Azərbaycan Milli Elmlər Akademiyasında
hansı islahatları və necə həyata keçirməli?
Lüdviq
Feyerbax haqqında tezislər: Filosoflar ancaq dünyanı
müxtəlif şəkildə izah etmişlər, mətləb
isə onu dəyişdirməkdan ibarətdir.
Elm - bəşəri mədəniyyətin çox vacib fenomeni olmaqla insan fəaliyyətinin xüsusi formasıdır. Ona görə də elmə və elm adamlarına olan münasibət də müəyyən xüsusiyyətlərə malik olmalıdır.
ABŞ milyarderi Henri Ford deyirdi ki, elm çətin peşədir, ona görə hər adam elmlə məşğul ola bilmir. Başqa sözlə rəssamlar, bəstəkarlar, şairlər, musiqiçilər və digər istedad tələb edən peşələr kimi elmlə hər adam yox, istedadı olan və həyatını elmə həsr etməyə hazır olan adamlar məşğul olmalıdır. Reallıqda isə bu heç də belə deyil. Bu gün elmə və elm adamlarının xeyli hissəsinə skeptik münasibətin formalaşmasında əsas səbəblərdən bəlkə də biri budur (“Radix mali”). Müvafiq sahədə istedadı olmayan heç kəs bəstəkar və ya rəssam olmağa çalışmır, lakin nədənsə çoxları hesab edir ki, elmlə hamı məşğul ola bilər. Bunun ilkin səbəbini ötən əsrin 50-60-cı illərində axtarmaq lazımdır. O dövrdə alim olmaq, ali məktəbdə dərs demək yüksək prestij, nüfuz və yüksək məvacib baxımından çox cəlbedici və eyni zamanda çoxları üçün əlçatmaz hesab edilirdi. Lakin zaman keçdikcə elm adamı olmaq üçün lazım olan tələblər SSRİ məkanında xeyli yumşalmağa başladı ki, bu da təsadüfi deyildi.
2-ci Dünya müharibəsindən sonrakı dövrdə SSRİ ilə ABŞ arasında elm sahəsində ciddi rəqabət gedirdi. Həmin dövrdə ABŞ senatı “millətin gələcəyi nədən aslıdır” sualına cavab vermək üçün professor Pimentalın sədrliyi ilə yaratdığı böyük bir komissiya 3 il işləyəndən sonra senata təqribən 1000 səhifəlik hesabat təqdim etdi. Komissiyanın gəldiyi son nəticə belə idi ki, millətin gələcəyi nə əhalinin sayından, nə ərazisinin böyüklüyündən, nə təbii sərvətlərindən, nə də hərbi qüdrətindən asılı olmayıb yalnız təhsilin və bununla sıx bağlı olan elmin səviyyəsindən asılıdır. Elə o dövrdən başlayaraq ABŞ elmi tədqiqatlar üçün yeni avadanlıq yaradılmasını və onlarla təchizatı ciddi artırdı. SSRİ-də isə ekstensiv (əməkdaşların sayının artırılması hesabına) inkişaf ilk vaxtlar özünü göstərsə də zaman geçdikcə ABŞ-dan daha çox geri qalmağa başladı. Elmə axının kütləvi xarakter alaraq sürətlə artması və elmi işçilərə olan tələbatın getdikcə zəifləməsi elmi səviyyənin də azalmasına gətirib çıxardı. Son 40 - 50 ildə bu meyllərin getdikcə güclənməsi və 90-cı illərdə baş verən hadisələrdən sonra daha da sürətlənməsi hazırda müşahidə edilən vəziyyətin yaranmasına səbəb oldu.
Dünya elminə bir çox görkəmli şəxsiyyətlər bəxş etmiş Azərbaycan, təəssüflər olsun ki, başqa respublikalar ilə müqayisədə 90-cı illərdə baş vermiş hadisələrdən, Qarabağ müharibəsindən daha çox əziyyət çəkmişdir. Dərin tənəzzül dövrü, ağır iqtisadi vəziyyət, sonralar bir birini əvəz edən tənəzzülün dayandırılması, dirçəlis, bərpa və son illərdəki inkişaf dövrləri müəyyən uğurlara gətirib çıxarsa da, inkişaf etmiş ölkələrin səviyyəsinə az da olsa yaxınlaşmaq və dünya elminə inteqrasiya kimi məqsədlər kifayət qədər mürəkkəb və ciddi islahatlar tələb edən bir problemə çevirmişdir.
Son vaxtlar AMEA-da tənəzzül, idarəetmədə nöqsanlar və maliyyənin azlığı haqqında müxtəlif və haqlı tənqidi fikirlər səslənir. Yeri gəlmişkən, məşhur “Xaç atası” filmində deyilən bir fikir çox maraqlıdır: “Bütün deyilənlər doğrudur, lakin heç də hamısı deyilməyib”. AMEA elmini müasir tələblərə cavab verən səviyyəyə çatdırmaq üçün “nə lazımdır” deyəndə ilk növbədə maliyyə azlığı, kadr problemi, elmi nəticələrin kommersiyalaşdırılması kimi fikirlər səslənir və dəfələrlə təkrar olunur. Lakin əsas mətləb ondan ibarətdir ki, müharibə şəraitində, işğaldan azad olunmuş ərazilərin bərpa prosesində, dünyada baş verən qlobal proseslər fonunda və bunlarla əlaqədar, Azərbaycan Respublikasının indiki iqtisadi durumunda innovativ inkişaf, elm və təhsilin real inteqrasiyası və digər məsələlər hansı islahatlar və ən vacibi, necə(!) həyata keçirilməlidir.
Son 30-40 ildə bəzi ölkələrdə başlayan islahatlar və onların nəticələrinə diqqət yetirsək əsrlərlə davam edən inkişaf nəticəsində formalaşmış ABŞ və Avropa ölkələrinin elmindən fərqli olaraq Çin, Cənubi Koreya və Sinqapur kimi ölkələrin təcrübəsi ilə qısa tanışlıq onların hər birinin elmin inkişafında özlərinə məxsus xüsusiyyətlərə malik olmasını üzə çıxarır.
Çin Elmlər Akademiyasında 1965-ci ildə 106 elmi mərkəz və 25 min tədqiqatçı olduğu halda, 10 ildən sonra “mədəni inqilab” nəticəsində cəmi 13 institut və 1800 alim qalmışdı. Çinin görkəmli dövlət, partiya və ictimai xadimi Den Syaopinin 1978-ci ildə ölkədə başladığı islahatların 4 əsas istiqamətləri: kənd təsərrüfatının, sənayenin, ordunun, elm və texnologiyaların modernləşdirilməsi 20-25 ildən sonra öz möhtəşəm bəhrəsini verməyə başladı. Hazırda Çində Dövlət Şurasının tərkibində Çin Elmlər Akademiyası, Çin Mühəndislik Akademiyası və Çin İctimai Elmlər Akademiyası fəaliyyət göstərir. 2019-cu ildə Çində Ümumdaxili məhsulun 0,4%-i elmə ayrılmışdı (Rusiyada bu rəqəm 0,2 % -dir). Bu gün Çin Elmlər Akademiyasında 68.000 adam fundamental tədqiqatlar sahəsində çalışır ki, onların da 56.000-i peşəkar alim və tədqiqatçıdır, 28.000-i professor və dosentlərdir. Çin Elmlər Akademiyasında 5 bölmə, 104 elmi-tədqiqat institutu, 12 sahə akademiyası və 3 universitet fəaliyyət göstərir. Çin İctimai Elmlər Akademiyasında hazırda 4.000-ə yaxın əməkdaş çalışır, 31 tədqiqat institutu və bir neçə tədqiqat mərkəzi fəaliyyət göstərir. Beynəlxalq reytinqin nəticələri göstərir ki, 2020 - ci ildə Çin elmi məhsuldarlığa görə dünyada 1-ci yerə çıxmışdır.
Əhalisi cəmi 5,5 mln olan Sinqapurda elm və texnologiyaların inkişafı üçün 70-ci illərdə təşkil olunan Elmi Şura 4 prioritet istiqamət müəyyən etdi: mühəndislik fəaliyyəti, təbii ehtiyatlar (onların istifadəsi daxil olmaqla), təbiət və ictimai elmlər. 80-ci illərin iqtisadi böhranı göstərdi ki, işçi qüvvə sahəsində Çin və Hindistan kimi nəhənglərlə rəqabət aparmaq mümkün deyil. 90-cı illərdə yaradılan elm və texnologiyalar üzrə Milli Şura, 2006-cı ildən isə fəaliyyət göstərən Milli tədqiqatlar fondu perspektiv elmi istiqamətlərin gündəliyini formalaşdırır və onlara maliyyə dəstəyi göstərir. Qeyd etmək maraqlı olar ki, özünün nefti, qazı və hətta içməli suyu olmayan Sinqapurda 50 il ərzində adam başına düşən ümumdaxili məhsul 80% artmışdır.
Əhalisi 1,5 mlrd və 5,5 mln olan 2 ölkədə elmi və texnologiyaların inkişaf yollarını qısa şəkildə xatırlayandan sonra Azərbaycan Milli Elmlər Akademiyası üçün mövcud şəraitə uyğun hansı islahatların məqsəduyğun olması haqqında bəzi düşüncələr və mülahizələrlə bölüşmək olar.
Hər şeydən əvvəl bir daha qeyd edilməlidir ki, Qarabağ hadisələri başlayandan indiyə qədər Azərbaycanın rastlaşdığı çətin problemlərə baxmayaraq ölkəmizin Prezidenti cənab İlham Əliyev elm və təhsilə həmişə qayğı göstərmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu, SOCAR-ın Elm Fondu, AMEA-nın büdcəsi hesabına maliyyələşən bəzi elmi layihələr alimlərin əməyini stimullaşdırmaq üçün müsbət rol oynamışlar. Eyni zamanda o da aydındır ki, elm bir yerdə dayanmır, daima inkişafdadır və A.Eynşteynin yazdığı kimi “velosipedçinin müvazinətini saxlaması üçün o həmişə irəli hərəkət etməlidir” prinsipi özünü göstərir.
AMEA-da ciddi problemlərin mövcudluğu inkar edilmir. Lakin nədənsə Azərbaycan
elmi haqqında deyilən bütün tənqidi fikirlər
yalnız AMEA-a ünvanlanır. Doğrudur, ölkədə tətbiqi və
fundamental tədqiqatların generatoru rolunu AMEA oynayır.
Lakin nəzərə almaq lazımdır ki, respublikada 130-dan
çox elmi müəssisə, AMEA-da isə 34 elmi tədqiqat
institutu var. Ölkədə elmi tədqiqatla məşğul
olanların (elmi işçilər və universitetlərin
kafedra əməkdaşları) cəmi 25%-i, elmlər və fəlsəfə
doktorlarının isə 30%-dən azı AMEA-da işləyir.
Buna baxmayaraq AMEA-nın Beynəlxalq reytinqlərdə göstərilən
elmi məhsuldarlığı digər elmi müəssisələrin
və ali məktəblərin birlikdə əldə
etdikləri elmi məhsuldarlıqdan aşağı deyil. Bu müqayisə heç də elmin ənənəvi
idarəetmə və maliyyələşdirmə sisteminin
saxlanılmasına əsas vermir. Əksinə
akademik elmin inkişafı və elmi nəticələrin
reallaşdırılması hökmən prinsipcə yeni
yanaşmaların tətbiq edilməsini, ciddi islahatların
keçirilməsini zəruri edir.
Hesab etmək ki, təkcə AMEA-da islahat aparmaqla ölkədə
elmin bütövlükdə səmərəsini yüksəltmək
mümkün olacaq, səhv fikir olardı. AMEA-da islahatların təcrid
olunmuş şəkildə aparılması çətin ki,
müsbət nəticə versin. Bu məsələ
şübhəsiz ki, sosial və iqtisadi sahələrdəki
tərəqqi və islahatlarla əlaqəli şəkildə
həyata keçirildiyi halda baxılması arzu olunan nəticəni
verə bilər. Elm və təhsil tərəqqinin
qoşa qanadıdır. Hər iki sahədə
islahatların aparılması uzun müddətli, ətalətli
proses olub ən yaxşı halda öz bəhrəsini 8-10 ildən
sonra verə bilər. Bu dövrdə vacib olan vəzifələrin
həyata keçirilməsində dövlət dəstəyi
ilə yanaşı elmi müəssisələrin özlərindən
də asılı olan müəyyən daxili islahatların həyata
keçirilməlidir:
- elmi
müəssisələrdə əməkdaşların ciddi və
obyektiv attestasiyası bal-reytinq sistemi əsasında
keçirilməli, elmi məhsuldarlıq baxımından
kollektivlər “sağlamlaşdırılmalı”, əməkdaşların
sayı həll ediləcək problemlərə uyğun olaraq
nizamlanmalı, elmi işçilərin əməkdaşların
ümumi sayına olan nisbəti
optimallaşdırılmalı, bir əməkdaşa
düşən elmi məhsuldarlıq yüksəldilməli,
beynəlxalq qrantlar müsabiqəsində fəallıq
artırılmalıdır;
- AMEA-da
mövcud olan təbiət elmləri bölmələri ilə
ictimai və humanitar elmləri bölmələrinin
xüsusiyyətləri nəzərə alınmaqla onların
elmi fəaliyyətinin qiymətləndirilmə meyarları,
idraəetmə və maliyyələşdirmə
üsulları fərqləndirilməlidir. Lakin istənilən
halda akademik elm novatorluq, inkişaf, yeni texnologiyalardan istifadə
və çevik biznes təşkili baxımından perspektivli
olmalıdır;
- elmi müəssisələrin fəaliyyətində
əsas tələb həll ediləcək problemin
düzgün və konkret qoyulması, xırda, əhəmiyyətsiz,
uzun illər mühüm nəticəsi olmayan mövzuların
kəskin azaldılması olmalıdır. Bu
yolla elmi nəticələrin reallaşmasına, onlara ehtiyac
olmasına nail olmaq olar. Nahaq yerə demirlər
ki, problemin düzgün qoyuluşu onun həllinin
yarısını təşkil edir. Problemlərin
prioritetlərə görə seçilməsi və elmi
müəssisənin profilinə uyğun onların
sayının müəyyənləşdirilməsi ekspertiza əsasında
həyata keçirilə bilər;
- təbiət elmləri sahəsində
fundamental tədqiqatların yüksək səviyyədə
aparılmasında müasir avadanlıq parkının
yaradılması ilə bərabər, həm də onların
təmirinə və servisinə xüsusi diqqət tələb
olunur. Bu sahədə əsas problem qiymətli cihaz və
avadanlıqların təkcə
çatışmamazlığında deyil, onların
heç də hamısının işlək vəziyyətdə
olmamasında və lazımı problemlərin həllinə cəlb
edilməməsindədir;
-
AMEA-nın strukturu bir daha baxılmalı, profilcə yaxın
olan bir neçə institut bazasında oxşar məqsədi
və proqramı olan elmi mərkəzlərin
yaradılması, lüzumsuz qurumların birləşdirilməsi
və ya ixtisar edilməsi, yeni elmi-innovasion strukturların
yaradılması nəzərdən keçirilməlidir. Dünya praktikasında əməkdaşların
sayı çox olmayan, lakin konkret məqsədi olan elmi tədqiqat
institutları üstünlük təşkil edir. Bu baxımdan institutların birləşdirmək
yolu ilə daha da iriləşdirilməsi əvəzinə əməkdaşların
sayı çox olan institutlarda bilavasitə elmi
araşdırmalarla məşğul olmayan əməkdaşların
sayını minimuma endirmək, bunun hesabına məhsuldar
işləyən tədqiqatçıların maddi durumunu
yaxşılaşdırmaq daha məqsədəuyğun
olardı.
Ümumiyyətlə,
Azərbaycan elminin tərəqqisi, müasir
çağırışlara və tələblərə
cavab verən səviyyəyə yaxınlaşması
üçün təkcə AMEA-nın daxilində
aparılan islahatlar
kifayət deyil. Elmə və elmi
işçilərə olan tələblər, münasibətlər
və onların statusu köklü surətdə dəyişməlidir.
Bu isə yalnız dövlətin xüsusi qanunları,
Dövlət başçısının müvafiq fərman
və sərəncamları əsasında mümkün ola bilər. Onlardan ən vaciblərinə diqqət
yetirmək olar:
- keyfiyyətli təhsil olmadan elmi tərəqqiyə
nail olmaq mümkün olmadığından elm və təhsildə
islahatların paralel və əlaqəli şəkildə
aparılması üçün ümumi konsepsiyanın
hazırlanması məqsədəuyğun olardı;
- gənc tədqiqatçıların AMEA-da
sayını artırmaq, onlara dəstək olmaq
üçün yeganə yol onların maddi təminatının
yaxşılaşdırılması, tədqiqat aparan
istedadlı gənclər üçün müxtəlif
adlı təqaüdlərin təsis edilməsi, xarici elmi mərkəzlərə
təcrübə keçmə və ya doktorantura təhsili
üçün göndərilməsi, müasir cihaz və
avadanlıqda işləyə bilən kadrların
hazırlanmasında önəmli güzəştlərin nəzərdə
tutulmasıdır;
- nəzərə
almaq lazımdır ki, gənc nəsildən bizim kimi
olmağı, bizim kimi düşünməyi tələb etmək
özu yaşlı nəslin eqoizmindən başqa bir şey
deyil. Müasir gəncliyi daha çox qısa müddətli və
yaxın gələcəyin perspektivləri, nəticənin
daha tez əldə edilməsi, onun maraqlı və təminat
nöqteyi nəzərindən cəlbedici olması daha
çox maraqlandırır;
- fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün təbiət və ictimai elmlər sahəsində
müdafiə edən iddiaçılara bu elmlərin
xüsusiyyətləri nəzərə alınmaqla Ali
Attestasiya Komissiyasının tələbləri eyni
olmamalıdır. Müdafiə etmək
üçün çoxlu sayda sənədlərin
toplanması və tələb edilməsi bir çox
istedadlı, lakin maddi imkanları aşağı olan gənclərin
elmdən uzaqlaşaraq başqa sahələrə getməsinə
gətirib çıxarır. İctimai elmlərdən
fərqli olaraq eksperimentlərə əsaslanan təbiət
elmləri sahəsində gənc doktorantın mono-məqalə
çap etdirməsi kimi tələblər heç bir məntiqə
uyğun gəlmir;
- ölkədə
təbiət və texnika elmləri sahəsində
çalışan istedadlı gənc kadrları elmdə
saxlamaq üçün xarici ölkələrdə olduğu
kimi 2 mərhələli müdafiə sistemi ləğv edilməli,
fəlsəfə doktoru hazırlığı üzrə 4
illik əyani doktorantura saxlanılmalı (yüksək səviyyəli
təhsil proqramları əlavə edilməklə), elmlər
doktoru dərəcəsi isə AAK-ın onsuz da tələb
etdiyi nüfuzlu “Web of Science”, “Scopus” bazalarına düşən
jurnallarda çap olunan məqalələrə, nəşr
olunan sanballı monoqrafiyalara, dəvət olunan məruzəçi
qismində beynəlxalq konfrans və konqreslərdə
çıxışlara, qalibi olduğu qrantlara görə,
bir sözlə, çap edilmiş əsərlər
külliyatına görə, dissertasiya tərtibatına və
müdafiəsinə 2-3 il vaxt itirmədən və emosional gərginlik
keçirmədən verilməlidir. Bu qayda gənc fəlsəfə
doktorlarının böyük həvəslə elmi müəssisələrdə
tədqiqatlarını davam etdirmək üçün
çox önəmli stimul ola bilər;
- AMEA-nı
təkcə tətbiqi işlərlə məşğul olan
qurum kimi təsəvvür etmək yanlışlıq
olardı. Fudnamental tədqiqatlara əsaslanmayan
məhsullar və texnologiyalar çətin ki, rəqabətə
davam gətirsinlər. İnnovativ
inkişaf üçün yeni ideyalar və yüksək
texnologiyalar önəmlidir, onların əsasında isə
fundamental tədqiqatlar durur. Lakin fundamental tədqiqatlar
da yalnız məqalə çap etdirmək və dissertasiya
yazmaq xatirinə olmamalı, onların ölkə əhəmiyyətli
konkret hədəfi olmalıdır. 10
mln əhalisi olan ölkədə fundamental elmin geniş cəbhəsi
üzrə tədqiqatlar aparmaq qeyri-mümkündür.
Ona görə də fundamental elmlər üzrə prioritetlər
ciddi şəkildə müəyyənləşdirilməli
və ölkənin iqtisadi mənafeyinə
uyğunlaşdırılmalıdır;
- ümumtəhsil müəssisələrindən
başlayaraq xarici dillərin öyrənilməsi prioritet elan
edilməli, gənclərdə heç olmasa ingilis dilini
mükəmməl bilmək vacib meyarlardan biri olmalıdır.
Müasir dünyada xarici dil bilmədən
böyük elmi uğurlar əldə etmək, yüksək mənsəbə
qalxmaq qeyri mümkündür. Bir misal,
Qazaxıstanda yüksək vəzifəyə təyin olunmaq
üçün azı iki xarici dil bilmək tələb
olunur. İngiltərədə professor vəzifəsini
tutmaq üçün bir neçə xarici dil bilmək
vacibdir. Ona görə təhsilin magistratura və
doktorantura səviyyəsinə qəbul olunanlar xarici dil
sertifikatına malik olmalıdırlar;
- elmi
müəssisələrdə çalışan sıravi əməkdaşlar
və fəlsəfə doktorları üçün nisbətən
yuxarı yaş həddi (məsələn, 65-70 və 70-75)
müəyyən edilməli, müstəsna hallarda
işçilərin ümumi sayının müəyyən
faizindən çox olmamaq şərtilə 1 illik müqavilə
ilə işə cəlb etmək hüquqi verilməlidir. Elmlər
doktorları üçün yaş həddi fəlsəfə
doktorlarına nisbətən daha yuxarı ola
bilər. Eyni zamanda elmi işçilərin təqaüd təminatı
bir qədər də
yaxşılaşdırılmalıdır;
- satınalma,
tender, kotirovka prosedurlarında, ölkəyə valyuta gətirən
beynəlxalq elmi qrantların qeydiyyatında, vergilərin
tutulmasında akademik elmin xüsusiyyətləri nəzərə
alınmalı, bu prosedurlar elmi müəssisələr və
başqa təşkilatlar üçün fərqli
olmalıdır. Elmi tədqiqat institutlarının rəhbərləri
satınalma mübahisələri və digər təsərrüfat
işləri əvəzinə elmi problemlərə vaxt
ayırması daha çox səmərə verər;
Bütün bunlarla yanaşı nəzərə
alınmalıdır ki, islahatlar zamanı tələsik və
əsaslandırılmamış radikal qərarlar qəbul etmək
də yol verilməzdir. Qeyd edildiyi kimi elmdə islahatların nəticə verməsi
müəyyən vaxt, maliyyə və səbr tələb edir. Bunların
hər üçünün müasir dövrümüzdə
defisit olmasına baxmayaraq, bəzi MDB ölkələrində
özünü doğrultmayan “islahatları” təkrar etməkdən
sığortalanmaq lazımdır. AMEA-da yaxşı
nə varsa onları qoruyub saxlamaq, daha da təkmilləşdirməklə
yanaşı müasir tələb və
çağırışlara cavab verməyən,
inkişafı tormozlayan hər şeyə qarşı qəti
mövqe tutmaq lazımdır. Elmin
özünə, elmin təşkilinə elmi obyet kimi baxmaqla
C.Bernalın, R.Mentonun və digər alimlərin
formalaşdırdığı, bu gün də xüsusilə
mühüm əhəmiyyət kəsb edən elmin
sosiologiyasının əsas prinsiplərindən olan elmdə
düzgünlük və vicdanlılıq, plagiata
qarşı mübarizə kimi əsas tələblər
öz aktuallığını saxlamalıdır.
Hazırda müxtəlif alimlərin AMEA-nın cəmiyyətdə
yeri, inkişaf etmiş ölkələrlə müqayisəsi
və təklif olunan islahatlarla bağlı maraqlı fikiləri
mətbuatda çap olunur. Səriştəli
alimlər tərəfindən belə müzakirələrin və
fikir mübadiləsinin aparılması müsbət
haldır. Lakin görünür təkcə
arzu olunan təkliflər vermək kifayət deyil.
Dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin
də iştirak etdiyi xüsusi komissiyanın, və ya daha
yaxşı olar
ki, ölkə başçısının
bilavasitə tabeliyində olan Ali Elmi şuranın
yaradılmasına, Azərbaycanda elmi tərəqqini təmin
edə biləcək təsirli real addımların
atılmasına və özünü doğrultmayan bir
çox köhnəlmiş qaydaların ləğv edilməsinə
böyük ehtiyac var. Elmdə müxtəlif neqativ hallarla qarşı
ciddi mübarizə aparılmalı, keyfiyyət kəmiyyətə
qurban verilməməlidir.
Ümid etmək olar ki, elm, təhsil və dövlət
qurumlarının nüfuzlu nümayəndələrinin təmsil
olunduğu səlahiyyətli qurum ciddi işlər aparacaq, millətin
gələcəyi üçün vacib olan elmi strategiyanı
və prioritetləri müəyyən edəcəkdir.
Dilqəm
TAĞIYEV, AMEA-nın vitse-prezidenti, akademik
525-ci qəzet.- 2022.- 17 mart.- S.10-11.