaxtlarda belə
Əşrəfin ağlında bir qadın vardı. Bu eşq haqqında nəsə yazmağa lüzum
bilmirəm, özünün Sevilə yazdığı məktubların
olduğu yerdə.
Sevili bir
başqası qaçırır və Əşrəf
heç vaxt evlənmir...
Onun artıq fırçasından başqa heç kimi
yox idi. Bir fırçası, bir özü, bir də
emalatxanası. Artıq onun istedadı da rəng
dəyişdirmişdi. O, realist üslubda əsərlər
çəkməyə davam etsəydi, xeyli var-dövlət
qazanardı. Çünki hələ tələbə
ikən onun bu üslubda çəkdiyi əsərlər baha
qiymətə satılırdı. Ancaq o
yolunu tamam dəyişmişdi. İndi Əşrəfin
işlərini nə alan var idi, nə də
başa düşən.
Onu uzun müddət başa düşmədilər,
başa düşə bilmədilər.
Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş mərhum diplomat Ramiz Abutalıbov xatirələrində yazırdı ki, 80-ci illərin əvvəllərində Moskvada görüşlərinin birində Rusiya sənətşünası Qriqori Anisimov ona Əşrəfin əsərlərindən birini göstərir və Vətəndə rəssama yetəri qədər diqqətin olmadığından gileylənir. Ramiz bəy də Bakıya qayıtdıqdan sonra Azərbaycan Rəssamlar İttifaqının sədri Yusif Hüseynovu Mərkəzi Komitəyə dəvət edir: “Mən ona ehtiyatlı şəkildə bildirdim ki, Bakıda Əşrəf Muradın əsərlərini nümayiş etdirmək gözəl olardı. Amma Hüseynov mənə belə dedi: “Bu sənətkar psixi cəhətdən sağlam deyil, əsərləri sosialist realizminin ideoloji çərçivəsinə sığmır”. Əşrəfin həmkarının imtina etməsi məni özümdən çıxardı. “Əgər Əşrəf Muradın rəsm əsərlərinin sərgisini təşkil etməsəniz, sizə qarşı münasibətimi kəskin dəyişmək məcburiyyətində qalacağam. Bu barədə düşünün”, – dedim və görünür, sözlərim ona təsir etdi. Sərgi barədə qərar qəbul edildi və o, 1984-cü ilin oktyabrında Bakıda açıldı.
Ona dövründə olan münasibət, yaradıcılıq xüsusiyyətləri, onu sevən və sevməyənlər haqqında sənətşünas, Əşrəf Murad araşdırmaçısı Rəfael Gülməmmədovla rəssamın yaradıcılığına dair məqamlardan danışdıq.
– Sizcə, niyə Əşrəf Murad sağlığında layiq olduğu dəyəri ala bilmədi?
- Almamışdı, ala da bilməzdi. Təsəvvür edin ki, insan rəsmi dairələrdə qəbul olunan, rəsmi şəkildə təbliğ olunan yöndə əsərlər yaratmırdı. O, azad rəssam idi. İstədiyi rəng həllini, istədiyi kompozisiyanı qururdu. İstədiyini edir, sosializm realizmi qanunları çərçivəsindən çox kənara çıxırdı. Bu da dövləti heç razı sala bilməzdi. Baxmayaraq ki, mövzuları Sovet dövlətini əks etdirən mövzular idi.
– Əşrəf Murad Sovet düşüncəsinə müxalif idimi?
- Əşrəf öz yaradıcılığında nonkorformist sayıla bilər. Amma ona görə yox ki, qəsdən müxalif sənət yaradırdı. O, Mircavaddan, Rasim Babayevdən, Qorxmaz Əfəndiyevdən, Kamal Əhməddən fərqli olaraq müxalif sənət yaratmırdı. Siz onun əsərlərinə baxsanız, görərsiniz ki, digər Sovet rəssamlarının müraciət etdiyi mövzulardan kənara çıxmırdı.
- Bəs
problem harada, yaxud nədə idi?
-
Yanaşma və ifadə tərzində. Sovet
İttifaqı insanın hər bir addımını nəzarətdə
saxlayan, yaradıcılıq azadlığını
tanımayan, yaradıcılığı rəssama diktə
edən bir quruluş idi. Onun diktəsindən
kənarda istər manera, istər quruluş baxımından
olsun, fərqli yanaşmanı qəbul etmirdi. Əgər dövlət qəbul etmirdisə, deməli
dövlət tərəfindən sifariş də azala bilərdi.
Onun rəssam kimi karyerası uğursuz ola,
sərgilərdə iştirakı da yasaqlana bilərdi.
- Gəlin
dəqiqləşdirək, yasaqlanmışdı, yoxsa
yasaqlana bilərdi?
- Demək
olar ki, yasaq idi. Elə rəssamlar olub ki, Azərbaycanda
onlar yaradıcı insanların müxalif qoluna aid olublar.
Altmışıncı illərdə SSRİ-də
Xruşşovun yenidənqurma siyasətinin nəticəsində
müəyyən yumşalmalar oldu, siyasi-ideoloji baxımdan
çox böyük bir ziyalı hərəkatı,
yaradıcı insanların böyük bir istedadlı dəstəsi
yetişdi. Bu həm ədəbiyyatda, həm
təsviri sənətdə, həm də digər sahələrdə
baş vermişdi. Bu hərəkat rəssamlıq
sahəsində Mircavadla, onun yaratdığı Abşeron məktəbi
ilə bağlıdır ki, bu tamamilə fərqli bir
yanaşmadır.
- Əşrəf Muradı Abşeron məktəbinin
nümayəndəsi hesab edənlər nə qədər
haqlıdır?
-
Mövzu azadlığı, kolorit, fikir azadlığı,
ideologiya azadlığı estetika azadlığı kimi
anlayışlar Abşeron məktəbinin xüsusiyyətləri
idi. Ancaq düşünürəm ki,
Əşrəf Murad Abşeron məktəbinə aid edilməməlidir.
Çünki Abşeron məktəbində müəyyən
bir axını aparan rəssamlar var ki, Əşrəf ora aid
deyil. Abşeron məktəbi kimi yox, ancaq
avanqard kontekstə aid edə bilərik. Əşrəf
Murad yaradıcılığı Abşeron məktəbinin
postulatlarından fərqli idi.
Digər
tərəfdən, Abşeron məktəbinə aid olan rəssamların
əsərlərində qərbçilik çox
güclüdür: yəni Qərb təsviri sənət
axınlarının təsiri və o modern cərəyana
uyğun olan yaradıcılıq xətti. İkincisi, məktəbin
rəssamlarının bir qismində, deyək ki, Cavad, Tofiq
Cavadov, Rasim Babayev, Fazil Nəcəfovda milli və Şərq
mədəniyyətindən bəhrələnmə
özünü bariz göstərir. Əşrəf
isə yaradıcılığında Sovet
ideologiyasının təbliğ etdiyi mövzulardan kənara
çıxmırdı. Ancaq fərq
ondadır ki, o özünəməxsus yaradırdı.
O, elə bir tərzdə ifadə edirdi ki, rəsmi orqanlar tərəfindən
qəbul edilə bilməzdi. İlk dövrlərində
sosialist realizmi axınında o cür işləyən rəssamların
əsərlərindən heç nə ilə fərqlənmirdi.
Sonrakı dövrlərdə isə bu fərqlilik
özünü daha aydın göstərirdi.
Məsələn, onun çəkdiyi Tereşkova portreti
tamamilə fərqli bir Tereşkovadır. Yaxud da Stalinin, Leninin
obrazını yaradıb. Krupskayanın
obrazını yaradıb. Bunlar
hamısı Sovet ideologiyası paradiqmasında qəbul olunan
mövzular idi. Ancaq baxaq görək
Əşrəf onları nə cür yaradıb. Krupskayaya baxanda sən orda uşaqların dostu,
humanist bir qadın görmürsən.
Krupskayanın barmaqları ki var, görün, necə
dayanıb.
O obraz
kommunizm kabusunun yetişdirdiyi “Dəmir ledi”dir. Həyatını
kommunizm ideyasına qurban vermiş “ledi”. Geyiminə
də fikir verin, orada qadın obrazından xaricdir. Bu, fanatizmə xas idi, müəyyən
inqilabçıların xarici görkəmi də zamanla dəyişir.
Artıq onlara qadın kimi münasibət bəsləmək
mümkünsüz olur. Əşrəf
Krupskayanın obrazında anormal qadın obrazını
yaradıb. Krupskaya bir bütdür, o digər kişi inqilabçılardan fərqlənməyən
bütdür. Bu məqam özlüyündə
həmin insanın daxili obrazını açıb göstərir.
Yaratdığı obrazlar bizim öyrəşdiyimiz
obrazlardan çox fərqli idi.
“Tehran konfransı” olduqca maraqlı əsərdir. Bilirik ki,
Tehran konfransı hansı şəraitdə baş tutub.
Əsərdə Stalinin obrazı kətanın
bütün səthini doldurub. Əşrəf
burada bədheybətin obrazını yaradıb.
Yaxud da Lenin obrazı, klişelərə aid deyildi. O, Leninə başqa cür
baxırdı və Lenini öz qavradığı kimi verirdi.
Bax bu, olmazdı. Sən Sovet
dövlətinin bütlərini fərqli verə bilməzdin.
-
Əşrəfin şəxsi həyatı və gətirməyən
taleyi...
- Hə,
taleyi ağır olub. Onun haqqında
oxuduqlarımdan, söhbətlərdən mənə bəlli
olur ki, şəxsi həyatda o reallaşmadı. Bir ər kimi, bir ata kimi reallaşması olmadı
onun. Olmadı... Mən deyə bilmərəm
ki, niyə olmadı.
Bu hal istər-istəməz psixi müalicə keçəndən
sonra onun həyatında özünü göstərməyə
başladı.
Onun döyülməyi əsassız yerə
olmuşdu. Mənim bildiklərimə
görə tam təsadüf nəticəsində milislər
şöbəyə aparıb və orada döyüb. Bilirsiniz, Sovet vaxtı belə şeylər çox
olurdu. Sən əgər ümumi Sovet
obrazından kənarsansa, bir balaca saç düzümün fərqlidirsə,
demək qərbyönümlüsən, düşmənsən.
- Bəs Mircavadı niyə aparıb döymürdülər?
-
Mircavadı başqa cür döyürdülər. Onu mənəvi cəhətdən döyüblər.
Bir də ki, qismətdən çox şey
asılıdır. Əgər Mircavad
Stalin dövründə yaradıcılığa
başlasaydı, Sibirdə çürüyərdi. Bəxti gətirdi ki, Mircavad Bakıda Abşeron məktəbinin
əsasını qoyanda Xruşşov hakimiyyəti idi. Stalinin dövründə yaratmağa
başlasaydılar, həm Mircavad, həm Əşrəf Murad
Sibirə sürgün olunub Cavid kimi məhv olmalı idilər.
- Bir
sözlə, taleləri gətirdi...
- Tək
onların yox, Azərbaycan incəsənətinin taleyi gətirdi
ki, bizim belə rəssamlarımız oldu. O rəssamlar ki,
Sovet ideologiyasına zidd əsərlər yaratmağı
özlərinə rəva bilir, riskə gedirdilər: qazanc
itirmək, ev almaq riski,
övladlarını normal böyütmək riski. Sovet dövründə sən dövlətin dediklərinə
bir balaca əks gedirdinsə, o, səni normal insan kimi
yaşamaqdan məhrum edirdi.
- Əşrəfin ikinci dönəm
yaradıcılığını döyülməsi ilə
bağlayırlar. Siz bu barədə nə
düşünürsünüz?
- Dəli
o cür gözəl əsərlər yarada bilməzdi. Bu yanaşma çox ədalətsiz olardı. Gəlin belə deyək, fiziki sarsıntıya məruz
qalan insanın eyni zamanda mənəvi sarsıntılara məruz
qalması onun həyata baxışında müəyyən dəyişiklərə
gətirib çıxarır. Məncə,
bu dəyişikliyi təkcə fiziki sarsıntıya məruz
qalması ilə bağlamaq düzgün deyil. Biz belə deyə bilərik ki, onun
yaradıcılığında müəyyən bir
özünəməxsusluq başlamışdı.
- Əşrəfin ikinci dönəm
yaradıcılığı dövrünün rəssamları
tərəfindən bəyənilmirdi.
- Dediyiniz
əsərlərin yaranması onun fiziki sarsıntıya məruz
qalması ilə üst-üstə düşdü. İnsanlarda səhv olaraq belə bir fikir yarandı
ki, bu dəyişiklik sarsıntıya məruz
qaldığı üçün olub. Mən
inanmıram ki, yaradıcılıq xarici təsir nəticəsində
dəyişsin. Yaradıcılıq daxildən
gələn və ruhla, intellektlə bağlı olan bir
şeydir.
-
Ağır günlərində ailə üzvləri ona dəstək
olurdumu?
- Ailə
üzvləri köməklik göstərmirdi demək ədalətsizlik
olardı. Amma onun ailə vəziyyəti
haqqında olan məlumatlar da qıtdır. Bu heç əsas da deyil. Niyə
normal insan dönüb xəstə olmalıdır, niyə
görə belə oldu? Niyə axı ona
kənarda baxan insanlar divanə olduğunu deməlidir? Biz bunu sorğulamalıyıq.
- Divanə
demişkən, Sevil...
- Hər
bir kişi ömrü boyu bir qadın
üçün dəli-divanə olur. Bunu niyə
belə şişirdirsiniz? Əgər o
aşiq olursa, sağlam adamdır. Yalnız
dəli sevginin nə olduğunu bilməz, qorxu hissindən xəbərsiz
olar. Bu mümkün deyil. Onun kimisə sevməsi, məktub yazması normal psixoloji
durumundan xəbər verir. Sevirdi,
alınmadı, ailə qurmadı, bu başqa söhbətin
mövzusudur. Amma bunu dramatikləşdirmək
lazım deyil. Sevirdi, sevirdi də, bundan gözəl nə
ola bilər ki? Sənət
adamlarında belə anormallığın olması normal
haldır.
Biz Əşrəfin yaradıcılığından
danışmalıyıq. Bəli, onun faciəvi,
dramatik həyatı onun yaradıcılığında əks
olundu. Bu, onun rəng həllində,
kompozisiyasında özünü göstərir. Onda qorxu hissi yox idi. O artıq qorxmurdu deyə
Leninin, Krupskayanın ilk baxışdan eybəcər obrazlarını
yaradacaq cəsarətə sahib idi və buna görə hətta
yenidən fiziki sarsıntılara məruz qoyula bilər, dəli
deyə dəlixanaya salına bilərdi.
Sizə
bir şey deyim, yaradıcı adamla sıravi adam
arasında həmişə bir fərq olur. Yaradıcı adam həmişə fərqlənmək istəyir,
o özü haqqında yenilikçilik obrazı yaratmaq istəyir.
Bu, normal haldır. Tutaq ki, o
ilk alman maşınını sürüb, o çox gözəl
geyinməyi sevirdi.
- Həm
də çox yaraşıqlı idi.
-
Çox yaraşıqlı olub. Nodar
Şaşıqoğluna çox oxşayırdı. Sən ona baxanda sıxışdırılmış
Sovet adamı görə bilməzdin. Bax
hökuməti bu qıcıqlandırırdı. Sən kimsən ki, özünü digərlərindən
fərqləndirirsən. Deməli sən Qərb
ideologiyasına qulluq edirsən. Necə ola
bilər axı, hamı eyniseriyalı məhsul kimi olsun?
- Əşrəfin düşmənləri
vardımı?
– Mən
o haqda heç nə deyə bilmərəm. Amma
belə bir məntiq var ki, istedadlı insanı sevməyənlər
də olacaq, vəzifə xətrinə ona yol verməyəcəklər,
qısqanacaqlar. Ola bilməz ki, sən ulduz
kimi parlayasan, digərlərindən fərqlənmək
cürətin olsun və digərləri bunu normal
qarşılasın. Mən Əşrəfin
həyatında ona qarşı olan bu cür münasibətləri
normal sayıram.
- Onun sənət
dövrü sanki burulğan idi. O burulğandan kimlərsə
çıxdı, kimlərsə də Əşrəf kimi
çıxa bilmədi, ya da çıxmağa qoymadılar.
- Hamı
eyni cür ola bilməz axı, hərənin
öz taleyi var. Ən əsası bir şeyi götürmək
lazımdır, insan sənətinə münasibətdə nə
qədər səmimidir? Meyar ancaq bu
olmalıdır. Əsas meyar rəssamın
öz sənətinə xəyanət edib-etməməyidir.
Əşrəf taleyindəki bütün təlatümlərə
baxmayaraq, öz sənətinə sadiq qalıb. Əgər biz onun ilk dövr
yaradıcılığına baxsaq, görərik ki, sovet
ideologiyasında əsər yaradan digər rəssamlardan fərqlənmirdi.
Onun sənətində dəyişiklik sonradan baş verdi.
- Sizcə,
bu gün Əşrəf layiq olduğu yerdədir?
- Azərbaycan
daxilində düşünürəm ki, onun tanınması
normaldır, rəssamlar tanıyır. O, Azərbaycan incəsənətində
öz qiymətini alıb. Böyük sənət
hamı tərəfindən anlaşıla bilməz. Belə olarsa, o zaman o böyüklüyünü,
elitarlığını və sirrini itirər. Böyük sənəti başa düşmək
üçün hazırlıqlı olmaq lazımdır.
Hazırlıq isə təmasdan yaranır.
Küçədən keçən bir adam
sərgi salonuna girib orda gördüyü hər əsəri
asanlıqla qavraya bilməz. Əşrəfin də
sənəti çox elitardır.
- Əşrəfin qalereyadan oğurlanan əsərləri
haqqında nə deyə bilərsiniz?
- Banal,
pul qazanmaq xətrinə baş vermiş xoşagəlməz
bir hadisədir. Mən bu haqda danışmaq istəmirəm.
- Bəs
emalatxanasından itən əsərləri haqqında?
- Onun əsərlərinin
emalatxanasından çıxarılaraq qeyri-müəyyən
istiqamətdə aparıldığı deyilir. Onun
haqqında bilgisi olan insanlardan da soruşmuşam, bəziləri
deyir ki, tullanıldı, bir qismi deyir ki,
yandırıldı... Bilmirəm. Ancaq dəqiq o haqda məlumat var ki, əsərləri
yük maşınına yüklənərək qeyri-müəyyən
istiqamətdə aparılıb. Ümumiyyətlə,
onun bu günümüzə gəlib çatan yaradıcı
irsi azdır. Bəlkə də çox əsər
çəkib, amma onlar haradasa tələf olub, itib və s.
İstənilən halda bu gün əlimizdə olanlar o
böyüklükdə rəssam üçün çox
deyil.
- Əşrəf deyəndə ağlıma ilk olaraq
qara rəng gəlir. Sanki o, qara rəngdən bir başqa
cür istifadə edirdi. Taleyinin rəsmlərindəki
himni kimi.
- Qara onun
ikinci dövr yaradıcılığıdır, ilk
dövrü şux rənglər, kolorit baxımından normal
qəbul edilən tablolar idi. Qara rəng
özünün bütün dramatizmi, faciəsi ilə onun
ikinci dövr yaradıcılığına təsadüf
edir. Rəssamın yaşayış tərzi
yaradıcılığında mütləq əks olunur.
Məsələn, Səttarın əsərlərinə
baxanda orda tənhalığın qoxusu duyulur. Tənha
insanın fikirləri, ağrısı, kədəri,
sevinci... İnsan nə cür yaşayırsa,
bu, onun yaradıcılığında özünü
göstərir.
Azərbaycan təsviri sənətində iki rəssamın
yaratdığı, işlətdiyi qara rəng digər rəssamlarda
yoxdur. Qara ilə işləyən ən güclü rəssamımız
Əşrəf Murad, sonra isə Kamal Əhməddir. Bu
iki rəssam qara ilə elə işləyiblər, elə
dünya yaradıblar ki... Qara rəng Əşrəf
Muradın vizit kartı sayıla bilər. Qara
onun yaradıcılığını xarakterizə edir.
Onun qara rəngində o qədər dərinlik,
o qədər mətləblər var ki, sən orda batırsan.
- Bir sənətşünas
kimi Əşrəfi necə xarakterizə edərdiniz?
- O
güclü modernist idi. O, Azərbaycanda modern cərəyanın
əsasında dayanan ilk rəssamlardandır.
Əşrəf Azərbaycan təsviri-incəsənətinin
ən faciəvi rəssamıdır. Taleyini bir tərəfə
qoyub deyirəm bunu. Yaradıcılıq
şəxsi məsələləri öz arxasınca
aparır, yaxud da əksinə. Hər
addımda dramatizm onu izləyir, hətta natürmortlarında
belə. Onun çəkdiyi natürmortlara
baxanda gərginlik keçirirsən. Hətta onun
narları, gülləri belə dramatikdir...
***
Azərbaycan
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad
Xəlilov, Əməkdar rəssam Həmzə Abdulla və
Əşrəf Muradı sağlığında tanıyan
bir neçə digər insanla danışandan sonra onun bir
portreti yaranmışdı gözümün önündə.
Ancaq Xalq rəssamı Ağəli İbrahimov
bu tablonu tamamlayan əsas şəxs oldu.
Ağəli müəllim mənə uzun-uzadı
Əşrəflə bağlı xatirələrindən
danışdı. Şkafında saxladığı şəkilləri
göstərdi və o günləri xatırlayanda necə
ağrıdığını duya bildim: “Əşrəf
Muradı o vaxt sənətkar saymırdılar, ancaq biz gənclər
dünya mədəniyyəti ilə
maraqlandığımız üçün Əşrəfin
istedadının fərqində idik.
O,
Fransanı çox sevirdi, həmişə Fransada olmaq istəyirdi.
Onunla ünsiyyət zamanı sözarası
deyirdi ki, əsl rəssamlar Fransada yaşayır.
Bir rəssam kimi avanqard rəssam idi. Ona görə,
onun əsərlərinə münasibətimiz başqa cür
idi. Tez-tez onunla
görüşürdük, oturub çörək yeyirdik.
Yaman içən idi (fikrə gedir və
gülümsəyir). Bu gün xaricdən
bizə sənətşünaslar gələndə biz onun
işlərini göstəririk. Həmişə
onun əsərlərini bəyənirlər.
Onun öz dəst-xətti, mövzuları vardı. Buna görə
də Əşrəf Murada münasibət çox pis idi.
Sənətdə min dənə “izm”lər var.
Məsələn, o vaxt Sovet məkanında sol və sağ rəssamlar
vardı. Bizi sol sayırdılar. Bizə emalatxana vermirdilər, müqavilə
bağlamırdılar, incidirdilər.
Təsəvvür edin, Səttar kimi adamı incidirdilər,
ancaq biz hələ sağlığında bilirdik ki, Səttar
dahidir.
Bu gün Əşrəf ən bahalı rəssamlardandır,
Londonda bir əsəri minlərlə dollara satılıb. Halbuki
sağlığında yoxsulluq içində
yaşayırdı. Sovet vaxtı biz ancaq
“zakaz”larla dolanırdıq, yəni çox çətin.
Ona maddi baxımdan qardaşı kömək
edirdi. Nə deyim, hər insanın öz
taleyi var”.
“Əşrəf
Muradda nəsə bir fərqlilik hiss edirdinizmi?” sualına
Ağəli müəllim belə cavab verdi:
“Onunla
söhbət zamanı anormallıq hiss edə bilməzdin.
Ancaq, yadımdadır, saç saxlayırdı, həmişə
ayaqqabısının arxasını kəsirdi...”
Ağəli müəllim onun ayaqqabı
dabanlarını kəsdiyini deyəndə mənə elə
gəldi ki, bu vərdiş vaxtilə başına dəyən
milis çəkmələrindən qalan travmanın izidir. Kim bilir...
Növbəti döyəcəyim qapı Əşrəfin
evi oldu.
Onun
addımladığı küçələri gəzib bəlkə
gündə neçə kərə keçdiyi yolu keçmək...
Bilmirəm. Haradan yaranıb
məndə bu sevgi, bu maraq?
Görəsən, neçə əsərinin cizgisini bu
yolda gedərkən düşünüb, görəsən,
neçə kərə bu yolu sərxoş gəzib? Bunları
düşünə-düşünə evə
çatıram.
Qapını qardaşı oğlu açır. Üz-gözündən
xəstəlik yağan bu adamın qonaq qəbul etmək
iqtidarında olmadığını dərhal anlayıram.
Ona görə də gəlişimin məramını
bildirəndən sonra yubanmadan içəri keçib
Əşrəfin öz əli ilə çəkib divardan
asdığı avtoportretinə baxıram. Bir də evin içinə. Ev
dağılmaq üzrədir. Ağlımdan bir fikir
keçir: görəsən, Əşrəfin əsərlərinə
qucaq-qucaq pul verənlər bilirlərmi ki, onun bir zamanlar
yaşadığı evdə öz əli ilə çəkib
divardan asdığı rəsm var?
Qardaşı
oğlu deyir ki, bir dəfə uşağı xəstələnibmiş,
təcili pul lazım olub: “Əsəri təklif etdiyim ilk adam dərhal çıxarıb dediyim məbləği
verdi”.
Bir dəfə isə Əşrəfin dostu da mənə
danışmışdı ki, çətinə düşəndə
Əşrəfin ona bağışladığı əsərini
satıb borcunu ödəyibmiş. O vaxt rəssamın dostuna
acığım tutmuşdu. İndi də eyni acıq...
Hər nəysə. İstədim
soruşam ki, bəs nə əcəb divardakı əsəri
satmamısınız?
Soruşmadım. Çünki gözüm o anda
gözü-qaşı Əşrəfə bənzəyən
bir başqa Əşrəfə sataşdı, daha doğrusu
şəklinə.
Rəssamın qardaşı oğlu öz
övladına əmisinin adını qoyubmuş. Lakin o da ad yiyəsinin
taleyini yaşayıb, nakam köçüb dünyadan, bir il əvvəl...
Bir Əşrəf Muradın qardaşı oğlunun
gözlərindəki kədərə baxdım, bir də
uçub dağılan, tör-töküntü evə. Heç nə demədim,
deyə bilmədim...
Və rəssamın qardaşı oğlu ilə
sağollaşıb yollandım qəbiristanlığa. Yalnız yolda
yadıma düşdü ki, həyəcandan mən bu
adamın heç adını da soruşmadım.
“Bilirsiniz, mən burdan qabaq Pirşağıya
getmişdim, mənə demişdilər Əşrəf
Muradın qəbri ordadır. Pirşağının
məzarlıqlarını qəbir-qəbir gəzdim, tapa bilmədim.
Sən demə Əşrəf Murad burda
imiş”, - bunları Yasamal qəbiristanlığında
qabağıma çıxan mollaya deyirəm.
Lakin molla
hiss etdirir ki, söhbətim ona maraqlı deyil. Odur
ki, susur və yanına düşüb gedirəm.
Nəhayət Əşrəfin qəbrini tapırıq. Bu odur, bayaq
gördüyüm şəkildən tanıyıram: 21
yaşlı Əşrəf...
Yanında
da Əşrəf Murad... İki Əşrəfin
arasında təəccüb içində dayanmışam.
Niyə rəssamın qəbrini o dəqiqə
tanımıram? Çünki Əşrəf Muradın qəbirüstü
abidəsinin üzərindəki barelyefi söküblər.
Təəccüblənirəm, hirslənirəm və
soyuqdan üşüyürəm.
Birdən mənə çatır ki, molla da mənim
kimi üşüyür və məndən pul gözləyir. Əlimi cibimə
atanda yadıma düşür ki, bütün pulumu səhərdən
taksilərə vermişəm, sonuncu manatımı mollaya
uzadıram. O isə mənə hardansa iki qərənfil
gətirir. Molla işini bitmiş hesab edib gedir və
mən bir xeyli qəbirlərin arasında otururam.
Burda iki Əşrəf uyuyur. Solumdakı Əşrəf cəmi
21 il yaşayıb. Bilmirəm
onun “Mercedes”i olub, ya yox, bilmirəm onun istedadı olub, ya yox,
bilmirəm onun Sevili, olub ya yox. Bircə onu bilirəm ki,
çoxlu arzuları olub: həyata keçməyən, 20 ili ötməyən arzuları.
Sağımdakı Əşrəfin isə öləndə
53 yaşı olub. Görəsən, o neçə arzusunu
reallaşdıra bilib? Görəsən, tək-tənha
emalatxanasında son günlərini necə keçirib, nə
istəyib, nə arzulayıb?
Deyirlər, Əşrəf zəngin olduğu vaxtlarda
fırçasını uf demədən bahalı
kostyumlarının qoluna silərmiş. Görəsən,
səfalət içində keçirdiyi son günlərində
bu vərdişi üçün darıxmırmış ki?
Görəsən, bilirmi ki, qəbir daşındakı
rəsmini də ona çox görüb söküb
aparıblar?
Bəlkə də heç təəccüblənməli
deyiləm. Nə yaşadığı ömrə, nə də
sökülən qəbir daşına. Axı
bu onun taleyi idi. Axı o Azərbaycan rəssamlığının
ən faciəvi rəssamı idi...
Aytac Sahəd
525-ci qəzet .-2022.- 16 mart.- S.10-11.