İşıq olan yerdə...  

 

UNUDULMAZ İNSAN HAQQINDA XATİRƏLƏRİM

 

Şahmar Ələkbərovun ruhuna

 

1984-cü ilin erkən yazı idi. Universitetin 4-cü kursunda oxuyurdum. Bir gün əməkdaşlıq etdiyim "Bakı" qəzetindən sevimli aktyorumuz Şahmar Ələkbərov haqqında yazı hazırlamaq tapşırığı aldım.

 

Telefonunu tapıb həyəcanla zəng vurdum. Dəstəyi özü qaldırdı. Neçə-neçə dublyaj filmlərindən (xüsusilə də hind filmlərindən), habelə öz istehsalımız olan ekran əsərlərindən mənə tanış və doğma səsi eşidən kimi bütün həyəcanım, səksəkəm çıxıb getdi öz işinin dalınca. Mənə elə gəldi ki, hər gün ünsiyyətdə olduğum doğma insanla, tay-tuşumla danışıram.

 

Niyyətimi bildirdim. Şahmar müəllim soruşdu: 

 

- Sən həmin qəzetdə işləyirsən?

 

Dedim:

 

- Xeyr, Şahmar müəllim, tələbəyəm... - və dərhal da xəfif bir nigarançılıq yenidən məni çulğaladı.

 

Gözlədiyimin əksinə olaraq Şahmar müəllim gur, şaqraq səslə dedi:

 

- Lap yaxşı. Tələbə yazısının özgə ləzzəti var. Sabah filan vaxtda səni evdə gözləyirəm.

 

Ertəsi gün deyilən vaxtda qapılarıını döydüm. Şahmar müəllim məni 50 ilin tanışı, dostu kimi qarşıladı. Çay süfrəsi arxasında maraqlı, səmimi söhbət etdik. Təkcə kinodan yox, başqa mövzularda da danışdıq və mən gördüm ki, həmsöhbətim istedadlı aktyor olmaqla yanaşı, həm də xalqını, vətənini sevən işıqlı, koloritli bir insandır.

 

Yazını yazıb təhvil verdim. Bəyəndilər, amma səhifəyə yox, "zaqona" qoydular. Nisbətən yaşlı nəsli təmsil edən həmkarlarım xatırlayar - o vaxtlar qəzet redaksiyalarında ehtiyat yazılar yığılan qovluq belə adlanırdı. Mənim yazımın da ora düşməyi müəyyən mənada gözlənilən idi. O dönəmlərdə qəzetlərdə, xüsusilə də partiya-sovet orqanlarında yalnız çoxlu və gurultulu titulları olan sənət adamları barədə yazıları səxavətlə verirdilər. Şahmar müəllim isə ümumxalq sevgisi qazanmış aktyor olsa da, sadəcə Əməkdar artist idi (?!.) Üstəlik, yazının müəllifi - yəni mən də tanınmış jurnalist yox, adicə tələbə idim.

 

Əlqərəz, yazının dərc olunması döndü divin xəlbirlə su gətirməsinə. 1 ay, 2 ay, 3 ay - xəlbir dolmadı ki, dolmadı. Ürəyimdə yazını, necə deyərlər, dəfn edib, fatihəsini oxudum...

 

İyulda bizi Neftçalanın Bankə qəsəbəsindəki hərbi hissəyə ay yarımlıq hərbi toplanışa apardılar və səhərdən axşama kimi dəhşətli istilər və arı boyda ağcaqanadlarla mübarizədə keçən günlərin birində pivə içmək üçün rayon mərkəzinə gedən dostlardan biri əlində "Bakı" qəzetinin yeni nömrəsi mənə yaxınlaşıb deyəndə ki, bəs təbrik edirəm, qəzetdə yazın çıxıb, nə hisslər keçirdiyimi təsəvvür edin...

 

Deyəsən, hansısa bir insaflı kəs xəlbirin deşiklərinin gözünü nə iləsə  suvamışdı ki, tələbə də sevinsin...

 

Şəhərə dönən kimi ilk növbədə Şahmar müəllimə zəng vurdum. Yenə də həmin şaqraq səslə məni təbrik etdi, dedi, mənim haqqımda ən yaxşı yazını elə sən yazmısan!

 

...Bir neçə ildən sonra Şahmar müəllim ağır, sağalmaz xəstəliyə tutuldu, mürəkkəb cərrahiyyə əməliyyatlarına məruz qaldı, siması dəyişdi, o gözəl, məxmər kimi yumşaq səsdən əsər-əlamət qalmadı və Şahmar müəllim mənim qənaətimə görə, onu qarşıda gözləyən ölümün acığına, ölümü ləngitmək, azdırmaq üçün rejissorluğa keçdi - əvvəlcə Mərkəzi Televiziyanın sifarişi ilə "Sahilsiz gecə", sonra isə öz ssenarisi üzrə "Qəzəlxan" filmini çəkdi.

 

Şahmar Ələkbərov ən böhranlı vəziyyətlərdə belə həyatsevərliyini itirməyən, ümidsizliyə təslim olmayan nikbin insan idi.

 

"Sahilsiz gecə" Mərkəzi Televiziya ilə nümayiş olunanda bütün respublikalar kimi Azərbaycanda da qaragüruhun xilaskar imicində at oynatdığı dönəmlər idi. Bir gün qəzetlərin birində oxudum ki, azərbaycanlı qadınlar kinostudiyanın qarşısında piket keçirir, "Sahilsiz gecə" filmində guya bizim qadınların namusunu ucuz tutub onları biabır elədiyinə görə Şahmarı tələb edirlər ki, onunla haqq-hesab çəksinlər. Açıq-aşkar görünürdü ki, bu, ya kütlə təfəkkürünün dayazlığının nəticəsi, ya da hamam suyundan özünə dost tutanların fitnə-fəsadından başqa bir şey deyil. Çünki filmdə nəinki bu motivlərə işarə, heç onun izi-tozu da yox idi. Əksinə, Şahmar müəllim 30-cu illərdə qeyrətli Azərbaycan kişilərinin repressiyaya məruz qalmalarının həyatda öz dayaqlarını itirən qızların taleyinə necə ağır, sarsıdıcı zərbələr vurduğunu incə nüanslarla, ürək ağrısı ilə əks etdirmişdi.

 

Mən onda artıq "Bakı" qəzetində işləyirdim. Həmin o həyəcanlı dəqiqələrdə başa düşdüm ki, əgər səsimi qaldırmasam, Şahmarı bu qaragüruhun caynağından qurtarmağa az da olsa kömək etməsəm, mənim gələcəkdə göstərəcəyim jurnalistlik  fəaliyyətimin heç qara qəpik qədər qiyməti olmayacaq.

 

Gecə oturub "Sahilsiz gecə"yə sərhədsiz iradlar" sərlövhəli böyük bir məqalə yazdım. Ertəsi gün onu "Ədəbiyyat və incəsənət" qəzetinə təqdim etdim və dünyanın ən nəcib, obyektiv insanlarından biri olan Nəriman Həsənzadənin xeyir-duası ilə yazı növbəti nömrədə dərc olundu.

 

Əlbəttə, beyni qızmış qaragüruhun bu yazıdan nəsə qanacağı ehtimalı çox az idi. Amma bir neçə gün sonra elə mənim özümə də hədə-qorxulu məktublar gəlməyə, zənglər edilməyə başlayanda başa düşdüm ki, az da olsa istəyimə nail olub diqqəti Şahmardan yayındıra bilmişəm.

 

Sonralar Şahmar müəllim radio verilişlərindən birinə müsahibəsində bu hadisəni minnətdarlıqla xatırlamışdı.

 

Şahmar müəllim son illər xatirələrini yazmağa başlamışdı. Onun bir hissəsi "Qobustan" jurnalında "İş belə düşdü..." sərlövhəsi ilə dərc olundu. Şahmarın özü kimi son dərəcə səmimi, özü də respublikada bu janrda qələmə alınan ilk yazı idi. Amma nədənsə bu maraqlı xatirələrin ardı gəlmədi. Belədə Şahmara telefon açdım, yazını davam etdirməyin zəruriliyini dedim... Şahmar müəllim nəyə görəsə köks ötürdü - "Baxaq da, imkan olsa, möhlət verilsə, davam edərəm" - dedi. Bir az ordan- burdan danışdıq və sağollaşdıq.

 

Nə biləydik ki, zalım əcəl yaxında imiş, lap yaxında...

 

Nur içində yat, gözəl insan!!

 

40-CI OTAQ, YAXUD XALİDƏ QULİYEVANIN MİLLİSİ, NAZLISI VƏ...

 

Xalidə Quliyeva kinomuzda qəfildən peyda oldu - Nəiminin qızı, varisi Fatimə rolunda və elə bu obrazla da o, yaradıcılıq məramını bir dəfə və həmişəlik bəyan etdi: səmimiyyət!

 

 

 

Onun saçı oğlan saçı kimi qırxılmış Fatiməsi qənisiz gözəllər gözəli deyildi, amma zahiri görkəmindəki adilikdə, sadəlikdə qəribə bir cazibə vardı - həmişə, hər yerdə ehtiyac duyduğumuz, görməmişi olduğumuz və bu günlərdə tamarzı qaldığımız səmimiyyət cazibəsi.

 

Fatimənin Nəsimiyə bəslədiyi gizli sevgi, atasına olan övlad məhəbəti, kəcavəni boş gördüyü dramatik məqamlarda, atasının edam olunduğunu izlədiyi gərgin, faciəvi anlarda yaşadığı dəhşətli hisslər, "Könlümdəki yalnız sənsən" - deyərək nəhayət, sevgisini bildirib Nəsiminin köksünə sığındığı məqamda yaşadığı xoşbəxtlik bu gənc qızın mehriban (amma bir az da çaşqın) nəzərlərindən, hər cür süni effektlərdən uzaq təbii jestlərindən "oxunur", tamaşaçını neçə yüz il əvvəl baş vermiş hadisələrin, yaşanmış hisslərin təbiiliyinə inandırırdı.

 

Sonralar kinomuzda Milli ("Tütək səsi"), Nazlı (Qoca palıdın nağılı)... obrazları doğuldu və Xalidə xanım bu obrazların bədii portretlərini də səmimiliyin və təbiiliyin vəhdətində əsl Azərbaycan zənənlərinə xas koloritli boyalarla rəsm etdi.

 

İsfəndiyar kişinin "şirin uşaq", Qılınc Qurbanın isə "içində şeytan gizlənmiş məxluq" adlandırdığı Millinin xarakterini əslində elə bu şkalada - qeyri-səlis məntiqin qanunları ilə 2 qütb arasındakı rəngarənglikdə açmaq düzgün olar. Amma kiçik bir dəqiqləşdirmə ilə - zahirən həqiqətən də şirin uşaq olan Millinin içindəki şeytan yox, bütün kənd əhlinin - qocaların, qarıların, anaların, gəlinlərin... payına düşən dərddir, kədərdir. Bu dilli-dilavər qız onları sındırmamaq üçün bu boyda dərdi, kədəri öz içinə transfer edir, öz ağrı-acısı kimi gizli saxlayır, bu dərdi özü yaşayır.

 

Gərək nə qədər böyük ürək yiyəsi olasan ki, bu qədər dərdi oraya yerləşdirib gizli saxlaya biləsən.

 

Əhsən belə ürəyə!

 

Poçtalyonun missiyası müjdə aparıb, müjdə gətirməkdir. Milli bu missiyaya kiçik bir düzəliş edir - pis xəbərləri öz ünvanlarına tələsik çatdırmaqdansa, bir az ləngitmək lazımdır: qoy insanların ürəklərindəki ümid, inam ölməsin. Çünki inamsız yaşamaq cəhənnəm əzabıdır. Elə buna görə də Xalidə xanımın Millisi yaddaşımızda şaxtanın, qarın məhv edə bilmədiyi təravətli bir çiçək kimi qalır...

 

Tanıyanlar təsdiq edər ki, Xalidə xanım həmişə haqqın tərəfində olan, çöhrəsindən nur, işıq saçılan bir xanımdır və onunla elə ilk ünsiyyətdə bu işığın cazibəsinə düşüb onunla yüz ilin doğması - bacın, anan, dostun kimi pasiban olursan. Hər kəs onun mehriban, təbəssümlü çöhrəsində özünə doğma olan nə isə bir cizgi tapır. Bu doğmalıq və işıq onun yaratdığı bütün ekran obrazlarının da uğuruna zəmanət verən iksir kimidir - tükənmir ki, tükənmir. "Qoca palıdın nağılı" filmində yaratdığı Nazlı bu mənada mənim ən çox xoşladığım obrazlardandır.

 

Məişət zəminində əri ilə konfliktdə olan Nazlı kiçik qızını da götürüb ata evinə gəlir. Məqsədi atasını dilə tutub köhnə evi satdırmaq, şəhərdə təzə mənzil alıb atası, ailəsi ilə ora köçməkdir. Amma daxilindən gələn hansısa bir hiss ona deyir ki bu, düzgün qərar deyil. Və onun gizli nisgilinə  içini gəmirən bir şübhə də əlavə olunur. Lakin Xalidə xanım imkan vermir ki, bütün süjet boyu içindəki nisgil, dərd və çöhrəsindəki işıq arasında gedən dartışmada işıq kədərə məğlub olsun.

 

Yenə də işığın, inamın şübhə üzərində qələbəsi!

 

Qızı üçün rəqs elədiyi kadrlarda isə Nazlı özü boyda işığa dönür.

 

...Çox təəssüflər olsun ki, bizim kinomuz Xalidə xanımı axıradək kəşf edə bilmədi, rejissorlarımız bu xanımın gözlərindəki büllur saflığından kinomuzun inkişafı naminə lazımınca faydalanmadılar. O, hələ də kino dünyamızın açarını heç kim tapa bilmədiyi 40-cı otağı kimi qalır.

 

Çox heyif!

 

Amma hələ gec deyil!!!

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2022.- 18 mart.- S.16.