"Müharibə vaxtı üç dəfə
ölümlə göz-gözə gəldik"
REJİSSOR
ŞƏBNUR ALLAHVERDİLİ AZAD EDİLƏN QARABAĞA
İLK GEDƏN XANIMLARDAN BİRİ OLMASINI ÖZÜ
ÜÇÜN BÖYÜK ŞANS SAYIR
O,
müharibənin xanım iştirakçısıdır. 44 gün boyunca cəbhənin bütün istiqamətlərində
hər cür təhlükələrə rəğmən, qəhrəman
ordumuzun yanında olub. Etdiyi fədakarlıqlara,
keçdiyi yola və bu dövrdə başına gələnlərə
nəzər salsaq, ona qələbəmizin gizli qəhrəmanlarından
biri də deyə bilərik. O, Şəbnur
Allahverdilidir. Şəbnur xanım Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetini rejissorluq ixtisası üzrə bitirib. Hazırda mədəniyyət evlərinin birində
Xalq teatrının rejissoru kimi fəaliyyət göstərir.
Bəs onun hərb yolu hardan başladı?
Bu haqda özü danışsın:
***
-
Üç il öncə Gəncədə
hərbi idarənin rəisi keçirdiyim tədbirlərdə
olmuş və bəyənmişdi. Sonradan hərbi tədbirlərin
hazırlanması üçün mənə iş təklif
elədi. Əvvəlcə getmədim, hərbidə
işləmək məni qorxudurdu (gülür). Sonra isə fikrimi dəyişdim. Çünki həyatdakı başlıca məqsədim
bütün sahələrdə özümü
sınamaqdır. Düşündüm ki,
niyə də olmasın? Beləcə, hərbi
idarədə işə düzəldim və başladıq hərbi
hissələrə getməyə. Müharibədən
qabaq da postlara, hərbi hissələrə gedir, böyük tədbirlər
keçirirdim. Kollektivimiz 10 nəfərdən
ibarət idi. Buna rəsmi şəxslər,
çəkiliş heyəti, musiqiçilər və digərləri
daxil idi. Çox ciddi və məsuliyyətli bir iş
idi. Həqiqətən də orda keçən 3 il mənə çox böyük təcrübə
qazandırdı.
- Necə
oldu ki, müharibəyə getdiniz? Rejissor
xanım hara, müharibə hara?
-
Müharibədən öncə Müdafiə Nazirliyi tərəfindən
bizim idarəyə psixoloqlar yönləndirildi. Onlar
bizim idarədən müəyyən insanları seçib təlimlər
keçməli idilər. Əsas istiqamət
isə müharibədə döyüşdən əvvəl
əsgərlərdə ruh yüksəkliyini necə yaratmaq
olar yönündə idi. Onlar fikirləşdilər ki,
bununçün xanımlar daha təsirli ola
bilər. Üç ay psixoloqlarla kurs keçəndən
sonra içimizdə cəmi 4 nəfər seçildi ki,
onlardan da biri mən idim. Mənim
seçilməyimdə əsas səbəblərdən biri də
aldığım rejissorluq təhsili idi. Psixoloq dedi ki,
rejissorun insanlarla təmasa girməsi daha asan olur və o, insanlara
daha çox təsir edə bilir. Bu kursda ciddi
şəkildə müharibəyə hazırlaşdıq.
Bu dövrdə biz artıq hər cür təhlükəni
gözə almışdıq. Çünki
müharibədə bizi nələrin gözləyəcəyini
yaxşı bilirdik. Təbii, ailəmizə
heçnə deməmişdik. Hansı ailə
qızının cəbhəyə getməsinə razı
olar?
2020-ci il sentyabrın 27-si səhər saatlarında
müharibə başlayan ilk dəqiqələrdən
artıq cəbhənin müxtəlif istiqamətlərinə
ezam olunduq. Demək olar ki, müharibə boyunca
hər yerdə olduq. Gecəmiz
gündüzümüzə qarışmışdı.
Bizim üçün müharibə 60 gün
çəkdi. Çünki müharibədən
sonra da cəbhəyə getməyə, əsgərlərlə
görüşməyə davam edirdik. İşimiz
əsgərlərlə mənəvi-psixoloji söhbətlər
edərək onlarda ruh yüksəkliyi yaratmaq, problemlərilə
maraqlanıb, həllinə nail olmaq idi. Jurnalistlər
müharibə boyunca bir nöqtəyə kimi gedə bilirdilər,
biz isə sona kimi gedirdik. Döyüşə
girən taborla söhbətlər aparırdıq. Çünki əsgər psixoloji cəhətdən
rahat olmalı idi, fikri evində, ailəsində qalmamalı
idi və onlara hiss etdirmək lazım idi ki, Azərbaycan
xalqı sizinlədir. Sizin arxanızda
böyük bir xalq, Prezident, Müdafiə Nazirliyi var. Biz də
məhz bunu edirdik. Ümumilikdə 4
xanım idik, 2 qrupa ayrılmışdıq və
çalışırdıq ki, cəbhənin bütün
istiqamətlərinə gedək. Bizə
hara gedəcəyimizlə bağlı nazirlikdən əmrlər
gəlirdi.
-
Müharibə varsa, ölüm də var. Siz belə bir təhlükəylə
qarşılaşdınızmı?
- O
günlər çox qarışıq, qorxulu, təhlükəli
keçirdi. Müharibə vaxtı üç
dəfə ölümlə göz-gözə gəldik və
sadəcə Allahın köməyi ilə sağ qaldıq.
Bir gecə köhnə "QAZ 66" ilə Qubadlıya
həm yardım aparır, həm də söhbətlər
aparmaq üçün gedirdik. Gecə yolda azdıq.
İşıq yandıra bilməzdik, həmin dəqiqə
maşınımızı vura bilərdilər. Hər yer də minadır. Beləcə,
qorxuyla, həyəcanla 2 saat harda olduğumuzu, hara getdiyimizi
bilmədən getdik, nəhayət, böyük çətinliklərlə
bizə deyilən yerə gedib çıxdıq.
Ağbulaq tərəfdə ikinci dəfə ölüm
təhlükəsiylə üzləşdik. Maşınımız
"Qrad" atəşinin dalğasına məruz qaldı.
Yəni biraz da həmin texnikaya yaxın sürsəydi,
ya partlayacaq, ya da ən yaxşı ehtimalda aşacaqdı.
Çünki həmin vaxt dalğanın təsirindən
maşın silkələndi, qalxıb düşdü. Hamımız elə bildik ki, bu, artıq sondur.
Tərtər istiqamətində İncəçayda arxa
cəbhəmiz yerləşmişdi. Yenə əsgərlərlə
söhbət edirdik. Orda internet, əlaqə
olmadığı üçün biz onlara bukletlər də
paylayır, müharibənin gedişindən məlumatlar
verirdik. Söhbətimizi
yekunlaşdırıb ordan çıxandan cəmi 5 dəqiqə
sonra olduğumuz yeri bombaladılar. Yəni
söhbət 5 dəqiqə də uzansaydı, ordan onlarla
şəhid çıxacaqdı, içində biz də
olmaqla. Bütün bunları yaşamaq
çox dəhşətli idi.
- Bu qədər
ağır sınaqlardan sonra indi nə
düşünürsünüz? Getdiyiniz
üçün peşmanlıq hissi keçirirsinizmi?
- Əsla. Heç vaxt peşman olmamışam, indi
də deyiləm. Hətta fikirləşirəm
ki, yenə olsa, yenə gedərəm. Çünki
onların gözündəki o güvən hissini heç nəyə
dəyişmək olmaz. Əsgərlərimiz
bir xanımı hərbi geyimdə görəndə əvvəlcə
elə bilirdilər ki, hərbçiyəm. Amma hərbçi deyildim. Sadəcə
bir hərbi idarənin mülki işçisi idim. Məndən soruşurdular ki, siz xanımsınız,
niyə bura kimi gəlirsiniz? Deyirdim, mən
Azərbaycan xanımıyam və Azərbaycan xanımı
öz əsgərinin hər zaman arxasındadır. O
xanımlardır siz qəhrəmanları dünyaya gətirən,
böyüdən. Həmişə
vurğulayırdım ki, biz sizə güvənərək gəlmişik
və heç nədən narahat deyilik. Düşüncəmiz
ancaq sizsiniz.
-
Müharibə boyunca nələr müşahidə edirdiniz?
- Onu
gördüm ki, biz həqiqətən də xalq olaraq
döyüşkən xalqıq və birləşdiyimiz an
qarşımızda heç kim dayana bilməz.
Məsələn, Cəbrayılda ikən mərkəzdə
20-30 təcili tibbi yardım maşını yaralılar gətirmişdi.
Biz də onlara kömək edirdik. Heç yadımdan çıxmaz, bir əsgərimiz
vardı maşında, qolu qopmuşdu, yox idi. Amma dava edirdi ki, mən döyüşə
qayıdıram, aparmayın məni. Bu səhnəni
görəndə dəhşətə gəldim ki, bizim necə
oğullarımız var.
Bir taborda əsgərlərlə söhbət edirdik. Bir əsgərlə
danışdığım yerdə xəbər gəldi ki,
qardaşı şəhid olub. Həmin
oğlanın reaksiyası qəribə idi. O, əlində
balaca stolüstü bayraqla gedib xeyli daşın üstündə
oturdu, fikrə getdi. Heç birimiz
yaxınlaşmağa cəsarət etmirdik. Sonra ona dedilər ki, qardaşının cənazəsi
üçün geri qayıtmalısan. Dedi,
qayıtmıram, daha qardaşım yoxdur, niyə
qayıdım? Əksinə, irəli gedib onun
qisasını alacam. Həmin an
özümü onun yerinə qoydum. Çünki
mənim qardaşım da Xüsusi Təyinatlıların əsgəri
idi və müharibədə hamıdan qabaqda gedirdilər.
Şuşanın alındığı gün
- 8 noyabrda yaralanıb, qazi oldu. Əsgərlərimizin
hər birinə qardaşım kimi yanaşırdım. Həmin vaxt həm də qardaşımçün
qorxurdum və fikirləşdim ki, mənə belə bir xəbər
verilsə, nə edərəm? Şəxsən,
düşündüm ki, belə bir xəbər alsaydım
burda dura bilməzdim, ən azından ailəmin yanında olmaq
üçün gedərdim. Ona görə
də o oğlanın qərarı çox təsir etmişdi
mənə.
Cəbhəyə həm də məktublar
aparırdıq. Gənc qızların, şəhid
analarının, əsgər valideynlərinin, balaca
uşaqların məktubları hamımızı təsirləndirirdi.
Öz övladlarına yazırmış kimi
yazırdılar. Əsgərlərimiz də
bunu öz doğmalarının məktubu kimi oxuyurdular.
Onlar xalqımızın birliyini məhz bu kağız
parçalarıyla hiss etdirirdilər.
- Uzun-uzun
söhbətləşdiyiniz, dərdini dinləyib, motivasiya
edib döyüşə uğurladığınız əsgərlərin
şəhid olması sizə nələr hiss etdirirdi?
-
Düzü, indi daha həssasam. Onda belə
deyildim, möhkəm idim. Çünki
özümü hər şeyə hazırlamışdım.
Gəncədən tanıdığım bir
oğlan vardı - Oqtay. Onunla
döyüşdən öncə danışanda demişdi
ki, şəklimi yaxşı çək, anamgilə apararsan.
Oqtayla "görüşəcəyik"
deyib ayrılmışdıq. Amma bir həftə
sonra həmin taborla görüşəndə bildim ki, pusquya
düşüblər və tabordan 30-a yaxın əsgər
şəhid olub, Oqtay da onların içində (gözləri
dolur).
Ağamirzə Quliyev var ki, o, mənimçün
çox dəyərli şəhidlərimizdəndi (kövrəlib
susur). Çox gözəl, səmimi, saf uşaq idi.
Hiss edirdim ki, taborda hər kəs onu çox istəyir. O mənə
demişdi ki, bacı, şəklimi çək,
İnşallah Gəncəyə gələndə bir yerdə
də şəkil çəkdirərik. Qoşqar, Saməddin...
(ağlayır)
- "Yenə gəlin" - deyən? Qoşqar və Saməddinlə
olan videonuza sizin sosial şəbəkə hesabınızda
baxmışdım və orda, gərək ki, Saməddin bu
cümləni deyirdi...
- Bəli...
Onlarla Harami düzündə
görüşmüşdük. Saməddinin
o cümləsini heç unutmuram. Heyif ki,
bir də görüşə bilmədik.
- Sizdəki
şəkil və videoları şəhidlərimizin ailələrinə
göndərirsiniz?
- Bəli.
Bilirəm ki, onlar üçün indi ən
böyük təsəlli övladlarının bircə şəkli,
videosudur. Həmişə o
görüntüləri göndərəndə o qədər
sevinirlər ki, övladları yenidən qayıtmış
kimi. Məndəki görüntülərin
çoxuna baxa bilmirəm, çünki onların çoxu
şəhid olub. Bunu ürəyim
götürmür artıq. Ona görə
də hərbidən uzaqlaşdım.
- Qələbə
xəbərini harda aldınız?
- Onda Talış istiqamətində idim. Xəbər
bizə gecə gəldi. Səhəri
başqa bir yerə ezam olunmalı idik. Həmin
tabora gedəndə 44 günlük
alışdığımız mənzərədən tamam
başqa bir mənzərəylə qarşılaşdıq.
Döyüşdən çıxan qrupla
görüşürdük. Əsgərlərimiz
sevinir, bir-birini təbrik edir, deyib-gülürdülər.
Biz özümüz də bənzər
duyğular yaşayırdıq.
- 30 ildən
sonra Qarabağ müharibəsi məhz sizin hərbidə
işlədiyiniz 3 ilə təsadüf etdi. Sizcə,
bu, təsadüfdür?
- Məncə, təsadüf deyil. İnsan nəyi istəyirsə, ona da çatır. Mən uşaqlığımdan Qarabağla maraqlanar, haqqında oxuyar, oranı görməyi arzulayardım. Hətta özümün orda olmağımı xəyal edirdim. Çünki atam I Qarabağ müharibəsi veteranıdır, ondan çox dinləmişdim Qarabağ söhbətlərini. Görünür, ürəkdən diləmişəm ki, qismətimə azad edilən Qarabağa ilk gedən xanımlardan biri olmaq yazıldı. Bunu özümçün böyük şans hesab edirəm.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2022.- 17 mart.- S.16.