"Bu ayrılıq çox uzandı..."  

 

AHISKALI ŞAİR İLYAS XƏLİL VƏTƏN SEVDASI İLƏ YAZIB-YARADIR

 

 

Ahıskanın el şairlərindən İlyas Xəlil (İlyas Şükrü oğlu İdrisov) 1955-ci ildə Səmərqənddə anadan olub, əslən Adıgün bölgəsinin Saxan kəndindəndir. Atası Şükrü İdris oğlu anası Xeyriyyə Əlləz qızı 1944-cü ildə Özbəkistana sürgün olunub, 1960-cı ildə ailəliklə Azərbaycana köçüb Beyləqan rayonunun Türklər kəndində məskunlaşıblar. 1972-ci ildə Türklər kənd məktəbini bitirən İlyas Şəki Kənd Təsərrüfatı Texnikumunun Aqronomluq fakültəsində təhsilini davam etdirib 1975-ci ildə buranı bitirərək, sovetin sonuna qədər Türklər  kəndində aqronom işləyib.

Gəncliyindən şeir yazan İlyasın əsərləri hələ 1990-cı illərin əvvəllərindən müxtəlif kitab qəzetlərdə dərc olunub. Didaktik, vətənpərvərlik mövzulu əsərlər müəllifi olan İlyas Xəlil Azərbaycanda Yaşayan  Ahıska Türkləri Yazarlar Birliyinin milli hərəkatın fəallarındandır. İlyasın vətənpərvər ziyalı milli şair kimi formalaşmasında ahıskalıların məhz respublikamızda formalaşmış etnik-mədəni çevrəsinin, Azərbaycan ictimaiyyətinin ilk növbədə milli ruhu qoruyan ailə ənənəsinin, vətən haqqında ailə xatirələrinin böyük rolu olub.

Mühafizəkar dağ məskəni olan Saxan etnik təsəvvürlərin, türk inanclarının qorunub-saxlandığı tarixi məkanlardan olub. 1980-ci illərdəki ekspedisiyalarımda saxanlılarla çox görüşmüş, el ağsaqqalı, vətən mücahidi Ömər Səlimovun ocağında qonaq olmuşam. Bu ocağın layiqli nümayəndəsi, vətənpərvər şeirlər müəllifi Əli Ömər oğlu ilə dostluğum bu gün davam edir. İndi haqq dünyasında olan Ömər kişi övladları, kənd ağsaqqalları ağbirçəkləri ilə Bulaqlı kəndindəki söhbətlər, dinlədiyim sonradan kitablarımda dərc etdiyim rəvayət əfsanələr, şeirlər  türkülər bizi ayrı bir aləmə salardı.

 

Saxanlı ağsaqqallar söyləyərdilər ki, təxminən 300 evlik kəndləri zəngin təbiəti bərəkətli kənd təsərrüfatı, dadlı mətbəxi ilə tanınıb. Saxanın mətbəxi ilk növbədə süd məhsulları - şoru çeçil, təpmə, çuma, atma, davar pendirləri ilə məşhurmuş. El arasında belə bir söz var: Saxanın  catxısı (şoru), Xarcamın kəli, Varxanın varı...

Saxanın mənəvi aləmi, dini inancı, etnik mədəniyyəti zəngin olub. Buradakı Şaban dədə türbəsi bütün mahalın ziyarətgahlarındanmış. Deyirlər ki, Saxanda Yetimgillərdən Şaban adında bir subay kişi olur. Bir dəfə meşəyə gedir, namaz vaxtı çatır, namaza durur. Bu vaxt çox güclü qar yağır, kişi elə namaz üstdə keçinir. Cəsəd altı ay qar altda qalır, onu tapanda cəsəd əli qatlanmış halda, namaz vəziyyətində imiş, qədər çalışırlar, meyit düzəlmir. Qocalar deyir ki, bu kəramətli adamdır, eyilərdəndir kişini o vəziyyətdə elə orada dəfn edirlər. Sonradan bu məzar Şaban dədə türbəsi kimi məşhurlaşır.

 

Bu kənd xalq sənəti, davul-zurnası ilə tanınıb, Saxanlı  zurnaçı İsfəndi Sələhovun ifası bütün mahalda məşhur imiş. Saxanın tacirləri ad çıxarıb Şair Molla Məhəmməd Səfili Koblıyan köylərinə yazdığı qoşmasında Saxan tacirlərini belə vəsf edib:

 

"Hər niyəni getsən sığın Allaha,

Xayrinən zərər bağlidur tənə,

Tüccərluxdə kimsə yetməz molla Sələhə,

Gedür Gürcistana, gəlür Saxana".

 

1944-cü il sürgünü ahıskalıların cənnətməkan vətənlərindəki bu hüzurlu firavan güzəranına son qoyur. Uzaq diyarlarda vətən bir əfsanəyə çevrilir, haqqında faciəvi rəvayətlər yaranır. Bunlardan bir  tükürpədici əhvalat da Saxan kəndi haqqındadır. Saxanlılar söyləyirlər ki, sürgündən bir neçə il sonra kim isə təsadüfən Vətənə, artıq gürcülər yaşayan Saxan kəndinə gedib çıxa bilir. Saxanda urumlu (türkləşmiş yunan) Şişə nənəylə görüşür. Şişə nənə türkü görüb ağlayır belə bir əhvalat danışır. - Sürgündən bir-iki il sonra kəndin bir iti nədənsə Şişə nənənin üstə gəlib hürür. İtin keçmiş sahibləri türk imiş Şişə nənə qəfildən itə türkcə çığırır. Türk danışığını eşidən it Şişə nənənin üstünə cumub ona elə yalmanır, elə zingildəyir ki, bu dəhşətli mənzərəyə dözməyən Şişə nənə oturub hönkür-hönkür ağlayır...

Saxanlı şair İlyas Xəlil yaradıcılığında ahıskalıların bu milli insanlıq faciəsini ifadə edir. Nəsihətamiz, didaktik, yumoristik, satirik, hikmətli, lirik, lirik-epik, fəlsəfi, sevgi, uşaq şeirləri müəllifi olan şairin yaradıcılığında vətən mövzusu əsas yeri tutur, qürbət cənnət olsa da, şair səadətin açarını məhz vətəndə görür:

 

Kim diyer ki, şaddur bənim millətim?

Eşidənlər, inanmayın, yalandur!

Xoşbəxt dəgül qürbətlərdə şah olan,

Xoşbəxt insan vətənində olandur!

 

Şair üçün ana yurd heç bir müqayisəgəlməz ali dəyərdir, vətənin "bir əl boyda daşı -  taxt qarışux Süleymana... qayasında salxumlanmış buzu - qürbət elin ocağına... daşlı puvarından axan suyu - damardan axan qana degişilməyən" mənəvi sərvətdir,  Məcnunun Leyliyə olan ülvi eşqidir, ancaq "daşa dönmüş yürəklər" əhatəsində onun vətən vüsalı əlçatmaz, könül sədası eşidilməzdir:

 

Həsrət qaldım yurdumdakı güllərə,

Ömürlük qonağam qürbət ellərə.

Mən Məcnun tək düşdüm dillərə,

Niyə salmadılar dastana məni?

 

Şair bu halından bədbinləşir, ümidsizləşir, özünü, soydaşlarını tək kimsəsiz, atılmış hiss edir:

 

Həm qəribsin, həm yalqızsın, arxadaş,

Dağmu ağır, əcəb, sənin dərdinmi?

"Can" diyanın bir tənə yoxmidür?

Yaraların kendin açıb sardınmi?

 

"Getdi ömür, yaşım yetdi yetmişə, Vaxt daraldı, yürək düşdi təşvişə" deyərək, vətənsiz keçən qədərindən gileylənir, "Vətən imiş pətəgim balım da, Ondan ayri geçdi ömrüm zulumda" qənaətini bildirir. Lakin qəriblik dərdi bununla bitmir, bundan da ziyadə, öz anasından ayrı düşmüş, doğma yurda yadlaşmış şair üzünü görmədiyi vətəni ilə ağrılı görüşün əzabını yaşayır, qürbətdən gəlmiş oğul ana qucağına qoşur, ancaq ana-vətən onu tanımır:    

 

Qürbətdən vətənə endim,

 

Yetən bəni tanımadi.

 

Yol üstündə daşa döndüm,

 

Ötən bəni tanımadi!

 

 

 

Gedəmədim qucağına

 

Qısıldım bir bucağına,

 

Odun atdım ocağına,

 

Tütən bəni tanımadi!..

 

Bu ayrilux çox uzandi,

 

Bıçax gəmügə dayandi,

 

Naləmdən dağlar oyandi,

 

Vətən bəni tanımadi!..

 

Şair İlyasın lirik qəhrəmanı bu əzablara qatlaşır, doğma yurdu Ahıskaya vətən saydığı Azərbaycana sönməz sevgisi türk birliyinin gücünə olan sarsılmaz inamı ilə qürbət acılarına güc gəlir Vətən hissini "Vətən məni tanımadı" adlı ilk kitabına epiqraf olaraq belə ifadə edir:

 

Əzizinəm sudanam,

 

Torpaqdanam, sudanam.

 

Axısxa öz anamdır,

 

Azərbaycan - süd anam.

 

Beləliklə, əzəli türk soyundan olan şairin yurd duyğusu Ahıskanı aşır, o eyni cəfayla Azərbaycanın Qarabağ dərdini çəkir: "Zərbə üstündən zərbə, sonuncusi Qarabağ, Sinəmizdə Qarabağ boyda açdı yara bax"! Ahıskalı şair İlyas "Sənin yaran - mənim yaram, Sızıldayır aram-aram, Yoxsan, yoxam, varsan, varam... Azərbaycan, əziz elim, Şərəfdir uğrunda ölüm" deyərək, millət, vətən amalını türk birliyinə, "Bir millət - iki dövlət " formulundan gələn qüdrətə müncər edir:

 

İki dövlət, bir millətik,

Bir almayıq bölünmüş tən.

sən mənə yad deyilsən,

mən sənə yoldan ötən.

 

Yetmiş səkkiz ildir sönməyən bu vətən sevdası göstərir ki, şair İlyas Xəlil və soydaşları doğma ocaqlarına dönəcək, vətən onları tanıyacaq, zəhmətkeş və vəfalı ahıskalılar qardaş gürcü xalqı ilə əl-ələ doğma Gürcüstanın inkişafı və rifahı naminə əzmlə çalışacaqlar.

 

 

Asif HACILI

 

525-ci qəzet.- 2022.- 18 mart.- S.15.