Qələbə əzmli
"Çahargah"
Azərbaycan muğamlarının hər biri dinləyicilərə
bədii zövq aşılamaqla yanaşı, onların mənəvi
cəhətdən saflaşmasını da təmin etmiş
olur. Azərbaycan muğamları içərisində
dinləyicilərin mənəvi keyfiyyətlərinin
formalaşmasına təsir edən muğamlardan biri də
"Çahargah" muğamıdır.
Azərbaycan
Respublikasının ümumtəhsil məktəblərində
"Çahargah" muğamı bir neçə istiqamətdən,
bir neçə cəhətdən şagirdlərlə tanış edilir. İbtidai
siniflərdə "Çahargah" muğamının lad məqam
xüsusiyyətləri haqqında nəzəri məlumatlar
"Musiqi" dərsliklərində yer alır, proqram
materiallarında "Çahargah" ladında
yazılmış mahnıların öyrədilməsi
tövsiyə edilir və muğamın dinlənilməsi məsləhət
görülür. Bütün bunlar isə
"Çahargah" muğamının estetik-bədii
zövq oxşayan tərəflərinin məktəblilərə
çatdırılması işilə məhdudlaşdırılır.
Unutmaq olmaz ki, "Çahargah"
muğamı şagirdlərin estetik tərbiyəsilə
yanaşı, onların mənəvi keyfiyyətlərinin
formalaşdırılması işində çoxşaxəli
imkanlara malikdir. Bunun üçün muğamın istər
təlim prosesində, istərsə də dərsdənkənar
tədbirlərdə, istər musiqi müəllimləri, istər
bədii yaradıcılıq dərnəklərinin rəhbərləri,
istərsə də maraq kurslarını aparanlar
"Çahargah" muğamının bu imkanlarından
istifadə etməklə məktəblilərin mənəvi
keyfiyyətlərinin formalaşdırılması üzərində
məqsədyönlü, planlı və mütəşəkkil
şəkildə işlər təşkil etməlidirlər.
Orta ümumtəhsil məktəblərində
muğamların öyrədilməsi musiqi dərslərilə
yanaşı, dərsdənkənar tədbirlərdə, bədii
yaradıcılıq dərnəklərində və eləcə
də maraq kurslarında böyük müvəffəqiyyətlə
həyata keçirilir. Məktəbdənkənar tədbirlər içərisində
"Muğam gecələri", "Muğam saatı",
"Muğam ifaçılığı məktəbi",
"Muğam ifaçıları ilə görüşlər",
"Muğam sənəti və mənəviyyat",
"Muğam dünyamız" adlı tədbirlər
şagirdlərin estetik tərbiyəsilə yanaşı,
onların mənəvi keyfiyyətlərinin
formalaşdırılması baxımından əhəmiyyəti
daha böyükdür. Dərsdənkənar tədbirlərlə
yanaşı, bədii yaradıcılıq dərnəklərinin
və maraq kurslarının təşkili və fəaliyyətində
də şagirdlərin mənəvi keyfiyyətlərinin təşkilinə
geniş imkanlar açılmış olur. Bu baxımdan
bədii yaradıcılıq dərnəkləri içərisində
"Azərbaycan xalq musiqisi", "Muğam",
"Muğam ifaçılığı", "Muğam sənəti",
"Azərbaycan muğamları", "Xalq
çalğı alətləri dərnəyi", "Tur dərnəyi",
"Kamança dərnəyi", "Qarmon dərnəyi",
"Xor dərnəyi", "Vokalçılar dərnəyi",
"Nəfəs alətləri dərnəyi",
"Muğam və mahnı dərnəyi",
"Muğamlar təsniflər və mahnılar" adlı dərnəklərin
təşkili çox faydalıdır.
Muğamların təsnifatı zamanı vahid
kriteriyanın gözlənilməsinə əməl
olunmalıdır. Tutaq ki, Azərbaycan dilinin morfologiya bəhsini
öyrənərkən, əgər nitq hissələri təqdim
olunursa, burada vahid kriteriya gözlənilir. Yəni nitq hissələri iki yerə
bölünür. Əsas nitq hissələri
altı yerə (isim, sifət, say, əvəzlik, feil, zərf)
ayrılır. Altı nitq hissəsinin isə
hər biri ayrı-ayrılıqda növlərə, tiplərə,
formalara bölünür. Muğamların
təsnifatı zamanı da belə qaydaların tətbiq
olunması çox vacibdir. Əgər belə
olarsa, "Çahargah" dörd hissədən (şöbədən)
ibarət olan muğam kimi təsnif olunar və hər
şöbənin (hissənin) guşələri, nəfəsləri,
element və detalları ayrı-ayrılıqda şərh
olunar. Dərnək rəhbəri muğamın 4
şöbədən ibarət olmasını əsaslandırdıqdan
sonra o, "Çahargah"ın guşələrinin, nəfəslərinin,
təsniflərinin adlarını, etimoloji məna
çalarlarını, yaranma tarixini, inkişafını, təşəkkülünü
və eləcə də klassik muğam
ifaçılarının bu muğama olan münasibətlərini
də öz izahında, şərhində verə bilməlidir.
Dərnək rəhbərinin bu xüsusda dediklərinin
aşağıdakılardan ibarət olması məsləhətdir.
Çox qədim tarixə malik olan "Çahargah"
muğamı xalqımızın zəngin mənəvi xəzinəsidir. Bütün mənbələrdə
mövcud olan muğamlara bu nöqteyi-nəzərdən
yanaşmaq yaxşı olar. İstər görkəmli
mütəfəkkirlərimiz olan Əl-Fərabinin, Səfiyəddin
Urməvinin, Xacə Əbdülqadir Marağının, Mir
Möhsün Nəvvabın, Üzeyir bəy Hacıbəylinin,
istərsə Mirzə Fərəcin muğam
yaradıcılığına istinad edərkən məhz belə
mövqe tutmalıyıq. ƏgərMir Möhsün Nəvvab
"Çahargah"ı 15 yerə (Çahargah, segah, zabul,
yədi-hasar, müxalif, məğlub, mənsuriyyə, Zəmin-xarə,
Mavərənnəhr, Hicaz, Şahnaz, Azərbaycan,
Əşiran, Zəngi-şötör, Kərküki) Mirzə
Fərəc (Çahargah, Bəstə-Nigar, Firuz, Manəndi-Müxalif,
Müxalif, Cövhəri, Kərimabadı, Hasar, Gilrız,
Zirkeş, Rübənd, Qürrə, Müxalif, Məqlub, Mənsuriyyə,
Hüzzal, Çahargaha ayaq) isə 17 yerə ayırıbsa, məhz
4 əsas şöbəni və yerdə qalan guşə və
nəfəsləri konkretləşdirdikdən sonra təqdim
etməliyik. Sonra dərnək rəhbəri maye
şöbəsini ifa edərək dərnək üzvlərinə
təqdim edir. Şöbənin "Bərdaşt"
guşəsini ifa etdikdən sonra "Zəngi-şütür"
guşəsini ifa edir.
"Çahargah"
mübarizə ruhlu muğam olduğu üçün onun
bütün şöbə və guşələrində
bunu hiss etmək olur. "Maye"də
hücuma başlayan dəvə dəstəsi əvvəlcə
asta-asta, sonra bir qədər cəld hərəkət edirlər.
"Zəngi-şütür" belə mənəvi
keyfiyyəti ifadə edir. Mənbələrdə
"Zingi-şötör" kimi təqdim olunan biz
şöbəni biz təsadüfən "Zəngişütür"
kimi göstərmirik. Burada "dəvə
zəngi" mənasını verən bu sözün
"şötör" tərəfi "dəvə"
deməkdir. Bu söz isə istər əski əlifba ilə,
istərsə də fars əlifbası ilə yazılan Azərbaycan
mənbələrində "Şütür" (dəvə)
kimi yazıldığı üçün biz
"şötör" sözünün
"Şütür" kimi verilməsini daha məqsədəuyğundur.
Bundan başqa, dərnək rəhbəri istər
"Maye", istər "Zəngi şütür"ü
dramatik məzmunda ifa etməlidir. Yaxşı olar ki, dərnək
rəhbəri, "Çahargah"ın həmin dramatik məzmunu
barədə dərnək üzvlərinə məlumat versin.
Əgər belə olarsa, dərnək üzvləri
həmin məlumatlarda ehtiva olunan mənəvi keyfiyyətlərdən
bəhrələnə bilərlər.
Bu
kontekstdə dərnək rəhbərinin verəcəyi məlumatların
aşağıdakı şəkildə olması daha
faydalı nəticə verər:
Dinləyicidə "mənəviyyat"
bütövlüyü formalaşdıran
"Çahargah" maraqlı dramatik sujetə malikdir. Bir sıra mənbələrdə
"Çahargah"ın müəyyən süjetə
malik olması barədə fikir yürüdülür. Bizim fikrimizcə, bu süjet xəttinin
aşağıdakı mərhələlər üzrə
inkişaf etməsini müvafiq ardıcıllıqla şərh
etmək daha yaxşı və inandırıcı olar. "Maye Çahargah"dakı "Zəngi-şütür"
birinci mərhələnin ilk inkişaf dinamikasını təşkil
edir. Yəni qələbə əzmi ilə
döyüşə atılan ağıllı və tədbirli
bir sərkərdə ilkin olaraq suvarı və piyada qoşun
növündən əvvəl, dəvələrdən istifadə
edir. Döyüşə
hazırlaşdırılmış, xüsusi
döyüş qiyafəsində olan dəvələr, əvvəlcə
ahəstə hərəkət edərək, düşməni
vahiməyə salır. Bu vahimədən özünə
gəlməyən düşmən üzərinə gedən
dəvələr yerişlərini tədricən gücləndirir
və nəhayət,düşmənə
qarşı qaçmağa başlayırlar. İnstrumental
ifada özünü əks etdirən melodik avazlanmada bunu sezən
tamaşaçı ifaçının təxəyyülünün
məhsulundan razı qalmalıdır. Ona
görə də, guşənin bu məziyyətini
tamaşaçıya çatdırmaq üçün həmin
dramatik yozumu ifaçı əvvəldən işləyib
hazırlamalıdır. Çünki
kiçik bir texniki qüsur, xaric improvizə üslubu, dinləyicini
məyus edə bilər.
Göründüyü kimi, dramatik üslubda ifanın mənəvi
keyfiyyətlər aşılayan xarakterik xüsusiyyətləri
və bütün bunların kiçik detallarına qədər
izahı şagirdləri mənəvi cəhətdən
ruhlandırır. İfaçı şagirdlərdə
muğamın dramatik məzmunundan yaranan inamlılıq, cəsarətlilik,
mərdlik, mübarizlik, mətanətlilik, rəşadətlilik
kimi mənəvi keyfiyyətlərin ilkin elementləri
onların daxili aləmini zənginləşdirir.
Dəvə zəngini, ahəstə dəvə
yerişini, yavaş-yavaş ləngər vurub düşmənin
üstünə hücuma keçən dəvələri təxəyyüllərində
canlandıran ifaçı şagirdlərin mənəvi
dünyasında həm də qisas hissləri yaranır. Qarabağ
uğrunda gedən döyüşlərdə canını fəda
edən şəhidləri düşünən şagirdlərin
mənəvi dünyası təlatümə gəlir. "Zəngi şütör"ü sakit ifadan
dinamik həddə çatdıran ifaçı şagirdin ifa
etdiyi muğam parçası da onun üçün mənəvi
dəyər səviyyəsinə yüksəlir. Dərnək
rəhbəri "Bəstənigar" şöbəsini
öyrədəndə eyni mövqe tutaraq şagirdlərə
belə bir məlumat verməlidir:
- İlkin qələbədən sonra
döyüşçülər, yürüş
iştirakçıları lirik yanaşma mövqeyi tutur. Çünki
ilk qələbə qazanan gənc döyüşçülər
gözü yolda qalan analarını, bacılarını,
sevgililərini göz önünə gətirirlər. Öz ismət payı olan bəstə boy nigarı
düşünən gənc döyüşçü
öz qələbəsini həmin nigara ithaf edir. "Bəstənigar"ın dramatik sujeti belə
yozulur.
Bu sözün etimoloji mənası tamamilə üzdədir. Yəni "bəstə"
sözü klassik ədəbiyyatda "bəstəboy",
"boyu bəstə" kimi gözəlləri vəsf edən
təşbehlər kimi işlədilir. "Nigar"
sözü də "Ay üzlü nigar", "Ay
baxışlı nigar" kimi təşbeh ediləndə,
son dərəcə gözəl xanım nəzərdə
tutulur. "Bəstə Nigar" isə
son dərəcə gözəl olan, boyu isə qısa
olmağına baxmayaraq, bu qısalığın,
kiçikliyin ona yaraşdığı, bu boyun aşiqi qane
etdiyi diqqətə çəkilir. Muğamın bu
şöbəsinin "maye Çahargah"la "Hisar"
(Hasar) arasında bərqərar olması onu o qədər
gözəl, ləzzətli, qulağayatımlı, ürəkaçan
etmişdir ki, sanki "Bəstənigar" bu muğamın
zövqoxşayan, son dərəcə gözəl,
yaraşıqlı olan bəzəkli bir gəlinidir. Məhz ona görə "Bəstənigar"la
"Hisar"ın qovşağı estetik bədii zövqlə
mənəvi keyfiyyətlərin qovşağı hesab olunur.
Maraqlıdır ki, bu iki şöbənin hər
birində ürək oxşayan estetik bədii zövqdən
yaranan insanpərvərlik, ilqarlılıq, sadiqlik, dönməzlik,
təvazökarlıq, humanistlik kimi mənəvi keyfiyyətlər
həm dinləyici, həm də ifaçı şagirdləri
daxilən saflaşdırır.
"Bəstənigar"dan sonra "Hisar" gəlir. "Hasar"
kimi də təqdim olunan bu şöbənin adındakı
ikinci variantın mənasını heç də izah etməyə
ehtiyac qalmır. Çünki əvvəlcə
dəvələrlə hücuma keçərək
düşməni vəlvələyə salan sərkərdə,
sonradan piyadaların və süvarilərin gücü ilə
qələbəyə yol açır.
Muğamın
digər şöbələrinin, yəni "Müxalif"
və "Mənsuriyyə"nin də öyrədilməsində
yeniyetmələrin mənəvi keyfiyyətlərinin üzə
çıxarılaraq formalaşdırılmasında
xüsusi rolu var. Müəllim manitorda müğənni tərəfindən
ifa olunan "Müxalif" və "Mənsuriyyə"
şöbələrinin nümayiş etdirilməsindən
sonra göstərir ki, "Müxalif"in ifası zamanı
dinləyicinin daxili aləmini təlatümə gətirən
müğənninin avazı tədricən sərtləşir.
Bu sərtləşmə sanki qələbəyə
aparan yolu dəqiqləşdirir. "Müxalif"in
sonunda ritmik ahənglə başlayan "Mənsuriyyə"
qarşı tərəfin məğlubiyyətini bir növ təsdiq
və təqdim edir. Bütün bunlar bizdə
nikbin ruh yaradır.
Musiqi məşğələlərində
belə şərh "Çahargah" muğamını
dinləyən, ifa edən, öyrənən şagirlərdə
bir sıra mənəvi keyfiyyətlərin üzə
çıxarılmasını stimullaşdırır:
- Yeniyetmələrdə
məğlubiyyətlə barışmazlıq hissləri
baş qaldırır. Onlarda qələbə əzminə
inam yaranır;
-
Şagirdlərin yurdsevərlik, vətən uğrunda
canını qurban vermək kimi hissləri baş
qaldırır;
- Muğamın dinamik çalarları yeniyetmələrin
mübarizlik əhvalı-ruhiyyəsi yaratmaqla yanaşı,
onların mərhəmət duyğularına da qol-qanad verir.
Mehriban CƏFƏROVA
Naxçıvan Dövlət
Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2022.- 17 mart.- S.15.