Mən onu belə tanımışam...  

 

AKTYOR, REJİSSOR VƏ JURNALİST DOSTUM SƏMƏD CANBAXŞIYEVİN 50 YAŞINA ÜRƏK SÖZLƏRİM

 

Bir insanı tanımaq üçün onunla yol yoldaşı olmaq kifayətdir deyirlər. Bir də düşünün ki, mən onunla bəlkə də yüz dəfə yol yoldaşı olmuşam. Kimdən soruşsanız, ilk olaraq yumor dolu lətifələri yadına düşəcək. O, istənilən mövzudan yumor yaratmağı bacarır. Hətta kədərli anında onun simasını görmək, əhvalının dəyişməsinə səbəb olacaq. Naxçıvan ictimaiyyəti söhbətin kimdən getdiyini mütləq anladı. Mərkəzi mühitdə də onu tanıyanlar yuxarıdakı bir neçə cümləlik təsvirdəki obrazı dəqiq müəyyənləşdirdilər. Bəli, bu, Səməd Canbaxşıyevdir.

 

1972-ci ilin 19 mart tarixində Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində bir evə ikiqat bayram ovqatını yaşadan dəyərli dostumun 50 yaşı tamam olur. Qeyri-ixtiyari Üzeyir Hacıbəyovun Məşədi İbada haqsızlıq etirafını xatırlayıram. 50 yaş nədir ki... Yarım əsr isə böyük bir zamanı assosiasiya edir. Bu böyük bir yarıməsrin qısa 50 illiyinə Səməd nələri sığışdıra bilib?

 

O, 1990-cı ildə yaradılan Naxçıvan Dövlət Kukla Teatrının ilk aktyorlarındandır. Orta məktəbdə oxuyandan bu sənətə böyük sevgisi olan Səməd 4-cü sinifdə oxuyandan aktyor olmaq arzusuna düşüb. Bunun nəticəsində də 1993-cü ildə Naxçıvandakı Zabitlər Evində "Meloman şou" klubunun, həmçinin, "7 ulduz" Şən və Hazırcavablar Klubunun yaradıcılarından biri olub. Buradakı ssenariləri özü yazıb, özü də oynayardı. Daha sonra tale elə gətirib ki, aktyorluqla birlikdə jurnalistika ixtisası üzrə də ali təhsil alıb. 1990-92-ci illərdə hərbi xidmətini başa vurduqdan sonra qiyabi olaraq Azərbayan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissoru, həmçinin, Bakı Dövlət Universitetinin Jurnalistika fakultələrində təhsil alıb. Jurnalistika ixtisasının II kursunda təhsil alarkən nəğməkar şair İslam Səfərli haqqında yazısı necə marağa səbəb olubsa, o dövrdə Bakıda nəşr olunan "Naxçıvan" qəzetinin baş redaktoru BDU-ya gəlib və bu gənc jurnalistlə əməkdaşlıq barədə söhbət edərək razılığını alıb. 

 

Aktyor kimi isə Səmədin tam fərqli səhnə duruşu var. 1999-cu ildə Nəriman Həsənzadənin "Atabəylər" əsərindəki  Mahmud obrazını səhnədə necə canlandırmışdısa, Xalq artisti Nurəddin Mehdixanlı Səmədin oyununu çox bəyənmiş, hətta Həsən Turabovdan xahiş etmişdi ki, bu cavan oğlanı Akademik Milli Dram Teatrına işə götürsün. O da razılaşmışdı. Amma və lakin Bakı kimi böyük şəhərdə yaşamaq çətinliyi, xüsusən də Naxçıvan sevgisi bu işin alınmasına mane olmuşdu.

 

1997-ci ildə aktyorluğu, 1998-ci ildə jurnalistikanı bitirən Səməd həmin ildən Naxçıvan Dövlət Televiziyasında uşaq verilişləri hazırlamağa başlayır. "Biri vardı, biri yoxdu", "Boxça" tez bir zamanda uşaqların sevimli verilişlərinə çevrilə bilir. Təbii ki, bunda Səmədin aktyorluqla jurnalistliyin sintezindən yaratdığı peşəkar teletəqdimatı da böyük rol oynamışdı.

 

Ümumilikdə S.Canbaxşıyev Kukla Teatrında 20-yə qədər, Dram Teatrda isə 15-ə qədər müxtəlif obrazların xarakterini yarada bilib. Onun üçün dram, faciə, komediya janrının fərqi yoxdur. Obraza girməyi bacaran istedad sahibidir. Naxçıvan Dövlət Musiqili Dram Tetarında aktyor, ədəbi hissə müdiri (2014-2020) kimi çalışıb. 2020-ci ildən isə həmin teatrda direktor müavini kimi fəaliyyət göstərir. Onun səhnə yaradıcılığı sərgisinə göz atanda qarşımda zəngin xarakterlər qalareyası canlanır. Çünki onlarla obraza uğurlu, yaddaqalan səhnə ömrü bəxş edib.

 

Səmədin yaxşı rejissorluq istedadı da var. Bunu Tuncər Cücənoğlunun "Rəngsaz" tamaşasına verdiyi quruluş da göstərdi. Bəzi tamaşalardakı rejissor assistentliyini də bura əlavə etsək, gələcəkdə maraqlı tamaşaların rejissoru kimi qarşımıza çıxacağına da hazır olmaq lazımdır. 

 

Bu rolları və teatr fəaliyyəti ona tamaşaçı sevgisi qazandırmaqla bərabər uğurlara da vəsilə olub.  2000-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adına, 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

 

2001-ci ildən ilk olaraq jurnalist kimi şəxsən tanımağa başladığım Səməd Naxçıvan Televiziyasında redaktor, daha sonra baş redaktor vəzifələrində çalışıb. 2003-cü ildən isə "Lider" televiziyasının Naxçıvan üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərməyə başlayıb. Hətta 2005-2007-ci illərdə Bakıya dəvət olunub və həmin televiziyanın mərkəzdəki müxbiri kimi tamaşaçılar qarşısına çıxıb. 2007-ci ildən "Lider" televiziyası fəaliyyətini dayandırana kimi bölgə müxbiri vəzifəsində muxtar respublikanın bütün sahələrini Azərbaycan tamaşaçısına çatdırmağa çalışıb. Yol yoldaşlığımız isə 2012-2016-cı illərdə mütəmadilik qazandı. O illərdə mən "Azərbaycan" qəzetinin Naxçıvan üzrə bölgə müxbiri kimi fəaliyyət göstərirdim. Bütün tədbirlərdə demək olar ki, birlikdə yol yoldaşlığı etmişdik. Reportajlar, müsahibələr, sujetlər, xəbərlər və digər televiziya proqramlarını hazırlamaq üçün eyni marşrut üzrə hərəkət etmişik. Dəbdəbəli zallardakı tədbirlərdən, çöl-bayırdakı tədbirlərə kimi zəngin yaddaş arxivimiz var. Bütün bu arxivin içində gözümün önündə ilk canlanan isə yepyeni lətifələri gözümüzdən yaş çıxardana qədər aktyor yumoristikası ilə danışma tərzi olub. Təbii ki, peşəkar jurnalistlik fəaliyyəti də daim göz qabağındaydı.  

 

Səməd jurnalistikanın, demək olar ki, bütün sahələrində çalışıb. Yuxarıda qeyd etdiklərimdən əlavə, "Naxçıvanın səsi" radiosunda redaktor, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində "İnformasiya təminatı və saytlarla iş" və "Xəbərlər" redaksiyalarında  baş redaktor, Muxtar Respublikanın ilk rəsmi informasiya qurumu olan "Nuhçıxan" İnformasiya Agentliyinin baş redaktoru kimi fəaliyyət göstərib. Bunlarla yanaşı mütəmadi olaraq mətbuat səhifələrində yazıları nəşr olunub. Təsadüfi deyil ki, hazırda Naxçıvan Dövlət Universitetində gələcəyin qələm sahiblərinə "Televiziya jurnalistikası"ndan dərs deyir. Zəngin təcrübəsinin nəticəsi kimi qələmə aldığı "Telejurnalistika dünyası" dərs vəsaitinin müəllifidir. Dostumun jurnalist istedadı da diqqətdən kənarda qalmayıb. 22 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.

 

Bütün bunları bir kənara qoyub bir insanı tanımağın yol yoldaşlığından başlamasına qayıtmaq istəyirəm. 2011-ci ilin iyul ayında Türkiyənin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə bir qrup bölgə müxbirləri Ankara və İstanbula 1 həftəlik səfərə yollanmışdıq. Ölkəmizin müxtəlif bölgələrindən media və mətbuat nümayəndələrinin iştirak etdiyi səfərin məqsədi iki ölkənin yerel (bölgə) jurnalistikasının mövcud durumunun müzakirəsi və inkişaf perspektivləri idi. Naxçıvandan mən və Səməd bu proqrama daxil edilmişdik. Bir həftə necə keçdi xəbərimiz olmadı. TRT, TİKA, Anadolu Agentliyi, "Star" qəzeti və bu kimi 10-a yaxın media və mətbuat qurumunda olduğumuz müddət ərzində hər kəsin nəzəri Səməddə idi. Onun duzlu yumoru hamımızda xoş və səmimi təbəssüm oyadırdı.

 

Son iki ildə Naxçıvan teatrı barədə, naxçıvanlı teatr sənətkarlarının həyatı və yaradıcılığı haqqında mütəmadi olaraq yazılarla çıxış etməsi, sosial şəbəkələrdə maarifləndirici və təbliğat yönlü paylaşımlarını da nəzərə alsaq Səmədin həqiqi bir teatr sevdalısı olduğunu görə bilərik.

 

Səməd Canbaxşıyev həm də yaxşı ailə başçısı və atadır. Həyat yoldaşı Anara xanım sevimli şairimiz Müzəffər Nəsirlinin nəvəsi olmaqla yanaşı, həm də "Naxçıvan" Universitetinin Xarici dillər kafedrasının  müdiridir. Övladları Lalə Canbaxşı NDU-nun memarlıq ixtisasını bakalavr pilləsi üzrə bitirb, hazırda İzmirdə Katib Çələbi Universitetində "Turizm və səyahətçilik" ixtisasının magistridir. Aysu Canbaxşı isə İzmirdəki Ege Universitetində "Xalqla əlaqələr" ixtisasının üçüncü kurs tələbəsi kimi atasının jurnalistikadakı davamçısıdır. Oğlu Turqay isə hələ orta məktəb şagirdidir.

 

Təpədən dırnağa sənət adamı, sözün bütün mənalarında sənətkar olan dostumun bir yaxşı istedadı da var. O, bədii sözün, poeziyanın, şeirin zərgəridir. Yaxşı oxucu olmaqla yanaşı, yaxşı təhlilçi və tənqidçidir. Elə ona görədir ki, bir neçə kitablıq şeirlərini qətiyyən üzə çıxarmır. Həmin şeirlərin hamısını qovluq şəklində mənə göndərib və elektron arxivimdə qoruyuram. Hətta bir neçə şeirinə mahnı da bəstələnib. Buna baxmayaraq şair adına nə iddiası var, nə də həvəsi.

Bir etirafımı da dilə gətirim. Biləndə ki, Səmədin 50 yaşı tamam olacaq, inana bilmədim. Ruhən, xarakter baxımından gənc olan dostumun fiziki görünüşü də heç 50 yaşı göstərmir. Öz-özümə düşündüm ki, deyəsən bu, səmimi dostun ciddi yumorudur. 50 illik vicdanlı və şərəfli ömür yaşayan Səməd Canbaxşıyevə daha bir əlli illik sağlam ömür arzulayıram, bizləri yumorsuz qoymamaq şərti ilə. 

 

Yazımı isə dostumun mənə ithaf elədiyi bir şeiri özündən icazəsiz yazıma əlavə etməklə bitirmək istəyirəm. Düşünürəm ki, buna mənim dostluğumuza dayanan ərkyana haqqım çatar.

 

 

 

Bu dünyanı baş üstündə saxlamaq

heç mümkün deyil,

ayağını söykəməyə dayağı yox.

Çiyin üstdə gəzdirmək də bir az müşkül...

Yumrudur o, əl tutmağa

bircə küncü, qulağı yox.

Qucağında daşımağa cəhd eləmə:

içərisi yalan dolu.

Yalanlarsa ağır olur.

Bir də axı,

bu dünyadan hara isə getmək üçün

yalanların ayağı yox.

Bu dünyanın yeri ancaq ayaq altda,

sal xəzələ xalça kimi,

yalanını, qulağını, ayağını tapda, tapda...

Şair, ancaq sənin izin qalacaqdır bu dünyada,

Axı sənin izlərini silmək üçün

Uyğun rəngi, boyağı yox...

 

 

Elxan YURDOĞLU

Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist

 

525-ci qəzet.- 2022.- 18 mart.- S.14.