Müqəddəs niyyətlərimiz
gerçəkləşəcək
Milli adət-ənənələr
zaman-zaman yaranır, formalaşır, yaşadılır. Yaşadılan adətlər də, ənənələr də
milli mentalitetin tərkib hissələrindəndir.
Bu adətlər, ənənələr müəyyən
səviyyəli qadağalara
baxmayaraq, sovetlər birliyində də yaşadılardı. Azərbaycanın dövlət müstəqilliyi
bərpa edildikdən sonra minillik tarixdə formalaşan adətlər daha böyük sevgilərlə
yaşadılır.
Eşitmişəm ki, Birinci Qarabağ
müharibəsində də
ilaxır çərşənbə,
Novruz adətləri, Qurban bayramı kimi yaşarı adətlər sevgilərlə
qeyd olunurdu. Bunlar ruhun bayramları idi, xalqın tarixə diktəsi idi, tarixin xalqa
hesabatı idi...
Ermənistan Azərbaycanın ərazilərini
işğal etdikdən
sonra Şuşanın,
Laçının, Kəlbəcərin,
Ağdamın, Füzulinin,
Cəbrayılın, Qubadlının,
Zəngilanın əhalisi
didərgin düşdü,
Azərbaycanın müxtəlif
rayonlarında, qaçqın
şəhərciklərində məskunlaşdı. Şəraitsizlik
onlara müqəddəs
bayramları bayram kimi qeyd etməyə
çətinlik yaratsa
da, mane ola
bilmədi. İnsanlarımız bayramlarını qeyd edirdi.
1994-cü ilin Novruz
tonqalları daha böyük inamla qalandı. Ümummilli liderimiz, Azərbaycan Respublikasının ovaxtkı
Prezidenti Heydər Əliyevin əmri ilə Horadiz əməliyyatı başladı,
əməliyyat qələbə
ilə başa çatdı, 20 kənd işğaldan azad edildi. Horadiz əməliyyatından sonra hər ilin mart ayında ordumuzun şəxsi heyəti qarşı tərəfə, zaman anlamında sabahkı döyüşlərə ön
xəttə çatdıqları
Novruz tonqallarının
işığından baxırdılar.
Bu, döyüş ruhunun, qələbə ruhunun tərpənişi idi.
2016-cı ilin aprelində
ordumuz düşmənin
irimiqyaslı hücumunun
qarşısını qətiyyətlə
aldı, əks-hücumla
düşməni geri
çəkilməyə məcbur
etdi. Aprelin 1-dən 5-nə kimi 2000 hektardan çox ərazi işğaldan azad edildi. Bu, əməliyyatın hərbi nəticəsi idi. Mənəvi-psixoloji nəticəsi isə
daha yüksək oldu. Ordumuzun şəxsi heyəti
inandı və əmin oldu ki, ordumuz döyüşməyə
qadirdir. 2017-ci ilin
Novruz bayramında qalanan tonqallar o qədər gur, o qədər işıqlı
idi ki! Əmin idik
ki, Ali Baş Komandanın döyüş
əmri ilə torpaqlarımızı işğaldan
azad edəcək, təkcə dağlar başında deyil, işğaldan azad edilmiş kəndlərdə
də Qələbə
tonqalları qalanacaq.
Ermənistan BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə məhəl
qoymurdu, mövcud
status-kvonu saxlamağa
çalışırdı. Eyni zamanda,
işğal etdiyi ərazilərdən də,
dövlət sərhədlərindən
də Azərbaycan ərazilərinə hücumlar
edirdi. Yeni ərazilər işğal
etmək niyyəti ilə 2020-ci il
sentyabrın 27-də Ermənistanın
silahlı birləşmələri
Azərbaycanın ərazilərinə
irimiqyaslı hücum
etdi. Ordu hissələrimiz bu hücumun qarşısını qətiyyətlə
aldı və Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin döyüş
əmri ilə əks-hücuma keçdi.
Bu əmr Vətən
müharibəsi kimi davam etdirildi. Ordumuz qısa müddətdə
düşmənin yaratdığı,
yenilədiyi, formalaşdırdığı
müdafiə sədlərini
darmadağın etdi.
Bu sıradan "Ohanyan səddi" də keçildi. İlkin mövqe qələbələri
qazanıldı.
Vətən müharibəsində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev xalqa müraciətində
deyirdi: "Dünyada
heç bir qüvvə bizi haqq yolundan döndərə
bilməz. Dünyada heç bir
ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq.
Biz qalib gəlirik.
Biz zəfər çalırıq və
biz öz torpaqlarımızı
geri alacağıq, ərazi bütövlüyümüzü
bərpa edəcəyik".
Noyabrın 8-də Şuşa işğaldan azad edildi. 2021-ci il martın 20-də Azərbaycan Republikasının Prezidenti Cənab İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırdılar. Ölkə başçısı xalqa müraciətində dedi: "Noyabrın 8-də Şuşanın azad olunması ilə bağlı müjdəni Azərbaycan xalqına verərkən demişdim ki, Şuşa, sən azadsan! Bu gün azad Şuşada biz öz milli bayramımızı - Novruz bayramını qeyd edirik. Şuşa 28 il əsarətdə idi. 28 il mənfur düşmən tərəfindən dağıdılırdı, məhv edilirdi. Şuşanın tarixi siması dağıntılara məruz qalırdı. Düşmən Şuşanı erməniləşdirmək istəyirdi. Şuşada Azərbaycan xalqının irsini silmək istəyirdi. Ancaq buna nail ola bilmədi. Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq. Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi. Biz də gəlməli idik və gəlmişik. Ancaq gəlmək üçün güc toplamalı idik, gəlmək üçün hazırlıq işləri aparılmalı idi. Bütün istiqamətlər üzrə hazırlıq işləri aparılmalı idi və aparılırdı. Biz ölkəmizin inkişafını təmin etməli idik. Xalqımızın birliyini təmin etməli idik. Vətəndaş müharibəsindən çıxmış ölkə üçün, xalq üçün bu, o qədər də asan məsələ deyildi. Vətəndaş müharibəsindən sonra bu günə qədər ölkədə gedən proseslər xalqımızı vahid ideya uğrunda, vahid amal uğrunda, torpaqlarımızın azad edilməsi amalı uğrunda birləşdirdi. Biz bu milli birliyi, milli həmrəyliyi təmin edə bildik. Bu olmasa idi, bu Qələbə də olmayacaqdı..."
Vətən müharibəsində qazanılan Zəfərdən sonra ilk Novruz bayramında bu qüruru böyük könül xoşluğu ilə yaşadıq. Dünya ictimaiyyəti bir daha gördü ki, müzəffər Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etdi, onu qoruyur, xalqın min illərlə yaşatdığı adət-ənənələr bütün şəraitlərdə xalqın bu gününün də, sabahlarının da bayramıdır. Cıdır düzündə alovlanan tonqalın göylərə bülənd olan istisi qışdan yaza keçidin rəmzi sərhədini əvəzləyirdi. Zəfər də yazda qazanılmışdı. Bu gözəl analogiya ictimaiyyətə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsində dediyi bir fikri bir daha xatırlatdı: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq".
Bu ilin Novruz tonqalları da bu amalla qalanacaq. Bütün
tonqallar qalib Aqzərbaycan əsgərinin
adına alovlanacaq. Builki tonqalların işığında
səslənəcək dualar
da Azərbaycan Ordusunun qüdrətinin dönməzliyini ifadə
edəcək. Müqəddəslikdən bu dönməzliyin əbədiliyini arzulayacağıq.
Bir də işğaldan azad edilmiş ərazilərimizdə quruculuq
işlərinin ən
qısa müddətdə
başa çatacağını
arzulayacağıq.
Novruz bayramı
müqəddəs bayramdır. Min illərdir, bu bayramın cazibəsində
milli mentalitetimizi qoruyuruq, yaşadırıq.
Gələn ilin Ulu Novruzuna kimi xalqımızın bu niyyətinin, bu muradının gerçəkləşəcəyinə
yerə-göyə inandığımız
qədər inanırıq.
Novruz bayramı
xoş niyyətlər
bayramıdır. Xoş niyyətlərimizin bayramında
əminliklə Məmməd
Arazın misralarını
xatırlayırıq:
Azərbaycan deyiləndə ayağa
dur ki,
Hər daşından alov dilli ox ola
bilər...
Azərbaycanın siyasi nüfuzunun, iqtisadi qüdrətinin artacağını arzulayırıq, bu ilin Novruz tonqalının dövrəsində də bu niyyətimizi dilə gətirəcəyik. Müqəddəs bayram müqəddəs niyyətimizin gerçəkləşəcəyinin zəmanəti olacaq...
Novruz bayramınız
mübarək, Azərbaycanımızın vətəndaşları,
Dünya azərbaycanlıları, Azərbaycanımızısevənlər!
Səbinə XASAYEVA
Milli Məclisin deputatı
525-ci qəzet.- 2022.- 18 mart.- S.8.