"Əlvida, Rüstəm!"  

 

Xalq yazıçısı Rüstəm İbrahimbəyov I Fəxri Xiyabanda torpağa tapşIrIldI

 

Martın 15-də sənət asimanını qara buludlar aldı, hər tərəf, köhnə filmlərdə olduğu kimi, ağ-qara rəngə boyandı. Həmin gün Bakı küçələri Rüstəm İbrahimbəyovun filmlərinə bənzəyirdi; insanlar tələsir, maşınlar şütüyürdü, hava isə... külək elə əsirdi ki... Rüstəm İbrahimbəyovun əsərləri həyatın özü idi, bütün sifətləri ilə, orijinal... İbrahimbəyov son ssenarisini yazmışdı, insanlar ondan bəhs edir, onu xatırlayırdılar. Bakıda - ana Vətəninin paytaxtında insanlar onu gözləyirdilər. Yox, bu dəfə ssenarini özü yox, tale yazmışdı. O isə bu ssenarinin tək iştirakçısı idi. İbrahimbəyov "Bir cənub şəhəri" ilə vidalaşırdı. Onun ölümünü isə zamana bağışlamaq olmazdı. "Ölsəm, bağışla"nın musiqisi martın 11-dən etibarən zümzümələrdə hüzn valsına çevrilmişdi.

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, dramaturq, kinorejissor Rüstəm İbrahimbəyov martın 10-dan 11-ə keçən gecə, uzun sürən xəstəlikdən sonra Moskva şəhərində vəfat etdi. Onun vəfatı nəinki Azərbaycan, Rusiya ictimaiyyəti üçün, hətta dünya kinematoqrafiyası üçün ağır itki oldu. Xalq yazıçısının vəfatından sonra qələmə alınan elegiyalar, ünvanlanan başsağlığılar bunun bariz ifadəsi idi.

Görkəmli yazıçının nəşi martın 15-i axşam radələrində Azərbaycana gətirildi. Vida mərasiminin "Nizami" kino mərkəzində keçiriləcəyi barədə öncədən məlumat yayılmışdı. Deyilən ərəfədə vida ünvanına yollananda beynimdə bir sual yarandı: "İnsan görüşmədiyi bir kəslə necə vidalaşa bilər? Məgər vida görüşlərin həzin sonu deyilmi?" Elə həmin bu suallara cavab tapdım. İbrahimbəyov onun timsalında ömrünü Azərbaycan incəsənətinə mədəniyyətinə həsr edən digər sənət xadimləri bizimlə yaxşı tanış idilər, öz bəstələri, ifaları, ssenariləri, obrazları, filmləri, tamaşaları, rəsmləri ilə ailəmizin bir üzvü olmuşdular. Biz öz doğmamızla - estetik zövqümüzün formalaşmasında əvəzsiz rolu olan, kino tariximiz üçün unudulmaz nümunələr ərsəyə gətirən Rüstəm İbrahimbəyovla vidalaşmağa tələsirdik.

Vida mərasimində dövlət rəsmiləri, görkəmli incəsənət xadimləri, kino teatr aktyorları, rejissorlar, yazıçılar, şairlər, tərcüməçilər iştirak edirdilər. Hamı xatirə pıçıldayır, filmlərdən sitatlar gətirirdi. Kədər bu əzəmətli binanı öz ağuşuna almış, sütunlarına bozumtul rəng vermişdi. Bu itki, ən çox, İbrahimbəyovun dostlarını ağrıdırdı. Onlar təkcə İbrahimbəyovla yox, həm onun timsalında neçə-neçə canlı xatirələr ilə vidalaşırdılar.

Vida mərasimini Xalq yazıçısı Çingiz Abdullayev açaraq, Rüstəm İbrahimbəyov şəxsiyyətinin miqyasından bəhs etdi, onunla bağlı xatirələrini danışdı. Qeyd etdi ki, bu itki ilə bağlı neçə-neçə ölkədən başsağlığı məktubları ünvanlanır, həmin məktubların sayı-hesabı yoxdur: "Rüstəm deyirdi ki, əgər ləyaqətlə yaşasan, sənin dəfninə ləyaqətli insanlar gələcəklər. indi onlar gəliblər, burdadılar".

Mədəniyyət naziri Anar Kərimov mərhum yazıçının çoxşaxəli yaradıcılığı barədə fikirlərini bölüşdü, Rüstəm İbrahimbəyovun qazandığı mükafatlar, imza atdığı nailiyyətlər haqqında söhbət açdı. Nazir bildirdi ki, Rüstəm İbrahimbəyovun vəfatı Azərbaycan ictimaiyyəti üçün olduqca böyük itkidir bununla əlaqədar mərhumun yaxınlarına, dostlarına, ümumən, Azərbaycan xalqına hüznlə başsağlığı verdi.

Rusiyanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Mixail Boçarnikov Rüstəm İbrahimbəyovun Azərbaycan Rusiya arasındakı mədəni əlaqələrin inkişafındakı müstəsna xidmətlərini qeyd edərək vurğuladı ki, Xalq yazıçısının yoxluğu Rusiya kinosu üçün böyük itkidir.

Rüstəm İbrahimbəyovla 60 ilə yaxın dostluq edən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar dedi: "Rüstəmin vəfatı ilə kino, ədəbiyyat, teatr böyük sənətkarını itirdi. Azərbaycan böyük oğlunu itirdi. Mən 60 illik etibarlı dostumu itirdim. Mənim üçün bu sözləri demək ağırdır. Rüstəm 20-ci 21-ci əsrlərin övladı idi. Amma mənə elə gəlirdi ki, o, ləyaqətinə, mərdanəliyinə, qeyrət namus anlayışlarına görə orta əsrlərdən gəlmiş bir cəngavərdir. Rüstəm bir müddət Bakıdan uzaqda yaşasa da, ürəyi Azərbaycanla döyünürdü Azərbaycan haqqında hər şeyi bilirdi. Moskvaya yolum düşəndə soruşurdum ki, Rüstəm, Azərbaycanda var, yox? Hər şeyi dəqiq bilirdi. Rüstəm Qara Qarayev, Tahir Salahov, Müslüm Maqomayev kimi, son illər Azərbaycandan kənarda yaşasa da, əbədilik Azərbaycan torpaqlarına qayıtdı".

 

Xalq yazıçısı Anar sonda Rüstəm İbrahimbəyovun da ruhunu şad edəcək bir təşəbbüs irəli sürdü: "Rüstəmin əsərlərini bizim yaşatmağımıza ehtiyac yoxdur. O əsərlər özləri yaşayacaqlar. Onun nəsri, dramturgiyası, ssenariləri daim yaşayacaq. Amma onun bir yadigarını yaşatmaq bizim borcumuzdur. Mən burdan əlaqədar təşkilatlara müraciət edirəm ki, Rüstəmin yaratdığı balası kimi bəslədiyi "İbrus" Teatrını yaşatmalıyıq, o teatr sıradan çıxmamalıdır. Əlvida, Rüstəm, dostum, qardaşım..."

Anar müəllimin "Əlvida, Rüstəm" sözləri vida mərasimindəki hər kəsi kövrəltdi bu hüznlü kəlmələr başqa dodaqlarda da səsləndi.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Rüstəm İbrahimbəyovun mükəmməl sənətkarlıqla yanaşı, yüksək insani keyfiyyətləri barədə söhbət açdı. Onunla sənət barədə müzakirələrin çox qiymətli olduğunu vurğuladı. Xalq rəssamı bildirdi ki, Rüstəm İbrahimbəyovun yeri daim görünəcək, onun yoxluğu hər zaman hiss olunacaq.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin çıxışı olduqca təsirli idi: "Rüstəm dənizi sevirdi. Ona görə dənizin yaxınlığında bağ evi tikdirmişdi. Bəzən dəniz həmin bağa hücum çəksə , Rüstəm , qardaşı Maqsud da həmişə dənizlə mübarizədə qalib gəldi".

Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin "Kino-televiziya sənətləri" kafedrasının müdiri, professor Rafiq Quliyev görkəmli kinodramaturqun Azərbaycan dünya kinosundakı əvəzsiz xidmətləri, özünəməxsus dəsti-xətti, yüksək peşəkarlığı barədə fikirlərini bölüşdü. Özündən sonra böyük məktəb formalaşdırdığını, gənc nəsil üçün örnək olduğunu vurğuladı.

Vida mərasiminin sonunda Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov bütün gələnlərə minnətdarlığını bildirdi atasının son vəsiyyətini yerinə yetirərək dedi: "O, son sözündə bütün dostlarına salam söylədi. Dedi ki, əgər ölsəm, mənim bütün köhnə dostlarımı qucaqla, onlara sevgimi çatdır". 

Rüstəm İbrahimbəyovun nəşi vida nitqlərindən sonra I Fəxri xiyabana aparıldı mərhum sənətkar orada vətən torpağına tapşırıldı. Dəfndə mədəniyyət naziri Anar Kərimov digər rəsmilər iştirak edirdilər. Qardaşı Maqsud İbrahimbəyova digər qələm yoldaşlarına qovuşacaqdı böyük sənətkar... Dəfndə İbrahimbəyovun ssenarilərində rol alan aktyorlar sonuncu dəfə onu deyib gəlmişdilər. Bu dəfə isə, əllərində ssenari ilə yox, ürəklərindəki kədərlə geri qayıdacaqdılar.

O anlarda Qurani-Kərimdən ayələr "Çahargah" ladında oxunurdu, təsirli, yanıqlı... Birdən gözüm unudulmaz xanəndə Həqiqət Rzayevanın məzarına sataşdı. Rüstəm İbrahimbəyovun üzərinə sərilmiş yaşıl xaranı müvəqqəti olaraq Həqiqət xanımın məzarının üzərinə qoymuşdular. Ağacların budaqları titrəmədi, külək dayandı, günəşin şəfəqləri parladı, "Çahargah"ın sirli ahəngi bir az da yüksəlib ətrafa yayıldı. Həqiqət xanımın ruhu mollanın avazına dəstək olmuşdu, sanki... bu avaz İbrahimbəyov üçün layla kimi səslənirdi.

 

Anar müəllim demişkən, "Əlvida, Rüstəm!"

 

  Nadir Yalçın

 

525-ci qəzet.- 2022.- 17 mart.- S.8.